Bəxtiyar Hidayət
Buzov həqiqətən də tərs gəlibmiş-ayaq-baş. Və
uzun illər sovxozun mal-qarasına göz bəbəyi kimi baxmış Məhəmmədəli kişi inəyi
rahatlıqla doğuzdura bildi. Rışkovun xeyri
bu oldu Şakirin babasına.
Bura şəhərin ən sərfəli ucuzxanası idi. Yüz qram araq 20 qəpiyə- nə qədər sifariş verirsən ver. Menyu da çox çeşidli menyu- soyutma yumurta, ucuz kolbasa , alça, pomidor
turşusu (isətəsən pomidor turşusunu yemə- yalnız turşunun suyunu “zakuska” elə.
Bu daha ucuz başa gəlirdi), xiyar turşusu,limon və sair.
Cəmi iki stol vardı bu yeməkxanada ki indi burda “yeyib-içən” iki dost bu daracıq yerdə hələ ki “restoranı bağlatmışdılar”. Dediklərinə görə dərdlərini dağıdırdılar. Hər ikisi müəllim idi. Bu da onların yemək-içməkləri idi guya- pomidor turşusunun suyunnan araq içirdilər.
Adama da bir soyutma yumurtaları vardı- vəssalam. Və bir də çay sifariş vermişdilər ki az qala bu müəllimlərdən də yaşlı olan qara çaydan sobanın üstündə qaynağa qoyulmuşdu.
Cəmi iki stol vardı bu yeməkxanada ki indi burda “yeyib-içən” iki dost bu daracıq yerdə hələ ki “restoranı bağlatmışdılar”. Dediklərinə görə dərdlərini dağıdırdılar. Hər ikisi müəllim idi. Bu da onların yemək-içməkləri idi guya- pomidor turşusunun suyunnan araq içirdilər.
Adama da bir soyutma yumurtaları vardı- vəssalam. Və bir də çay sifariş vermişdilər ki az qala bu müəllimlərdən də yaşlı olan qara çaydan sobanın üstündə qaynağa qoyulmuşdu.
Müəllimlər isə
şirin- şirin söhbət edirdilər öz məktəb illəri barədə. Hər ikisi rayonun
qaçqınlarından idi. Sinif yoldaşı olmuşdular bu Şakir müəllimlə Vahid müəllim. Səkkiz il bir yerdə oxumuşdular. Sonradan
Şakir iki il qonşu kənddə oxumuşdu- babası onu ali məktəbə hazırlaşdırmişdi bu
iki ildə və o da etimadı doğrultmuşdu. Pulsuz-parasız ali məktəbə daxil
olmuşdu. Və babasını təbirincə desək adam olmuşdu. Adam olub da indi ucuzxanada bala-bala
vururdu özüyçün. Guya ki sağlıqlar bol
olsa vətən basılmayacaqdı.
Ucuzxananın sahibi
Mövsüm kişinin adını diktator qoymuşdu bu müəllimlər. Guya
diktator ölkəni necə idarə edirsə
o da öz ucuzxanasını elə idarə edirmiş. Yəni müdür də özüdü, ofisant da, süpürgəçi
də, hesabdar da, xəzinədar da, aşpaz da. Alalhın ən fağır bəndələrindən olan
Mövsüm kişi beləcə dönüb olmuşdu diktator.
Mövsüm kişi bu müəllimlərlə arada özü də vurardı bala-bala. Amma bu dəfə
özü yox idi burda. Müəllimlərə tapşırıb getmişdi “restoranı”. Onsuz da buranın daimi müştəriləri vardı və
başqa bir Allah bəndəsinin burda görünməsi “meşəyə insan gəlib” effekti
yaradırdı.
Qara çaydan yavaş-yavaş
boğazını yoxlamağa başlayırdı ki ... Şakiri dəli bir gülmək
tutdu-dünyanın heç bir müəlliminə yaraşmayan bir gülmək. Qarnını tutacaq qədər
uzun çəkən bir gülmək. Qəribə bu idi ki
çaydanın səsi qalxdıqca Şakir müəllimin gülüşləri də şiddətlənirdi.
Vahid müəllim:
-Əə dəlimi oldun? Elə bil nəşəlisən ee sən.
Şakir əlini çaydana
uzadıb:
-O, o, o çaydan.
Xa, xa, xa, xa.... qurban olum onun səsinə, Vahid, qurban olum onun səsinə.
-Gicləmə əə, zəhrimarı
içə bilmirsən içmə də- dedi mənim sağlığımı yarımçıq kəsib çaydanın səsinə
qurban olur, bu da mənim dostum. Tuuuu.
-Yox, dərdiş. Xa,
xa, xa. Babamın inəyi doğan gecəni deyirəm.
-Nəə, get özünü
yoxlat ay yazıq.
