İki həftəydi ki, bu sakit, üzüyola “Gülbaydaq” camaatı vahimə içərisindəydi. İlan xofu kəndi götürmüşdü başına. Gecələr kənd əhli mafi-qayda ilə evində qıçını uzadıb rahat yata bilmirdi. Yatanların da çoxusu dualıq olmuşdu. Gözlərini yuman kimi yuxularına ilan-qurbağa gəlirdi.
Məsələ belədir: Kəndə xəbər yayılmışdı ki, bəs İranın Germi yaşayış məntəqəsi tərəfindən gecə gözü “Gülbaydağ”a bir sürü ilan gəlib. Düzdür, bu ilanlardan bircəciyini belə kənd camaatından gözlə görən olmayıb. Məsələçün, kəndin o başındakılar deyirlər ki, bu şoğəribləri kəndin aşağı covğasında olanlar görüblər. Aşağı məhəllədəkilər də eyni minvalla orta tirədəkilərinə istinad edirdilər.
Amma söz gəzir ki, babalı deyənin boynuna, guya Məşədi Vərağa kişinin Amanat doxdurla ədavəti var, namaz məsələsi boş sözdür. Söz budur ki, gecənin bir aləmində Məşədinin cavan arvadı Nisəxanımın gözünə ilan görünüb, halı xarablaşıb. Amanat Doxdur tez özünü yetirməsəymiş cavan gəlin əldən gedəcəkmiş. Görənlər deyir ki, doxtur iynəni Nisəxanımın qoluna da vura bilərdi, amma benamaz nanəcib gör neyləyib, gəlinin donunu qaldırıb, yuxa yerinə vurub. Hələ bir üstəlik iynənin yerini pambıqla sığallayıb da. Cavan gəlin bir də ayılıb özünü subay, ərgən doxdurun qənşərində görəndə, yalan olmasın, yeddilik lampa kimi alışıb yanıb, elin ağzını yığışdırmaq olmaz, indi bu barədə camaat zurna piləyir. Axı bu şoğərib ilan olmasaydı, belə söz-söhbət də ortaya çıxmazdı. Bu məssəbsiz ilanlar kənddə eldən dışxarı elə əmələcatlar törədiblər ki, bəzilərini dilə gətirməli deyil. Allah günahımızdan keçsin, söz var ki, usta Gülmalı dayı ilanın qorxusundan gecələr subaşına çıxa bilmir. Tumanını murdarlayır, beləcə də boynuna qüsul gəlir, çox vaxt sübh namazını qəzayə verir.
Yenə də Allah yaxşıların başından bir tük əskik eləməsin. Nə yaxşı ki, bu dilsiz-ağızsız Gülbaydaq kəndinin dərədə-divanda sözü ötən, yuxarılarda kəlməsinin başına ip atılan Sövdalı kişi kimi ağır, səngin başbiləni varmış. Bu qriyətin kanı ilan sarıdan görün neylədi?!
