30.07.2014

ƏDALƏT ABDİNOV: AZƏRBAYCAN KOMMUNİSTLƏRİNİN SIRASI NALAYİQ ADAMLARDAN TƏMİZLƏNİR

Azərbaycan Kommunist Partiyası quruculuğunun  nəzəriyyəsi və praktikasının ümdə məsələlərindən biri partiya üzvlüyü, partiyanın tərkibini formalaşdırmaq prinsipləri və üsulları məsələsidir. Təcrübə göstərir ki, partiyanın öz fəaliyyətində müvəffəqiyyət qazanması xeyli dərəcədə onun kimlərdən ibarət olması ilə, öz sıralarını necə artırması, öz üzvlərinin qarşısına nə kimi tələblər qoyması və onlara nə kimi hüquqlar verməsi ilə müəyyən edilir. Bu mövzuda həmsöhbətimiz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinovdur.

-Ədalət müəllim, istərdim söhbətimizə Azərbaycan Kommunist Partiyasının tərkibinin əhəmiyyətindən başlayaq.
-Azərbaycan Kommunist Partiyasının Nizamnaməsində təsbit edilmiş Lenin üzvlük prinsipləri partiyanın sıralarını yabançı ünsürlərlə zibilləmək təhlükəsi törədən hər cür opportunistlərə qarşı barışmaz mübarizədə meydana gəlib təkmilləşmişdir. Partiyamız Lenin prinsiplərini daim rəhbər tutaraq öz sıralarının elə bir tərkibdə olmasını təmin etmişdir ki, bu ona cəmiyyəti sosializmə doğru dəyişdirmək sahəsində ən mürəkkəb vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək imkanı verir.

Bildiyiniz kimi, hər bir partiyanın tərkibi bununla müəyyən olunur ki, həmin partiya hansı sinifin mənafeyini qoruyur, qarşısına hansı məqsədləri və onları hansı yollarla həyata keçirməyə çalışır. Buradan da partiya üzvlüyü prinsipləri irəli gəlir. Partiya üzvlüyü prinsipləri də öz növbəsində partiyanın fəaliyyətinə və siyasətinə böyük təsir göstərir.
Kommunist Partiyası bütün zəhmətkeşlərin istismara və hər cür zülmə qarşı, sosializm uğrunda mübarizənin önündə gedən insanların mənafeyini ifadə edir. Zəhmətkeşlərin qarşısında burjuaziya kimi güclü, yaxşı təşkil edilmiş, təcrübəli düşmən durur. Belə bir düşməni məğlub edib istismarsız cəmiyyət qurmaq üçün zəhmətkeşlər və onun avanqardı yüksək dərəcədə mütəşəkkil və ideya cəhətdən yekdil olmalı, mübarizədə mətanət və mərdlik göstərməlidir.
Zəhmətkeşlərin partiyası üçün ciddi siyasi mətinlik çox vacibdir. Partiya üzvlərindən tələb olunur ki, qarşıda duran məqsədi aydın başa düşsünlər, onu həyata keçirmək uğrunda fədakarcasına və qətiyyətlə mübarizə aparsınlar. Müəllimlərimiz Marks və Engels partiya üzvlüyü məsələləri haqqında öz baxışlarını “Kommunistlər İttifaqı”nın Nizamnaməsində ifadə etmişlər. Bu Nizamnaməyə görə  “İttifaq”a ancaq o adam üzv ola bilərdi ki, kommunizm ideyalarına sədaqətini özünün bütün həyat tərzi ilə sübut etmiş olaydı, kommunizm ideyalarını həyata keçirmək uğrunda mübarizə aparaydı, intizama tabe olaydı. Öz-özünü daxil etmək deyil, qəbul olunmaq üzvlüyün vacib şərti idi.
Bir sözlə, Azərbaycan Kommunist Partiyası üçün öz sıralarının say tərkibinin əhəmiyyəti çox vacibdir. Nəzərə almaq lazımdır ki, partiyanın say tərkibi onun necə partiya:  kütləvi və ya qeyri-kütləvi, nüfuzlu və ya nüfuzsuz partiya olduğunu da xeyli dərəcədə əks etdirir. Həm də partiyanın hansı şəraitdə işlədiyini, mübarizənin bu və ya başqa mərhələsində onun ictimai bazasının necə olduğunu, əlbəttə, nəzərə almaq lazımdır.

