24.03.2012

"YarımAdam" romanından 1-ci çıxarış


Rüfət Əhmədzadə


I Fəsil. Bir səhər Abşeronda


Qadınsızlıq sindromu


03:30. Hər oyananda yastığımın altında “gizlətdiyim” telefonuma baxmaq adətimdir. Səhərdir, yoxsa gecə... Deyə bilmərəm. Sadəcə bilirəm ki, həmişəki kimi,  yenə də diksinərək oyandım qəfildən. Özüm oyanmadım. Kimsə oyatdı. Bəlkə də kimsəsizlik...
Yatırdım. Heç də həmişəki kimi narahat yox. Çünki bədənimdə heç bir ağrı da hiss etmirdim. Yəqin yuxum o qədər maraqlı olub ki, həzzimdən oyanmışam. Axı mən.... Nə isə görürdüm... Bir yadıma salım!

Hə, əvvəlki yuxularımı sadalasam-təsvir etsəm qurtarmaz, amma bu dəfə səhrada ağzı sulanan yırtıcı köpək sürüsündən qaçırdım... Hara qaçırdım? Səhrada nə işim vardı? Real həyatdakından fərqli olaraq, daha qətiyyətlə və astmadan təngnəfəs olmadan şığıyırdım uzaqda görünən ilğıma doğru.
Sanki mən arxamca düşən itlərdən deyil, sadəcə ilğıma doğru qaçırdım. Axı, heç qorxu da hiss eləmirdim yuxumda! Hiss etsəydim, yadımda qalardı. Və adətim üzrə, ürək dərmanlarını axtarardım çarpayıya bir metr yaxın olan masamın  üstündə. Dərmanları tapana qədər də, telefonumu, “Wi-Fi” qurğusunu, gecədən qalmış bulaşıq stəkan-nəlbəkini də aşırardım.
Bu yuxumda mənə nə olmuşdu?
Qəribə yuxu idi. Yadıma saldıqca, bu yuxunu necə yaşadığımı xatırlaya bilirdim. Qaçırdım... Qaçarkən də düşünürdüm ki, dayanmamalıyam. Köpəklərsə, arxamca sadəcə ona görə qaçırlar ki, belə də olmalıdır. Həyatdır bu. Sənin qaçmağın üçün, irəlidə səni gözləyən qənimətə çatmağın üçün, mütləq səni kimsə qovmalıdır. Bəs niyə mən qovulmağımın həyacanını hiss etmirdim? Bu yuxu o qədər gerçək idi...
Bəs mən niyə oyandım? Axı, yuxuda gördüklərim elə dəhşətli deyildi! Əksinə, indiyədək, heç həyatda belə heç nəyi adi və soyuqqanlı qarşılamamışdım. Baxayaraq ki, köpəkdən də dəhşətli məxluqlar qovublar məni. Baldırımda güllə ilə qaçmışam... Bu roman, deyəsən, etirafnaməyə dönür yavaş-yavaş. Bu qədər bəsdir... Yox, hələ danışacağım çox şey var. Bir siqaret yandırım...
Harda qalmışdım?... Yuxu həyatdan daha sirlidir. Baxmayaraq ki, çox yuxuların mütləq yozumu var, amma indiyədək, hələ heç bir həyat hadisəsi mütləq dəyərləndirilə bilmir. Mütləq diaqnozlar verilsə belə, yanlış seçim və uğursuz nəticələr daha çox olur. Bəlkə, elə həyata yanaşdığımız kimi, yuxulara da nisbilik fəlsəfəsindən yanaşaq? Dəqiq heç nə deyə bilmərəm. Çünki, cavabımın “mütləq diaqnoz” kimi səslənməsindən qorxuram. Deyəsən, məni “nisbilik xəstəliyi” tutub. Paradokslar içindəyəm, yəqin, ona görə. Və ən əsası, ona görə ki, həyatın ən paradoks və təzadlarla bol olan gənclik dövrünü yaşayıram. Xüsusən də, belə bir cəmiyyətdə.
Bəlkə, mən cəmiyyəti günahlandırmaqla, öz fərdlik iddialarımın əksinə çıxıram? Niyə “mən bacardım, mən qazandım” deməyə gücüm çatır, amma “Mən axmaqlıq etdim” deyə özümü “məhkəməyə çəkmək”, sonda öz vicdanımla “cərimələmək” çətin olur mənə?
Yoxsa, problem elə məndədir? Mənim adından-üzündən bixəbər olduğum, romanımı oxuduqca nə hisslər yaşadığını bilmədiyim oxucum da veribmi bu sualı özü-özünə? Onun problemlərini bilmirəm. Həyatına burun soxmaq fikrində də deyiləm. Amma mən öz həyatımdan da baş götürüb uzaqlaşmaq istəyirəm çox zaman.
İyirmi altı yaşlı bir gəncin dilindən “Həyatdan bezmişəm” sözlərini eşitmək nə qədər gülünc olsa da, bir o qədər realdır. O, boşa çıxan ümidləriylə dəyərləndirir həyatını. Gözləntilərində yanıldığı qədər dərk edir. Bu gəncə nə lazım idi həyatdan?