Bu suala aşağıda ətraflı cavab verəcəyimizi nəzərə alaraq bir-iki kəlmə bələdiyyə Sövdalı dayının şəxsiyyəti barədə hörmətli oxucularımıza məlumat vermək istəyirik. O, əlli beş yaşında, gödərək, şişman qarınlı, az danışan, çox düşünən, həlim, xoş xasiyyət, əl tutan, kara gələn, ailəcanlı bir kişidir, ona dəyib dolaşmasan, səninlə işi olmaz, əgər mərci boyda yaxşılığın keçsə ondan, yalan olmasın, öküz ağırlığında əvəzini görərsən. Bu kişi tələsib təndirə düşməyi heç vaxt özünə rəva bilməyib. Səliqə-sahmanı sevən, meyvəni yetişəndə yeyən, görəcəyi işi qabaqcadan dilinə gətirib rəqiblərini duyuq salan adamlardan deyil. Onun sancmaqla arası yoxdur. Amma sancdığı adam da hələm-hələm sağalmır və bu zərbənin kim tərəfindən endirildiyini öyrənmək üçün qəbr evinə qədər baş sındırır, zeh yerə qoyur, amma di gəl bir şey hasil olmur. Bax elə burada Sövdalı dayının bir sözü yada düşür ki, dədəm balası, ilanı yumşaq bilib yuvasına əl uzadanlar günahı özlərində görməlidirlər. Amma neyləyəsən ki, heç kim öz ayranına turş demir. Heç kim papağını qabağına qoyub bir fikirləşmir ki, balam, bu daş mənə hardan dəydi?! Əgər bir balaca fəhm eləsə, dəyən o daşın rənginə-rufuna, ora-burasına diqqətlə baxsa, görəcək ki, dədə, yanasan, bu daş elə mənim öz atdığım daşdır! Madam ki, söz bu məqama gəldi, qoy deyim: cavanlıq illərində, o illərdə ki, Sövdalı hələ ad çıxardıb başını başlara qoşmamışdı, çomaq qaldıranlara helmini, zərb-dəstini göstərməmişdi - ona belə daşlardan çox dəymişdi. Sövdalı yorğanı nazik adamdı. Qohum-əqrabası da kənddə sayılıb-seçilən zümrədən deyil, qoldan qolaydı. Odu ki, kötük hampa deyilən bir para nanəciblər gözgörəti ona ilişir, qabağına daş diyirlədirdilər. Qorxurdular ki, yer altından yasa gedən bu çox bilmişin əli birdən böyüklər ətəyinə çatsa, kənddə iş başına keçər, sonra bu kinli dəvənin qabağında durmaq olmaz. Zalım balası Sövdalı neyləsin, xalqa dədə-babsından dövlətdən-zaddan miras qaldığı halda, bu benavanın atası öləndə ona zırpı-zırpı düşmənlər qoyub getmişdi. Odu ki, Sövdalını çiçəyi çırtlayan vaxtlarda irəli çıxmağa qoymadılar, oxartana başından basırdılar ki, yazıq cərcənək olurdu. Döşünü irəli verib ona qəhmər duran da tapılmırdı. Nədi-nədi, Sövdalının arxası yuxadı...
Ta indi köhnə rəqiblərinin əllərindən bir iş gəlməsə də, hərdən aranı xəlvət eləyib o yaşda kişinin üstünə it qısqırdırlar, it də ki, üzdən iraq, şüursuz bir heyvandı.
* * *
Keçmə gözəl allahdan! Günlərin bir günündə Sövdalı kişiyə tor quranların vələdi döndü, yarım arşını əyildi, o zəhrimardan satdıqları yerdəcə yaxalandılar. Kənddə gölə qarğı sancanlar tirəsinin ağzıgöyçəkləri orda-burda pıçhapıç salıb iylədirdilər ki, bəs bu ilmə yüz faiz Sövdalıdan keçib. Halbuki, bir olan allaha məlumdur ki, “kötük” hampa deyilən bu vələdüznalar “iş başında” ələ keçən dəqiqələrdə Sövdalı kişi molla Qurbanın evindəydi və bu nanəciblərin əlindən zara gəldiyi barədə Qurbanı olduğumuz Həzrət Abbasın adına ərizə yazdırırdı. Molla onun dediklərini əyri-üyrü xətlə belə yazırdı: “Ey uzun qollarından keçən şəhidi Kərbəla, ey besəbir şiri-dilavər, mən Hüseyn əzadarının cənabınıza iltiması var: göstər zərbi-dəstini ilmüdam Gülbaydağın qanını soran, şirəsini çəkən bu qoluzorlu, boynuyoğun lotu-potudan…”