-Bəs, partiya üzvlüyünün Lenin prinsipləri barədə nə deyə bilərsiniz?
-Lenin yeni tipli partiya yaradarkən partiya üzvlüyünün elə prinsiplərini işləyib hazırlamış və qoruyub saxlamışdır ki, bunlar əsil elmi müddəalar olduğu üçün bizim dövrümüzdə də sosializm uğrunda mübarizədə partiyanın lazımi döyüş qabiliyyətini təmin edir.
İnqilabçı partiya üçün ideya səbatsızlığından, qeyri-mütəşəkkillikdən, opportunist ünsürlərlə zibilləməkdən, daha böyük təhlükə yoxdur. Beynəlxalq təcrübə göstərir ki, fəhlə partiyalarının məğlubiyyətləri, uğursuzluqları, səhvləri və nöqsanları çox zaman bu partiyaların sıralarının dağınıqlığından, onların daxilində möhkəm inqilabi baxışları, lazımi mətanəti və intizamı olmayan adamlar, bəzən hətta açıq düşmənlər də olmasından doğur. Bunun nəticəsində elə hallar olmuşdur ki, bəzi partiyalar müəyyən şəraitdə öz xarakterini dəyişmiş, özlərinin əvvəl elan etdikləri mövqelərindən kənara çıxmışlar.  Satqın, şərəfsiz M.Qorbaçovun, indi də opportunist G.Zyuqanovun əməlləri buna misaldır. Buna görə də Lenin təkidlə partiyada elə üzvlük şərtləri qoyulmasına çalışırdı ki, bunlar nalayiq adamların Kommunist Partiyasının sıralarına axıb gəlməsi yolunda möhkəm bir maneə ola bilsin.
Partiyanın möhkəmliyi və saflığı uğrunda mübarizədə mühüm mərhələ olmuş RSDFP II qurultayını (1903) xatırlatmaq istəyirəm. Bu qurultayda Nizamnamə layihəsi müzakirə edilərkən partiya üzvlüyü prinsipləri məsələsində daban-dabana zidd olan iki mövqe – inqilabi mövqe ilə opportunist mövqe aşkara çıxdı. Birinci mövqeyi Lenin və onun tərəfdarları, ikinci mövqeyi isə Martov və ona tərəfdar olanlar təmsil edirdilər. Lenin və leninçilər bunu əsas tuturdular ki, partiya öz sıralarının saflığını və mətinliyini nə qədər ciddi qorusa, onun mütəşəkkilliyi və döyüş qabiliyyəti bir o qədər yüksək, kütlələrə rəhbərliyi bir o qədər güclü olar. Onlar qeyd edirdilər ki, partiya sıralarında fəhlə sinfinin ancaq sədaqətli, fəal və fədakar mübarizləri olmalıdır. Martov isə iddia edirdi ki, nə qədər çox adam özünü partiya üzvü adlandırsa, bir o qədər yaxşıdır. Opportunistlər istəyirdilər ki, partiyaya az-cox kömək etmiş hər bir tətilçi, hər bir ziyalı özünü partiya üzvü hesab edə bilsin. Onların fikrincə, nə qədər çox adam özünü partiya üzvü sayarsa, partiya bir o qədər güclü olar.
Halbuki tətildə iştirak edən fəhlələrin heç də hamısı məqsədə doğru yönəldilmiş müntəzəm partiya işi aparmağa qabil deyildi. Məzlumlara rəğbət bəsləyən ziyalıların heç də hamısı fəhlə sinifinin ümdə mənafeyini düzgün başa düşmür və bu mənafe uğrunda fədəkar, mütəşəkkil mübarizə apara bilməz. Həm də partiyanın qapıları geniş açılarsa, onun sıralarına ideya cəhətdən yabançı, düşmən  ünsürlər soxula bilərlər.

