İlkin Ağalı “Millətim” qəzeti
P.S. Deyilənə görə bir zamanlar qara ləkəyə, qarayara da deyirlərmiş. Qədim zamanlarda bunu sadəcə kəsib atırmışlar.
Və yaxud analoqu olmayan inkişafın analoqsuz problemləri
Necə də inanmışdım bunların şirin dilinə. Səbirsizliklə gözləyirdim ki, analoqsuz inkişafın bir gün yolu bizim məhəlləyə düşəcək. “Analoq” müəllim eynən “lazım” dayı kimi gopçu imiş. Gəlib çıxmadı ki, çıxmadı.
İndi mənə aydın olur, demə “Analoq” müəllim heç viza ala bilməyib, nəinki ölkəmizə yaxın düşüb. Bunu mən demədim, iqtidardakı əmilər ömürlərində bir dəfə səmimi etirafda bulunmaq cəsarəti nümayiş etdirdilər.
Məsələn, Misir müəllim açıq-aşkar bəyan etdi ki, üstlərində qara ləkə var. Ləkə deyəndə Qorbaçovu mütləq xatırlamalı oluram. Düz təpəsinin ortasında xalı var idi ki, xəritədəki Afrikaya bənzəyirdi. Kəndlərimizdə Qorbaçovun xalına bənzəyən xalı olan inəklərə “qaşqa” inək də deyirdilər.
Misir müəllim güzgüsündən çox nigaran qalmışam, görən o boyda kişini kişini niyə “xallı” göstərib. Bu “xalı”da təhsilimizin lideri ürəyinə salıb. Özü də “xalı” həyəcanla qara ləkə adlandırıb. Təhsil hara, qara ləkə hara? Bə, demirdiniz ki, təhsilimiz o “balon”du nədi, ona girib. (indi mənə aydın olur ki, balon deyilmiş, girdiyimiz Bolonya təhsil sistemi imiş. Allah köməyimiz olsun). Balon sözündən bərk qorxmuşdum. Ağlıma gəlmişdi ki, birdən təhsilimiz qaz balonuna girər, Allah eləməsin, onun partdaması yaman olur eyy! Lap elə olsun şüşə balon, girdin içinə, ağzını “zakat” etdilər, vəssəlam!
İndi bütün pedaqoji kollektivlər bərk narahatlıq keçirir. Narahatlığın bir səbəbi də var, görəsən qara ləkə təhsilmizin harasına düşüb?. Suratına və yaxud Qorbaçov kimi təpəsinə düşsəydi, hamı görərdi, heç bu qədər narahatlıq filan olmazdı. İndi, baxın görün nə həngamələr qopacaq. İclaslar, müşavirələr, pedaqoji şuralar keçiriləcək, qızğın müharibələr (mübarizələr yazmaq istəyirdim, xətaya görə şəxsən Misir müəllimdən üzr istəyirəm) gedəcək. Hələ alim Əlövsət Osmanlını demirəm... İndi o kişi deyəcək “ay bədbəxt, mən deyəndə ki, təhsilimizin üzüqaradır, səs-səsə verib (hələ məhkəməyə vermələrini xatırlatmayacaq. Çünki Əlövsət müəllim onların səviyyəsinə enməz) hücum çəkmişdiniz üstümə. (Eynən Əli Kərimlinin evinə təşkil edilən hücum kimi). Mən hörmət xatirinə üzüqara demişdim, indi özünüz etiraf etdiniz ki, təhsilimizdə qara ləkə var”.
Di gəlin, verin görüm, Əlövsət müəllimin cavabını. Bir az qəliz məsələ olsa da, məndə Misir müəllimin hansı ləkədən söhbət açdığına aydınlıq gətirməyə çalışdım. Çox güman ki, Misir müəllim xal əvəzinə çaşıb qara ləkə deyib. (tək Misir müəllim deyil, iqtidar nümayəndələrinin bir çoxu son zamanlar nədənsə çaş-baş vurur).
