30.05.2012

Şair həbsxanada polisi oğrunun əlindən necə qurtardı?

Faiq Balabəyli


Türmə qeydləri: Birinci hissə


Bayıl türməsinə yolu düşən axırıncı jurnalist “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili oldu deyəsən, özü də cəmi bircə gün. Mətbuat Şurası və digər jurnalist təşkilatları prezidentə müraciət etdilər, həbsi pislədilər və xahiş etdilər ki, jurnalistin azad edilməsi üçün göstəriş verilsin. Elə də oldu, səhəri Asif bəy azad olundu və bir neçə gündən sonra Bayıl türməsi – 1 saylı Bakı İstintaq Təcridxanası Kürdəxanaya, yeni binaya köçürüldü. Bundan sonra Bayıl türməsini içəridən görən jurnalist olmayacaq.

“Bayıl”ın adı vahiməlidir. Amma kifayət qədər təcrübəsi olan, bir neçə dəfə dustaq həyatı yaşayanların dediklərinə inansaq, bura Gəncədəki və Şüvəlandakı istintaq təcridxanalarından qat-qat yaxşıdır. Sözsüz ki, Şüvalanın 5-6 il bundan qabaq təmir olunmuş və yenidən tikilmiş hansısa korpusları istisna olmaqla. Gəncə türməsinin şəraitsizliyi haqqında isə bu türmədən “Bayıl”a etap olunanlardan eşitmişdim. Bayıl türməsi haqqında çoxlu deyimlər, əsatirlər, əfsanələr var. Dustaqların uzun, üzücü, cansıxıcı günlərində bu hekayətlərə yeniləri əlavə olunur.


Batyani unutmurlar.... 


Dünyaca məşhur insanların yolu bu türmədən düşüb.
İndi də Stalinin Bayıl türməsində keçirdiyi günlər haqqında söz-söhbət gəzir. Hiss edirsən ki, “ellər atası” barəsindəki söhbətlər kifayət qədər şişirdilir. Oğru dünyasının məşhur adamları – Lotu Bəxtiyar, Sabirabadlı Hikmət, Əmircanlı Söhbət, Lotu Cavanşir, Masallı Mamed və digərləri haqqındakı söhbətlər isə uzaq uşaqlıq illərinin qış gecələri danışılan nağıllarından da maraqlı və həyatidir.
Məsələn, rəhmətlik Batyanın – Lotu Bəxtiyarın təşəbbüsü və maliyyə yardımı ilə Bayıl türməsinin içərisində çörək bişirmə sexinin tikilməsini dustaqlar qədər ədliyyə zabitləri fəxrlə danışırdılar. Hiss olunurdu ki, rəhmətliklə şəxsən tanış olanlar bundan məmnundurlar. Bayıl türməsinin çox səliqəli və çeşidli kitabxanası var. Həmin kitabxanın təmir edilməsində, zənginləşdirilməsində Lotu Bəxtiyarın rolu böyükdür.
Bəxtiyarın kamerası heç vaxt bağlı olmurmuş, o, oğru dünyasının ən tanınan siması və sözü bütöv kişi olduğu üçün buna heç fikir də vermirlərmiş. Deyilənlərə inansaq, dəfələrlə türmə rəisləri və digər işçilər ondan məsləhətlər alıblar. O, dustaqların mənəvi atası hesab olunurdu. Onun buradakı varlığı dustaqlar arasında “bespredel”in aradan qaldırılması demək idi. Türmənin həyətində iri bir əncir ağacı var idi, yaxınlıqda isə balaca çarhovuz. Batya hər gün bu ağacın altında oturub mütaliə edərmiş. Onun şeir yazdığı vaxtlar da olub. Mənimlə bir kamera da olanlardan rəhmətliklə eyni vaxtda “srok çəkənlər” də vardı. Onu unutmurlar, o, həmişə xatırlanır. Bayıl türməsində yaşananlar gözəl bədii materialdır və ömür vəfa etsə bunları qələmə alacam.


“Allah qapını açsın” 


2006-cı ilin may ayının 12-də həbs edilsəm də “Bayıl”a may ayının 14-də gətirildim. İki gün Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında qalmışdım. O vaxtlar müvəqqəti saxlanma təcridxanasının rəisi Cəmil adlı bir polkovnik idi və bu polkovnik həbs müddətimdə gördüyüm ən insaflı adamdı. Əslən Tovuz rayonundan olan bu adam mənim uşaq alveri ilə məşğul olan tovuzlu qadın baş həkimin əli ilə şərlənərək həbs olunduğumu dəqiq bilirdi. Elə kabinetindəki söhbətimizi yekunlaşdıranda da məni tezliklə azadlıqda görmək istədiyini deyərək bunları söyləmişdi: “Allah qapını açsın, mərdimazardan uzaq ol, bütün meşələrdə çaqqal ovlamaq olar”.
Bayılda ilk baxışdan görünən vahimə ikinci gün adamı tərk edir, qarışırsan 100 ilin ölüsünə, köhnə dustaqdan seçilməməyə çalışırsan. Əlbəttə ki, bütün bunlar sənin qarşıdakı aylarını, illərini necə keçirəcəyinə, yaşamına hesablanıb; sel çör-çöpü tez aparır, ağır olmaq isə heç də çəkinin çox olması demək deyil. Söz ağızdan bişirilib çıxarılmalıdır, əks təqdirdə məsuliyyəti çox ağır olur. Hər halda “gənc” dustağa kameralarda “bratvalar” bu haqda danışırlar. “Bura qardaşlıq xatasıdır”, bu, tanışlığın ilk cümləsidir.