Adamın başının üstündə Allah var. Molla Qurbanın yazdığı bu ərizəni Sövdalı kişi öpüb gözünün üstünə qoyandan sonra gedib onu Qoturçaya atmağa tələsməmişdi, ərizənin iki başı olar deyə səbrini basıb bir az gözləmişdi. İstixarə eləmək fikrinə düşmüşdü: yəni söz budu ki, ərizə hələ öz sahibinə -qurbanı olduğumuzun əlinə çatmamışdan bir az qabaq doxsanıncı ilin mart ayının beşində, axşamüstü həmin o lotu-potunu əllərindəki zəhrimarla birlikdə qamarlayıb maşına basmışdılar. Belə olan təqdirdə hələ yerinə çatmayan ərizənin hansı təsirindən danışmaq olar?!O ki, qaldı kənddə bir o qədər Sövdalı kişinin əl-ayağına dolaşan ola-ola onun vəzifə cəhəddən irəli çıxmasına, bax bu, bir xoş təsadüfün nəticəsidir. El arasında deyildiyi kimi, nənəsi namaz üstəymiş. Səksəninci illərin axırlarında raykom katibi bir gün Gülbaydaq kəndindən keçərkən maşını saxlatdırır, yolun kənarında duran kənd adamlarından siqaretini yandırmaq üçün kibrit istəyir. Bu müraciəti eşidən Sövdalı kişinin şosse yolunun kənarındakı dükana girməsi ilə çıxması bir olur, əlüstü kibrit qutusunu katibə uzadıb baş əyir. Katib yola düzəlib siqareti alışdırmaq istəyərkən gözləri kəlləsindən çıxır. Kibrit qutusunda beş ədəd əlliliyi görüncə bir könüldən min könülə kəndin baytar həkimi Sövdalının bu ustalığına aşiq olur. O gündən ta bu günədək Sövdalı kişi Gülbaydağın söz sahibi, qaraçuxasıdır. Hə, burası belə. İndi keçək əsas məsələyə və yuxarıdakı “Bu qiriyətin kanı ilan sarıdan görün neylədi?!” sualının cavabına.
* * *
Bələdiyyə Sövdalı kişi sinəsini qabağa verib camaatı intizardan qurtardı. Köhnə klubun qabağında rubay çəkib dedi: “bə mən ölmşəm ki, mənə dəstək verən Gülbaydaq camaatı beş-on qotur ilanın əlində dəstgir olsun, hamilə qadınlar gecələr o məssəbsizlərin zəhminnən uşaq ziyan eləsinlər?! Elə günü sabahdan Nəvahinin ilan tutan ovsunçularını yığıb tökəcəyəm bu kəndə. Lənətə gəlmişlərin hamısını dəlmə-deşiklərdən çıxartdırıb bir-bir başlarını əzdirəcəyəm. Bura indi varlığından əsər-əlamət qalmayan qədim Bəcirəvan döyül ki, ilan kəndi xarabalığa çevirsin...”
Halal olsun anasının südü belə kişiyə. Dediyinə dəyərmiş, dili də varmış, dilçəyi də. Bu gün səhərin gözü açılan kimi iki nəfər ilantutan gəlib çömbəldi köhnə klubun qabağında. Çiyinlərindəki iri hanayı xurcunları yerə qoyub başladılar məsləhətə, bir də gözlərini açıb gördülər ki, kənd əhli üzük qaşı kimi onları alıb dövrəyə. Kütlə heyrət içərisindəydi: “Görəsən, bu iki çəlimsiz oğlan o qədər ilanın öhdəsindən necə gələcək?!”
Adamlar hey axışıb gəlirdi, müəllimlər uşaqları məktəbdə saxlaya bilməmişdilər. Qoca, cavan, qız-gəlin, bir sözlə, kənddə pəpə yeyəndən məmə deyənədək hamı köhnə klubun həyətindəydi. Adamlarda kəndi öz xofuyla üzüb əldən salan lənətə gəlmişlərin axrını görmək həvəsi aşıb-daşırdı. Bir-birlərini itəliyib qabağa dartınan, böyümüş gözlərini bu iki çəlimsiz oğlandan və onların qabağındakı iri, hanayı xurcunlardan çəkməyən Gülbaydaqlıların bu dəqiqələrdə keçirtdikləri hiss-həyacanı duymaq heç də çətin deyildi. Gözlərdən belə ifadə oxunurdu ki, artıq narahat, üzüntülü günlər arxada qalmışdır. Hamı məssəbsizlər üzərində gözlənilən qələbənin bir addımlığındaydı.
