Hər bir toplumun inkişafında, bu inkişafı təmin edən hərəkətləndirici qüvvələr və daxili səbəblər önəmlidir. Toplum müəyyən daxili qüvvənin qalxınması ilə aydınlanaraq inkişaf edir və zirvəyə qalxır. Həmin bu qüvvənin aydınlaşdırmaq baxımından L.Qumilyovun "Passionarlıq” nəzəriyyəsi mühüm yer tutur. Bu nəzəriyyə toplum-etnosun həyat yoluna dərindən nəzər salır və etnoslara orqanizm kimi yanaşaraq onları tədqiq edir. Qumilyov, "Xəzər ətrafında min il”, "Qədim türklər” və "Etnogenez” əsərlərində bu nəzəriyyənin tətbiqi izahını göstərmişdir. Qumilyovun etnogenezis barədə passionarlıq nəzəriyyəsi tarixi prosesin ən gözəl aydınlaşdırıcı konsepsiyalarından biridir. Bu nəzəriyyənin əsas aspektləri passionarlıq, etnos konsepsiyası, etnosun inkişafının dövrləri, sistem və antisistemdir. Qumilyova görə, xalq həyatın müəyyən dövrlərini keçən orqanik fenomendir və o, bunu daha çox insana bənzədir. Həmin dövrləri isə o, ardıcıllıqla oyanış, inkişaf, böhran, durğunluq (inersiya), konvolyusiya (toqquşma) və xatirə (memorial) olaraq adlandırır. Bu dövrlər ərzində 4 imperativ qayda hökm sürür.
Oyanış dövründə - "Kim olmalısansa, elə də ol”. Burada etnos öz kökünü araşdıraraq, buna sahiblənir və özünü də həmin köklərinə bənzətməyə çalışır. İnkişaf-individiumlara (fərdiliklərə, fərdi qəhrəmanlığa) tələbat dövründə, "Necəsənsə, elə də ol”. Artıq burada etnos əsl kimliyini göstərir və başqalarına münasibətdə qəti mövqeyi olur. Böhran-individiumların bir-biriylə qanlı toqquşmalar dövründə, "Mən necəyəmsə, sən də elə ol”. Burada artıq, qəhrəmanlar arasında hegemonluq savaşı başlayır və hərə öz üstünlüyünü təmin etməyə, digərini özününküləşdirməyə çalışır. Durğunluq və konvolyusiya dövrlərində- etnosun dağılma zamanı, "Özündən razı ol”. Artıq qəhrəmanlar və onların liderlik etdiyi kütlələr bir-biriylə savaşaraq yorulub əldən düşümüşlər, özlərini tükənmiş hala gətiriblər. Bu zaman hər kəs özünü düşünür və öz kimliyini qorumağa çalışır.
Xatirə (memorial) mərhələsində isə etnos artıq tarixdən ya silinərək yox olmuşdur, ya da çox az sayda qalaraq öz köklərindən uzaqlaşaraq assimilə olmuşdur. Burada artıq keçmiş qüdrətli etnos yalnız əfsanə və nağıllarda vardır və o yaddaşlarda mövcuddur. Əvvəlki əzəmətdən, xüsusiyyətlərindən əsər-əlamət qalmamışdır. Belə etnoslara misal kimi qədim latınları, assurları, vikinqləri, qotları və s. göstərmək olar. Bütün bu mərhələlərin hamısı Passionarlıq (hakimiyyətin səviyyəsi) vəziyyəti ilə birbaşa bağlıdır. Oyanış mərhələsində passionarlıq dirçəlir və tədricən qalxmağa başlayır, inkişaf mərhələsində passionarlıq pik həddinə- akmatik fazaya çatır və bu dönəmdə etnosun enerjisi maksimuma çatır.
Daha sonra "həddən artıq qızmış”, "artıq” enerjili sistem baş verir, ambisiyaların savaşı başlayır və etnos böhran mərhələsinə daxil olur. Durğunluq (konvolyusiya) mərhələsində passionarlıq yavaş-yavaş düşməyə başlayır, lakin etnos zənginlik və adət-ənənələrini qoruyaraq yaşayır. Bu dönəm "Quru meyvələri toplamaq”- sivilizasiyanın zərif payızı üçün xüsusilə faydalıdır. Belə mərhələyə bariz nümunə Qərb dünyasının XVIII-XX əsrlər dövrüdür. Sonda konvolyusiya (toqquşma) mərhələsində isə passionarlıq kəskin aşağı düşür və etnosun ağrılı çöküşü baş verir. Buna nümunə olaraq XIV-XV əsrlərdə monqolları göstərmək olar.