“Şmonşik İslam” 


Bayıl türməsinin iç üzü, xarakteri “şmonşik İslam” deyilən kapitanla açılır. Bu insanın haqqında bircə kəlmə də xoş söz eşitmədim və güman edirəm ki, mən də bu adam haqqında xoş söz yaza və deyə bilməyəcəyəm. Baxmayaraq ki, Bayıla gəlişimin ilk günündən üzləşdiyim bütün “şmonlarda” – yoxlamalarda mənə qarşı heç bir hörmətsizlik etməyib. Digər dustaqlara qarşı etdikləri isə zənnimcə, insani hisslərdən uzaq idi. Mənim jurnalist və şair olduğumu bilib deyirdi: “Mənim üçün kimin nə vəzifədə işləməsi önəm daşımır, mən öz nazirim olan İsgəndər Həmidovu da “şimon” eləmişəm”. Sonra əlini şalvarımın balaqlarında gəzdirib əlavə edirdi: “Adamları oxuyuram, bilirəm kim hansı yuvanın quşudur”. İstənilən halda yoxlanış ciddi olurdu və mənim acığım tuturdu. Məndən sonrakı dustaqları yoxlayanda isə İslamın mənə hörmət etdiyinin şahidi olurdum və nədənsə ona bu yaxşılığa görə ürəyimdə də olsa “sağ ol” deyə bilmirdim.


Doğma sifət


Bayılda rastlaşdığım ilk tanış və doğma sifət isə tanınmış yazar Əyyub Qiyas oldu. Bizi 1-ci korpusun 2-ci mərtəbəsindəki karantin kameraya aparanda təsadüfən Əyyubgilin “uşaqlarını” “praqulka”ya-gəzintiyə çıxarırdılar. Əslində bu mümkün olan hadisə deyildi. Dustaqlar gəzintiyə çıxanda başqa kameradakılarla üz-üzə gələ bilməzdi. Əyyubu görəndə sevindim. Yox, bu sevinc heç də o sevinc deyildi ki, “nə yaxşı sən də burdasan, həbsdəsən”. Bu, bir doğma sifətin nuru idi, ürəyimə işıq çiləmişdi. Sonralar bu sevincə görə özümü çox qınayacaqdım. Salamlaşdıq. 3 gün karantində qaldıq və bu hər gün iki dəfə Əyyubgilin kamerasından bizim kameraya “qrev” gəldi. “Qrev” mənim adıma gəlirdi və bunun Əyyub tərəfindən göndərlidiyini hiss etmək çətin deyildi. O, “volya”da olduğu kimi burda da həmişə bahalı siqaretlər çəkirdi.
Bir dəfə də ayrı - ayrı gəzinti kameralarında- “bokslarda” təsadüfən qonşu olduq. Səsini eşitdim, hayladım. Hayıma cavab verdi, xeyli söhbətləşdik. Divarlar səsimizi saxlamadı, nədənsə heç “nadzor”lar da mane olmadı. Bizlər tikansız balıqlar idik.
Sonradan ayrı-ayrı Cəzaçəkmə Müəsisələrinə “etap” olunduq. O, məndən bir-neçə ay tez azadlığa çıxdı və diqqətini yenə də əsirgəmədi...


“Bura mənim evimdir” 


