15.07.2014

İlahiyyatçı-sosioloq deputata cavab verdi

Bu gün deputat Fazil Mustafa yenə qeyri-adi fikirləri ilə gündəmdə şou yaradıb. Deputat internet saytlarının birinə bildirib ki, "İŞİD-in konkret Azərbaycana qarşı müdaxiləsi və addımları müşahidə olunmadığına görə, onu terror təşkilatı elan etmək düzgün deyil". Məsələ ilə əlaqədar ilahiyyatçı-sosioloq Bəhruz Əlizadə Birlik.az saytına münasibət bildirib:
"F.Mustafanın fikrincə, İŞİD-in konkret Azərbaycana qarşı müdaxiləsi və addımları müşahidə olunmadığına görə, onu terror təşkilatı elan etmək düzgün deyil. Cənab deputat, biz İŞİD-i insanlığı və bəşəriyyəti təhdid edən bir qruplaşma kimi tanıyırıq. Siz xalqımızı insan və ya bəşəriyyətdən hesab etmirsinizmi?! Deməli, sizin məntiqinizə görə kimlər bizə hücum edərsə, terrorist odur?! Azərbaycanlı sələfilərin Suriyada , İraqda, Çeçenistanda döyüşməsi sizcə, məmləkət üçün təhlükə mənbəyi və həyəcan siqnalı deyil?! Onlar artıq Azərbaycan üçün əmir də təyin edirlər, amma siz deyirsinizi ki, onlar təhlükə deyil?! Bəlkə, sizə “terror” sözünün etimoloji mənasını başa salım?! Bu gün üzvlərinin bir qismi İŞİD-də döyüşən "Meşə qardaşları" silahlı qruplaşması sizcə təhlükə deyildi?! Bəs insanlıq, bəs bəşər hüquqları?! Onu da bilmək lazımdır ki, bəşəriyyət ancaq fiziki sərhədlərlə bir-birindən ayrılır, amma Allah yanında hamısı eynidir. Bəs indi nə oldu?! İnsanlıq faktorunu unudub millətçilik yanaşması sərgiləyirsiniz. Hətta bunda da uğurlu addım ata bilmədiniz. Bəs İŞİD tərəfindən Kərkükdə qətliam olunan yüzlərlə soydaşımızım talehi sizi maraqlandırmır?! Deməli , sizin məntiqiniz "məndən keçib qonşuma dəysin" məntiqidir! Mən bu gün sizə bir ilahiyyatçı kimi cavab verməyi özümə zəruri hesab edirəm. Çünki bu günə qədər deputat olaraq respublikadakı heç bir sosial problemlərə toxunmayıb özünüzü psevdo ilahiyyatçı kimi qələmə verib dini zəmində yaşanan hər bir məsələyə saxta münasibət bildirmisiniz. Əminəm ki, bu yazıdan sonra siz mənə ya Rusiya, ya Ərəbistan, ya İran ya da Kot-Divuar casusu damğası vuracaqsınız. Amma mən sizə əminliklə deyirəm ki, sizin mövqeyiniz heç vaxt Azərbaycan dövlətinin mövqeyinə işləməyib". /birlik.az/

Комментариев нет:

Отправить комментарий