31.05.2012

İnsan düzəlməsə dünya düzəlməz

Surxay SULTAN

Nədən şərə meylli, naqisdi insan,
Paxıldı, məkrlidi, xəbisdi insan,
Nadandı, şeytandı, iblisdi insan,
İnsan düzəlməsə, dünya düzəlməz.

Boş qab gumuldanar özündən razı,
Paxılın gözündə qala murazı,
Namərd bəd əmələ ola tamarzı,
İnsan düzəlməsə, dünya düzəlməz.

Hər addım başında qurulan tələ,
Fitnə, şər yükündən tutulan şələ,
Haqq qalıb qapılar dalında hələ,
İnsan düzəlməsə, dünya düzəlməz.


Bu necə imandı tula bağlana,
Bu necə vicdandı yata, buğlana,
Bu dünya neyləsin bic doğulana?
İnsan düzəlməsə, dünya düzəlməz.

Zəhər gizlənibsə hər kəlməsində,
Xeyir bəhrə verməz şər zəmisində,
Bizə yer olarmı Nuh gəmisində?
İnsan düzəlməsə, dünya düzəlməz.

Nə vaxtsa, şeytan da deyər ki, doydum,
Mən də bəd əmələ daha son qoydum,
Bağışla, Allahım, insana uydum,
İnsan düzəlməsə, dünya düzəlməz.

İnsansan, yarandın faili-muxtar,
Bütün naqisliyi özündə axtar,
Zənn etmə bu dünya düzələr, vaxt var,
İnsan düzəlməsə, dünya düzəlməz.

Комментариев нет:

Отправить комментарий