14.02.2014

Hacı Şıxəli Tuti

 Nardaran ədəbi mühitinin yetişdirdiyi şairlərdən biri də Hacı Şıxəli Ağarəzi oğlu Yaxşıbəyov (Tuti təxəllüs) olmuşdur. O 1881-ci ildə Nardaran kəndində dünyayə gəlmişdir. Hələ gənc yaşlarından imanlı və elmə böyük maraq göstərən Şıxəli, Molla Məmmədəlinin yanında iki il ərəb dili və qramatikasını öyrənir. Bundan sonra o dövrdə nəinki Nardaranda, hətta Yaxın Şərqdə elm və imanı ilə tanınmış, yüksək ali ruhani təhsili almış Şeyx Məhəmmədəmin ağa (el içində ona şeyx ağa deyərmişlər) yanında altı il Fiqh, Bəyan, Fəlsəfə və s.a. elmlərdən dərs alır. Şeyx ağanın yaşlı olması ilə əlaqədar olaraq, təhsilini davam etdirmək üçün (ağanın göstərişi ilə) Maştağa kəndinin axund, zəmanəsinin həqiqi mənada alimi axund Hacı Mirzə Əbdülkərim ağanın yanına gedir.
Bu minvalla düz on bir il də Hacı Mirzə Əbdülkərim ağanın yanında elm oxuyan Şıxəli üst-üstə on doqquz il təhsil alır.
Sonralar müqəddəs Kəbəni ziyarət edir, hacılıq şərəfinə də nail olur. Ustadlarının ağzından çıxan hər sözü qavramaqda böyük istedada malik olan Hacı Şıxəli bu on doqquz il ərzində tam püxtələşmiş bir alim kimi yetişir. Digər tərəfdən ədəbiyyata olan sonsuz maraq və zatında olan ilham sayəsində Tuti təxəllüsüilə yazıb-yaradan bir şair kimi də tanınmış və öz dövründə Nardaran ədəbi mühitinə rəhbərlik etmişdir. 
 Hacı Şıxəli Tuti həm də ərəb və fars dillərini çox mükəmməl bilən bir dilçi alim idi.
 Hacı Şıxəli də dövrünün bir çox başqa alimləri kimi çox mürəkkəb və əzablı bir həyat yolu keçmişdir. 30-cu illərin represiyasından zavodlarda fəhləlik etməklə ilə yayınmışdır. Böyük vətən müharibəsindən, dinə və ibadətə azadlıq verildikdən sonra yenidən ruhani fəaliyyətinə qayıtmış və ömrünün sonuna qədər davam etdirmişdir. Gənclik illərində öz şeirləri ilə ara-sıra “Dirilik”, “Babayi-Əmir” və başqa mətbu orqanlarında çıxış etmişdir. Hacı Şıxəli Tuti 1966-cı ildə 85 yaşında vəfat etmişdir. Qəbri doğma kəndı Nardarandadır.
 Yaradıcılığından əlimizə gəlib çatan şeirləri, 2001-ci ildə Hacı Mailin rəhbərliyi ilə Hacı Qəzənfər Talib və Hacı Mustafa Mailoğlunun zəhmətləri sayəsində yığılıb "Qəsidələr, mərsiyələr, qəzəllər" adı altında çap olundu. Biz də həmшn kitabdan  müəyyən nümunələri burada qeyd edirik.

***
Oxşayır arizin on dörd gecəlik ayə, Əli,
Bacın ölsün, nə təcəlladu bu məvayə, Əli.
Rəfrəfi-nizədə merac eliyir arizi-al,
Gül dodağından öpüm, mümkün olur əmri-mahal
Razıyam baxmağa gər versə gözüm yaşı macal
Çox əbəsdir düşə hər kim belə sövdayə, Əli.

Kuyi-üşşaqdə can nəqdi gərək sərmayə
Bir çürük can ilə düşdüm bu böyük sövdayə
Düşmüşəm sən görüsən, başı açıq səhrayə
Niyə bəs salmıyısan başıma bir sayə, Əli?

Ahımın şöləsi yandırsa əgər bəhrü-bəri
Qəlbi-biganeyi-məhrumda olmaz əsəri
Kərbəlada elə yanmış bacuvun balü pəri
Oxşayur odda yanan aşiqi-rüsvayə, Əli.

Oxşaram dərdü qəmindən Əli, divanəyə mən
Kərbəladən gedərəm Şamdə qəmxanəyə mən
Çatsam ölləm, bilirəm, məclisi-viranəyə mən
Qürbət içrə mənə ta olmuya həmsayə, Əli.

Çəkdi Şamə məni zülfün rəsəni təşnəvü ac
Tapdı bazari-məhəbbətdə gözüm yaşı rəvac
Ölməsəm guşeyi-viranədə, yox dərdə əlac
Çünki can bağlıdu ol zülfi-səmənsayə, Əli.

Baxsa hər kimsə üzündə çəkilən təsvirə
Bağlanır xali-siyəh zülfü ilə zəncirə
Düşsə gər Şamdə bacun ölümü təxirə
Nə edim, bağlıdı can Qadiri-yektayə, Əli.

Baş açıq, naqeyi-üryan, budu dərvazeyi-Şam
Qollarım bağlı, gözüm yaşı axır məcməi-am
Ey səba, zülfi-ƏliƏkbərə bir eylə xüram
Bu məlain düşə ta bir yeni ğovğayə, Əli.

Bir o qanlı göz ilən hali-pərişanıma bax
İşrəti-Şami görən dideyi-giryanıma bax
Sən uca nizədə bu sineyi-suzanıma bax
Gəlmişəm mən bu yerə, bir bu təmənnayə, Əli.

Əfrad

Alsan əgər Əli xəbər, ətvarü halimi
Qoy mən sənə deyim, budu gizlin xəyalimi.

Sən Kərbəladə qanə boyandın əqiqvar
Mən ney kimi sızıldayıram, mahi-salimi.

Gördüm gözümlə nəşüvi sədparə xeymədə
Bircə ölüm kəsər Əli, bu qiylü qalimi.

Ölsəm də qəbr içində sənə ağlaram yəqin
Göstərdi göz yaşım o cavabü sualimi.

Sənsiz tənabi-zülm ilə bağlandı qollarım
Artırdı Şümri-zalimü kafər məlalimi.

Qardaş cənazəsin bacını qoymadı görə
Görmübdü kimsə bir belə birəhmü zalimi.

Tuti, fəğanə gəlgilən, hər məhfili-əza
Məhşər günü, görərsən ətadə cəlalimi.

***
Ağlamaqdan dönüb al qanə, Əli, gözdəki yaş
Şamın övrətləri məhməldə tökər başımə daş
Köhnə məscid quru yer üstə mənə olsa fəraş
Qollarım açmağa yalvarmaram ədayə, Əli.

Qorxuram başuvi məndən ayıra qövmi-zülam
Bu fəraq eyliyü viranədə ömrümü təmam
Qəlbimi parçalayıb möhnətü həm təneyi-Şam
Çıxdı çün bamlərə cümlə təmaşayə, Əli.

Ölməyim guşeyi-viranədə, izzətdü mənə
Zillətim yad edə hər kimsə, məhəbbətdü mənə
Tutiyi-ğəmzədə, yaz nohə, kifayətdü mənə
Yazdığın göstərərəm cümlə əhibbayə, Əli.

Mənbə: Söz və muğam beşiyi Nardaran
Müəllif: Hacı Ələmdar Mahir

nardaranpiri.com

Комментариев нет:

Отправить комментарий