- Qulaq as. Xa, xa. Xa. Öhö, öhö, öhö, bir kürəyimə
vur. Xa, xa, xa...
----------
Uşaq lap bezmişdi
babasının əziyyətlərindən. O əziyyətlər ki əslində uşağa çəkilirdi və bu da elə
uşağın adam olması üçün idi. Yoxsa babaya nə düşmüşdü bu qoca vaxtında təzədən
uşağın dərdi ilə məşğul olsun. Oğlu öylü-qızı göylü idi. Altı uşağın altısı da
öz beyninə oxumuşdu. Indi də şükür hərəsi bir yerdə öz əli-öz ayağı. Daha kimsədən
asılı deyildilər. Və baba kənddə tək-tük belə xoşbəxt valideynlərdən biri
sayılırdı. Indi də böyük qızının oğlunu gətirmişdi yanına ki oxudub adam eləsin.
Ilk nəvəsi idi bu uşaq onun. Və istəyirdi ki bu da öz övladları kimi gedib öz
beyninə yaxşı bir yerdə oxusun.
Amma uşaq bu evdən qaçmağa bəhanə gəzirdi. Hər
şey rejimlə idi burda- uşağın cibi də rejimlə tanıyırdı pulu.
Uşaq isə lap bezmişdi. Axı adamı da gecə saat
üçdə yuxudan edib Paskal qanununu soruşmaq olardı? Vay halına yarıxuxulu deməyəydin
tərifi-səhərə qədər yatmaq yox idi. Və uşağın da əli heç hara çatası deyildi-onu
babasının yanına elə buna görə qoymuşdular. Baba özü iki il idi pensiyaya
çıxmışdı- kəndin ən sayılıb-seçilən müəllimlərindən biri idi. Dərsində milçəyin vızıltısı eşidilən müəllimlərdən olmuşdu. Kənddə
ona hələ bir qul oğlu qul deməmişdi ki mənim
uşağımı niyə döymüsən? Çoxlarını döyə-döyə
adam eləmişdi.
Amma bu gecə
uşaqdan yarıyuxulu halda tərif soruşulmadı. Sadəcə “qalx” komandası verildi və
sonra da qabağına beş-on misal- məsələ töküldü. Amma bu dəfə baba sərt deyildi.
Tez-tez, aramla uşağı başa salırdı-sağ ol da deyirdi hələ. Qaz sobasının üstündə də çaydan özüyçün
bala-bala qaynayırı. Və zarafat da edirdi uşaqla.
Zarafat deyəndə də ki uşaqgilin kəndini baba zarafat obyekti eləmişdi ki uşaq da
bundan cırnayırdı və bu da babaya ləzzət eləyirdi.
-Gedib çəkilibsiniz
meşənin içinə, dünyadan xəbəriniz yoxdu.
Allahın ayrımları da gəlib sizi yolub gedir. Heç bizim kəndi gecə vaxtı
yuxudan qaldırıb pul qırpıda bilər ayrımlar?
-Deyirmişlər Rışkov deyib ki Qarabağ Azərbaycanındır. Daha
müharibə zad da olmayacaq. Bizim bayramdı ermənilərin də yasıdı.
-Əə sizin camaat da
buna inanıb eləmi? Ayrım Aydəmir bəhanə gəzir pul qırpıtmağa. Sizin camaat da
dınqırasüzən. Səhərə kimi sizi oynadıb pulunuzu da çırpışdırıb ayrımlar.
-Baba, bizim ev
ortalığa uzaqdı deyə heç bilməmişik. Elə mən də səhər sizin kəndə gəlmək üçün kəndimizin
ortalığında maşın gözləyəndə eşitdim məsələni.
Yolda da ermənini kəndinin qarovulu Zığ-Zığ Vazgen bizim gəldiyimiz maşına mindi.
O da soruşdu ki nə məsələdi? Dedik Qarabağı bayram edirdik. O da dedi “baaa”.
Ayrımlar bu gecə erməniləri də qorxudublar. Kənddə danışırdılar ki Aydəmirin dəstəsi
bu gecə ermənilərin bağrını yarıb.
- Sizin camaat da bircə şunqurux qoşmağı
bilir. Musurmana şunqurux qoşduqları cəhənnəm, ermənilərə də şunqurux qoşurlar.
Ziğ-zığ Vazgen nə qanır Qarabağ hardadı.bir də ki ayrım Aydəmir heç vurma cədvəlini
öyrənəmmədi onilliyi bitirənə qədər. O
boyda məsələni omu həll edəcək?
- Nə bilim. Amma
Qarabağ bizə qalıb də, Rışkov belə deyib. Günün ekranında bu gün də dedilər. Həə,
səhər kəndimizdə eşitdim ki ayrımlar bu gecə də sizin kənddə bayram edəcəklər. Indilərdə gələrlər yəqin.
