23.12.2016

Azər Bandoj - Eşq

Xaneyi-dünya, bəlakeş könlümə ehsani-eşq,
Çün, tapıb aləmdə yarın oldu sərgərdani-eşq.

Ey pəri-çöhrə, sənin rüxsarını kim gördüsə,
Batdı qəm dəryasına, oldu dili-virani-eşq.

Bir günah etdim, mənə min bir cəfa qılmış rəva,
Min cəfayi-yar imiş aşiqlərə fərmani-eşq.

Kim vilayət badəsindən meyl edib xoş halına,
Çünki dərk etmiş nədir, babi-Şəhi-mərdani-eşq.

Çox bəni-adəm gəlib-getmiş bu dəhrə, namı yox,
Kim ki ad qoymuşsa, olmuş dəhrdə qurbani-eşq.

Ey könül, əfsanə bil dastani-Leyli-Məcnuni,
Ol Şəhi-Kərbübəlanın qanıdır dastani-eşq.

Aşiqin cismində dörd min yarə, yarın zikr edər,
Qan ilən gör bir necə əlvan olub meydani-eşq.

İstəməm həşdi-behişti xar zahidlər kimi,
İstərəm kuyində qul etsin məni Sultani-eşq.

Bandoja, olma giriftar fani dünya mülkünə,
Yoxsa bu hal ilə yetməzsən, gedər karvani-eşq.

Комментариев нет:

Отправить комментарий