12.12.2016

Tozlu-dumanlı zirvə

Mirbağır Bünyatlı

Həyatda elə qəmli əhvalatlar var ki, onları yalnız oxumaq yox, həm də yazmaq lazımdır. Ona görə yox ki, o qəmli əhvalatdır, nə də ona görə yox ki, yəqin ibrətamizdir, ona görə ki, o- sadəcə,əhvalatdır...
İki il hərbi xidmətdən sonra evimizə döndüm, hər şey yerində idi, yerində olmayan yalnız öz əllərimlə tikdiyim göyərçin yuvası idi ki, onu da qışda söküb taxtalarını odun sobasında yandırmışdılar. Əsgərlikdə keçirdiyim yuxusuz vaxtların acısını iki gün ağzı üstə dinməz-söyləməz yatmaqla doldurmağa çalışdım. Üçüncü gün nahar vaxtı atamın bir qədər yorğun, həm də pərişan halda məni süzdüyünü gördüm, baxışları ilə təxminən bu sözləri demək istəyirdi: "artıq işləmək vaxtıdır"...
Səhəri gün qardaşımla işləmək üçün karyerə gəldik, evə pul qazanıb aparacaqdım deyə sevincimin həddi-hüdudu yox idi. İkinci gün idi, karyer müdiri gəlib dedi ki, daş kəsən kombaynın dəmir relslərini bir qədər irəli aparmaq lazımdır, krana verəcəyim pulu elə sizə verim, siz aparın. Razılaşdıq.
6 nəfər ağır dəmir relsləri çəkməyə başladıq, o qədər güc vermişdimsə, qara buludlar kimi dolmuşdum. Bu an içimdə dəhşətli hislərin baş qaldırdığını anladım, əllərimi dəmir relslərdən çəkib hardasa 100 metr məsafədən üzüyuxarı baxdım, gözlərim yaşardı. O an əmin oldum ki, oxumaq lazımdır.
Onlara bir kəlmə də demədən yola düzəldim. Qardaşım dalımca gəlib evin vəziyyətini izah etməyə çalışdı, bu ansa sanki mənim qulaqlarım kar olmuşdu. Birdən gözlərim qardaşımın gözlərinə sataşdı, ağladığını gördüm. Dedim ki, mən qərarımı verdim, oxumağa gedirəm. Qaradağın magistralına qədər yolu piyada qət etdim. Cənuba doğru şütüyən maşınlara əl etməyə başladım. Biri saxlayıb məndən soruşdu ki, oğlum, hara gedirsən, qeyri-ixtiyari oxumağa gedirəm dedim, sonra bir təhər onu başa saldım ki, əslində fikirli idim, rayona getməyimi dedim.
Nəhayət evə çatdım, səhərisi gün isə hazırlığa başladım. Bilmədim Allahın möcüzəsimi baş verdi, ya nədir maddi vəziyyət də öz-özündən düzəldi, qardaşım da kəndə qayıdıb özünə iş qurdu. Sonra mən Unversitetə daxil oldum, indi isə artıq müəllim işləyirəm. Lakin heç vaxt karyerdəki 100 metrlik məsafədən baxdığım o tozlu-dumanlı zirvəni unutmamışam...

Комментариев нет:

Отправить комментарий