Dərbənd səfərimiz çərçivəsində yerli əhalinin yaşam tərzi, sosial durumu ilə də maraqlandıq. Narınqala ətrafında, İçərişəhəri xatırladan qala divarları arasında əsasən azərbaycanlılar yaşayır. Bu yerlərdə digər xalqların nümayəndələri də az deyil.
Burada rus aksentinin dominantlıq etdiyi Bakı ləhcəsindəki danışığı hər addımbaşı eşidə bilərsən. Bu yerlərdə “Çaynaya” adlanan çayxanalarda nərd oynayanların əksəriyyəti də elə azərbaycanlılardır. İran sobalarının hesabına qızdırılan çayxanaların demək olar ki, hamısında internet var, Wi-Fi quraşdırılıb. İnternetin sürəti Azərbaycanda olandan fərqlənmir. Çayxanalarda yaşlı nəslin nümayəndələri ilə yanaşı gənclər də az deyil.
Nərdtaxta üzərində taqqıldayan zərlərə gözlərini zilləyən, ara-sıra “şeş-beş” “çahari pənc” nidalarını uca səslə dilə gətirən yaşlılardan eşitdik, cavanlar isə gözlərini əllərindəki telefonlara zilləyib səssiz-səmirsiz “dünya torunda” qurdalanırlar. Ümumiyyətlə, buraların insanları Azərbaycana çox bağlıdırlar. Telefonlarına gələn zənglər üçün Azərbaycan musiqi parçalarını qeyd ediblər. Danışdırırsan, görürsən ki, adamlar təpədən-dırnağacan azərbaycanlıdırlar, amma 200 ilə yaxın Rusiyanın tərkibində yaşamaları dünya görüşlərində öz izlərini qoyub. Rusiyanın soyuq iqlimi xasiyyətlərinə hopub. Şimal qonşumuzun Cənub Federal Dairəsinə daxil olan Dərbənd ən müxtəlif xalqların mədəniyyətinin çuğlaşdığı, qaynayıb-qarışdığı məkandır.
Dərbənd azərbaycanlıları Dağıstan Respublikasının ictimai-siyasi həyatında da özünəməxsus yer tutur. Ötən illər ərzində respublika ərazisində həyata keçirilən islahatların gerçəkləşdirilməsində də həmyerlilərimiz fəal olublar. İslahatlar ləng də olsa, aparılır. Yerli şərtlər azərbaycanlılara imkan verir ki, sosial-maddi cəhətdən özlərinin dolanışığını təmin etsinlər. Əlbəttə ki, işgüzarlıq, iş bacarmaq qabiliyyətləri də burada az rol oynamır. Bu gün Dərbənddə dövlət büdcəsindən maliyyələşən Azərbaycan dilli “Respublika” qəzeti dərc olunur. Oxucuları az olmayan mətbu orqan azərbaycandillidir, amma rus əlifbası ilə çıxır. Bəli, qəzetin özəlliyi ondadır ki, Azərbaycan dilindədir, kiril əlifbası ilə dərc olunur.
Məktəblərdə Azərbaycan dili tədris edilsə də, dərs vəsaitləri çatışmır. Azərbaycandan göndərilən kitablar da illərdir ki, Rusiya sərhədində ilişib qalıb. Məsələ Azərbaycan Təhsil Nazirliyi ilə Rusiya Təhsil Nazirliyi arasında həll edilməlidir, amma 4 ildir ki, bu iş müşkülə çevrilib. Kitablar sərhəddəki gömrük anbarında olduğundan azərbaycanlı uşaqlar kitabsız qalıblar. Bir nəsil beləcə ibtidai təhsilini başa vurub.