Elə bu ara qəflətən kütlə aralandı. Bələdiyyə Sövdalı kişi yaşına yaraşmayan çevik bir hərəkətlə irəli şığıdı. Ətrafda qeyri-adı bir canlanma əmələ gəldi. Sanki, bu meydan tamaşasının əsas personajı səhnəyə daxil olmuşdu. Özünü xilaskar kimi aparmaq ona necə də yaraşırdı.
Sövdalı kişinin ön cərgədə durmuş Bəndalı adlı əmisi oğlu birdən-birə cuşa gəldi, özünü saxlaya bilməyib dedi:
-Qiryətinə qurban olum, qardaş!..
Arxadan kimsə söz atdı:
Bələdiyyə Sövdalı dayı deyilənlərə əhəmiyyət vermədən işgüzar addımlarla qonaqlara yaxınlaşdı, ilantutanlarnan görüşüb aralarındakı bəzi məsələlərə aydınlıq gətirdi. Məsləhətləşmə başa çatan kimi bu söhbəti uzaqdan diqqətlə izləyən kütləni çox gözlətmədi:
-Camaat, -dedi –Hörmətli qonaqlarımız təfəindən xahiş olunur ki, dağılışasınız. Hərə öz evinin ətrafında bizi gözləsin. Qonaqlar deyir ki, gəlin elə edəyin ovsun təsirdən düşməsin. Məssəbsizlər qeyb olmasın.
-Məsləhət sizinkidir! –deyə yerlərdən səslər ucalsa da, ayaqlar tərpənmirdi. Kütlə qələbə anlarını yaşamaq, arzu-kamını götürmək istəyirdi.
Bələdiyyə Sövdalı kişi çiyinlərini çəkib qonaqlara baxdı:
-Neynəmək olar, -dedi. –Camaatı qova bilmərəm, yaxşısı budur başlayaq.
Ovsunçuların böyüyü cibindən tez bir kağız çıxarıb ona gözucu nəzər yetirdi, sonra havanı burnuna çəkib iylədi, təzədən bir də, bir də iylədi. Və qətiyyətlə barmağını qarşıdakı daş hasarlı qırmızı kirəmidli evə tərəf uzadıb:
-Ordadı! –dedi.
* * *
Həmin qırmızı kirəmidli evin həyətində qonaqları zəncirlənmiş köpəklər qarşıladı. Bələdiyyə Sövdalı kişi evin yiyəsi Məşədi Dumanı harayladı:
-Məşədi, haradasan, hələ bir çölə çıx. Məşədi, hay Məşədi...
Ev yiyəsi bir ayağı dalda, bir ayağı qabağda qonaqları soyuq qarşıladı. Ağızucu salamlaşdı.
-Eşidirəm, -deyə könülsüz dilləndi.
-Oynun olsun, ay Məşədi, -deyə bələdiyyə Sövdalı kişi zəncirlənmiş itləri göstərdi, -mənnən beşbetər yeddi dəyirmanda bir kələtə dənin yoxdu, bu qədər köpəyi neynirsən belə?
-Sözüvün canını de. –Məşədi Duman mətləbə keçməsini xahiş etdi.
-Sözümün canı budur ki, -bələdiyyə Sövdalı kişi çevrilib qonaqları göstərdi. –Bu kişilər –dedi –ilan tutanlardı. Bizim xahişimizlə kəndimizə gəliblər. İndi camaatın gözü qabağında havanı iylədilər. Belə məlum oldu ki, sizin evin çardağında o şoğəriblərdən var. İndi ora çıxmalıdırlar.
