30.05.2012

MİLLİ KİMLİKDƏN BAŞLAYARAQ

 Cabir Albantürk

Allahın adı ilə.
Azəriyikmi, azəri türküyükmü, Azərbaycan türkü, yoxsa “azərbaycanlı”?! Quba-Qusar bölgəsində ləzgilər bizə-türk kökənli topluma “moğol”, tatlar “türk” demiş, özümüz özümüzə isə millətlə ümmətin fərqinə varmadan “müsəlman” demişik. Uzaq-yaxın keçmişdə, mənbələrdə oğuz, alban, tatar və b. adlar da işlənmişdir.
Azərbaycanlı dedikdə türk kökənli bir millət, xalq başa düşülsə də, bura ölkə ərazisində yaşayan, bizlərlə dini bir, ad-soyad, adət-ənənə, musiqi-geyim oxşarlığı olmaqla yanaşı, ana dili fərqli olan yerli milli azlıqlar, az saylı xalqlar, etnik qruplar da daxildir: tat, talış, kürd və b. irandilli qruplar; ləzgi, avar, saxur və b. qafqazdilli qruplar. Allahın məsləhət bilib yaratdığı hər bir xalq, dil milli və bəşəri sərvətdir. Azərbaycanda yaşayan azsaylı xalqların əksəryətinin köklü azərbaycanlı olması da bəllidir. Habelə, deyək ki, Azərbaycanın kənarda qalan Dərbənd, Borçalı, Göyçə, Zəngəzur və s. kimi hissələrinin yerli türk kökənli əhalisi də “azərbaycanlı” adlanır. Hansı ölkədən, haralı olmağı bildirən bu söz tarixi Azərbaycan torpaqlarını əhatə etmək baxımından məğbul sayıla bilər. Amma, müsəqillik dövründə bütöv Azərbaycanın adını belə tutmadan və türk olmadığını pərdələmək üçün sovet (Stalin) siyasəti yürütməyə, üstəlik, xəcalət çəkilməli gündə “azərbaycanlı” olmağı ilə fəxr etdiyini söyləməyə əsas ola bilməz.        
Acınacaqlı orasıdır ki, türk kökənli Azərbaycanlı ilə fars  kökənli azərbaycanlı bir millət kimi, Mesxet (Axıska) türkü, cənublu qardaşımız ayrı millət kimi (iranlı, azəri) yazılır. Türkiyə tarixçilərinin, türkoloqlarının əksəriyyətinin, türksevməzlərin  sırıdığı Altay nəzəriyyəsini dəstəkləmələrini, Azərbaycan türklərinə “azəri” deməkdə davam etmələrini demirəm. Hansı ölkədə, ərazidə yaşamaqla milli kimlik anlayışı ayrıdırsa niyə yuxarıda adlarını sadaladığım xalqlar milliyətini “azərbaycanlı” yazdırmağa məcbur olsunlar, hansı ki, əslində “azərbaycanlı” adlı millət, “azərbaycan dili” adında dil yoxdur. Necə ki, Gürcüstanda, habelə ölkədən kənarda yaşayan gürcü və ya abxaz “gürcüstanlı” deyil, millət olaraq, gürcüdür (eyni dilli müxtəlif xalqlardan ibarər olsa da), abxazdır. Bizdə isə tatlar-dağlılar kimi çoxsaylı milləti azlıq “azərbaycanlı” yazılır, qonşu Dağıstanda isə azsaylı xalqların da öz adları, dilləri qeyd olunur. Azərbaycanlı adıyla yaradılan bu yalançı birlik, çoxluq nəyimizə lazımdır axı?! Əlbət hamımız bir Allahın bəndəsi, bir vətənin vətəndaşı, bir ümmətin üzvü, bir torpaqın övladıyıq. Amma hər kəs özü olmayınca; Milli kimliyini, dilini, tarixini tanımayınca, bilməyincə heç bir birlikdən, bütövlükdən danışmağa dəyməz. Düşündürücü, təəssüfləndirici haldır ki, “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyi olmalıdır” (Heydər Əliyev) söyləyənlər də bu millətin kimliyini dəyişənlərin sırasına qoşuldular.