Həbsxananı öz evləri kimi qəbul edənlər də var. Belələrinə doğrudan da böyük hörmət olunur. Hətta özlərini onlara bənzədən, yeri gəldi-gəlmədi adlarını çəkib, onlarla guya ki yaxın olduqlarını göstərmək istəyənlər də az deyil. Amma, ağı qaradan seçməyi bacaran gözlər kimin kim olduğunu ayırd edə bilir. Hər kəs layiq olduğu yerdə qərar tutur.
Belə hadisələrdən biri də məhkəməmdən sonra yerləşdirildiyim 6-cı korpusun 136-cı kamerasında keçmiş polis işçisi və mal-qara oğrusu arasında yaranan mübahisədə özünü göstərdi.
Umud, Laçının Şəlvə dərəsindən idi. Hündürboy, qara uzun bığları, sivri burnu, qara iti gözləri vardı. Söhbətcil və macərapərəst insan idi. Bütün hadisələrin içində olmağı xoşlayırdı və bu da çox vaxt onu qınaq sahibi edirdi. “Podelnik” İmanı maya qoyub kamerasına gətirtmişdi. Bunların Məmməd adlı dostlarına isə ömürlük həbs cəzası kəsilmişdi. Hesablarında onlara mal-qara oğurluğu, qarət və digər cinayət tərkibi olan əməllər vardı.
Umudla İmana müvafiq olaraq 11 və 12 il həbs verilmişdi. İman məhkəmənin hökmü ilə razılaşmamış, məhkəmə zalındaca özünü “lezvalamışdı”. Onların fikrincə əməllərinə görə verilən cəza çox idi. Ümumiyyətlə, Umud özünü günahkar saymırdı, “məni Məmmədə görə tutublar, mal-qara aparmağımı bilə bilməzdilər”- deyirdi. O, Məmmədlə dost idi və Məmmədin polislərdən gizlənməsi üçün şərait yaratmış, onu ərzaq və geyimlə təmin etmişdi.
Polislər isə Məmmədin gizləndiyi qamışlığın yerini bilsələr də tutmağa çəkinirmişlər. Birincisi, Məmməd silahlı idi, ikincisi, kifayət qədər qaçaqçılıq təcrübəsi olan bu adamın dostları da onu bada vermir, izi azdırırmışlar. Günlərin birində Umudla İman dostunu qamışlıqdan çıxarıb Haramı düzü ilə yola salarkən hansısa ferma sahibi duyuq düşür, onları oğru zənn edir. Gecədən xeyli keçmiş bu tərəflərdə 3 nəfər yad atlının olması onları şübhələndirir, bunu basqın kimi başa düşürlər. Aralarında atışma baş verir. Məmməd iki nəfəri, ata və oğulu öldürür. Umud onu danlasa da artıq gec idi. Umudgil dostunu yola salıb qayıdanda, atının qantarğası qırılıb yolda itir. Elə bu qantarğanın kimə məxsus olduğu bilindikdən sonra ələ keçirlər. Məmməd isə Şəmkirdə dostunun evində gizlənərkən qonşular tərəfindən ələ verilir.
Samir isə Bakıda doğulmuşdu. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, əmək fəaliyyətinə sahə müvəkkili kimi başlayıb. Evin yeganə oğul uşağı olan Samir çox keçmir ki, tutduğu vəzifənin öhdəsindən gələ bilməyəcəyini düşünür, qohum-qardaş, ata-ananın təkidlərinə baxmayaraq ərizə yazıb polis sıralarından istefa ərizəsi yazır. Ərizəsi qəbul olunmamış təsadüfən narkotika daşıyıcısını tutur. Onun yalvar-yaxarına inanıb buraxır. Məlum olur ki, bu adam “mal”ı təyin olunan yerə çatdırdığına görə haqq alacaqmış.
“Mal”ı təhvil verəndə izahatda göstərir ki, naməlum adam tiryəki atıb qaçıb, tutmaq mümkün olmayıb. Amma həmin tiryəkdən xırda bir bükümü şeytanın “sözünə qulaq asıb” evində gizləyir. Üstündən bir müddət keçəndən sonra bacısı uşağının ad gününə hədiyyə almağa pulu olmayan keçmiş hüquq-mühafizə işçsi tanış taksi sürücüsünə bu haqda danışır və satmaq üçün kömək istəyir. Taksi sürücüsü keçmiş polisin onu şərləyəcəyindən qorxaraq, bu barədə polisə məlumat verir və şərti alıcı ilə Samiri görüşdürür, nəticə 5 il həbs cəzası yekunlaşır.
Umud Samiri divara dirəmişdi: “Sən “paqon” daşımısan, yerin “şponka”nın altındadır. Bura mənim evimdir”. Samirin qorxaq gözləri hər kəsdən kömək istəyirdi. Məsələ böyüyəcəkdi. Umudun fəxrlə danışdığı oğurluq hadisələrinə çox qulaq asmışdım. Həm də onun Apellyasiya Məhkəməsinə ünvanladığı ərizəni yazdığıma görə ittihamnaməsi ilə tanış idim. Umudun yadına saldım ki, qoca qarıların, əri, oğlu Qarabağda şəhid olmuş qadınların, gəlinlərin evindən oğurluq edib, başsız qalmış ailələri ruzisiz qoyub. Onu da dedim ki, Samir “paqonlardan” imtina edib, indi kim daha haqlıdır?
Umud mənim də vaxtı ilə “paqon” gəzdirdiyimi, gəmi kapitanı olmağımı əsas gətirib, “paqondaşımı” müdafiə etdiyimi bildirsə də “Bayıl”dakı “böyük qardaşlara” göndərilən “molyevka” Samirin təmiz oğlan kimi cəza çəkməsinin xəbərini gətirdi. Samir xəlvətə salıb mənə ömrü boyu minnətdar olacağını dedi. 3 gündən sonra mən 105-ci kameraya köçürüldüm. Bu, “burju” kamerası idi və bunun üçün qardaşlarım 200 manat ödəmişdilər.


kulis.az

Комментариев нет:

Отправить комментарий