-Ədalət müəllim, etiraf edək ki, sonda partiya üzvlüyünün Lenin prinsipləri özünü doğrultmadı.
-Mən belə deməzdim. Partiyamızın və beynəlxalq kommunist hərəkətının tarixi Leninin və leninçilərin haqlı olduqlarını dəfələrlə təsdiq etmişdir. Məsələn, 1905-ci il inqilabının məğlubiyyətindən sonra səbatsız adamlar partiya sıralarını tərk etməyə başlamışdılar, ümidsizləşir və gələcəkdən əllərini üzürdülər. Xırda burjua, opportunist ünsürlər Böyük Oktyabr inqilabından sonra da partiyaya çox ziyan vurdular. Sosializm uğrunda mübarizənin bütün mühüm mərhələlərində: yeni iqtisadi siyasətə keçilməsi, ölkənin sənayeləşdirilməsi, kənd təsərrüfatının kollektivləşdirilməsi dövründə onlar partiya sıralarında ya “soldan” – avantürist inqilabbazlıq mövqelərindən, ya da sağdan – inqilabi məqsədlərdən açıqdan-açığa imtina etmək mövqelərindən partiyanın proletar baş xəttinə qarşı mübarizə aparırdılar. Hazırda belə mövqeyi opportunist G.Zyuqanovun partiyası tutub.
Həyat göstərdi ki, partiya sıralarının möhkəmliyini, mətinliyini və saflığını qorumaq, partiya üzvü adını daha yüksəklərə qaldırmaq tərəqqi uğrunda, zəhmətkeşlərin mənafeyi uğrunda mübarizənin müvəffəqiyyəti üçün nə qədər vacibdir. “...Partiyanın möhkəmliyi və saflığı – mətləb bundadır”, - deyə Lenin qeyd edirdi. Bu sözlər həm istismarçı siniflərin hökmranlığını devirmək uğrunda partiyanın mübarizəsi dövrünə, həm də yeni həyat əsaslarının qurlması dövrünə aiddir.
Lenin 1919-cu ildə qanuni iftixar hssi ilə yazırdı: “Dünyada, öz üzvlərinin sayını artırmaq qayğısına deyil, onların keyfiyyətini yüksəltmək, partiyanı onun sıralarına “soxulanlardan” təmizləmək qayğısına qalan yeganə hökumət partiyası bizim partiyamızdır – inqilabçı fəhlə sinifnin partiyasıdır.

-Sizə elə gəlmirmi ki, mövcud vəziyyət Kommunist Partiyasının ictimai bazasına yenidən baxmağı tələb edir?
-Zəhmətkeşlər, ümumiyyətlə, cəmiyyətdə olan digər əməkçi təbəqələrin ən qabaqcıl və   fəal qüvvələri  partiyamızın əsas ictimai bazası olmuş və olmaqdadır. Biz hərəkatımızın əsas gücünü bu fədakar və mübarizlərin mütəşəkkil olmasında görürük. Fəhlələrin, kəndlilərin, ziyalıların ümdə mənafeyinin ümumiliyi zəminində Azərbaycan Kommunist Partiyasının pozulmaz ictimai-siyasi və ideya birliyi mövcuddur.
Vəzifə partiyaya daxil olmaq istəyənləri ancaq fərdi qaydada seçib qəbul etmək, kommunistlərlə aparılan işi təkmilləşdirmək, Proqram və Nizamnamənin irəli sürdüyü tələblərə onların əməl etmələrinə nəzarət etmək əsasında partiyanın keyfiyyət tərkibini daim yaxşılaşdırmaqdan ibarətdir.
Azərbaycan Kommunist Partiyası öz sıralarının tərkibinin daim tənzim olunmasını təmin edir. Partiya sıraları tərkibinin tənzim olunması partiya təşkilatlarının kütlələrlə əlaqəsini möhkəmlətmək, partiya təşkilatları ətrafında bitərəf fəallardan ibarət geniş bir kütlə yaratmaq üçün görülən ideya-siyasi, tərbiyə, təşkilat xarakterli tədbirlərin bütöv kompleksidir. Partiya sıralarının tərkibini tənzim etməkdən məqsəd odur ki, əməkçi kollektivin xüsusiyyətləri nəzərə alınaraq və kommunistlərə verilən yüksək tələblərə uyğun olaraq qabaqcıl adamlar, ən əvvəl sosializm uğrunda mübarizənin həlledici sahələrində adamlar seçilib partiyaya qəbul edilsinlər.
Partiya öz tərkibində fəhlələrin başlıca mövqe tutmasını təmin etməyə yenə də birinci dərəcəli əhəmiyyət verir. Nə qədər ki, siniflər vardır, nə qədər ki, dünyada sosializm qüvvələri ilə kapitalizm qüvvələri arasında mübarizə gedir, qabaqcıl fəhlələr, Kommunist Partiyasının özəyi, partiyanın sıralarını möhkəm birləşdirən, baş xəttin varisliyini, partiyanın ideyaca möhkəmliyini və mətinliyini təmin edən bir özək olmuşlar və belə özək olaraq qalacaqlar. Partiya bunu mühüm bir müsbət fakt kimi qiymətləndirir ki, fəhlələrin xüsusi çəkisi xeyli artmışdır.
Fəhlə sinfinin kommunist idealları uğrunda – zəhmətkeşlərin bütün ideya təbəqələrinin  də ideallarına çevrilmiş həmin ideallar uğrunda mübarizə aparan Azərbaycan Kommunist Partiyasının bunda da marağı vardır ki, onun sıralarında həmçinin kəndlilərin və ziyalıların ən yaxşı nümayəndələri də olsun. Sosializm uğrunda mübarizədə ziyalıların rolu misilsizdir. Son illər partiyamıza gələnlərin böyük əksəriyyəti ziyalılardır.
Azərbaycan Kommunist Partiyası öz sıralarını gənclər hesabına və birinci növbədə gənclərin qabaqcıl dəstəsi olan komsomolçular hesabına artırmaq qayğısına qalmış və qalmaqdadır. Partiyamız buna nəsillərin varislik və birliyinin ifadəsi, partiyanın inqilabi ruhunun təsəssümü, döyüş və əmək ənənələrinin davamı kimi baxır. Partiya gənc fəhlə və kəndlilər sırasından ən yaxşı komsomolçuların seçilib partiya sıralarına qəbul olunması işini gücləndirərkən bunu da nəzərə alır ki, tələbələr gənclərin çoxsaylı dəstəsidir və onların arasında partiyanın lazımi nüfuzu təmin edilməlidir.