Milli kimlik vətəndaşlıq sənədi olan şəxsiyyət vəsiqəsində yazılmasa da doğum haqda şəhadətnamədə mütləq qeyd olunmalıdır. Habelə, yeni doğulan uşaqların soyadlarını yaş kağızlarına milli soyad sonluqları ilə yazdırmaq asanlaşdırılmalıdır. Milliyətini “azərbaycanlı” yazdıran (istər siyahıya alınmada, ya arı sənədlərdə), ümumiyyətlə olmayan bir mənsubiyyəti qəbul edən hər hansı xalqın, milli qrupun təmsilçisinin ya milli mənlik şüuru inkişafdan qalıb, ya taleyi ilə barışıb, ya da niyyəti yaxşılığa deyil. Çünki dinindən dönənlə milliyətini danan “mürtəddir” deyiblər. Bu millətdən olmayıb millət adından danışanların, ona qarşı təhqiramiz ifadələr işlədənlərin, öz eybəcər  xislətləri ilə millət haqda mənfi rəy yaradanların (belələri millət içərisində də az deyil), əsrlər boyu parçalanaraq, işğal edilərək, didərgin düşərək hələ də ayılmayan, millət ola bilməyən, bu qabalaşan dünyada maddiyyata meyillənən millətimizin ənənəvi təpərsizliyi üzündən, arxadan dəyən zərbələrin kimdən olduğu bilinməyən Vətənimiz qürbət tək...
 Hamını bir papaq altına yığıb “azərbaycanlı” adlandırınca, ötən əsrin əvvələrində işlədildiyi kimi Azərbaycan xalqları adlandırmaq daha doğru olardı... Millətimizin, dilimizin “türkazər” adını bərpa etmək isə yenə sabahlarımızın sabiblərinin ümidinə qalacaqdır deyəsən. Türk müsəlman qanının təmizliyini qorumadıqca, milli-islami düşüncənin daşıyıcısı olmadıqca, millət-ümmət doğmalığını yaşamadıqca, türk döyüşkənliyini, islam cihadını yadırğadıqca tariximiz də saxtalaşdırılacaq, sərvətlərimiz də talanacaq, mənliyimiz də tapdalanacaq və nəticədə  torpaqlarımız işğalda, insanlarımız aşağılıqda qalacaqdır. Ziyalılar, düşünənlər, cəsurlar, doğruçular tükəndikcə, susduqca milli dövlətlər devrilər, istedadları, xarakterləri, şəxsiyyətləri, sərkərdələri məhv edən uzunmüddətli dövlətsizlik, müstəmləkəlik dövrünün mirası olan yaltaqların, qorxaqların, əliəyrilərin, saxtakarların hesabına yaşayan bəlli dövlətlər qurular...
Kimliyimiz, əxlaqımız, axirətimiz düşüncəmizin, əqidəmizin, əməlimizin sonucu. Milli mücadiləmiz, ideologiyamız, təşkilatlarımız milli varlığımızın, həmrəyliyimizin, iqtisadiyyatımızın təcəssümü olmaq baxımından ümidli özünü aldatma mərhələsində... Milli, islami, bəşəri ruhiyyəmizi, enerjimizi, müqavimətimizi yüksəltməyi, nizamlamağı, yönəltməyi, qorumağı bacarmasaq nə neftimiz, nə mədəniyyətimiz, nə siyasətimiz, nə ordumuz bizi bu xəcillikdən xilas edə bilməyəcək... Nicat yolumuz soydaş, dinşad, vətəndaş həmrəliyimizə nail olmaq, son məqsədimiz millət, vətən, dövlət bütövlüyümüzü bərpa etmək, milli varlığımız türklüyümüzü, müsəlmanlığımızı, azadlığımızı qorumaqdır. Bu qarışıq zamanda Tanrı türkü tamahından, özünə asi olmaq mərəzindən qorusun, Tanrı türkü başsız və başçısız qoymasın, qeyrətsiz yaratmasın, ədalətdən ayırmasın, imansız aparmasın. Dualarımız yarımçıq-millətin özünü qoruma, özünə dönmə, şərə, pisliyə qarşı dayanma, xeyir, yaxşılıq uğrunda mübarizə əzmi ilə tamamlanmadıqca qəbula keçməz belə-mənəvi tövrümüzü dəyişmədikcə, insani dəyərimizi anlamadıqca, milli taleyimizi düşünmədikcə.
Təhsil, təbliğ, mühit sıradan bəxti gətirməyən gələcəyimizin necəliyi ağsaqqala-ağbirçəyə, dinə-dilə, valideyinə-övlada, qohuma-qonşuya, torpağa-təbiətə sayğı, sevgi qaynağı olan türk-müsəlman ailəsinin ənənələrinin, təməllərinin möhkəmliyindən, sağlamlığından asılıdırsa, böyüyümüz böyük Hacı Bektaş Vəlinin “əlinə, dilinə, belinə və Elinə sahib ol” tapşırığına əməl etməyimiz qaçılmazdır!
Allah amanında.

Комментариев нет:

Отправить комментарий