Əlavə olaraq vacib bir məsələni də qeyd edim ki, Qumilyova görə, toplumlar- xalqlar 3 kateqoriyaya ayrılır:
1. Passionar;
2. Harmoniyalı;
3. Subpassionar xalqlar.
Passionar xalqlar üstün gücə (kosmik enerjiyə) malikdir. Bu gücün əxlaqi dəyərlərə, ideologiyaya, hətta istedada belə aidiyyatı yoxdur, yalnız passionarlıq hakimiyyətinin dərəcələnməsi var. İstənilən halda passionarlıq hərəkatları özünüqoruma bioloji instinkti ilə əsaslandırılır. Passionar insan hərbçi, siyasətçi, incəsənət və elm xadimi, terrorçu ola bilər. Sadəcə olaraq belə fərdlər peşəsindən asılı olmayaraq uduzan olurlar.
Harmoniyalı şəxsin və xalqın passionarlığı və bioloji instinkti bir-biri ilə əks-balans təşkil edir. Belə fərd (əgər yetərincə istedadı və təhsili varsa) yaxşı şərtlərdə əla aktyor, bəstəkar və s. ola bilər. Belə şəxslər adətən az yaradıcı, lakin daha çox gəlirli olurlar və hər bir məsələ ilə maraqlanırlar.
Subpassionar insanlar faydalı işlər üçün bacarıqlı deyil. Bioloji nəbzlər- ilkin reaksiyalar belələrində daha çoxdur və digər xüsusiyyətlərini üstələyir. Tipik subpassionar insanlar- sərsərilər, muzdlu döyüşçülər və fahişələrdir. Subpassionar toplumlarda da belə xarakter hakimdir. Buna baxmayaraq bəzən bu tip insanların digər sahələrdə də istedadı ola bilər.
Qumilyov, etnos və super-etnos (sivilizasiya) tarixinin nümunələrini müqayisə edərək nəticə çıxarır. Qərb dünyasının timsalında o, bunu belə göstərir: Eramızın IX əsrində passionarlıq dalğası Fransa və Almaniyada baş vermişdir. Bunu həmin dövrdəki "feodal inqilabı” ilə səciyyələndirir. Yüzilliklər boyu geriləmələrdən və barbar krallıqlarından sonra yeni, cəngavər Avropa doğulur. Passionarlığın oyanış mərhələsində Avropa özünü vikinqlərin, ərəblərin və macarların hücumlarından qoruyaraq, Roma stili və Qotik kilsələrlə əhatə olunur və "artıq” (əlavə) enerji Xaç yürüşləri ilə kənara çıxır. İnkişaf mərhələsində biz Müqəddəs Roma imperiyasının, Yüzillik müharibənin və kralların lordlara qarşı savaşını görürük. Böhran mərhələsi reformasiyanın başlanması, dini savaşlar, otuzillik müharibə, üsyan və inqilablar, cinayətlərin artması ilə yadda qalır. Durğunluq mərhələsində Avropanın etno-mədəni parçalanması sürətlənir, uğurlu müstəmləkəçi işğallar aparılır. Bu mərhələdə elmin gözlənilməz inkişafı və Qərb cəmiyyətində vəziyyətin yaxşılaşması diqqət çəkir. Bu mərhələ indi də davam edir.
Qədim və orta əsr sivilizasiyalarının yüksəliş və enişini öyrənən tarixçi kimi Qumilyov, nədən müxtəlif sivilizasiyaların tarixin müəyyən dövründə çevik, partlayış xarakterli böyüməsi sualına cavab axtarırdı. O, buna səbəb olan impulsu tapmaq istəyirdi. Bu məqsədlə o, "passionarlıq" terminini izahedici konsepsiya kimi təklif etdi. Passionarlıq, etnik qrupun daxilindəki hakimiyyət əzmi kimi bu qrupun etnik kimliyinin və varlığının sıxlığının ölçüsüdür. Passionarlığın üzə çıxması XII-XIII əsrlərdə Monqol çöllərindəki tayfaları tamamilə gözlənilməz sonuclara gətirdi. Amorf, dağılmış və köçəri monqol tayfaları bir etnosda birləşməyi bacardı, güclü ordu yaratdı və növbəti onilliklər ərzində şərqdə Yaponiyadan qərbdə Adriatik dənizinə kimi əraziləri ələ keçirdi. Qumilyova görə, onların dayanmadan bütün istiqamətlərə genişlənmək istəyi heç bir rasional və praqmatik səbəblə izah edilə bilməz, yalnız şüuraltı passionarlığın hərəkətinə aid edilə bilər. Yuxarıda da göstərdiyim kimi, passionarlıq həm etnik qruplara (qədim türklər, monqollar), həm də fərdlərə (Əmir Teymur, Şah İsmayıl Xətai) aiddir.
Altay Kərimli etatist.com
Комментариев нет:
Отправить комментарий