29.07.2014

Kimin üçün bayram?

Qasımbala Səfərov

Bu il də hər il olduğu kimi, Ramazan ayının bayramının nə vaxt olacağı ilə bağlı camaat arasında fikirayrılığı yarandı. Əslində, diqqət etdikdə görürük ki, elm əhli səviyyəsində bu barədə heç bir problem yaşanmayıb. Allahın haqq və ən son dini olan İslam dininin "bayramın nə zaman olduğunu necə təyin edək?" sualına cavabı tam aydındır. Bu barədə buyurub din alimlərinin kitablarına müraciət edə bilərsiniz! Fikir vermisinizsə, Ramazan (Fitr) bayramının vaxtını soruşanlar daha çox oruc tutmayanlar olur. Çünki oruc tutan insana bayramın nə vaxt olacağı bəllidir. O, gözəl bilir ki, alimlər onları bayram günündən xəbərdar edəcəkdir. Çünki bu günə qədər, heç kim bayramdan kənarda qalmayıb! Bayram olan kimi də, məhəllələrdəki məscidlərdən, ya came (mərkəzi) məsciddən azan vasitəsiylə xəbərdarlıq edilib. Amma oruc tutmayanlar bayramın nə vaxt olması məsələsində oruc tutanlardan daha çox canfəşanlıq edirlər.
Sosial şəbəkədə də bu barədə status paylaşıb bildirdim ki, sən demə bəzi (üzürsüz yerə) oruc tutmayan insanlar onlara verilən "oruc tutursanmı?", "niyə oruc tutmursan" kimi "yorucu" suallardan canlarını qurtarmaq istəyirlər. Bu fikirlə də "bayram gəlsəydi, bu "mollaların" əlindən canımızı qurtarardıq" deyirlər. Məhz bu səbəbdən də bayramın "intizarındadırlar". Təəssüf! Onlar anlamırlar ki, bu kimi ölmüş vicdanları oyadan suallar onları qəflətdən ayılda bilər. Rəhmətlik babam, bir ay oruc tutduqdan sonra bayram bazarlığı üçün bazara gedərdi və bazarda bayram alış-verişi edən oruc tutmayan tanış insanlarla rastlaşdıqda, onlara bu cür ayıldıcı suallar verərdi; Bu gün də belə suallar verib ölü vicdanları oyatmaq lazımdır: Cənablar, siz hansı bayram üçün hazırlıq görürsünüz? Bir ay üzürsüz yerə, Allahın əmrini ayaqlar altına atan, eyni zamanda nə vaxt dindirsən "Mənim ürəyim təmizdir!" deyən insanlar hansı səbəbdən bayram edirlər və hansı səbəbdən bayramın nə zaman olduğunu soruşurlar? Üstəlik, ayın görünməsi məsələsində alimlərin "ixtilafını" da məhz, belələri şişirdir. Çünki oruc tutmadığı üçün ayın görünməsi ilə bağlı şər`i hökm barəsində heç zaman maraqlanmayıb və xəbərdar deyil ki, alimlər bu barədə ən son müraciət olunası ünavndır. İmam Əlidən (ə) hər Ramazanda və Fitr bayramında eşitdiyimiz bir hədisi qeyd etmək istərdim. İmam (ə) bu məzmunda bir hədis buyurur: "Kim hansı gün günah etmədisə, o gün onun bayramıdır." Bu hədisin məntiqiylə yola çıxası olsaq, deməli günahdan özümüzü qoruduğumuz hər gün bizim üçün bayramdır. Deməli, Ramazan ayını təkcə mədəsini deyil, qulağını, dilini, gözünü, əlini, niyyətini... bir sözlə bütün əzalarını günahdan qoruyan insan üçün Ramazanın bütün günü bayramdır və xüsusiylə Fitr bayramı. Axı, bu insanlar bir ay Allahın itaətində olduqları üçün sevincdən bayram edirlər. Bəs oruc tutmayanlar? Onlar niyə bu bayrama tələsirlər? Ramazanda hətta gün ərzində susuz, ac qalıb orucunu pozmayan, amma dilini, gözünü haramdan qorumayan insanlar belə, ramazansonrası bayram etməyə layiq deyillər. Çünki qeyd etdiyimiz kimi onlar ancaq və ancaq az-susuz qalıblar həmin günlərdə. Oruc tutmaq isə ac-susuz qalmaq deyil. Deməli, ümumiyyətlə oruc tutmayan Fitr bayramını bayram etməklə özünə zülm edir. Amma əfsuslar olsun ki, artıq dilimiz öyrəşib və cəmiyyətdə bu adi qarşılanır. Oruc tutan da, tutmayan da bir-birinə "bayramınız mübarək olsun deyir!" Biz isə diqqətli olmalıyıq. Oruc əhlinə də, orucdan boyun qaçırana da "bayramın mübarək!" deməklə onları bir tutmuş və oruc tutanların haqlarını tapdamış oluruq. Deməli, diqqət etməliyik: bu bayram kimin üçün bayramdır? Sonda İmamımız Həzrət Hüccət ibn Həsəni (ə.f) və bütün dünya müsəlmanlarını Fitr bayramı münasibəti ilə təbrik edirəm! Allah-Təala bizləri gələn Ramazanlara qovuşdursun. Geridə qoyduğumuz Ramazanlarda əldə edə bilmədiyimiz feyzi, itirdiyimiz tovfiqi gələn Ramazanlarda qazanmağı Allah-Təala bizə nəsib eləsin! İnşallah! İlahi, oruc tutmayan insanlar da Allahın hidayətinə qovuşdur və gələn Ramazanlarda oruc əhlindən qərar ver! Amin!

Комментариев нет:

Отправить комментарий