07.12.2016

Eldar Mahmudov Namiq Abbasovla niyə düşmənçilik edib?

Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov ləğv edilmiş MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşma tərəfindən oğurlanıb və aylarla məruz qaldığı işgənc nəticəsində ölüb. Bu sensasion məlumatı hazırda Avropada mühacirətdə olan keçmiş MTN zabiti Ramin Nağıyev contact.az saytına açıqlamasında deyib.
Ramin Nağıyevin bildirdiyinə görə, 2004-2010-cu illər ərzində Azərbaycanda çoxlu sayda biznesmen, imkanlı adamlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət məmurları MTN rəhbərliyinə yaxın qruplaşma tərəfindən oğurlanıb. Onların azadlığa buraxılması üçün böyük məbləğdə pul tələb ediblər. Konkret məbləğ alınandan sonra oğurlananlar buraxılıb. Keçmiş MTN zabiti deyib ki, oğurlanan şəxslərdən bir çoxu məruz qaldıqları işgəncələr nəticəsində şikəst geri qaytarılıblar.
“Oğurlananlardan 20-yə yaxınının adları o dövrün mətbuatında dərc edilib. Onların arasında keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov da var idi. Lakin bu barədə indiyədək heç kim danışmayıb. Oğurlanandan sonra 6 ay ərzində Rafaeli zirzəmidə saxlayıb işgəncə veriblər. Nəticədə onun ayağında qanqrena yaranıb. Azad olunandan sonra göstərilən tibbi müdaxiləyə və aşağı ətraflarının kəsilməsinə baxmayaraq Rafael Abbasov bir müddət sonra vəfat etdi”- Ramin Nağıyev bildirib.
Keçmiş MTN zabiti deyib ki, oğurlananların bir qismi indiyədək qorxularından başlarına gələnləri danışmağa cəsarət etmir. O cümlədən bir vaxtların qüdrətli milli təhlükəsizlik naziri Namiq Abbasov da qorxusundan susur...
Virtualaz.org saytı isə iddia edir ki, Rafael Abbasov 2000-ci illərin ortalarında tikinti biznesi ilə məşğul olub, Bakının Yasamal rayonunda, “Qanlıgöl”ün ətrafında çoxsaylı yeni yaşayış binaları inşa edib. “Onun oğurlanması və aldığı işgəncələr nəticəsində ayaqlarının kəsilməsi, daha sonra vəfat etməsi barədə indiyədək heç vaxt mətbuatda yazılmamışdı. Bu faktı açıqlayan Ramin Nağıyev özü Namiq Abbasova yaxın kadr hesab edilirdi” deyə, xəbərdə bildirilir. Qeyd edək  ki, uzun illərdir Fransada siyasi mühacir həyatı yaşayan MTN-in keçmiş zabiti bundan əvvəl də  qalmaqallı iddiaları ilə yadda qalıb.
“Qardaşım Rafael Abbasovun Eldar Mahmudovun bandası tərəfindən oğurlanaraq işgəncələrə məruz qalması barədə yayılan xəbərlər cəfəngiyyatdır. O vaxtlar “Montin” tərəflərdə bir evimiz vardı. Orada yaşayırdıq. Qardaşım Rafael Abbasov bir dəfə ya tramvaya minəndə, ya da düşəndə -dəqiq yadımda deyil- ayağından zədə almışdı. Həmin vaxt həkimə də aparmışdıq. Bu hadisədən sonra Rafael Abbasov düz 11 il yaşayıb. 2005-ci ildə 51 yaşında vəfat edib. Vəfat edəndə də elə ciddi xəstəliyi olmayıb”. Bu sözləri keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov modern.az saytına açıqlamasında deyib.
Keçmiş nazir deyib ki, bu iddianı irəli sürən Ramin Nağıyev də o zamankı MTN-də olan çoxsaylı əməkdaşlardan biri olub. “Onu da tanımışam. Amma bu cür həqiqəti əks etdirməyən informasiyaların hansı səbəbə görə yayılması çox maraqlıdır. Həmçinin, qardaşımın tikinti biznesi ilə məşğul olması, “Qanlıgöl”ün ətrafında çoxsaylı binalar inşa etməsi də yalandır. Ola bilsin ki, bu cür xəbərlərin ildırım sürətilə mətbuatda yayılması bir təxribatdır”- Namiq Abbasov bildirib.
Namiq Abbasov 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1979-cu ildə SSRİ DTK-nın Ali Məktəbini bitirib, şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR DTK sədrinin müavini kimi vəzifələrdə işləyib. 1992-ci ildə Azərbaycan milli təhlükəsizlik nazirinin müavini təyin edilib. Daha sonra nazirin birinci müavini vəzifəsinə irəli çəkilib. Heydər Əliyev 1995-ci ildə N.Abbasovu Nəriman İmranovun yerinə nazir təyin edib. N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistandakı səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxıb.
N.Abbasovla Eldar Mahmudovun münasibətləri haqda birmənalı danışmaq mümkün deyil. Çünki onların ranqları çox fərqli olub. N.Abbasov qüdrətli və nüfuzlu bir quruma birinci müavin təyin ediləndə (1992) E.Mahmudov DİN-in Narkotiklərlə Mübarizə İdarəsində rəis müavini işləyirdi, Bakı Dövlət Universitetində isə qiyabi hüquq təhsili alırdı. Üstəlik, N.Abbasov vəzifəsindən çıxarılsa da, o yenə dövlət görəvlisi, diplomat idi.
N.Abbasov MTN-də baş verən hadisələr üzə çıxdıqdan sonra bu məsələyə çox ehtiyatlı münasibəti ilə yadda qalıb. "Milli Təhlükəsizlik Nazirliyində baş verən bu hadisələrlə bağlı çıxış etməyim məsləhət deyil. Məhz ona görə ki, mən MTN-dən getdim, o, (Eldar Mahmudov-red.) gəldi. Sonra bu qədər hadisələr oldu. Mənim danışmağım oradan getdiyim üçün incimiş adamın çıxışı kimi anlaşılacaq. Bu barədə danışmağı lazım bilmirəm. Müsbət də nəsə deyə bilmərəm. Bu barədə mən yox, kənar adamlar danışsa, doğru olar. Hadisələr sovuşana, tamam sakitləşənə qədər qəti surətdə çıxış etməyəcəm. Bax o zaman nəsə bir rəy bildirə bilərəm”- deyə, o bildirib.
MTN ləğv edildikdən sonra isə N.Abbasov yenə də qısa danışmışdı: “Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsi dövlət başçısının qərarıdır. Bu qərara hörmətlə yanaşıram. Bu sahədə yeni addımlar atılır. Hələ yol gedilir. Bir ilə, iki ilə, üç ilə bilinəcək ki, hər şey yerində olubmu?! Ona görə də zamanı gözləmək lazımdır. Başqa rəy bildirməyə lüzum görmürəm”.
N.Abbasovun hazırda harada olduğuna gəlincə, məlumtlara görə, səfir vəzifəsini tərk edəndən sonra o əsasən Bakıdakı bağ evində qalır. /musavat.com/

Комментариев нет:

Отправить комментарий