28.05.2012

Səsin düşəndə yada

Xatirə Xatun

HALIMA YANAN GƏRƏK SƏSİN DÜŞƏNDƏ YADA... (V. SƏMƏDOĞLU)

Yenə bu yaz gecəsi yamanca kövrəlmişəm,
Yenə səni düşünüb anmaqdı işim, peşəm.
Görsəydin soruşardın:,,Nolub, a qəlbi şüşəm?"
Bir yelkənsiz qayığam elə bil ki dəryada.
Halıma yanan gərək səsin düşəndə yada...

Nədir səndən ötəri çəkiyim bu məşəqqət,
Belə sevgi olarmı? Bəs bu necə məhəbbət?
Nola bir yuxu ola bu intizar, bu həsrət,
Biri gələ, kaş məni bu yuxudan oyada,
Halıma yanan gərək səsin düşəndə yada...


Sənlə keçən anları anmadığım anım yox,
Dönərsənmi geriyə? Buna heç gümanım yox.
Sənsizliyə dözməyə bu canımda canım yox,
Sözüm keçmir içimdə üsyan edən fəryada.
Halıma yanan gərək səsin düşəndə yada...

Bir gecə yuxuma gəl, barı orda barışaq,
Ataq umu-küsünü, şirin-şirin danışaq,
Bu vüsalsız sevginin atəşinə alışaq,
Barı duyum səsini heç olmasa röyada.
Halıma yanan gərək səsin düşəndə yada...

Mən səni səcdəm, pirim, qibləgahım bilirdim,
Ümid yerim, dayağım, son pənahım bilirdim,
Səni sevməyim olub tək günahım, bilirdim,
Yox gümanım kimsəyə--nə yaxına, nə yada.
Halıma yanan gərək səsin düşəndə yada...

Gözümə həkk etmişəm gözlərinin rəngini,
Qulağım yadırğamaz səsinin ahəngini.
Bilsən necə həsrətlə gözləyirəm zəngini,
Mən dözürəm, dözəmməz buna, vallah, qaya da,
Halıma yanan gərək səsin düşəndə yada...

Axıtdınmı göz yaşı hey acı-acı, gülüm?
Göynədimi sənin də burnunun ucu, gülüm?
Bu hicranın, həsrətin sənsən əlacı, gülüm,
Tez qayıt gəl, qoyma ki gəncliyim gedə bada.
Halıma yanan gərək səsin düşəndə yada...

Комментариев нет:

Отправить комментарий