Gündüzün ömürü quruba qədər.
gecənin ömrü də bitməmiş qalır.
yarımçıq qalıbdı
neçə şeirlər,
nəğmələr...
Babam da yarımçıq ömür yaşadı,
atamı nəvə-nəticəli,
məni oğul-uşaqlı görmək istədi...
ürəyində nə qədər arzu daşıdı!..
birini gördü, birinisə yox.
Arzuladıqlarından başqa
heç nə yadına düşmürdü.
birini görüb birini görməsə də,
gözü tox idi, gözü tox.
dərd çəkirdi, filankəs, filakəs... nə yaşadı ki?-
bütün ömrü boyu dərd daşıdı ki...
Babam da yarımçıq ömür yaşadı,
papirosların ən ucuzunu çəkdi,
çox vaxt atamın nimdaş paltarını geyindi.
bu nimdaş paltarlarda
dünyanın ən xoşbəxti idi...
özü də deyirdi.
Qohum-qonşu dərdindən də uzaq ola bilmədi
ölumun qaçılmaqzlığı kimi.
ömrü-günü belə idi,
əlindəki tikəsini də bölə bilirdi.
...Əllərim uzun olmadı,
ona hər şeyin yaxşısını,
təzəsini ala bilmədim.
...Elə bil hər şey yuxuydu...
babamın yarımçıq ömrü
arzumu ürəyimdə qoydu.
babamsız bacım, qardaşım
yaşa doldular.
babamsız baba oldum,
babamsız böyüdü nəvələrim,
babamsız məktəbli oldular...
Yaddaşımdan slinmir ki, silinmir;
çiynində çox yük daşıdı
düz yüz il ömür sürsə də,
babam da yarımçıq ömür yaşadı...
SONU ÇATIR BİR DASTANIN, NƏ YAZAQ
Kim deyirdi mənzil uzaq, yol uzaq?
Sonu çatır bir dastanın, nə yazaq?..
Heç bilməzdim ömrü gün-gün uduzaq,
Qayalara yoldaş imiş bir il də.
Çox aradım bir gümanı mən nahaq,
Uzaq düşdü əvəzində məndən haqq?!
Gecəsindən çıxmaq olmur üzüağ,
Günü, ayı dağ-daş imiş bir il də.
Bir mətləbə qaldısa da bir addım...
Bəxtə düşən yazı bilib yaşadım.
Gecəsini, gündüzünü sınadım,
Çovğun-boran, qar-qış imiş bir il də.
Günlərimi bir-bir içib bir yuxu,
Yaddaşıma gün-gün köçüb bir yuxu,
Bu ömürdən gün-gün keçib bir yuxu...
Uzaq düşən bir yuxuymuş bir il də.
Uca Tanrım, boş qalmadı əlim də,
Zeynəb - Zəhram yapışıbdı əlimdən;
Baba, düşsün giley-güzar dilindən!..
Necə deyim qəlbidaşmış bir il də?
BU KƏNDİN ADAMI BELƏ DEYİLDI
Bu kəndin adamı belə deyildi, -
Ayırmaq çətindi ağı qaradan.
Əyildi dümbədüz yollar, əyildi,
Beləmi yazmışdı bizi yaradan.
Hanı o xoş günlər, o muştuluqçu?
Uyuyur uzaqda Gülüstan xala.
Hanı Dərgah kişi, kəhər atını
Çapa kənd yolunda, çapa dördnala.
Ağamalı dayı görünə gözə,
Yandıra siqaret əllərimizi...
Bu kəndin böyüyü, kiçiyi kimdi?
Qarışıq salmışıq öz yerimizi.
Yerişi, duruşu nəsihət idi
Mənim Bəbir babam, Balabəy dayım.
Böldülər, böldülər el-oba ilə
Ömür günlərinə yazılan payı.
Bəlkə hamı bilmir babalarımız
Nəcəfqulu bəydi, mərd Alıbəydi?..
Çətinə düşəntək baxıb görürsən
Nökər oğlu nökər, bəy oğlu bəydi.
Bizi imtahana çəkdi bu dünya,
Gör dərdi çəkən kim, sevinc tapan kim.
Torpağın altında yatır ərənlər,
Üstündə atını indi çapan kim.
Anam bişirdiyi isti çörəyin
Beşi bizim idi, beşi qonşunun.
Kim saldı görəsən çəpəri dəbə,
Itdi şirinliyi kişi qonşunun.
Bu kəndin səsini duya bilməyən
Bu elə hay-harayda varı axtarır.
Sel yuyub aparıb əkilənləri,
Yatan yuxusunda barı axtarır.
Bulud arxasınca bulud gətirir,
Açılmaz görünür gecəsi belə.
Sağında, solunda tikan bitirir
O doğma cığırı, küçəsi belə.
DÜNYAYLA SÖHBƏTİMDƏN
Dünya, düz söyləyim mən,
Deyirdilər şirinsən...
Nə çoxmuş umub-küsən,
Daş olub - daşa dönən
Ürəyini qınadıq.
Körpülər kəsən də biz,
Yolda zülmət, çən də biz,
Günah gördük səndə biz,
Küləyini... qınadıq.
Dərdin var qaçılmayan,
Çox oldu ulduz sayan.
Səhəri açılmayan
Hər gününü qınadıq.
Yol göstər, tapım güman,
Torpağı yudu leysan,
Baharda açılmayan
Çiçəyini qınadıq.
Ömür-gün qoymuşuq biz,
«Şirin»dən doymuşuq biz.
Yüz ağrı duymuşuq biz,
Köynəyini qınadıq.
Gördük ki, qışlı yoldu,
Mərd yolu daşlı yoldu...
Namərdə yaxın oldu,
Çörəyini qınadıq.
Arzuya yol, yön nədi?
Yollar bizə dönmədi.
Yaxşı, pis ələnmədi,
Ələyini qınadıq.
Комментариев нет:
Отправить комментарий