Mən olan yerlərdə gəzmə, dolaşma,
Qəlbində bilirəm, bir intizar var!
Yerimi tapmağa çox da çalışma,
Bizi ayıracaq bir ruzigar var,
Qəlbində bilirəm, bir intizar var!
Mənə öyrəşdirmə özünü, gülüm,
Çox çətin olacaq sonda ayrılıq!
Gətirər bəlkə də mənə bir ölüm,
Bir cəllad olacaq onda ayrılıq,
Çox çətin olacaq sonda ayrılıq!
Çox da bu sevgidən peşiman olma,
Düşünmə çox zaman gözlərin dolub!
Hicranı dərd edib pərişan olma,
Sənin ki bir sadiq sevənin olub!
Düşünmə çox zaman gözlərin dolub!
Sən harda, nə zaman olsan da, gülüm,
Bu eşqi uca tut, dağlardan uca!
Sənin ayrılığın olsa da zülüm,
Ruhum da şadlanar onda doyunca,
Bu eşqi uca tut, dağlardan uca!
İlk sevgi şərbətin çox şirin oldu,
Gördüm ki, mənimlə nə bəxtiyarsan!
Baxma ki, bu eşqin gülləri soldu,
Sən bunu hər zaman xatırlayarsan,
Gördüm ki, mənimlə nə bəxtiyarsan!
Həyat göstərməyir bəzən düz yolu,
Hislərə qul olub hərdən çaşırıq!
Sağı getməkdənsə gedirik solu,
Sonda həsrət ilə biz barışırıq,
Hislərə qul olub hərdən çaşırıq!
Mən sənin yerini öyrənmək üçün,
Baxaram durnalar köç edən səmtə!
Bir ağır dərd olar getməyin, köçün,
İtər gözlərimdə bu dünya həm də,
Baxaram durnalar köç edən səmtə!
Son dəfə çevirdim qum saatını,
Görən ayrılığa nə qədər qalır?
Göstərər o bizə hicran vaxtını,
Baxıb görürəm ki, tez-tez boşalır,
Görən ayrılığa nə qədər qalır?
Bacarsan hərdənbir yuxuma bir gir,
Uzat əllərini sən mənə sarı!
Mən onda bilərəm əlin məndədir,
Hicran əzabından ölmərəm barı!
Uzat əllərini sən mənə sarı!
Комментариев нет:
Отправить комментарий