28.05.2012

Türk tarixi -13

XIII hissə: Öküz gönü geyən… qısa boylu və qıvraq… qanunları yoxdur… dinclik nədir bilməzlər…

 TEYMUR İMPERATORLUĞU. Teymur (Dəmir) 1335-ci ildə Səmərqənd yaxınlığında Yaşılşəhərdə (Kiş və ya Şəhrisəbz) anadan olmuşdu. Atası Barlas türk qəbiləsi bəylərindən idi. Bu zaman Türküstan Cığatay xanlığının əlində idi.
 Teymur bir müddət qaynı əmir Hüseyn ilə birlikdə çalışdı və onlar monqollara qarşı üsyan etdilər. Sonra əmir Hüseyn ilə arası pozuldu və onunla savaşdılar. Əmir Hüseyn Bəlxdə hakim idi.
Teymur onu məğlub edib, Bəlxi aldı və əmir Hüseyni öldürdü. Bundan sonra Bəlxdə toplanan qurultay Teymuru əmir elan etdi. Sonra Teymur Səmərqəndə gəldi, oranı alıb özünə paytaxt elədi (1369).
 Teymur əmir olandan sonra bir çox hərbi səfərlərə çıxdı. 36 il əmirlik zamanında Şərqi Türküstanı, Xarəzmi, İranı, Qafqazı, Qıpçaq elini, Hindistanı, Əfqanıstanı və Anadolunu alaraq böyük bir imperatorluq qurdu. Bu zaman Toxtamış Altun Ordu dövlətinin başında idi. Qabaqcadan Teymurla arası yaxşı olan Toxtamış, Teymur cığatayların ölkəsini alandan sonra, araları pozuldu. Çünki Teymur Çingizxan nəslindən deyildi və ona görə də Toxtamış onun hakimiyyətini həzm edə bilmirdi.
 Nəhayət bir çox keşməkeş və savaşlardan sonra Teymur Toxtamışı məğlub etdi və Altun Ordlunun aradan getməsinə səbəb oldu.
 Sonra Azərbaycanda müzəffərilərin hökmranlığına son verib, İraqa yürüdü və sultan Əhməd Cəlayirin hökumətini məğlub etdi. Sonra Hindistana səfər elədi (1398).
 Sonra Bağdada gəlib, bura qayıdan sultan Əhməd Cəlayiri qaçırtdı. Bu dəfə sultan Əhməd Osmanlı sultanı İldırım Bəyazidə sığındı.
 Bu sırada Şərqi Anadolu və Azərbaycanda hökumət qurmuş olan Qaraqoyunlulara hücum edib onların əmiri Qara Yusifi qaçırtdı.
 Əmir Teymur İldırım Bəyaziddən sultan Əhməd Cəlayir və Qara Yusifin geri verilməsini istədi. İldırım Bəyazid onun istəyini rədd etdi. Teymur da Anadoluya hücum etdi və sonra Səmərqəndə döndü. Bir az sonra Çinə hücum etmək istədi. Lakin xəstələnib Otrar (Fərab) şəhərində 71 yaşında vəfat etdi.
 Öz dövründə dünyanın hərbi-syasi mübarizəsinə güclü təsir göstərmiş sərkərdə Əmir Teymur haqqında fikirlər birmənalı deyil. Bir çox araşdırmaçıların fikrincə, İmperator türk olduğu halda, türklərə, xüsusən Anadolu və Rusiya türklərinə ən böyük zərbəni vurmuşdur. O, Altun Ordu dövlətini yıxmaqla rusların qüvvətlənməsinə və türklərə tabe olduqları halda, zamanla türkləri özlərinə tabe etmələrinə səbəb olmuş, İstanbulun fəthini də əlli il geri salmışdır...
 Lakin Türkiyəyə bir qürur mənbəyi kimi baxan Teymur, «Biz ki Mülki-Turan, Əmiri-Türkistanıq; Biz ki Türk oğlu Türkük; Biz ki millətlərin ən qədimi və ulusu türkük» deyərək türkçülüyü ilə öyünmüşdür. Türklərə düşmənçilk təbliğ etmiş fars şairi Firdovsinin məzarına gələrək, onun üstünə …miş və: «Qalx, qalx da hər misrada pislədiyin məğlub türkü indi gör!» demişdir…
 Çingiz xanın «Yasa»sından sonra «Əmir Teymurun vəsiyyətləri» adlı əsəri ilə dünya ordu quruculuğu və idarəçiliyi haqqında öz dövrü üçün yeni bir mükəmməl sənəd yaratmışdır.
*****
 Teymur öləndən sonra oğlanları və nəvələri arasında hakimiyyət üstündə ixtilaf çıxdı, nəhayət kiçik oğlu Şahrux imperatorluğun çox hissəsini ələ keçirdi və 40 il hökmranlıq etdi. Şahrux adil və elm sevən bir adam idi. Atasının xaraba qoyduğu yerləri təmir etməyə çalışdı. Xanımı Gurşad Məşhəddə Gövhərşad məscidini və bir də Heratda həmin məscidin tayını tikdirdi.
