İnsan yarandığı gündən azad olmağa çalışıb. Azadlığa çatmayana kimi onu əldə etmək üçün, azadlığa qovuşduqdan sonra isə onu qorumaq uğrunda mübarizə aparıb. Haydeggerin "hər cür əsil qurtuluş yalnız zənciri qırmaq və öhdəliyi atmaq deyil, hər şeydən əvvəl azadlığın mahiyyətini öncədən müəyyən etməkdir" sözləri doğru olsa da, bu danılmaz gerçəklikdir ki, mübarizəsiz azadlıq əldə etmək mümkün deyil. Bu mübarizənin müqabilində isə insanların azadlıqlarını əllərindən almağa çalışan istibdad rejimlər durur.
Müasir dünyada insanları idarə etmək üçün fiziki gücdən daha çox ideoloji təbliğat vasitələrindən, KİV-lərdən istifadə edilir. Bundan maksimum dərəcədə yararlananlar isə despot rejimlərdir. Despot hakimiyyət şəraitində demək olar ki, bütün KİV-nin əsas məqsədi cəmiyyətin diqqətini problemlərdən yayındırmaq, yüngül əyləncələr, şoular müxtəlif cəlbedici amma mənasız seriallar, proqramlar vasitəsi ilə kütləni marginallaşdırmaq, insanların düşünməsinin qarşısını almaqdır. Bu təbliğat vasitəsilə zövqlər, fikirlər, dəyərlər dəyişdirilir. Boş və mənasız ehkamlar həqiqət, dəyər adı ilə insanlara yeridilir. Dünən Füzulini dəyər sayan insan üçün bu gün evindəki bahalı mebel dəyərə çevrilir. Bu mənəvi aşındırmanın nəticəsində cəmiyyət düşünməkdən, tənqidi yanaşmaqdan, müqavimət göstəməkdən məhrum olur. Düşdüyü istənilən vəziyyətlə barışır, mövcud durumu dəyişdirmək əvəzinə ona uyğunlaşmağa çalışır. Bu cür vəziyyətin yaranmasına despot rejimin hakimiyyətdə olması səbəb olduğu kimi, bu vəziyyətin davam etməsi də rejimin marağında olur. Çünki, rejimin ömrünün uzanması üçün bu vəziyyətin davam etməsi labüddür. Ona görə şüurlarda irəliləyişin, cəmiyyətdə tərəqqinin qarşısını almaq üçün var qüvvəsi ilə çalışır.
Bu rejimlər psixoloji və mənəvi aşındırma ilə yanaşı, insanları fiziki cəhətdən də məhv etməkdən, azadlıqlarını əllərindən almaqdan çəkinmir. Sistemə qarşı gələn hər bir şəxs kimliyindən asılı olmayaraq bu təhlükə ilə üz-üzədir. O, ya azadlıqından, ya sağlamlığından və yaxud da ki, həyatından məhrum ola bilər. Hakimiyyətlərinin elə bir dövrü yetişə bilər ki, despot rejimlər bütün repressiya aparatlarını işə salar. Bu dövrdə kütləvi həbslər, işgəncələr, ən ibtidai insan haqqlarının məhdudlaşdırılması özünün son həddinə çatır. Rejim, hakimi-mütləq olmağın sərxoşluğunu yaşayır. Bununla dövləti idarə etdiyini yox, dövlətdə ağalıq etdiyini göstərir. Çünki dövləti idarə edən hökumət içtimai rəylə hesablaşır, despot hakimiyyət isə içtimai rəyi vecinə almır. Əksinə onu məhv etməyə çalışır. O, yalnız fiziki gücə və zorakılığa arxalanır. Bu isə özünü repressiyaların, kobud gücün, muzdlular kimi fəaliyyət göstərən polisin, məhkəmənin, bürokratiyanın vasitəsilə göstərir.
