26.07.2014

Bayram Səfərov: Orduda əsgər ölməsin, bəs kim ölsün?

İcma rəhbəri jurnalistləri onun səlahiyyətinə aid olmayan suallar verməkdə günahlandırıb

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov son günlər mətbuatın gündəmindədir. Kəlbəcərin işğalının ildönümündə jurnalistlərin əhatəsinə düşən qurum rəsmisi sual atəşinə tutulunca, çıxışı atəşə atəşlə cavab verməkdə görüb. Sualları kəskin qarşılayan qurum rəhbəri bununla da medianın diqqətini özünə yönəldib.
Görünür Bayram müəlilm özünü ekspromt suallara hazırlamayıb, ya da düşünüb ki, jurnalistlər xüsusilə ondan ənənəvi və standart suallara cavab istəyəcəklər. Yəni, Kəlbəcərin anım günüdürsə, uzağı 20 il əvvəli xatırladacaqlar. Həqiqətən də ilk sual bu olduğundan Bayram müəlim onu həvəslə cavablandırıb.
Amma ardınca verilən sual baxmayaraq ki, onun da birbaşa Kəlbəcərə və kəlbəcərlilərə, o cümlədən bütün Azərbaycana aidiyyatı var idi, Bayram müəllim bu sualı qeyzlə qarşılayıb. Söhbət ermənilərin Kəlbəcərdə orta məktəb binası tikməsindən gedir ki, “Bizim yol” qəzetinin müxbirinin verdiyi bu sual Bayram Səfərovun belə sərt reaksiyasına səbəb olub.
“Azərbaycanda 2500 məktəb tikilib. Təmir olunub. Nə təhər olur, Ermənistan üç-dörd siniflik məktəb tikib, böyük məktəb tikib deyirsən. Kəlbəcərdə sən bilirsən neçə erməni yaşayır. Sualın var, sual ver. Erməni sualı vermə”, - deyə Bayram Səfərov jurnalistə cavab verib.
Ardınca verilən bütün sualları da Bayram müəlilm eynən belə qarşılayıb. Yenə də həmin müxbirin “Dağlıq Qarabağın Azərbaycan İcmasının rəhbəri kimi hərbi hissələrdəki əsgər ölümləri sizi narahat edirmi?” sualına belə cavab verib: “Bu nə təxribatçı sualdır verirsən mənə? Orduda əsgər ölməsin, bəs kim ölsün”. “Azərbaycana gələn xarici diplomatlar nədən sizinlə görüşmək istəmir?” sualını isə icma rəsmisi lap əsəbi qarşılayıb. “Gör hələ mən onları qəbul edirəm?”, - deyə cavablandırıb.
ANS-ə açıqlamasında isə Bayram Səfərov jurnalistləri onun səlahiyyətinə aid olmayan suallar verməkdə günahlandırdı. İcma rəsmisinin sözlərinə görə, Kəlbəcərdə ermənilərin tikdiyi bir məktəbi əldə bayraq edən jurnalistlər niyə ondan Azərbaycanda tikilən məktəblərlə bağlı sual vermirlər? Bəlkə də ona görə ki, bu sualı vermək üçün Azərbaycanın təhsil naziri var. “Siz isə Dağlıq Qarabağın Azərbaycan İcmasının rəhbərisiz və bu mənada məsələyə münasibətiniz həm yerində, həm də maraqlı olmazdımı?” sualımıza Bayram Səfərovun cavabı belə oldu: “Mən əlbəttə ki, erməninin Kəlbəcərdə məktəb istəməsini istəmərəm. Amma bilirəm ki, Kəlbəcərdə erməni yoxdur. Erməni orada yaşaya bilmir. Nəyə tikilir. Kimə tikilir. Tikilir lap yaxşı. Yənə də bizə qalacaq”, - deyə cavablandırıb.
Əsgər ölümlərinə münasibətə gəlincə, Bayram Səfərov özünün də, yaxın qohumlarının da ayrı-ayrı vaxtlarda itki verdiklərini xatırlatdı: “Ölənlərin hamısı mənim balalarımdır. O nə sualdır ki, mənə verirsən. Əsgər ölümünə münasibətim necə olar bilər? Jurnalistin borcu sual verməkdir də. Jurnalist də bilsin ki, kimə sual verir”.
Zənnimcə, jurnalistlər sualı kimə verdiklərini bilirdilər. Elə Bayram Səfərov da nə cavab verəcəyini yaxşı bilən adamdır. Hər halda, biz ondan eyni suallara fərqli cavab ala bildik. Bayram Səfərov bu cavabları həmin gün də verə bilərdi. Və onda nə şiş yanardı, nə kabab. 
Bir də ki, hətta səlahiyyətinə aid olmasa da belə, istənilən suala cavab vermək şəxsin diplomat bacarığından xəbər verir. Bayram müəllim bu bacarığından istifadə etsəydi, heç ona niyə xarici diplomatlar sizinlə görüşmək istəmir? Sualını da verməzdilər. /xeber.azeri.net/

Комментариев нет:

Отправить комментарий