Azərbaycanda uzun müddət -deyilənə görə, 22 il- həbsxanada yatan və bu günlərdə azadlığa buraxılan, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifovun ətrafındakı adamlarına və qohumlarına da, necə deyərlər, həyat asan keçməyib. 1994-cü ildə həbs edilən Lotu Qulinin mühakimə olunduğu ilk qohumu- qardaşı Müşfiq olub. 2005-ci ildə həbsə alınan Müşfiq Səlifov Lotu Quli ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri qarşısında dayanıb. Müşfiqin həbsi cəza müddətinin başa çatmasına az qalmış Lotu Qulinin həbs müddətini uzatmağa yonəlmişdi. Beləliklə, Lotu Quli və qardaşı 2006-ci ildə məhkum olunublar.
Həmin istintaq materiallarına əsasən, 2001-ci ilin mayında Nadir Səlifov ona kartda 280 min manat uduzmuş bir məhbusun şərəf və ləyaqətini təhqir edib. Guya Nadir Səlifov mobil telefonla uduzan şəxsin həyat yoldaşına zəng edərək ərini öldürməklə hədələyib və qadından həbsxanaya gəlməyi tələb edib. İddia olunur ki, qeyri-qanuni yolla qadını içəri keçirən Səlifov onu orada dəfələrlə zorlayıb. Rəsmi sənədlərə görə, Lotu Quli 6 və 16 saylı cəza müəssisəsində, həmçinin Qobustan qapalı tipli həbsxanasında saxlanarkən qardaşı Müşfiqin köməyi ilə ora, adları istintaq məlum olan 8 qadının gətirilməsinə nail olub. Müəssisələrin vəzifəli şəxsləri tərəfindən onun üçün ayrılmış xüsusi otaqlarda Nadir Səlifovun qadınları zorladığı və hətta bu işə digər məhbusları cəlb etdiyi də qeyd olunur.
2006-cı idə məhkəmənin hökmü ilə Müşfiq Səlifov 12 il cəza alıb, daha sonra Apelyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib. 2007-ci ildə Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Səlifov Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Təhsil Nazirliyi və Bakı Dövlət Universitetini məhkəməyə verib. İddiada Müşfiq Səlifov pozulmuş təhsil hüquqlarının bərpasını xahiş edib. Həbs olunarkən BDU-nun hüquq fakültəsinin 4-cü kursunda təhsil alan Müşfiq Səlifovun təhsilini davam etdirməsi üçün şərait yaradılmayıb.
Lotu Quli həbsxanada cəza çəkdiyi müddətdə onun yaxın qohumlarından biri- bibisi oğlu Ərşad Qəhrəmanov da mühakimə olunub. O Azərbaycan həbsxanalarından birində cəza çəkdiyi müddətdə Lotu Qulidən sifariş almaqda, məhkumları ayağa qaldırmaqda suçlu bilinib.
Mühakimə olunanlar arasında Lotu Qulinin kirvəsi Məhəbbət Namazov da var. O, 2016-cı il noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən “Makarov” tipli tapança və külli miqdarda narkotik aşkar olunub. Məhəbbət Namazovun işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Lotu Qulinin yeznəsi Vidadi Hüseynov ötən illər ərzində Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Narkotik ittihamında həbs olunan Vidadi Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun cəzası 30 aprel 2016-cı ildən hesablanıb. 1 saylı istintaq təcridxanasında saxlanılan Vidadi Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmə qərar qəbul edib. Qərara görə, o, cəzasının çəkilməmiş hissəsindən azad edilib və saxlandığı istintaq təcridxanasından sərbəst buraxılıb. Vidadi Hüseynov ona təyin edilmiş 1 il 6 ay həbs cəzasının çəkilməmiş 3 ayını azadlıqda çəkməli olacaq. Xatırladaq ki, 2015-ci ildə Səbail rayonunda “Bulaq” restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. O zaman Vidadi Hüseynov və kriminal aləmə yaxın olan bir sıra digər şəxslər saxlanılmışdı. “Bulaq” restoranındakı hadisəyə görə Lotu Qulinin daha 9 tərəfdarı içəri atılıb. Həbs olunanlarla kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında silahlı insident baş verib. İnsident zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, Süleyman Abdullayev isə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub. “Bulaq” restoranında baş vermiş münaqişə zamanı “Makarov” markalı tapançadan atəş açaraq Fuad Əkbərov və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Allahyarov Qazax rayonu ərazisində tutulub. İlkin ehtimala görə, kriminal aləmin avtoritetlərinin tərəfdarları arasında mübahisə yaranıb və sonda cinayət hadisəsi baş verib. Qanlı cinayət hadisəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Sabunçu və digər rayonlarında xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı kriminal aləmə yaxınlığı ilə seçilən 42 nəfər həbs edilib. Həbs olunanlar arasında Lotu Qulinin tərəfdarları- “Pepi”’ ləqəbi ilə tanınan Pərviz və “Qusik” kimi məhşur olan Hüseynin də adı keçir. Lotu Qulinin həbs olunan adamlarına liderliyi Namiq İbayev edib. Əməliyyat zamanı Namiq İbayev də həbs olunub.
