25.05.2012

Yumor: Qısa Hekayələr

TƏRGİDİLMƏ. Siqaretin ziyanı haqda amerikalı alimlərin kitabından 2 fəsil oxuyandan sonra, siqaret aludəçisi Əhməd birdəfəlik atdı oxumağı.
TƏQİB. İşdə də, evdə də ağıllı ideyalar daim onu təqib edirdi. Hətta yolda olanda da, nahar edəndə də, yatanda da bu təqib davam edirdi. Beləcə xeyli davam edəndən sonra, nəhayət o, məharətlə qaçıb-gizlənməyi öyrəndi.
HEYVANLAR ALƏMİNDƏ. "Yeni ulduz" müsabiqəsinin seçim turu iştirakçılarının Bakı bulvarında keçirilən konsertində suitilər sahilə üzüb dinləyiciləri xilas etməyə başladılar.
AYRILIQ. Arvadı onu qoyub qaçandan sonra yalnız indi-indi o özünə gəlirdi, ilk günlər isə heç özündə deyildi, az qala ağlını itirəcəkdi sevincdən.
ŞULUQLUQ. Balaca şuluq oğlan anasının cehizi olan güldanı təsadüfən salıb sındırandan sonra yaxşı başa düşdü ki, bütün hallarda onu mütləq cəzalandıracaqlar və o, uşaq bağçasını atdı, atasının notebook-unu satdı və siqaret çəkməyə başladı.

HADİSƏ. Günlərin bir günü Ağabalanın mənzilində divardan asılan tüfəngdən qəflətən atəş açıldı, lakin heç kəsə güllə dəymədi, hadisə zamanı təkcə Ağabalanın qaynanası kürəyindən 3 qundaq zərbəsi almışdı.
SİTUASİYA. Gənc oğlan kafedə qıza yaxınlaşıb, sakit səslə "Bağışlayın, sizinlə tanış olmaq olar?" soruşanda, qız ona qəflətən ucadan "Mən heç vaxt səninlə yatmayacağam!" cavabını verdi. Kafedəkilər bunu eşitdilər, hamı gülüşdü, oğlan qızardı-bozardı və öz masasına qayıtdı. Bu vaxt həmən qız, oğlanın çox pərt olduğunu görüb, ona yaxınlaşaraq "Bağışlayın, mən psixoloqam və qeyri-adi situasiyalarda insanların davranışı haqda dissertasiya yazıram" deyəndə, oğlan bütün kafeyə eşitdirmək üçün bərkdən dedi: "Nə?! İki yüz manat?!"
KRİMİNAL. Yuxarıməhlə küçəsində 55 nömrəli binanın önündə günün günorta çağı hamının gözü qarşısında dəhşətli qətl hadisəsi baş verdi və şahidlərin dediyinə görə, xoşbəxtlikdən zərərçəkən olmadı.
SPORTİNQ. Şişman qadın arıqlamaq üçün at çapmağa başladı və cəmisi bir ay ərzində at 10 kilo arıqladı.
BAXIŞ. Bir tərəfdən baxanda, o çox gözəl idi, digər tərəfdən- onun sifəti görünürdü.

Комментариев нет:

Отправить комментарий