 Şahrux öləndən sonra yerinə Uluqbəy keçdi. Uluqbəy alim və adil bir əmir idi, onun və atası Şahruxun zamanında Səmərqənd böyük bir kültür mərkəzi oldu. Uluqbəy əqidəli bir müsəlman idi, müsbət elmlərə, xüsusən astronomiya və nücum elmlərinə çox maraqlı idi. O, rəsədxana tikdirib, özü də nücum ilə məşğul oldu. Lakin iki il sonra oğlu Əbdüllətifin də əli olduğu bir sui-qəsddə öldürüldü (1149). Onun dostu və həmkarı Əli Quşçu İstanbula qaçdı, orada dostunun və özünün elmi nəzərlərini yazdı.
 Teymurilərdən sultan Hüseyn Baykara paytaxtı Herata keçirib, oranı bir elm və ədəb mərkəzi elədi. Onun qiymətli dostu və əmiri Əlişir Nəvai Herat məktəbinn (akademisi) qurucusu və hamisi idi.
 1501-ci ildə Batu nəslindən olan şeybanilər (Məhəmməd xan Şeybani) Səmərqəndi alıb, özbəklər xanlığını qurdular və Teymurilər hökumətinə son verdilər.
*****
 Türklər haqqında bəzi Qərb tarixi mənbələrində ilginc, bəzən də xoşagəlməz məlumatlarla rastlaşırıq. Maraqlı olar deyə, onların bəziləri ilə sizi də tanış etməyi lazım bildik.
 «Onlar (tatarlar) yeyilə bilən hər şeyi yeyirlər; həm də it, qurd, tülkü, at və məcbur olarlarsa, insan əti yeyirlər… hətta bit də yediklrəni gördüm və belə deyirlər: «Uşağın ətini yeyən və qanını soran bunları niyə yeməyim?» Bundan başqa siçan da yediklərini gördüm». Missioner keşiş Covanni de Pien del Kapri, 13-cü əsrdə yazırdı.
 «Yediklərlə şeylərlə bağlı olaraq bunu bilməyiniz lazımdır ki, onlar (tatarlar) ölmüş heyvanların hamısını heç bir ayrılıq fərq qoymadan yeyirlər». Bunu isə missioner Rubrik yazır.
 «İyrənc bir şeytan milləti… Çəyirtkə sürülərii tək yer üzün yayılaraq (Avropanın) şərq sahəsinə qorxunc fəlakətlər gətirmişlər, od və qırğınlarla buraları məhv ediblər… Şəhərləri yerlə bir ediblər, ormanları kəsiblər, qalaları yıxıblar, bağ-bostanı dağıdıblar, bağçaları yox ediblər, şəhərliləri və kəndliləri öldürüblər… Bunlar qana susamış və qaniçən, itlərin və insanların ətini parçalayıb yeyən, öküz gönü geyən, zirehlərlə bürünmüş, qısa boylu və qıvraq, dolu bədənli, qüvvətli, yenilməz, yorulmaz, kürəkləri zirehsiz, lakin köksləri zirehlə örtülü, insanlıqdan xaric vəhşilər və insandan çox canavarlardır… Qanunları yoxdur, dinclik nədir bilməzlər, aslandan və ya ayıdan daha yırtıcıdırlar». İngilis keşişi və tarixçisi Matte, 1259-cu il.
 Böyük Ukrayna şairi Taras Şevçenkonun 1843-cü ildə yazdığı «Nazar Stodolye» pyesinin epizodlarından birində uşaqları yeyən «türk şahzadəsi»nə dair əfsanədən söz açılır: «Macarıstan zadəgan torpaqların sonunda uca bir dağ yerləşir. O dağda dərin bir yuva var. Yuvada nə heyvan, nə də quş yaşayır. Orada türk şahzadəsi oturub. Yüz min ildir ki, nə qocalır, nə cavanlaşır, gündən-günə daha da qəzəbli olur: gün çıxandan batan qədər yeməklə məşğuldu. Özü də nə çörək yeyir, nə toyuq, nə də adi insan qidasını,- körpə uşaqları yeyir. Çünki hələ Türkiyədə hamilə olanda bir erməni həkimi ona qız doğacağını deyib. Və bu qızın böyüyəndə ondan min dəfə gözəl olacağını söyləyib. Doğrudan da, şahzadənin qızı olub. Uşaq doğulan kimi anası onu yeyib. Elə o vaxtdan yuvada oturub uşaqları aşırır. Onların xaç suyuna salınıb-salınmamaları da vecinə deyil. Elə yeyir- qızları da oğlanları da». Bütövlükdə əfsanə romantik xarakterə malik olsa da, eyni zamanda onda «türk torpağı»na qarşı müəyyən mənfi münasibət var.  
*****
 BƏZİ TOPONİMLƏR BARƏDƏ. Axtaçı- Azərbaycanda bu adla bağlı yer adları mövcuddur. Axtaçı axta, axtalamaq sözündən yaranmışdır. Qədimlərdə monqollarda atlara baxana və sıraya düzənə axtaçı deyirdilər. Axtaçı Çingiz xan səltənətində böyük vəzifə hesab edilirdi. Axtaçı adlı nəsil və kəndlər monqollarla bağlıdır.