Ümumilikdə Dərbənd məktəbləri təmirlidir, kəndlərdə uşaq bağçaları var. Məktəblərdə istilik sisteminə xüsusi diqqət yetirilir, şagirdlərə gündə 1 dəfə pulsuz olaraq isti yemək verilir. İllər öncə Rusiyada təhsil sahəsində tətbiq edilməyə başlayan Vahid Dövlət İmtahanı (VDİ) məktəbləri bitirən azərbaycanlı şagirdlərin də işinə yarayıb. VDİ ümumilikdə 2001-ci ildən tətbiq olunmağa başlasa da, 2009-cu ilə qədər universitetlərə qəbul üçün əlavə imtahanlar da verilib. 7 ildir ki, Rusiyada şagird məktəbi bitirəndə verdiyi imtahan həm də onun universitetə qəbul imtahanıdır. Fənlər üzrə topladığı ballara uyğun universiteti seçir və həmin universitetin tələbəsi olur. Dərbənddəki həmyerlilərimiz deyir ki, VDİ-nin tətbiqindən sonra “təhsil mafiyası” işsiz qalıb, bu sahədə rüşvət və korrupsiya aradan qalxıb. Övladları sərbəst şəkildə imtahan verib universitetləri qazana bilirlər. Əgər əvvəllər məktəbi bitirən 20 şagirddən 5-i tələbə adını qazana bilirdisə, bu gün bu rəqəm 15-18 nəfərə qədər yüksəlib. Dərbənd məktəblərinin azərbaycanlı şagirdləri də Moskvadakı məşhur ali məktəblərdə təhsil ala bilirlər.
Müəllimlərin maaşları ilə də maraqlandıq. Öyrəndik ki, müəllimlər dərs saatlarından asılı olaraq 7-15 min rubl əmək haqqı alırlar. Təqaüdçülərə verilən məbləğ 15 min rubldan başlayıb 20 minə qədər ola bilər. Rusiyada həkimlər 18-20 min rubl, dövlət qulluqçuları ranqından asılı olaraq 25-50 min rubl, polis əməkdaşları da uyğun olaraq 80-120 min rubl məvacib alırlar. Təqaüdçülərə, əlillərə qaz-işıq haqlarının ödənişində güzəştlər var. Qazın 1 kubu 5 rubl, işığın 1 kilovat saatı 2 rubl 50 qəpikdir. Çörək 15, ət 300, yağ 350-450 rubladır.
Dərbənd küçələrində Rusiyanın “VAZ” şirkətinin istehsalı olan ən son model maşınlar çoxluqdadır. Odur ki, dərbəndli tanış-bilişindən kimsə xarici maşın, ev alıbsa bunu ailəsində doğulan körpənin ruzisi hesab edə bilərsən. Hər halda dərbəndli dostlar belə deyirlər. Dövlət hər yeni doğulan uşağa görə ailəyə “Materinskiy kapital” adlanan birdəfəlik yardım verir. Bu məbləğ yerli şərtlərə görə az deyil- 540 min rubl. Manata çevirsək 18 min manat, dollara çevirsək 9 min dollar. Bu məbləği alıb maşın və ya ev alırlar.
Vaxtilə Dərbənd bazarlarında növbənöv nərə cinsli balıqlar satılırdısa, bu gün artıq nərəkimilərin satışı dayandırılıb. Ovuna da qadağa var. Odur ki, Dərbənd bazarlarında Xəzərin ləzzətli təamları qəhətə çıxıb. Müqayisə üçün qeyd edək ki, manatın kəskin devalvasiyasına qədər Dərbənd bazarlarında nərənin 1 kiloqramı 3 manatdan baha deyildi. Həmin günlərdə Bakı bazarlarında isə bu qiymətli balıq növünün kiloqramı 30-40 manata satılırdı. Dərbənddə nərə indi “kontrabanda”dır, piştaxta altından kilosunu 15 manata ala bilərsən.
Dərbənd bazarları qarşısında dilənçilər də az deyil. Nə işdirsə, hamı da onları azərbaycanlı bilir.
Elə oradaca araşdırıb öyrənirik ki, dilənçi dəstələri Dərbəndə Azərbaycandan, əsasən Yevlaxdan gəlirlər. Burada ev tutub qalır, dilənməklə pul yığıb yaşayırlar. Ayda 1 dəfə sərhədi keçib yenidən geri qayıdırlar.