-Misalını yaz bala,
ayrım sizi aldada bilirsə gör Rışkov nağayrar.
Bizim kəndi aldada bilməz ayrımın zurnaçıları. Aya, nətəri yəni gecə gəlib
Allahın bir zurnaçısı züyləyib-küyləyib məni yuxudan qaldırıb desin ki oyna,
Rışkov deyib Qarabağ sənindi. Mən də oynayım, hələ buna da pul verim? Ayıbdı ee
ayıb.. Sən misala bax, həll eləməsən bu
gecə yatdı yoxdu. Mən dama dəyib gəlirəm.
Andır inək doğasıdı-qurtarmır ki gedək yataq.
Uşaq hər şeyi
anladı-demək babaya qulaq yoldaşı lazımmış həm də.
Və bundan sonra sanki beynində tormozlanma
getdi uşağın. Misal-məsələ hamısı çıxdı yaddan. Bu saat soruşan olsa nəinki Paskal
qanununu, heç Pi-nin qiymətini də bilməzdi. Yalnız və yalnız zurna səsinə kökləndi
beyni. Demək belə-ayrımlar başlayır zurnanı qaydalamağa, baba da gedir onları
biabır etməyə, uşaq da gedib yatır.
Bu zaman baba içəri daxıl oldu. Məlum oldu ki
inək doğmayıb. Və bu xəbər uşağa heç vız
da gəlmədi- artıq o zurna səsi eşitmişdi.
-Bax, ayrımlar gəldi
baba. Bu gecə də sizin kənddə konsertdi
-Hanı əə, səs- zad
yoxdu.
-Əməllicə səs gəlir-nətəri
yoxdu. Özü də “Yanıq Kərəm” çalınır deyəsən.
Baba qaranəfəs bayıra çıxdı. Amma heç bir səs
yox idi. Baba öz-özündən şübhələndi –yəqin qocalmışam, qulaqlarım ağırlaşıb. Və
bayırda bir xeyli dinşəyən babanın ürəyi tavağal eləmədi, gedib Məhəmmədəli
kişini elə bərkdən çağırdı ki heç
Ayrımın zurnaçıları kəndi bu qayda yuxudan ayılda bilməzdilər.
Noolub, müəllim.? Xeyir
ola bu gecə vaxtı? Sənin canınçün arvada bir şey olsa gərək mənə təzə arvad alasan, özü də mamlı-matan. Dəli elədin
Allahın yetimini, ölüb eləyənmi var?
Yox, ayrımın zurnaçıları gəlib. Gəl gedək
abırlarını ətəklərinə bükək.
-Ay müəllim, gecənin
bu aləmində zurna vaxtıdır, bəs hanı səs yoxdu. Bura ki kəndin ortalığıdır, gəlsələr
bura gələllər. Qulağın səsə düşüb yəqin. Amma dünən gecə Yuxarıkənddə bir
çal-çağır olub ki- Qarabağ bizimdi deyib bayram eləyiblər. Rışkovun vəzifəsi nədi
müəllim?
- Sayuzun naziridi. Bax onun “Qarabağ Azərbaycanındır” deməsinə
görə bu gün də ayrımlar bizə konsert verəsiymişlər.
-Ee, bu iş ayrım zurnaçılarına qaldısa demək uzun çəkəcək.
Müəllim , incimə qulağın səsə düşüb deyəsən. Get yat.
Ayrıldılar. Və birdən
evə çathaşatda olan Məhəmmədəli kişi:
-İnək doğdumu?
-Baş suyu çoxdan yarılıb, hələ bir şey yoxdu.
-Nətəəri yoxdu, yəqin
buzoy tərs gəlib. Daha yuxudan qalxmışkən qoy bir gəlim baxım. Bu da olsun
Rışkovun sənə xeyiri
-_ _ _
Gülməkdən gözləri
böyümüş Şakir:
-Vahid o çaydan
yadıma düşdü. Demə o qədər bezmişəm ki, səbirsizliklə zurnaçıların gəlişini
gözləmişəm. Beynimə yalnız zurna səsi yazılıb.
Babam da geri döndü nə döndü də.
-Səndən oxuyan
zibil olmaz. Gör mən nə hayda bu nə hayda, heç
zurnanın yeridir?
Yaxşı ki babam çox yüksəkdən qışqırırdı. Yoxsa
nənəm yuxudan ayılıb məni onun əlindən almayacaqdı.
-Həə, Alalh rəhmət
eləsin, yaxşı kişiydi.
-Ölənlərinə rəhmət.
Məni yandıran odur ki oxu-oxu axırı da bu. Ucuzxana.
-Hə də. Müəllimə
baxan ha yoxdu.