Bütün bunlara baxmayaraq sistem heç vaxt cəmiyyəti bütünlüklə özünə tabe etdirə, istədiyi kimi formalaşdıra bilmir. Kimlərsə çərçivədən kənarda qalır, tabe olmur. Bu bir aksiomadır ki, təbliğatlar, repressiyalar, zombiləşdirmələr heç vaxt 100%-lik nəticə vermir. Mütləq bir qrup insan vəziyyəti dərk edir, mübarizə aparır, sürü təfəkkürünə qarşı çıxır. Vəziyyəti dəyişənlər də məhz onlar olur. Onlar rejimin ətçəkən maşın kimi insanları məhv edən repressiya aparatından qorxmurlar. Qarşılaşacaqları çətinlikləri gözə alırlar. Sağlam əqidəyə sahib olmayan və öz hədəflərinin gerçəkləşəcəyinə səmimi qəlbdən inanmayan insanlar isə bu uzun və çətin olan mübarizə yolunda irəliləyə bilməzlər. Çünki məhz əqidə insana hədəf və prinsiplər verir, insan əqidə sayəsində çətinliklər qarşısında əyilmir, hər dəfə yıxılanda qalxa bilir və hədəfi uğrunda verəcəyi qurbanları gözə alır. Əqidəsiz insan mübarizəsində sabitqədəm ola, dolaysı ilə azad ola bilməz. Əqidəyə hansı dərəcədə bağlı olmaq isə ona sahib olmaqdan daha əhəmiyyətlidir. Yalnış əqidəli insan belə inamının gücü sayəsində öz hədəfinə çata bilər. Deməli deyə bilərik ki, mübarizədə əsas olan inamın nə dərəcədə güclü olmasıdır. Lakin, bütün bu sadalananlardan öncə gələn faktor mübarizənin vacibliyinə inanmaqdır. Əgər bu inam yoxdursa, əqidəli olmaqla, olmamağın mübarizə məqamında heç bir fərqi yoxdur və bu halın yaradacağı təhlükə daha böyükdür. İlk növbədə, bu digər mübarizəyə qalxmış insanların öz yollarından şübhə etməsinə, hətta geri addım atmasına səbəb ola bilər. Vahid müxalifət cəbhəsində ikitirəlik yaranması da mümkündür. Həmçinin hakimiyyətdə olan despot rejim yaranmış vəziyyətdən istifadə edərək mübarizənin əleyhinə olan insanları öz tərəfinə çəkə bilər. Bunun bariz nümunəsini İran İslam inqilabında görürük. Şah rejiminə qarşı çıxan ruhanilərin mübarizə metodunu, bir qrup ruhani dəstəkləmir. Bu da dindar düşərgənin parçalanmasına səbəb olur. İnqilabçı ruhani sinifinə qarşı, digər ruhani sinifinin çıxması o qədər təsirli olur ki, həmin dövrdəki bölünmə bu günə qədər davam edib və "inqilabçı" və "ziddi-inqilabçı" kimi anlayışların yaranmasına səbəb olub. Ona görə də, əqidəli insanların birləşməsi, ən azından vəhdət nümayiş etdirməsi vacibdir. Əks halda isə vəziyyət bir az daha qəlizləşəcək.
Bu şəxslərin qarşısında iki əsas çətinlik dayanır: 1. İstibdad rejimlər 2. Dəyişiklik istəməyən qul təfəkkürlü cəmiyyət. Qul kimi yaşamağa öyrənmiş cəmiyyət, istibdad rejimlərdən daha təhlükədir. Çünki onlar daima mübarizə aparan şəxsləri həvəsdən salmaqla məşğuldurlar. Mübariz insanların dəvətinə müsbət cavab vermək əvəzinə, onları mübarizənin mənasız olduğuna inandırmağa çalışırlar. Halbuki mövcud sistem cəmiyyətin sayca üstünlük təşkil edən bu hissəsini daha çox əzir. Lakin, onlar bu vəziyyətə öyrəşdirdiklərinə görə etiraz etməyi ağıllarından belə keçirmirlər. Zülmə qarşı müqavimət göstərməyə qərar vermiş şəxslər ilk növbədə bu cür insanlarla qarşılacaqlarını gözə almalıdırlar. Əgər onlar cəmiyyətin bu hissəsini oyada və onlarda mübarizə əzmi yarada bilsələr, despot rejimləri asanlıqla tarixin dərinliklərinə yuvarlaya bilərlər. Yox əgər bunu bacarmasalar insanlıq qarşısında borclarını ödəsələr belə vəziyyəti dəyişdirə bilməyəcəklər. Don Kixotluq etmək məqsədi ilə yox, insanların vəziyyətinə biganə qala bilmədikləri üçün mübarizəyə qalxanlar bunu soyuqqanlı şəkildə başa düşürlər. Lakin, Jelyabov sayağı “Biz cığır açırıq və bu yolda öləcəyik. Bizdən sonra gələnlər isə hazır yolla gedəcəklər” fikrini bölüşdüklərinə görə, qanlarının və mübarizələrinin hədər getməyəcinə əmindirlər.
azadxeber.net
Комментариев нет:
Отправить комментарий