02.08.2012

Facebook tarixçəmdən: Keqebeşnik söhbəti

Прикольные анимации  (16 гиф)Salam Sarvan


Axşam işdən gəlib yorğun-yorğun “Mənim facebook tarixçəm” silsiləsini davam eləmək istəyirdim. Tədqiqatları dərinləşdirməkçün təzəcə şəbəkəyə girmişdim ki, çat pəncərəsində ismarıc gəldi: “Salam, Salam müəllim. Mən bir ədəbiyyat saytı yaradıram, məsləhətinizə ehtiyacım var. Sizcə saytın adını nə qoyum?”
Facebook həyatımda “məllim” sözündə birinci dəfə “ü” hərfi gördüyümdən qəti əmin oldum ki, bəy savadlı adamdı və ədəbiyyat saytı açmağa layiqdi. Baş işləyir axı, ürəyimdə “Çörək bərəkətdü – bu, nə hərəkətdü, ətdü-mətdü – bu, nə söhbətdü” deyib həvəslə ona ədəbi təmayüllü beş-altı ad təklif elədim.

Bir azdan bəydən ismarıc gəldi: “Özüm bir ad fikirləşmişəm e, “ŞAM İŞIĞI”, necədi?”
Mən bu adın uğursuz olduğunu bildirdim və əlavə on iki dənə də ad variantı yazdım. Bəydən yeni ismarıc gəldi: “ŞAM İŞIĞI” pisdi bəyəm?”
Yox e, gördüm, imkan verməyəcək işləməyə, şəbəkədən çıxdım ki, iki saaatdan sonra girərəm, o vaxta bəy burda qalmaz.
İki saatdan sonra şəbəkəyə girən kimi, çat pəncərəsi peyda oldu: “Salam müəllim, ad barədə söhbətimiz yarımçıq qaldı. Sizcə, nə qoysam yaxşıdı?”
Mən daha otuz beş variant yazandan sonra bəydən ismarıc gəldi: “ŞAM İŞIĞI” xoşunuza gəlmədi?”
Baş şişir axı...  Canımı bunun əlindən qurtarmaqçün razılaşdım. “Əla addır”  deyib tez şəbəkədən çıxdım ki, gecə qayıdım.
... Gecə saat dörddür. Arxayın-arxayın facebooka girirəm ki, qardaş bu dəfə yüz faiz burda yoxdu. Və... Sənə qurban olum, ey yeri-göyü yaradan, bilirəm ki, qarşında günahım çoxdu, amma axı deyirdilər cəzamı o dünyada verəcəksən?!
Bəy hazır durmuşmuş: “Bağışlayın, Salam müəllim, bayaqdan fikirləşirəm, “ŞAM İŞIĞI” nəsə birtəhər çıxır e, bəlkə, siz bir variant deyəsiz?!”
Adam məzələnərmi mənnən? Yox. Çünki itoynadanlığın anatomiyasından az-çox başım çıxır. Həm də Azərbaycanda Murad Köhnəqaladan başqa adamnan bu istedadnan məzələnə biləcək ikinci biri ola bilməz.
Əlacsız qalıb əlli altı dənə də sayt adı yazdım bununçün. Araya dəhşətli bir sükut çökdü. Aha, deməli, yazdığım adların birini qəbul elədi, nəhayət. Dərindən nəfəs alıb başqa “dostların” xahişlərini yerinə yetirməyə başladım: qarşıda qırx statusu LİKE eləmək, on iki linki tıklamaq, bir ay ərzində hər gün “qaqaş, saqqala salam vermirsən, xeyir ola?!” yazaraq dirənən on doqquz yaşlı “dostumla” nəhayət “salam-əleyk” eləmək kimi vəzifələr dururdu. Tarapp, bəydən təzə ismarıc gəldi:
-Deyirəm bəlkə elə “ŞAM İŞIĞI” qoyum.
Baş işləyir axı, gördüm ki, artıq “ŞAM İŞIĞI” barədə bəyin tərəddüdlərinə son qoymaqdan, yəni məsələni bitirməkçün bu adı ona sevdirməkdən başqa yol yoxdu:
-Əlbəttə, bundan yaxşı ad tapa bilməyəcəksiz. 1991-ci ildə SSRİ keqebesinin sədr müavinin soyadı da Şam olub – Hikolay Alekseyeviç Şam.
Bəy:
- Müəllim, onun ədəbiyyata nə aidiyyatı var?
- Həm də şair olub da. Bir şeri də var: “Na proqulke dama, idyot kak teleqramma...”
İki dəqiqəlik gərgin sükutdan sonra bəy:
- Quqlda axtardım. Elə adam var, ancaq şairliyi haqda məlumat yoxdu.
- Şeirlərini şifrəylə yazıb da, keqebeşnik idi axı... Ona görə də heç kim bilmir ki, o şairdi.
- Hmm, maraqlıdı. Oldu, Salam müəllim, çox sağ olun. Onun şeirlərindən göndərsəydiz, saytı elə o şeirlərlə başlardım.
- Göndərrəm...
Bəylə təzəcə halallaşmışdıq ki, başqa bir çat pəncərəsi açıldı. Bu, Azərbaycanda büsbütün ədəbiyyat saytına döndərilmiş, statuslarının doxsan altı faizi poetik biçimdə olan facebookun doxsan yeddi şeir qrupundan birinin pəncərəsi idi. Teyyub Bünyad adlı bir şairin qəzəlinin bir beytinin qızğın müzakirəsi gedirdi ki, beyt də beləydi:


Ey qələmqaş, nəzər etdikcə qaşin hilalinə,
Xəyalımda çatıram kipriginin vüsalinə.


Bu beytə mən baxdığım anda yetmiş şərh yazılmışdı. Şərhlərin hamısında şair alqışlanırdı. Mübahisə isə “g” hərfinin üstündəydi ki, şərhçilərin yarısı yarın müjgan oxu atdığı silahın adının “kiprig”, yarısı “kipriy” kimi yazılmağının tərəfdarı olaraq iki cəbhəyə bölünmüşdülər.
Teyyub Bünyad əməlli-başlı dirənmişdi ki, o bu sözün üstündə iki gün fikirləşib və qərara gəlib ki, “kiprig” olmalıdı. “Kipriy”in tərəfdarlarının da arqumentləri güclüydü. Onlar belə hesab eləyirdilər ki, qəzəldə musiqililiyi, axıcılığı təmin etməkçün “kərpic” – “kərpij”, “qəşəng” – “qəşəy”, “Məmməd” – “Mamed” kimi yazılmalıdı...
Vay dədəə, qırğın da elə bu “mamed” sözündən sonra başladı...
... Səhər işə gedəndə diksindim ki, vay-vaay, “ŞAM İŞIĞI”nın redaktoru axşam bezdirməyəcəkmi məni ki, bə Nikolay Alekseyeviç Şamın şeirləri nooldu, niyə göndərmirsən?
Baş işləyir axı, o dəqiqə ağlıma gəldi ki, Elnur Astanbəyli qağamın “Alma” kitabından beş-altı şeir yığıb yollaram. Elnur qağamın kitabı Nikolay Alekseyeviçin adına layiq şeirlərlə doludu. Məsələn belə:


Asılaydı dost körpüsü,
üstündən keçmiş olaydım.
Səndə bir damcı gözəllik olaydı, 
mən  “hop” deyib içmiş olaydım.


Hə, indi di get, Nikolay Alekseyeviç, ağzın tökülsün...
Yeri gəlmişkən, Elnur qağamın rəhmətə getməyindən təzə xəbər tutmuşam – o dünyadan göndərdiyi bir misradan: “Əgər ölmüşəmsə, gor mənə neylər?”...
Qəbri nurnan dolsun. Dünya malında gözü yox idi rəhmətliyin. Camaat heykəl yapmağa, ən aşağısı, tövlə tikməyə daş axtaranda o, qəbrinə daş axtarmaqdaymış:


Ağca daş, qaraca daş,
Yekə daş, balaca daş,
Daş, mənim başdaşım ol.


Neynəməli, ölüm-itim dünyasıdı, gələn bir gün getməlidi. Qağamın ruhu qarşısında söz verirəm ki, onun kitabı haqqında gələn həftəyə bir yazı məndən.


(ardı var)                       salamsarvan@mail.ru                    publika.az

Комментариев нет:

Отправить комментарий