-Bir də bilirsən nə
var? O hadisədən 10 gün sonra Ayrım kəndini yandırdı ermənilər. Sonra da bizim
kənd, babagilin kəndi. Nə bilim ee, Şuşa, Laçın, bütün Qarabağ.
-Hə də. Nə qədər
“axır qəmimiz olsun” dedik bunu axırı olmadı ki olmadı.
-Əşşi bəlkə də elə o qara çaydanın səsi idi mənim
axrıncı gördüyüm kef. Bizim kefimiz axrıncı oldu, faciələrimiz axarancı.
- Hə də.
Amma bu müharibə çoxlarına düşdü. Adam vardı ki acından ölürdü-toya çağrılanda
qapı-qapı dilənirdi. Onun-bunun yerinə qoyun novatına gedib beş manat alırdı.
Sonra girdi hərbiyə, qaz vurub qazan
doldurdu. Indi də pensiyası pensiya, evi-ev, kefi kef. 50 il stajı olan müəllim
120 manat pensiya alır, 20 il polisdə işləyən adam 500 manat.
- Yenə buna dözmək
olar. O zurnaçalan Aydəmirə nə deyirsən bəs? Kim idi onu ayrımdan kənarda
tanıyan. Gəldi şəhərdə tanındı, reklam olundu. Indi məni bəyənmir -uşağı başqa müəllimin yanına
göndərir. Deyir Şakir müəllimin içməkdən
vaxtı yoxdu. Zalım oğlunun zurnası pul kəsir.
Yoxsa mənim diplomum nə zibildi. Onu Moskvada yaşayan milyonerlərimiz də çağırır hətta taya-nişana.
Cenifer Lopeznən şəkli var e onun.
Hansısa azərbaycanlı milyarder ikisini bir məslisə dəvət edibmiş. Deyilənə
görə hələ Rışkovla da şəkli var. Çox da bəyənib Rışkov
onun sənətini. Pul zad da verib kalan. Mən kiməm ee. Qurban olum bu qara
çaydanın səsinə. Bu ki lap zurna səsi çıxarır, Vahid. Xa, xa, xa, Şüşa da
getdi, Laçın da, Qarabağ da, Kəlbəcər də. Xa, xa, xa, Rışkov da demişdi Qarabağ
Azərbaycanındır.
Sonra da başladı oxumağa Şakir:
-Bizimdi, bizimdi Kəlbəcər
də bizimdi, bizimdi, bizimdi, Əsgəran da bizimdi, Qubadlı da bizimdi, İrəvan da
bizimdi, Lənkəran da bizimdi. Xa, xa, xa... Qazax da bizimdi.
-Yaxşı görək, gələn
var.
-Cəhənnəmə gəlsin,
qurban olum qara çaydana, qurban olum Qarabağa. Xa, xa xa.
-Bədbəxt, gülməkdən
qarnın cırıldı ki. Heç erməni mərmisi qarnını belə cırmamışdı.
-Yaman dedin haa, yaman dedin bunu. Zəngilan
da bizimdi, Zəngəzur da bizimdi, bizimdi, bizimdi ... ay balam eeeey, İsfəhan
da bizimdiiii. Ay aman, ay aman ölürəəəəəm. Xa, xa, xa xa... Mən də döyüşmüşəm ee, yaralanmışam da. Amma bu
boyda savadım olsa da veteran ola bilmədim, pul istədilər. Sübut edə bilmirəm
ki mən Vətən yolunda döyüşmüşəm. Xa, xa, xa, amma fərarilər vetaran oldu. Mən
döyüşdüyümü sübut edə bilməyincə Qarabağın bizim olduğunu sübut bedə bilməyəcəyik.
Oyy, qarnım çırıldı. Oyy, qurban olum qara çaydana. Sən öləsən buna əməkdar
artist adı vermək lazımdı- gör nə oxuyur ee.
Gələnlər müəllimin başına hava gəldiyini zənn
edib heyrətlə tamaşa edirdilər. Müəllim isə yenidən gülə-gülə oxumağa başladı:
-Xa, xa, xa... Kəlbəcər
də bizimdi, Qrenlandiya da bizimdi, Mirbəşir də bizimdi. Bizimdi, bizimdi,
Mahaçkala bizimdi. Zurna da bizimdi, rışkov da bizimdi, Aydəmir də bizimdi,
bizimdi, bizimdi...
Sonra isə bir xiyar
turşusu götürüb davam elədi:
-Bizimdi, bizimdi,
xiyar da bizimdi, badımcan da bizimdi. Xa, xa, xa.
Vahid müəllim onu sürüyə-sürüyə bayıra
çıxardı. Bayırda yağış yağırdı. Şakir müəllimin də gözlərində yaş vardı.
Комментариев нет:
Отправить комментарий