27.05.2012

Güneydən Quzeyə xalı hörməyə

İlhamə Dağlı    

                 Təbrizim
 
     Səni görmək üçün yol gəlirəm mən,
     Gəlirəm sevinc və fərəh içində.
     Səni görmək üçün yol gəlirəm mən,
     Gəlirəm qəm-qüssə, kədər içində.

     Gəlirəm qoynuna, ey ana Vətən!
     Qədrini nə bilər hər yoldan ötən.
     Aç isti qucağın, girim qoynuna,
     Dolayım qolumu sənin boynuna.


     Gəldim Heydər baba, səni görməyə,
     Şəhriyar elinə salam verməyə.
     Torpağında bitən əlvan güllərdən
     Güneydən Quzeyə xalı hörməyə.

     Bakı ürəkdirsə, Təbriz də candır,
     Damarlarda axan doğma bir qandır.
     Həsrətdən alovu göylərə qalxan
     O taylı, bu taylı Azərbaycandır.

                                  Ömrün çağları

                     Ömrün körpə dövrü-ömrün şah dövrü,
                     Ömrün uşaq dövrü- ömrün şad dövrü.

                     Ömrün gənclik çağı-ömrün yaz çağı,
                     Ömrün bahar çağı-ömrün saz çağı.

                     Ömrün cavan vaxtı-ömrün yay vaxtı,
                     Ömrün gümrah vaxtı-ömrün bəy vaxtı.

                      Ömrün orta yaşı-payız yağışı,
                      Ömrün ahıl yaşı-ömrün qış yaşı.

Комментариев нет:

Отправить комментарий