26.07.2014

Gecədən soruş məni

Ziba Xəlil

Payızım

Yarpaqlar üzərindən
Süzülən eşqimiz
Yağış damlası kimi
Bi  payız günündə.
Parçalı buludlu hüzünündə
Və sən...
Və sən ürəyimin içində
Közərən məhəbbətin,
Sözsüz nəvazişinlə.
Uzağlaşan ümüdüm,
Soyuq hərarətinlə...
Üzümü sənə tuturam, payızım.
Ağla məni gözlərindən
Ağla!
Bəlkə unudam səni...
Yanmayacaq bu oçağa
İndi  od yox, su lazım.
İndi nə yaz, nə yaydı.
Payız gəlir əzizim.
Mənim dadlı payızım,
Səni itirən aydı...

Sözün yeri

İçimdə sözün yeri  göynəyir.
Qopdu sağalmaz yarası.
Kəpənəklərə çevrildi.
Uçdu getdi.
Mənim deyillər.
Şeir oldular.
Amma sən...
Amma  sən!
Bir söz vermişdin mənə,
Hədiyyə kağızına büküb.
Hələ də saxlamışam.
Hələ də açmamışam.
Açsam bəlkə göyərərdi.
Ağrayır o sözün yeri,
Saxladığım nə qədərdi.
Ağladığım nə qədərdi,
Getdiyin yollar uzunu,
Bəlkə o sözün sehrində
Yuxuda gördüm üzünü.
İçimdə sözün göynəyir.
Səndən mənə miras qalan.
Sənə necə inanmışdım,
Sözün səndən vəfalıymış.
Getdin, əbədilik getdin.
Söz doğruymuş, 
Özün yalan….

Bu şəhərin

Bu şəhərin işıqları
Yaxar, gözlərini yaxar.
Bu şəhərin uşaqları
Baxar işıqlara baxar...
Bu şəhərin adamları
Haylı-küylü, 
Qaçahaqda.
Bu şəhərin qonarları
Ögey, soyuq
Pıçhapıçda..
Bu şəhərin küləyləri
Qovar adamı şəhərdən
Bu  şəhərin mələyləri
Qocalıb yalandan, şərdən.
Bu şəhərdə bir il qalan
Bezər, yorular, karıxar.
Bu şəhərdən uzaq düşən 
Bu şəhər üçün darıxar...

Film kimi

Şeirlərə sığındı  ömrümüz.
Hekayələrdə təsəlli tapdı.
Ovunduq nəğmələrlə.
Gah həsrətlə.
Gah gülə-gülə...
Filmlərdə gördük sevgimizi.
Bir ömrü, yaza-yaza
Poza-poza yaşadıq.
Yazdıqlarımızı yaşadıq çox zaman.
Çiçək-çiçək sevdalandıq.
Yarpaq-yarpaq unudulduq.
Hər bahar aşiq olduq yenidən.
Son baharda tərk edildik.
Film kimi keçdi ömür,
Film kimi...
Yazılsa bi ssenaridi.
Çəkilsə serial olardı.
Geniş auditoriya toplardı.
Danışdıq sözə çevrildi.
Ağladıq yaşa.
Gəl də ömrün qalanını
Bu acı, bu hekayəylə,
Bu yüklə yaşa...

***
Yaman çox istəyir məni.
Heç duşmurəm dilindən.
Mən qaçiram qollarindan
O yapişir belimdən.
Qurtuluşa umidim yox.
Zəhərli sarmaşiq kimi.
Çicəyimdə, gulumdə.
İstəyim nə az, nə də cox. 
Yağdan tuku cəkər kimi.
Biri gələ...
Ala məni...
Ayrlığın əlindən..

***
Gecənin bir aləmi.
Xatilərələr dalğası.
Yuyur, sürüb aparır
Bu su, bu nəm, yaş  məni.
Radio...
Əski şarkı.
Ayrılığın havası.
Gecəyə bürünümüşəm
Gecədən soruş məni...

Orucam sənə

Orucam sənə.
Sənə orucam...
Gündoğandan günbatana.
Günbatandan gündoğana.
İftarım, imsaqım yox.
Nə olar üzülmə!
Müqəddəs bir şey bu.
Orucam sənə...
Səni  görməyim yasaq.
Səni  duymağım yasaq.
Yasaq sənə toxunmaq.
Səni sevməyim yasaq.
Amma acam sənə.
Acam...
Amma orucam.
Əbədilik orucam.
Orucam...

Sözlər

 Beynimdə ilan tək qaynaşır sözlər.
 Beynimin içində danışır sözlər.
 Mən susun, deyirəm, baxmır sözümə.
 Qalxıb ürəyimlə dalaşır sözlər.
 Nə dilə rəhm edir, nə də ağıza.
 Hərdən məğlub olub, əriyib gedir.
 Hərdən qalib olub, düşür kağıza.
 Qərib ulduzlar tək sayrışır sözlər.
 Bu nə pul, nə mal-mülk
 Nə də var dövlət.
 Eləcə sözlərdi, şeirlər,
 Sözlər...

Комментариев нет:

Отправить комментарий