 Qarazəncir- müəlliflərdən birinin doğulduğu kəndin adının bəzi toponimistlər əncir meyvəsinin təhrif edilmiş forması olan incildən yarandığını iddia edirlər. Əslində incilli toponimi Elxanilər dövləti hökmranlığında və sülalə üzvlərinin mülkiyyətində olan torpaqlara verilən incu adı ilə bağlıdır. Təsadüfi deyildir ki, kənd yaxınlığında İnçə torpaqları deyilən ərazi də mövcuddur. Respublikamızdakı bu və İncilli adı ilə bağlı kəndlər qıpçaqların incə tayfasının adı ilə də bağlı ola bilər.
 Şatır- bu adla bağlı da Azərbaycanda, eləcə də Türkiyədə çoxlu yer və tayfa adları mövcuddur. Qazax rayonunun, eləcə də Gəncəbasarın ərazisində yaşayan şatar və ya şatırlı tayfasının əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq və ilxıçılıq olmuşdur. Onlar yaşadıqları dəyələri və bir yerdən başqa yerə köçərkən istifadə etdikləri iri arabaları şatır adlandırmışlar (Rusların şatyor adlandırdıqları ticarət çadırı da həmin sözdəndir).
 Şorbaçı- məlum olduğu kimi, qədim türklərin əsas yeməyi şorba olmuşdur. Ayrı-ayrı qəbilələr hökmdarlar qarşısında müəyyən işləri görməyə borclu idi. Şorbaçı hərbi yürüş zamanı ordunu yeməklə təmin edən qəbilə olmuşdur. Respublikamızın bir neçə yerində bu ad qalmaqdadır.
*****
 BABUR İMPERATORLUĞU. Hindistanda XI əsrin başında qəznəvilər tərəfindən türk dövləti qurulmuş, bunların dövlətini qurlar yıxıb Qur dövləti qurmuşdular.
 Qurlardan sonra hakimiyyət Misirdə olduğu kimi, türk məmlük komandanlarının əlinə keçdi. Bunların dövlətə Dehli sultanlığı deyilirdi və 1206-1526-cı illər arasında Hindistanda səltənət etdilər. Nəhayət Teymurun övladlarından Babur şah Hindistanı alıb orada Teymurilər dövlətini və ya avropalıların yanlış olaraq dedikləri Böyük Moğol dövlətini qurdu.   
 Babur 13 yaşında ikən atası Ömər Mirzə Qurqan valisi oldu və Babur atasının yerinə oturdu (1494). Şeybanilər Səmərqəndi alandan sonra onlarla savaşmağa məcbur oldu. Lakin nəticə əldə edə bilmədiyi üçün Əfqanıstana çəkildi. Əvvəlcə Kabulu, sonra da Qəndəharı alaraq orada yerləşdi. 1525-ci ildə isə Hindistana girdi. Dehli və Aqra şəhərlərini alaraq, Benqala qədər Şimali Hindistanı özünə tabe etdi. O, Aqra şəhərini paytaxt seçib Babur imperatorluğunu qurdu. Bu dövlət 1858-ci ilə qədər, yəni ingilislərin Hindistanı almaqlarına qədər davam etdi, beləliklə, Hindistanda qurulan türk dövlətlərinin ən böyüyü, kültür və mədəniyyət sahəsində ən qabaqcılı oldu.
 Babur və onun övladları türk, fars dil və kültürünü Hindistanda yayıb, şeir və ədəbiyyat, gözəl sənətlər, xüsusən memarlıqda gözəl əsərlər yaratmışlar. Onlar türk, fars, ərəb və sanskrit dillərindən mürəkkəb urdu dilini icad etmişlər.
*****
 QARAQOYUNLULAR. XV əsrin əvvələrindən qaraqoyunlular Qara Yusifin başçılığı ilə Azərbaycanı teymurilərdən, İraqı sultan Əhməd Cəlayirdən aldılar. Bu sırada Şərqi Anadolu türkmənlərindən böyük kütlələr Azərbaycana gəlib yerləşdilər (1403).
 Qaraqoyunlular monqollar zamanında Ceyhun məntəqəsindən gəlib, Şərqi Anadoluda yerləşmişdilər. Teymur öləndən sonra isə Azərbaycanı alıb Təbrizi paytaxt seçdilər. Qara Yusifdən sonra onun oğlu Cahanşah hökuməti ələ alıb Sistana qədər irəlilədi.
 Cahanşah türkcə və farsca şeir söyləmiş və Həqiqi təxəllüsünü seçmişdir.
 Təbrizdə Göy məscidi o tikdirmişdir. Özü isə Uzun Həsənlə savaşda ölmüş və Göy məsciddə dəfn edilmişdir.


                                                                                   (Ardı var)

Комментариев нет:

Отправить комментарий