Məşdi Duman başını bulayıb güldü:
-Bu köpəklərin zəhmindən ilan nədir, heç xırda kərtənkələlər belə bizim həndəvərə ayaq basmağa cürət eləməz.
-Məşədi, bu qonaqlar ki, var, alim kimi adamlardır, bu işin biliciləridir.
Hövsələsini basa bilməyən polis sahə inspektoru məsələyə müdaxilə etdi:
-Gəliblər ki, camaatı fəlakətdən qurtarsınlar. Xəbərin var, bu kənddə sabitlik göyə çəkilib. Biz camaatın təhlükəsizliyinə cavabdehik. İlan xofundan xalq gecə evində rahat yata bilmir, sən isə...
-Məşədi Duman, -deyə bələdiyyə Sövdalı kişi gözlərini ağartdı. –Bu nədi, sən ailə-uşağın canına vic-vicə salan bu yolsuz-imansız vəhşilərin məhv edilməsini bəyəm istəmirsən, ağlın çaşıbdı, nədi?!
Sahə inspektoru əsəbi halda ilantutnalara işarə elədi ki, evin çardağına çıxıb öz vəzifələrini yerinə yetirsinlər.
Məşədi Dumanın rəngi-rufu qaçdı. Bələdiyyə Sövdalını bir tərəfə çəkib yalvardı:
-Sənə qiz balalarım qurban olsun, Sövdalı, ayaqlarının altında ölüm. Hörmətini eləyərəm. Qoy bu ilantutanlar bizim evin çardağına çıxmasınlar...
Ərinin özünü bu sayaq aşağılaması Nisabanu arvadın qeyrətinə toxundu.
-Kişi, qoy çıxıb baxsınlar da.
-Ay arvad, birini bilirsən, birini bilmirsən...
-Məşədi Duman, camaat bizə baxır, –deyə bələdiyyə Sövdalı kişi hövsələdən çıxdı. Bu ara ilantutanlar nərdivanla cəld evin çardağına qalxdılar. İllacı kəsilən Məşədi Duman köynəyinin yaxasına əl atdı, boğula-boğula:
-Nisabanu, -dedi –dədəmin evi yıxıldı, mənə su...
-Sənə nə olub, Məşədi, -deyə bələdiyyə Sövdalı kişi ürəyi gedən Məşədi Dumanın qolundan yapışdı. –Yəni sən doğrudan da, ilan tutmağın əleyhinəsən?! Rəhmətliyin oğlu bə eşitməmisən ki, deyiblər: ilanı görənə də, görüb öldürməyənə də lənət.
Çox çəkmədi ki, allah köməkləri olmuş ovsunçu qonaqlar tutduqları əfi ilanlarla birlikdə evin çardağından aşağı endilər. Onların hər birinin qoltuğunda iri bir dibçək, bu dibçəklərdə yetişdirilmiş və bir neçə yerdən çərtilmiş xaş-xaş kolu vardı, ilanlar bülbül gülə sarılan kimi xaşxaş dibçəklərinin boynuna dolanmışdı.
Heyrətlə bu mənzərəni seyr edən bələdiyyə Sövdalı kişi vəcdə gəlib yerində dingildədi, Məşədi Nisabanunu səsləyib:
-Qıza, uşaqların xələtini gətir, -dedi.
Dünyadan bixəbər, avam, saya-sadıq Nisabanu arvad fövrən evə girib Ərdəbildən gətridiyi iki iri kələmi şalla dərhal geri qayıtdı. El adətincə xalatları qonaqların çiyinlərinə atdı. Qonaqlar Nisabanu arvada təzim eləyib bələdiyyə Sövdalı dayıya tərəf döndülər, onun “ilanla xaşxaşın nə sazbazı?” sualını izah edərək dedilər ki, bu şoğəriblər xaşxaş gülünə çox maildir, onun iyini uzaqdan duyurlar və necə olur olsun onun iyinə gəlib sarılırlar bu güllərin boynuna, bu da bir hikmətdir. Təbiətin sirli-soraqlı işdəcəklərindəndir.