2015-ci ilin yanvarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Lotu Qulinin tərəfdarlarının həbs edilməsi üçün əməliyyat keçirib. Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunublar, Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla “qanunsuz araşdırmalar” aparıblar. Onlar özlərini cinayətkar aləmin “nüfuzlu şəxsləri” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz pul yığılmasını və kriminal aləmin “kassa”sına ötürülməsini təşkil ediblər. Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, Ceyhun Baxışovdan “Makarov” tipli tapança, Etibar Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası da aşkar edilərək götürülüb. Məhkəmənin hökmü ilə Etibar Baxışzadə və Ceyhun Baxışovun hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.
Lotu Quli və Rövşən Lənkəransiya görə bu illər ərzində ən böyük dava Zaqatala və Balakən rayonlarında baş verib. Lotu Quliyə yaxınlığı ilə seçilən Samir Osmanov, Vüqar Layıcov, Sabir Osmanov, Pərviz Qarayev və Röyal Saramanov Rövşən Lənkəranskinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. Rövşənin tərəfdarları Vüqar Rəcəbov, Vasif Cəfərov, Kamil Hüşənov, Vüsal Əliqayev və Raqib Bədəlov isə məsələni aydınlaşdırmağa gəliblər. Nəticədə Vüqar Rəcəbov, Vasif Cəfərov, Kamil Hüşənov öldürülüb, Vüsal Əliqayev və Raqib Bədəlova isə xəsarət yetirilib. Məlum olub ki, Samir Osmanov Rövşən Lənkəranskini kriminal avtoritet kimi tanımadığını bildirib. O, həmçinin Lənkəranskinin ünvanına nalayiq söyüşlər söyüb, təhqiramiz ifadələr işlədib. Rövşən Lənkəranskinin tərəfini saxlayan Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərov silahlı qrup halında bu hərəkətinə görə Samir Osmanova qarşı qeyri-qanuni zor hərəkətləri etmək qərarına gəliblər. Onlar bu məqsədilə 23 noyabr 2013-cü il tarixdə Balakən rayonuna yollanıblar. Münasibətdə olduqları həmin rayon sakinləri Vüqar Bodurov, Ruslan Muradov, Aydın Sayılov onları qarşılayıb. Həmin şəxslər də silahlı qrupun tərkibinə cəlb olunublar.