El arasında bir deyim var: “ürəyimə xal düşüb”. Ola bilsin ki, Misir müəllimin də ürəyinə (Allah eləməsin) nə isə “xal” düşüb. Bəlkə, iqtidar təhsilimizdə yenidən analoqu olmayan “islahat” aparmaq fikrinə düşüb.
Bizə nə var axı, hamı Hacıbala müəllimin “səmərəli”, davamlı iş prinsipindən nümunə götürüb. Əvvəl asfalt çəkirik, sonra qazırıq. İndi də, təhsilimizdə yenidən islahata başlayacağıq. Bu dəfə ola bilər ki, “başdan” başlasın. Yəni, hörmətli Misir müəllimə desinlər ki, “özün etiraf etdin, təhsildə qara ləkə var”. Yazıq müəllimlər nə tapa bilirlər ki, hələ bir üstlərində qara ləkə də tapsınlar. Deməli, qara ləkəni mütləq Misir müəllim üstündə aramaq lazım gələcək. O da elmli insandır, öz işini əvvəldən bilməmiş deyil. Niyə imkan versin ki, ləkəni başqaları axtarsın. Ayıbdır axı! Hələ bir korrupsiyaçılar da işə qarşısın.
Nə isə... Qoyaq Misir müəllim qara ləkəni axtarmağında olsun. Bəlkə tapdı. Atalar yaxşı deyib “axtaran tapar”. Ancaq tapılsa da, gərək həmən kəsib atmasınlar. Allah eləməsin, bədxassəli nə isə olar, metastaz verər, evimiz yıxılar.
Qara ləkə axtarmaq son zamanlara bərk dəbə minib. Demə, hər sahədə qara ləkələr üz qaraltmaqdaymış. Ünvanlı sosial yardım elə getdi, gənclərin problemi başdan aşdı, təqaüdlər azlıq etdi, kənd-qəsəbələrdə qaz, su, kanalizasiya problemləri “dil” açdı. Bir sözlə, o qədər problem varmış ki, gəl həll et görüm, necə edəcəksən. Özü də ölkədə hamı dayanıb gözləyir, yalnız bir adam işləyir. (Burada rus “brat”larımızın bir məsəlini xatırlamalı oluram: “odin pole ne voin”)
Hey düşünürəm, cavab tapmaq da zülm çəkirəm. Niyə də çəkməyim? Uzun illərdir inanmışdım ki, analoqu olmayan inkişafdayıq. İndi aşkar olur ki, problemlər başdan aşır, hətta üstümüzdə qara ləkə var imiş. Günahın ən böyüyü də mətbuat nümayəndələrinin üzərindədir. Bu qədər qara ləkəni neçə görməmək olar axı? (görsək də yazmağa cəsarət gərək, Mətbuat Şurası həmən yazanları qaralayacaq).
Bir çıxış yolu görürəm. Başqa əlacımız yoxdur. Yoxsa, bütün dünyada rüsvay olmaqdan xilas ola bilməyəcəyik. Dəbdə olan üzəduranlıqdan istifadə etməkdən başqa yol görmürəm. İndi elliklə Avropa Şurasının, beynəlxalq təşkilatların üzünə durmalıyıq ki, (bu sahədə Binəqədi Qəsəbə İcra nümayəndəsi, spikerimiz Oqtay Əsədovun sevimli yeznəsi Salam Əskərəlizadənin və onun müavini, “əvəzedilməz” deputat Madər Musayevin bacıoğlusu Kənan Mustafazadənin üzəduranlıq təcrübəsindən yararlanmağa dəyər) suç onlarda, Analoq müəllimə viza verməyiblər, o da ölkəmizə mübarək qədəmini basa bilməyib. Bax belə, problemin həlli yolunu belə taparlar eyy!
Lazım gəlsə “Lazım əmi” probleminə də əncam çəkərəm. Təki, Misir müəllimi birtəhər qara ləkədən xias edə bilək.
Комментариев нет:
Отправить комментарий