Vasif Əlihüseyn
BABAMIN ƏL
QUYUSU
Babamın əl quyusu var,
hələ də qonşu qadınları
su daşıyır ordan.
Hər yay qarpız tullayardı ora babam,
sonra başına yığardı nəvələrini
süfrə açardı nənəm.
Hər dəfə, paltar yuyan da
su çəkərdi nənəm.
su zəncirini dəmirə dolayardı,
Ömrünü isə, oğluna, qızına,
nəvələrinə bir sözlə bizlərə doladı.
Sonra, qəfildən köçdü aramızdan
mətəl qoydu hamımızı.
Elə, özü də belə istəmişdi
xəstə yatmağı xoşlamırdı.
İndi, hərdən babama deyirəm:
-Baba, ömrünü az dola bizlər üçün,
bir az da özünçün
yaşa...
Hər şeyin bir adı var
səndən sonra,
“Sənsizlik”
Anamın
sözləri
ən böyük
təsəllidi
səni
unutmağa...
Bir də,
hönkürtülərimi
asmışam qapı
üstündən
gəlsən
duyacaqsan.
Neyniyim?
Özümdən
asılı deyil ki,
hələ də,
dodaqlarım
uçuqlayır,
öpüşlərünçün.
Gəl
Sənsiz,
doğum günümü
qeyd edirəm.
Ömrün bərəkəti
qaçıb qaragözlüm!
dəyəri yoxdu günlərin.
Məni ayrılıqlara
özün satdın.
Yoxsa, mən
belə qolu bağlı
qalmamışdım.
Gəl, ayrılığın
əlinə bir şey ver,
başını qatsın.
mən atamdan
siqaret çəkməyi
öyrənə bilmədim
heç vaxt.
ŞƏHƏR
Şəhər çox dəyişib,
səndən sonra.
Uca binalar ucalıb
tıxaclı yollar çoxalıb.
“Ağ şəhər” layihəsi yaradıblar,
Şəhərin üzünü ağ edəcəklər.
Mən də dəyişmişəm,
əvəllkindən də arığam.
Ürəyim qocalıb,
gicgahıma dən düşüb
Heyf! məni də evləndirəcəklər.
Bu gün yenə də,
canımı qoymağa yer tapmıram.
S. Vurğun bağına getdim,
bir az heykəlinə tamaşa etdim.
Sonra, oturub bir az düşünmək istədim,
mümkün olmadı.
Fahişə qadınlar dümsüklədi böyürümü,
Qaçdım....
Комментариев нет:
Отправить комментарий