Razılaşdıqları kimi qrup üzvü Vüqar Rəcəbov səhəri gün, yəni noyabrın 24-də, saat 12.00-da Samir Osmanova zəng edib, qardaşı Dibir Osmanovun pul borcu olması bəhanəsi ilə onu çay içməyə çağırıb. Samir Osmanovu aldadaraq Balakən şəhərində yerləşən “Balakən” kafesinə gətirdib. Samir Osmanov kafeyə qardaşı Sabir Osmanov, yaxın münasibətdə olduğu Pərviz və Tural Qarayevlərlə gəlib. Vüqar Rəcəbov kafedəki otaqda istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq əldə edib saxladığı “KP 23142″ saylı ”Makarov” konstruksiyalı odlu döyüş silahı olan tapançanı çıxararaq atəş vəziyyətinə gətirib və Samir Osmanovla təklikdə söhbət edəcəklərini bildirib. Vüqar Rəcəbov Sabir Osmanov, Pərviz və Tural Qarayevlərə fiziki zor tətbiq edəcəkləri ilə qorxudaraq otaqdan çıxmalarını tələb edib. Onlar etiraz etdiklərindən aralarında mübahisə yaranıb. Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərov odlu silah və bıçaqla hücuma keçiblər, Samir Osmanov, Sabir Osmanov, Pərviz Qarayev və Tural Qarayevi döyərək, bədənlərinin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurublar. Qrup üzvü Vasif Cəfərov həmçinin Samir Osmanovun bədəninə kəsici-deşici alət olan bıçaqla zərbə endirib. Sabir Osmanov, Samir Osmanov, Pərviz Qarayev və Tural Qarayev 24 noyabr 2013-cü il tarixdə, saat 12.00-da Balakən şəhərində kafedə döyülmələrini, həmçinin Samir Osmanovun bədəninə xəsarət yetirilməsini şəxsiyyətlərini alçaldan, onları nüfuzdan salan hərəkət kimi qiymətləndiriblər. Bu hərəkətlərinə görə Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərovdan qisas almaq məqsədi ilə onları öldürmək barədə razılığa gəliblər. Sabir Osmanov Pərviz Qarayev və Röyal Saramanova həmin şəxsləri izləməyi, bu barədə Samirə telefonla məlumat verməyi tapşırıb. Bundan sonra Samir Osmanov odlu silah gətirmək üçün Vüqar Layıcovla onun yaşadığı evə gedib. Vüqar Layıcov cəzaçəkmə müəssisəsində olan qardaşı Harun Layıcova məxsus evdə saxladığı “AKS-74 U” avtomatı, 30-dan çox patronu Samirə verib. Onlar Vüqar Layıcovun idarə etdiyi “VAZ 2107″ markalı 90-ML-197 nömrə nişanlı avtomobildə Zaqatala rayonu istiqamətində hərəkət etdikləri vaxt Sabir Osmanov telefonla həmin şəxslərin Zaqatala şəhərində yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanmış Ruslan Muradovun idarə etdiyi ”KİA Sorento” markalı avtomobildə olduqlarını bildirib. Samir Osmanov həmin yerə gəlib. O, özündə olan avtomat silahdan həmin avtomobilə atəş açıb. Lakin avtomobil sürətlə hərəkət etdiyi üçün Rövşən Lənkəranskinin adamlarını öldürmək istəyi yarımçıq qalıb. Bundan sonra Sabir Osmanov, Pərviz Qarayev və Röyal Saramanov Rövşən Lənkəranskinin adamlarının Zaqatala şəhərində yığışdıqları yeri Samir Osmanov və Vüqar Layıcova göstəriblər. Onlar birlikdə avtomobildə əyləşərək yolun kənarında pusquda durub, həmin şəxslərin oradan çıxmalarını gözləyiblər. Saat 16.00-da Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərovun əyləşdiyi, Vüsal Əliqayevin idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil magistral yola çıxaraq Bakı şəhəri istiqamətində hərəkət edib. Bu vaxt Vüqar Layıcov avtomobili həmin maşının arxasınca sürüb və Samir Osmanova avtomat silahdan atəş açaraq həmin şəxsləri öldürməsi üçün əlverişli şərait yaradıb. O, avtomobilin sürətini azaldıb və Rövşən Lənkəranskinin adamlarının olduğu avtomobilə yaxınlaşıb. Avtomobillər yaxın məsafdə bərabər vəziyyətdə hərəkət etdiyi vaxt Samir Osmanov avtomobilin qabaq qapısının şüşəsini açaraq oradan avtomat silahdan həmin avtomobilin salonuna 20-dən çox atəş açıb. Nəticədə avtomobilin salonunda əyləşmiş Vüqar Rəcəbov, Vasif Cəfərov və Kamil Hüşənovu öldürüblər. Hadisə zamanı sürücü Vüsal Əliqayev və Raqib Bədəlovun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Osmanov və Vüqar Layıcov ömürlük, Sabir Osmanov 15 il 4 ay, Pərviz Qarayev 15 il, Röyal Saramanov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sonda onu da qeyd etmək olar ki, bu illər ərzində Lotu Qulinin vəkillərinə də təzyiqlər olub. Vəkili Kamandar Nəsibov 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lotu Quli ilə görüşə gələn zaman üzərinə baxış keçirilib. Baxış zamanı ondan “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilib. Qaradağ rayon Məhkəməsinin hökmü ilə Kamandar Nəsibova cərimə cəzası kəsilib.
teleqraf.com
Комментариев нет:
Отправить комментарий