26.07.2014

GƏLİN NƏ İLƏ YUYUNACAQ?

Akif ABBASOV

Əşrəfin 22 yaşı vardı. Ailənin yeganə övladı olsa da, vali¬deyn¬ləri onunçun gün-güzəran düzəldə bilməmişdilər. Çəmbərə¬kənd¬dəki həyət evlərində iki otaqlı darısqal mənzilə sığınmışdılar. Kasıbanə həyat sürürdülər. Atası halal adam idi, aldığı maaşla qənaətlənir, həlləm-qəlləm işlərə meyl salmırdı. Belə adamlar da, işin tərsliyindən, ehtiyac içərisində yaşayır.
Əşrəf yeganə övladı olsa da, ata onunla özü arasında pərdə saxlayır, düz olmağı, azla qənaətlənməyi ona da öyrədirdi: «Düzü heç bir şey kəsə bilmir, oğul. Kasıbam, amma gecələr evimdə əl-qolumu uzadıb rahat yatıram, heç kimdən qorxum-hürküm yoxdur. Amma o varlılar var ha, şirin yuxu üzünə də həsrətdirlər. Gecələr səksəkə içərisində yatırlar. Oğrudan qorxurlar, soyğunçudan qorxurlar, hökumətdən qorxurlar. Ehtiyat edirlər ki, bir gün polis gəlib yapışar qulaqlarından ki, bu var-dövləti nə ilə toplamısan?»

Əşrəf atasından həya etdiyi üçün bir gün utana-utana ürəyini anasına açdı:
-Ana, evlənmək istəyirəm. Atama deyərsən?
Ana sevincək oğlunun boynunu qucaqladı, gözləri yaşardı:
-Balama qurban olum.
Ertəsi gün Əşrəf anasından xəbər aldı:
-Atama dedin?
-Dedim, ay oğul.
-Cavabı nə oldu?
-Bir söz demədi.
Əşrəf demək olar ki, hər gün atasının cavabını gözləyirdi. Anasından soruşanda o, çiyinlərini çəkib:
-Vallah hələ ki, bir söz demir. Arada soruşuram, fikrə gedir, ancaq dillənmir.
Bir gün Əşrəf oturub Bədirxan kişinin nə vaxt evdən çıxaca¬ğını gözləyirdi ki, anasından bir məlumat alsın. Bu vaxt atası onu səslədi:
-Əşrəf, oğul, bir bura gəl!
Əşrəf ürəyi titrəyə-titrəyə həyətə düşdü. Bədirxan kişi mehriban baxışla ondan soruşdu:
-Eşitdim, evlənmək istəyirsən?
Əşrəf başını aşağı saldı. Bədirxan kişi:
-Çox yaxşı, çox pakizə! Gec-tez onsuz da evlənməlisən. Kiminlə ailə quracağın məni çox da maraqlandırmır. Hərənin bir qisməti var. Kimin qapısına desən, gedəcəyəm. Amma burada incə bir mətləb var. Atalar deyib: «Əvvəl «EV», sonra «LƏNMƏK». Bu, bir. İkincisi, gəlin gətirdin. Lap yaxşı. Səhər tezdən o durub yuyunmaq istəyəcək. Nəylə yuyunacaq? Bir əlüzyuyan alıb evin qənşərinə bənd eləmisən? Yox,.. Gəlin əlinə aftafadan su tökəcək?» - deyib darvaza qapısını çırpıb çıxdı.
Əşrəf fikrə getdi. Nəhayət, başa düşdü: Kişinin dediyi budur ki, əvvəl özünə gün-güzəran düzəlt, ondan sonra məni bir kişinin qapısına göndər…

Комментариев нет:

Отправить комментарий