-Rayon partiya komitələrində  partiya üzvlüyünə qəbulun təşkili barədə nə deyə bilərsiniz?
-Partiyanın rəhbər rolunun artması ilə bərabər, partiya sıralarına daxil olanlardan, bütün partiya üzvlərindən edilən tələblər də artır. Cəmiyyətin avanqardı olan Azərbaycan Kommunist Partiyası öz sıralarına yalnız yaxşıların ən yaxşılarını qəbul edir, öz tərkibinin kəmiyyətcə artmasını  keyfiyyətin zərərinə olaraq sürətləndirməyə yol vermir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  29 iyun 2014-cü  il tarixli plenumunda “Partiyaya qəbul və gənc kommunistlərin tərbiyəsi sahəsində Lənkəran Payon Partiya Komitəsinin fəaliyyəti” barədə məsələ müzakirə etmiş və müvafiq qərar qəbul etmişdir. Bu qərar bütün partiya təşkilatlarının diqqətini ona yönəltmişdir ki, fəhlələrin, kəndlilərin, ziyalıların nümayəndələrini daha diqqətlə seçib partiyaya qəbul etsinlər, partiya sıralarının keyfiyyət tərkibini yaxşılaşdırmaq işinə qayğını gücləndirsinlər.
Hər bir dövrdə partiyanın say tərkibi bir çox amillərlə müəyyən edilir. Bu tərkibə fəhlə sinifinin və digər zəhmətkeş təbəqələrin inkişaf səviyyəsi, partiyanın kütlələrlə əlaqəsinin nə dərəcədə geniş və möhkəm olması, daxili və beynəlxalq vəziyyət, partiyanın yerinə yetirməkdə olduğu vəzifələrin xarakteri və s. təsir göstərir. Partiyamızın həyatında elə dövrlər olmuşdur ki, o, öz sıralarını daha sürətlə artırmaq üçün tədbirlər görmüşdü, lakin elə dövrlər də olmuşdu ki, partiya yeni üzvlər qəbulunu məhdudlaşdırmış və ya hətta müəyyən müddət üçün tamamilə dayandırmışdı, kütləvi təmizləmələr keçirmişdi. Hər iki halda partiya işin mənafeyini əsas tutur, öz sıralarını daha da möhkəmlətməyə, öz sıralarının mütəşəkkilliyini və döyüş qabiliyyətini yüksəltməyə çalışırdı.
Partiyamız onun sayəsində möhkəmlənir ki, zəmətkeşlərin içərisindən ən yaxşı adamları öz sıralarına qəbul edir, özünü nalayiq adamlardan təmizləyir, öz üzvlərini yüksək marksizm-leninizm ideyalılığı, sıx birlik və fəallıq ruhunda tərbiyə edir.
Partiya sıralarının saflığı qayğısına, Lenin partiyasının üzvü adını hər bir kommunistin işdə doğrultması qayğısına qalmaq partiyanın, onun bütün təşkilatlarının, hər bir kommunistin həyat qanunudur. Təcrübə və növbəti vəzifələri nəzərə almağa əsaslanaraq partiya bu qanuna riayət edilməsi üçün konkret tədbirlər görür. Məsələn, 30 mart  2014-cü il tarixli konfrans  Nizamnamədə partiyaya qəbul işini daha da yaxşılaşdırmaq, bütün kommunistlərin Proqrama və Nizamnaməyə riayət etməsi üzərində nəzarəti gücləndirmək məqsədi güdən düzəlişlər etmişdir. Partiya üzvlüyünə dair Lenin prinsiplərini dönmədən həyata keçirməyi Azərbaycan Kommunist Partiyası özünün möhkəm və güclü olması üçün vacib şərt hesab edir.

Hazırladı: Mehriban Nağıyeva

Комментариев нет:

Отправить комментарий