Yaxşı iş, yaxşı ev, yaxşı sevgili... Bir az da uzağa getsək, etibarlı və həyalı bir həyat yoldaşı. Bəlkə, şirin-şəkər balalar... Əsla!
Bu qədər qəlizləşdirmək lazım deyil məsələni. Məni gerçək həyatımdan küsdürən də, yuxularımı qarışdıran da məhz mənim qadınsızlığımdır. Bəli, mənə qadın lazımdır!
Mən artıq nazlı-qozlu və “güvənsizlik sindromu”ndan əzab çəkən bakirələrlə yox, heç fahişə olmasa da belə, sadəcə həyatında cinsi kişi olan bir varlıq olsun deyə “etibarlı” yataq yoldaşı axtaran qadınlara yad olmuşam. Ya da onlar mənə yad olublar... Ögeyləşiblər.
Mən öz “Mən”imi də itirirəm. Məni əsl “Mən” edəcək birinə ehtiyac var. Yəqin ki, o biri də, hardasa mənə bənzəməyən birini axtarır... Və bir gün kişilərdən əli üzüldüyündə məni görəcək. Əlbəttə ki, mənim vəziyyətimdə qadın məni görməlidir. Mən o qədər çox şey görürəm ki... O qadın gözlərimin qarşısından keçirsə belə... Ya mən onu görmürəm, ya da yaxınlaşmıram. Çünki görüldüyümü hiss etmirəm.
Əlbəttə ki... Həyatında çox qadının olması bir şey deyil. Bu, sənin təcrübəli olduğun mənasını verməz. Əksinə, sən hər ayrıldığın qadında bir kişi kimi həyatının yeni mərhələsinə qədəm qoymaq şansını itirirsən. Fərqi yoxdur, sən atırsan, ya da onlar səni atır. Sən hər dəfə bir səhvinə görə öz xoşbəxtliyinə gecikirsən. Amma sən hələ tam bədbəxt sayılmazsan - əgər səni tərk edən qadın da səni peşmanlıqla xatırlayırsa. Ən azından, xoşbəxtsən ki, sənə qayıtmağa cəsarəti çatmayanlar üçün belə, hansısa bir məna daşıyırsan. Amma yox.. Sən hər nəticədə mənim tayımsan – Kişi olmağa gecikən qadınsız!
Xoşbəxtliklər nisbi ola bilər. Kiminsə uğuru digərinkindən üstün sayıla bilər. Lakin uğursuzluq var uğursuzluq... Hələ dərs almamısan.
Amma özünü həyatdan dərs götürmüş kimi göstərmək lazımdır. Guya, nəsə öyrənmisən, başına gəldikcə “başmaqçı” olmusan. Və qadınları tapıb itirdikcə də, onları daha yaxşı tanıyır və onların haqqında daha çox danışmaq imkanına malik olursan... Qıraqdakılar səni “Kazanova” adlandırır. Sən isə özünün qəmgin və guya fəlsəfi şeirlərinlə adını təmizə çıxarmağa çalışırsan.
Vicdandan danışırsan, halbuki vicdanına ən çox borcu olan sənsən. Bu cəmiyyətdə sən! Yuxularınla da, xəyallarınla da, əməlllərinlə də - sən bu cəmiyyətin bir hissəsisən.
Sən ola bilmədiyin, əlin çatmayandan hey danışırsan. Sevgi kimi, azadlıq kimi, şair kimliyini də mövzu edirsən... Amma... Sən hələ də anlamırsan kim olduğunu.
Yəni mən. Axı nəyimə lazımdır özümün şair olduğumu, başqalarından daha yaxşı yazdığımı sübut edim? Məni oxuyanlar hansısa bir müdrik sözüm olsa belə, onu yadda saxlayıb səhvlərdən kənar qalmayacaqlar ki... Və ya hansısa kədərli bir xanım oxucum məni xilas etməyə qalxmayacaq ki! İndiyədək nə oldusa... Duyğu istismarından başqa bir şey olmadı.
Axırda mənimlə baş-başa bir ittiham qaldı: “Sən də başqa şairlər kimi öz havandasan... Və düzələn deyilsən”. Doğrudan da, Allah bizə sevgini yaşamaq üçün deyil, yazmaq üçün göndərdi.
Biz deyəndə, yazıb-pozan adamları nəzərdə tutdum.
Amma nədənsə ədəbiyyatçılar, şairlər fərqli olduqlarını, Yaradan tərəfindən sevilib-seçildiklərini sübut etməyə çalışarlar ətraflarına.
Axı... Axı Allah şairləri necə sevə bilər ki, onları ədəbiyyata ifritələr gətirir?! Bəlkə də... Şairlər Allahdan çox şeytana yaxındırlar. Ona görə də, bu cəmiyyətdə cinvurmuş kimi dolaşarlar.


(ardı var)
 

Комментариев нет:

Отправить комментарий