Həyətin ortasında ələm ağacı kimi qacıyıb duran, baş verən bu həngamənin məğzini beynində vərəvurd eləyib bir yerə çıxara bilməyən, sinninin bu çağında düşdüyü tordan hələm-hələm canını qurtara bilməyəcəyini anlayan Məşədu Duman qarşıdan addım-addım ona tərəf gələn mübhəm bir qorxunun vahiməsindən getdikcə hövüllənirdi. Çox çəkmədi ki, durduğu yerdəcə ağzı əyildi, gözləri bərələ qaldı...
Sahə inspektoru bu evə mərhəmmiş kimi heç kimdən izn almadan çardağa çıxıb xaşxaş dibçəklərinin hamısını yığışdırıb tökdü yerə. Sonra onları səliqə-sahmanla idarə etdiyi “QAZEL”-ə yüklədi, dalısıyca da bir siqaret yandırıb mənalı-mənalı bələdiyyə Sövdalı kişini süzdü. Sövdalının da elə bil ki, aşığı alçı durmuşdu. Yerində dingilldəyirdi. Özünü bekarçılıqdan vaxt öldürməyə yer axtaran və belə bir tamaşa əllərinə göydən düşən Gülbaydaq əhlinə göstərirmiş kimi ovsunçuları haraylayıb deyirdi:
-Ədə, ay uşaq, xalxın yuxusunu ərşə çəkən o naxudaları göstərin bu camaata.
Perikmiş əfilər ovsunçu oğlanların əlində yarpaq kimi titrəyir, qıvrılaraq dəmbədəm haça dillərini göstərir, canlarını qoymağa yer axtarırdılar.
* * *
Kəndin həm “bərk gedən” və həm də qazdan ayıq sakinlərindən olan Narınc oğlu Burcu ovsunçuların onun evinə tərəf gəldiyini görüb üz-gözünü turşutdu, dodağının altında donqulldandı, hövsələsini basa bilməyib bələdiyyə Sövdalı kişinin üstünə çımxırdı:
-A kişi, ayıbdı, camaatı özünuzə güldürməyin. Bu benavaların da –ovsunçulara işarə elədi –boğazlarına kəmçik atıb sürüyürsən ardınca. Ayıbdır, vallah, sizin yerinizə utanıram. Kəndin sosial problemlərini gündəmdən çıxardıb camaatın başını boş, mənasız əyləncələrlə qatırsınız.
Bələdiyyə Sövdalı kişi uşaq deyildi ki, Narınc oğluna baş qoşub belə bir ümumkənd əhəmiyyətli tədbirin taleyini zərbə altında qoysun. Burcu deyilən bu vələdüznanın (xalq ona bekara yerə Narınc oğlu demir ki?) məqsədi ortaya qarışıqlıq salaraq üstünə gələn alovdan sıpçınıb çıxmaqdı ki, bunu da allaha şükür, şeytana papış tikən Sövdalı kişi onun gözündən oxuyurdu, o babətdən də bütün bənd-bərəni onun üzünə bağlamışdı.
- Mənim evimin banına ilan necə çıxa bilər, -deyə Narınc oğlu Burcu kükrədi, boynunun şax damarları göyərdi. –Baxın, -dedi –hər tərəf tutulub, aradan bir sıçan belə keçə bilməz. Bizim evdə ilan yoxdu, gedin onu ayrı yerdə axtarın.
Belə məqamlarda tükünü darağa verməyən ağır, səngin bələdiyyə Sövdalı kişi Narınc oğlunu qıyqacı süzüb ürəyində dedi: “Alçaq, hələ arxan yerə dəyməyib. Odu belə xoruzlanırsan. Bir azdan sənin də balıq kimi yerdə ağaran qarnını görərik...”
