19.07.2014

Ağlamağa dəyərmi?

Vəfa  Mürsəlqızı

Səhərdən bəri lövhə qarşısına çıxan altıncı şagirdi dinləyirdi. Amma əslində onların birinin də nə danışdığını eşitməmişdi. Yaxşı ki, "Ana dili" dərsi idi. Hər halda dinləmək danışmaqdan daha asandır. Fikrini artıq yüzüncü dəfə idi ki, cəmləşdirməyə çalışırdı, amma heç nə alınmırdı. Udqundu, boğazına dirənmiş qəhəri bir təhər udmağa çalışdı.Başını qaldırıb uşaqlara baxdı. Düz iyirmi yeddi cüt saf baxışlı, ürkək göz ona zillənmişdi. Əslində bu balacalar onu hamıdan daha yaxşı duyurdular. Kefsiz olanda sakit əyləşir, xəstə olanda onu əsəbləşdirməməyə çalışır, kefi kök olanda isə azca dəcəllik edirdilər.Böyük tənəffüsün zəngi vuruldu. Özünü bayıra atdı ki, bir az sakitləşsin. Dəhlizə çıxan kimi boğazındakı kom irəlləyib gözlərinə doldu. Göz yaşları gəlib kirpiklərinin dibinə yığıldı, başa düşdü ki, kirpik çalan çalan kimi yanaqları ilə üzü aşağı süzüləcəklər.
Güclə gözünün yaşını boğub rastına çıxan kolleqasına gülümsədi və sinfə qayıtdı. Uşaqlar çöldə idilər. Özünü üzəri dəftərlər, kitablarla dolu masasına çatdırar-çatdırmaz göz yaşlarına azadlıq verdi.Yana-yana ağladı və birdən nazik, sakit bir səs eşidib dikəldi. 
-Məllimə, sizə noluub?
Fərid idi, ən zirək amma ən dəncəl şagirdi. Tez-tez dalaşardı, üstü başı toz-torpaq içində gedərdi evə. Amma yaxşı zehni vardı. Sinifdə riyaziyyatı hamıdan yaxşı bilirdi. Elə əzbəri də mükəmməl idi. Birdə müəlliməsini hamıdan çox istəyirdi. Ağladığına görə Fəriddən utandı. Axı Fəridi necə başa salsın ki, bu gün sevdiyi insanın toyudur. Necə başa salsın ki. böyüklərin sevgi adlı bir oyunu var, və bəzən bu oyunda adam yamanca uduzur. Necə anlatsın ki, daha həyatın mənası yoxdur onun üçün. Yıxılanda duyduğu ağrıdan başqa ağrı tanımayan bu balacanı necə başa salsın ki, böyüklər inamından yıxılanda ağlayır. Göz yaşlarını ovcunun içi ilə silə-silə dedi:
-Fərid, heç nə olmayıb, get yoldaşlarının yanına.
-Getmirəm, məllimə, sizi kim incidib? 
-Heç kim, get dedim!
- Getməyəcəm, sizi incidəni mənə göstərin. 
Onu gülmək tutdu.
- Göstərsəm nə edəcəksən , Fərid?
Uşaq şəstlə dilləndi:
-Onu doyəcəm!
Başını qaldırıb diqqətlə bu yeddi yaşlı uşağa baxdı. Onun gözlərindəki inada, sevgiyə, cox sevdiyi insanı müdafiə etmək istəyinə heyran qaldı. Sonra onu sevdiyi kəslə müqaisə etdi. Ona yetişmək üçün mübarizə aparmayan, inad etməyən, göz yaşlarına səbəb olan insanla. Son görüşdə onun titrəyən səsini, qorxu dolu baxışlarını, çarəsiz təbəssümünü xatırladı. Sevgisini bir uşaq qədər belə müdafiə edə bilməyən o adam gözündə birdən birə çox adi, bəsit, qorxaq və dəyərsiz birinə çevrildi. Bir uşaq qədər belə kişi qüruru olmayan birinə. Başını qaldırdı və elə bu an çox güclü olduğunu hiss etdi. Göz yaşlarını quruladı. Təəccüb içində anladı ki, daha onu didib parçalayan o ağrı yoxdur. Sadəcə anlamışdı ki, həyatda elə insanlar var ki, onlara görə bircə damla belə ağlamağa dəyməz. Yeddi yaşlı şagirdindən aldığı dərsi bəlkə də ömrü boyu unutmayacaqdı.
Zəng vuruldu, uşaqlar sinfə doluşdular. O isə böyük həvəslə dedi:
-Uşaqlar "Həyat bilgisi" kitablarınızı açın. Fərid, lövhəyə gəl..

Комментариев нет:

Отправить комментарий