24.07.2014

Qanlı Ramazan həftəsi

 Yola saldığımız həftə dünyada terror, qanlı olaylar və bəşəri cinayətlərlə yadda qaldı

Bu həftə dünya qanlı olaylarla şahidlik etdi. Həftənin mənzərəsi isə yenə dəyişmədi. Ukraynanın şərqində separatçılarla hökumət qüvvələri arasında toqquşmalar davam etdi, Fələstində İsrail Qəzza bombalamaqda davam etdi və nəhayət, İraq və Suriyada döyüşlər, qəddar cinayətlər dayanmadı.
İyulun 7-dən etibarən Qəzzanı bombalayan İsrail həftənin əvvəlində və sonunda əraziyə quru qüvvələri yeritdi. Sürəkli olaraq Qəzza zolağının bombalanması nəticəsində dünyanın ən sıx məskunlaşmış ərazisi hesab olunan Qəzzada ölənlərin sayı 260 nəfəri keçdi, 2 min nəfərə yaxın insan isə yaralandı. Döyüşlər isə davam edir. İsrailin Qəzzaya növbəti hücumu bir sıra məqamlarla yadda qaldı.
Əvvəla, bir daha sübut olundu ki, beynəlxalq hüquq, insan haqları kimi mövzular yalnız böyük dövlətlərin maraqları üçündür. Qəzzada 12 gündür davam edən bombardman zamanı onlarla azyaşlının həlak olmasına rəğmən dünyanın susqun qalması, İsrailə qarşı ciddi təpkilərin olmaması bunu sübut etdi. Hətta Almaniya, ABŞ kimi dünyanın demokratiya mərkəzi hesab olunan ölkələr İsraili dəstəklədilər. Puç olan daha bir şüar “müsəlman həmrəyliyi” oldu. Müsəlman ölkələri, xüsusən də bölgənin ərəb rejimləri Qəzzada dinc insanların öldürülməsini susqunluqla müşahidə etdilər.
İsrail isə ötən ay oğurlandıqdan 18 gün sonra ölü tapılan 3 vətəndaşının qisasını almaq, eyni zamanda yəhudilərin öz ölkələrində qorxu altında olmadıqlarını və öldürülən hər yəhudi üçün qanlı qisas aldığını sübut etmək üçün dünyanın gözü qarşısında dinc insanları bombaladı. Bu, açıq-aşkar qisas və qorxu yaratmaq məqsədli bir əməliyyat idi. Eyni zamanda müşahidələr göstərir ki, yəhudi dövləti Fələstində sonuncu müqavimət ocağı olan Qəzzanı və burdakı HƏMAS hərəkatının müqavimət gücünü məhv etməyə çalışır. Ötən illərdə İsrail məhz bu məqsədlə bir neçə dəfə Qəzzaya qurudan hərbi əməliyyatlar təşkil etsə də, hər dəfə uğursuzluğa düçar olmuşdu. Ancaq bu dəfə Yaxın Şərqdə mürəkkəb siyasi və dini münasibətlərin yaranması, İraq və Suriyada davam edən məzhəb savaşlarının dərinləşməsi fonunda Fələstin davasının arxa plana keçməsi, müsəlmanlar arasında ayrılığın və nifrətin daha da şiddətlənməsindən (bu məsələdə İsrailin rolunu inkar etmək olmaz ) istifadə edərək Qəzza müqavimətini susdurmağa çalışdı. Baş verənlər göstərdi ki, İsrailin hesablaması doğru olub, müsəlman dünyasının başı daxili məsələlərə qarışdığı üçün Fələstin məsələsinə ciddi reaksiya verə bilmədi. Ancaq İsrailin düzgün hesaba ala bilmədiyi bir şey vardı: Qəzza müqaviməti və HƏMAS. Məhz 2006-cı ildə də Livana hücum edən İsrail Hizbullahın silahlı gücünü dəqiqi hesablaya bilməmişdi və bunun nəticəsində döyüşlərdə ağır zərbələr alaraq geri çəkilmişdi. Qəzza bu dəfə də silahlı müqavimət göstərir.
UKRAYNA OLAYLARI. Bu həftə dünyanın daha bir “qanayan yarası” olan Ukraynada savaş davam etdi. Ölkənin şərqində hökumət qoşunları ilə savaşan Rusiyameylli silahlıların Hollandiyadan Malayziyaya uçan Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsini vurması nəticəsində 295 sərnişin həlak olub. Ukrayna hökuməti təyyarənin silahlıların Rusiya dəstəyi ilə vurmasını iddia edir. Rusiya isə Ukraynanın bu təyyarəni Putinin təyyarəsi hesab edərək vurduğunu iddia edir.
Ukrayna Təhlükəsizlik Xidməti Malayziya təyyarəsinin raketlə vurulmasında əli olan iki Rusiya vətəndaşını yaxaladığını açıqlayıb. UTX-nin rəhbəri Valentin Nalevayçenko bildirib ki, silahlılar Malayziya təyyarəsini “Buk” zenit-raket qurğusu ilə vurublar. İddialara görə, silahlılar məhz yanlışlıqla, Ukrayna hərbi təyyarəsi hesab etdikləri üçün Malayziya təyyarəsini vurublar. Çünki indiki halda xarici ölkəyə məxsus mülki təyyarənin vurulması Rusiya və onun dəstəklədiyi silahlıların maraqlarına heç bir halda cavab verə bilməz. Bu hadisə Rusiyaya qarşı qəzəbi daha da artırıb. Ancaq bu hadisə Ukraynanın şərqində davam edən silahlılara qarşı əməliyyatlarına ciddi təsir göstərə bilər. Ərazinin uçuşlara qapalı zona elan edilməsi Ukrayna ordusunun silahlılara qarşı əsas silahı olan hərbi aviasiyanın fəaliyyətini məhdudlaşdırır.
İRAQ VƏ SURİYA. Dünyanın əsas diqqət mərkəzində olan İraq və Suriyada bu həftə gərginlik davam etdi. İŞİD qüvvələrinin İraq və Suriyada terror hücumları yenə də davam etdi. Suriyanın şimal-şərqində qaz istehsalı sahəsini ələ keçirən İŞİD hələ də güclü olduğunu nümayiş etdirməyə çalışır. Eyni zamanda qruplaşma ələ keçirdiyi insanların başını kəsməklə həm də bölgədə qorxu mühitini daha da çoxaltmağa çalışır. İraqda Ramazan ayının gəlməsi ilə əməliyyatların sanki durğunlaşması müşahidə olunsa da, hökumət qüvvələrinin Mosul və Tikritdə İŞİD cəbhəsini bombalaması ilə bağlı xəbərlər gəlir. Suriyada isə Bəşər Əsəd növbəti dəfə prezident seçildikdən sonra and içib. İyunun 3-də keçirilən seçkilərdə 88 faiz səs qazanan Suriya lideri andiçmə mərasimində Türkiyənin baş naziri Ərdoğana da ironiyalı mesajlarını göndərməyi unutmayıb.

birlik.az

Комментариев нет:

Отправить комментарий