- Burada bizim, sizin söhbəti yoxdu! –deyə bələdiyyə Sövdalı kişinin əmisi oğlu “pırıq” Bəndalı kütləni aralayıb irəli şığıdı, Narınc oğluna barmaq silkələdi: –Burada Gülbaydaq xalxının gününü göy əskiyə düyən ümumi bir düşmən var: Onun da adı ilandır. Aduvu da ziyalı qoymusan, özün də qəzet oxuyan adamsan, gecələr bu vəhşilərin zülmündən camaatın nə çəkdiyini bilmirsən?! Təhr eləyib qonşu kəndlərə köçənlərdən xəbərin yoxdur? Odu, sahə inspektoru yanında boynunu burub qalıb. Onun nə günahı vardı ki, kəndi bürüyən bu əfilərin ucbatından bir aylıq zarpulatasını kəsiblər. Ziyalı qabağa düşüb el üçün can yandırar, amma sən... –Sözünü yarımçıq kəsib arxada gürnaş verən kütləyə müraciət elədi: -Söz sizindir, nə deyirsiz?
İki həftə ərzində yuxusuzluqdan gözləri qızarmış, “ilantutdu” həngaməsindən hələ doymamış kütlə nərə çəkib hayqırdı:
-Qoy ovsunçualr işini görsün!
-Burcu müəllim, qonaqlara hörmət elə!
-Biz evimizdə rahat yatmaq istəyirik!!!
Narınc oğlu Burcu işin belə yoğnuduğunu görüb tütəyin dilini çəkdi. İlantutanlar bir göz qırpımında evin çardağına çıxdılar. Çiyinlərindən asılmış hanayı xurcunlara əl atıb öz işlərini sahmanladılar.Əfilərdən ikisini çıxarıb banın sağ küncündə, gün düşən yerdə sırayla düzülmüş al-əlvan xaşxaş dibçəklərinin boynuna sarıdılar və təntənəli bir şəkildə aşağı düşüb öz ovlarını düşmən üzərində belə bir qələbənin həsrətində olan arğın-yorğun Gülbaydaqlılara nümayiş etdirdilər.
Narınc oğlu Burcu içini hal aparmış zahı qadınlar kimi böyümüş gözlərlə xaşxaş kollarının arasında qıvrılan ilanlara key-key baxır, fikrini cəmləyə bilmirdi. Beynini, bütün varlığını döyəcləyən, ağardan fikir bu idi ki, “kitab bağlandı... gedib o alçağa səs versəydim bəlkə başıma bu oyun gəlməzdi...”
Bu dəqiqələrdə gülümsəyən bələdiyyə Sövdalı kişinin üzündə canlanan cizgilər Narınc oğlunun sinəsinə, boyun-boğazına çalın-çarpaz dağ çəkirdi.
Bu ara sahə inspektoru ona yaxınlaşıb astadan: -Yerinə əriyim –dedi –
Qulaqları darı dələn bələdiyyə Sövdalı bu sözü eşitdi və haqq üçün, heç xoşuna gəlmədi. “Yıxılana balta vurmaq yaxşı iş deyil” sözünü dilinə gətirmək istəyirdi ki, ovsunçu qonaqlardan biri onu kənara çəkib qulağına nəsə pıçıldadı.
* * *
Bu minvalla ovsunçu oğlanlar otuza yaxın evin çardağına çıxaraq çərtilmiş xaş-xaş kollarının arasında gizlənmiş o murdar heyvanları boğazlayıb tökmüşdülər hanayı xurcunlara. Adam öləcək, haqq üçün, bəzi evlərin çardağındakı xaşxaş kollarının arasında o lənətə gəlmişlərdən tapılmamışdı. Amma bununla belə o xaşxaş dibçəklərini ta bundan sonra çardaxda saxlamaq olamzdı.Madam ki, o şoğəriblər xaşxaş güllərinə bir belə maildir, gərəkdir dibçəkləri aradan çıxarıb o murdar heyvanların ümidini kəsəsən...
