Sevdim, o sevgini səndə görmədim,
İstədim, nazını ala bilmədim.
Taleyin yazısı- budur qədərim
Günahı mən səndə niyə axtarım?
Bu eşqin bağçası qışlı-boranlı,
Yazı çən gətirdi, üzü dumanlı.
Nə günəş alovlu, nə ay işıqlı
Olmadı, ziyasın görə bilmədim
Günahı mən səndə niyə axtarım?
Ömür yollarımız hey calaq-calaq
Söz sözə yükləndi hey qalaq-qalaq.
Sən hakim, mən şahid- necə dayanaq?
Sevdim, ürək dolu heç sevilmədim
Günahı mən səndə niyə axtarım?
Nə şikayət edək, nə yazıq düşək.
Köçüb bu dünyadan, təzədən gəlsək,
Sevəcəm mən səni- budur günahım
Günahı mən səndə niyə axtarım?
Комментариев нет:
Отправить комментарий