Dərbənddə olduğumuz günlərdə manatın rus rubluna münasibətdə rəsmi kursu ilə faktiki kursunu da öyrənmək qərarına gəldik. Burada hər addımbaşı mübadilə məntəqələri yoxdur. Heç olmayıb da, deyəsən. Cibinizdəki pul dollar və ya manat şəklindədirsə və rubla dəyişmək istəyirsinizsə, bunun üçün ən yaxşı yer bazarların qarşısıdır. Və ya sərhədi keçənə qədər pulunuzu rubla dəyişməkdir. Dəllallar da əsasən azərbaycanlılar və ləzgilərdir. Dərbəndlilər rus puluna “rüblə” deyərlər. Elə qarşımıza çıxan dəllallar da istisna olmadılar. Öyrəndik ki, rəsmi məzənnəyə görə 1 manat 36 rubldursa, dəllallar 34 rubl olmaqla dəyişirlər. Dollar mübadiləsi zamanı da təxminən eyni qaydalar işləkdir. 1 manat 34 rubl, 1 dollar 64 rubl hesabı ilə mübadilə edilir. Rəsmi kursla dəyişən yoxdur, axtarma, tapmayacaqsan...
Həmyerlilərimizin Azərbaycandan gözləntilərini, istəklərini və giley-güzarlarını da yazaq.
Azərbaycanı varlı ölkə hesab etdiklərindən Dərbənddə ölkəmizin kapitalı hesabına müxtəlif zavodların, fabriklərin açılmasını istəyirlər. Azərbaycandakı reallıqlardan əksərən bixəbər olduqlarından paytaxt Bakı, yeni tikililər, bahalı maşınlar haqda ağızdolusu danışırlar. Dərbənddəki mədəniyyət ocaqlarının təmirinə ayrılan vəsaitlərin artırılmasını, Nizami Gəncəvinin adını daşıyan parkın təmir edilməsini də çox istəyirlər.
Azərbaycan haqda əsasən telekanallarımız vasitəsilə məlumat aldıqlarından şou-biznes əhlini də adbaad tanıyır, ifalarına böyük diqqətlə qulaq asırlar. Dekabrın 25-də Dərbənddə Niyaməddin Musayevin konserti olacaq. Bəri başdan deyək ki, həmin konsertin xərci artıqlaması ilə ödənilib. Çünki dərbəndlilərin Azərbaycan müğənnilərinin ifalarına diqqəti hədsizdir. Konsertə bilet almaq üstündə hətta dava da düşə bilər. Hətta Azərbaycanda elə də tanınmayan müğənnilərin ifalarını da dərbəndlilər böyük maraqla dinləyirlər. Həmyerlilərimiz bayramlar, xüsusən Novruz bayramı ərəfəsində azərbaycanlı müğənnilərin Dərbənddə konsert proqramı ilə çıxış etmələrini istəyirlər.
Giley-güzar əsasən sərhəd-gömrük-keçid məntəqələrində tətbiq olunan qaydalar, saatlarla növbələrdə dayanmaqla bağlıdır. Rus nömrə nişanlı avtomobillərlə Azərbaycan ərazisinə keçmək üçün maşının markasından asılı olaraq bir neçə min dollara bərabər məbləği girov qoymaq lazım gəlir. Bu da hər kəsin cibinə uyğun deyil. Odur ki, gediş-gəliş xeyli çətinləşib. Rusiya pasportu daşıyan azərbaycanlı öz maşını ilə tarixi vətəninə gələ bilmir. Bu da gediş-gəliş xərclərini bahalaşdırır. Sərhədçilərin, gömrükçülərin iş metodları da dözülməz həddədir. Bu, həm Azərbaycan, həm də Rusiya tərəfində belədir. Naz-qəmzə, etinasızlıq, saymazyana münasibət var bu sahələrin qulluqçularında. Sanki bu adamları zorla iş yerlərinə sürgün ediblər. Digər tərəfdən də qulluq mövqelərinin verdiyi səlahiyyətlərdən sərhəd aşanları tapdamaq üçün eninə-uzuna istifadə etməkdən də ləzzət alan var aralarında. Bu da haqlı narazılıqların yaranmasına gətirib çıxarır. Normalda 4-5 dəqiqəyə aşılmalı sərhədi keçmək üçün azı 2 saat gözləmək lazım gəlir. Bu biabırçılığa nə vaxt son qoyulacağı da bilinmir.
musavat.com
Комментариев нет:
Отправить комментарий