Axşamüstü iş başa çatandan sonra tamaşaya toplaşan kütlə yavaş-yavaş dağılışdı. Hamı məmnundu, admların üz-gözündən ilan xofu çəklib getmişdi. Gülbaydaqlılar indi qıçlarını qıçlarının üstünə uzadıb rahat yata bilərdilər. Bu şadyanalıqdan vəcdə gələn yerli şair Alxud Alagöz qələmə sarılıb isti-isti yazmışdı:
Dərd-bəlanı dəf eləyən –Sövdalı,
İlanları məhv eləyən –Sövdalı,
Heç görübsüz səhv eləyə Sövdalı?!
Verdiyimiz səslər ona halaldı!
Molla Qurban kişi də payını boyata qoymayıb bələdiyyə Sövdalı kişini maşına mindiyi yerdə “yaxalayıb” dedi:
- Yeznə, and olsun o qədimi salam-əleykə, dünən gecə yuxuda səni o müqəddəs ziyarətdə görmüşəm. O ləyin şeytanlara elə şövqlə daş atırdın ki, day nə deyim. Sözümün canı budu ki, bu barədə fikirləş.
-Yuxun çin olsun, ağsaqqal, -deyə bələdiyyə Sövdalı kişi gördüyü yuxuya görə ona minətdarlıq etdi. –Gördüyün yuxu, -dedi -mənim öz arzumdur. İnşallah, vaxtı gələndə bu işi əmələ gətirərik...
Bu ara yaşlı bir qadın özünü bələdiyyə Sövdalı kişinin üstünə atıb onun ayaqlarını qucaqladı:
- Qurban olum, Sövdalı –dedi -sən özgəsi deyilsən, elə öz inəyimizin balasısan, bacı oğlusan, qurta bizi bu bəladan, çevir bizi o gül balalarının başına. –Qadın bələdiyyə Sövdalının çiyinlərini çəkib gözlərini döydüyünü görüb dedi: -O zəhrimar xaşxaşı deyirəm də... Polis evimizi ələk-vələk elədi. Kişini də maşına basıb apardılar. O benavanın saqqızını oğurlayan şirkət Mameddir. Xaşxaşın tumunu da, dibçəkləri də camaata paylayan o köpəyoğludur. Mənim kişim dəsxoşa getdi... Qurban olum, Sövdalı, illac elə...
Bələdiyyə Sövdalı kişi onu arxainləşdirib dedi:
-Güləzər bacı, sakit ol, özünü üzmə. Kişini orada duza qoymayacaqlar ki? Yəqin ki izahatını alıb sərbəst buraxacaqlar. Bir də ki, vallah, mən o işlərə baxmıram. Mənim narahatlığım bu ilan sarıdandı. Şükür allaha, o da camaatın gözü qabağında həll olundu. İndi hamı evində rahat yatacaq.
* * *
Gecədən xeyli keçmiş kəndə vəlvələ düşdü: “Qoyma, qaçdı”, “Tut, tut, o narkotik əclafı”. “Saxla onu, qoyma aradan çıxa!” sədaları, ağlaşma və siqnal səsləri, perikmiş mal-qara böyürtüsü, at kişnərtisi, şəklənmiş itlərin uzun-uzadı zəhlətökən hürüşü kəndi başına götürmüşdü. Əlbəttə, bu hay- küy heç də uzun sürmədi. Yaz gecəsinin bir aləmində kənd sakitləşdi. Bir az bundan əvvəlki qarışıq səsləri ilbizlərin nəğməsi, coşub çağlayan bahar sularının şaqqıltısı, nəğməkar quşların xoş avazı əvəz etdi. Amma di gəl Gülbaydağa bəxş edilən bu rahatlığın müqabilində səhərin gözü açılan kimi bələdiyyə Sövdalı kişinin qulağına bəzi yava-yava sözlər çatdı. Güya ki, bu ilan söhbəti onun öz uydurmasıdır, quraşdırdığı tələdir. Allahı arada görməyəndə bunları deməyə nə var ki?!
Комментариев нет:
Отправить комментарий