23.03.2012

Əfsanə


Aslan Quliyev

Getməyə məcburam, Nadyaya deyirdi, sarı rənglər, soyuq bezdirdi, təngə gətirdi məni.   Öz  qaraqaş, qargöz, qarasaç   qızlarımızdan biriylə evlənəcək, millətimizin sayını artıracağam. Biz azıq, buna zəruri ehtiyacımız var.
Qız qanı qaçmış ağappaq barmaqları ilə sinəsinə atdığı yoğun, qızılı hörüyünün uclarını didişdirir, başını qaldırıb onun üzünə baxmırdı.
- Daha məni sevmirsən?
- Yox.
- Heç olmaya həqiqəti dediyin üçün sağ ol. Get öz qaralarının yanına.
Qız hətta onunla görüşmədi də, sözünü deyən kimi dönüb, iti addımlarla   uzaqlaşdı,  qızılı rəngə çalan hörüyü  çiyinlərini döyəcləyirdi, qırmızı zolaqlı yaşıl gödəkçəsi  şam ağaclarının qaralan gövdələrinin arasında son dəfə görünüb yoxa çıxdı.

Həyat bu, astadan dedi və bir anlığa bu soyuq və yad ölkəyə gəlişini xatırladı.    Kirayə  ev tutmağa imkanı yox idi, vağzallarda, işlədiyi dükanlarda gecələyirdi. Sonra dükanlar, maşınlar, evlər aldı, qohum-əqrəbaya da əl tuturdu. Mədəsində küt ağrılar birdən başladı, xəstəxana, həkim qalmadı getməsin, hamısı da eyni sözü deyirdi, sonda bu sahədə Rusiyada adla deyilən Sobakinin yanına getdi. Onun qəbuluna düşmək çətin oldu, yalnız Sobakinin  qızı işə qarışandan sonra həkim onu qəbul eləməyə razılıq verdi. «Mənə dedilər sən həqiqəti eşitmək istəyirsən», - qoca professor etinasız, bir qədər öcəşkən səslə dedi. «Elədi», - təsdiq elədi. «Amma həqiqət çox vaxt acı olur». «Olsun».
Öz torpağına get, Sobakin ona dedi, öz  tayfanın yanına, uzağı   iki ayın qalıb, son günlərin dəhşətli ağrılar içində keçəcək.  Özünkülərinin yanında dünyayla vidalaş, qoy səni öz torpağında   dəfn eləsinlər. Bələdəm sizlərə, yad torpaqda ölmək sizin üçün zülüm olur. Onun inamsızlıqla  baxdığını görüb əlavə elədi, əyər iki aydan bir gün də artıq yaşasan, onda mənim boyuma ip tutsunlar, rus elmi, çörəyi   mənə haram olsun.  
Bircə həftəyə bütün əmlakını satıb, hamısını ata-anasına, bacı-qardaşlarına göndərdi, Afrikaya gedirəm, telefonda danışanda dedi, ömrümün sonuna kimi orda yaşayacaq,  bir daha qayıtmayacağam
Onun üçün ən çətini uzun illər alışdığı, öyrəşdiyi Moskvadan, tanışlardan, dostlardan, xüsusi ilə də Nadyadan ayrılması idi. Təyyarəyə minəndə nə qədər çalışsa da, göz yaşlarını boğa bilmədi. Bakıda təyyarədən enərkən ətrafında nabələd,   ona yad olan adamları görəndə qəlbi sızladı.  Nadyaya zəng eləyib:
- Nadyuşa, - dedi, - nə vaxtsa qara rənglər məni sıxarsa,  geri qayıda bilərəmmi?
- Bilməzsən! – qız qısaca dedi.
- Həqiqəti dediyin üçün sağ ol, - deyə dəstəyi asdı.
Əlbəttə, bilmərəm, qüssə ilə düşündü, lap elə istəsəm də. 
***
Dağın ətəyindəki meşənin kənarında maşından düşdü, tüfəngi bağlamadan çıxardaraq yığdı, qatarı belini bağlayıb, arxa çantasını  çiyninə atdı və meşəylə üzü yuxarı getməyə başladı.  Ağaclar yarpaqlarını tökmüş, çılpaqlaşmışdı,  xəzəllərə batır, xəzəllər ayaqları altda yatıb-qalxırdı. Meşənin havası təmiz, rütubətli idi, havadan çürüntü, kif göbələyi və mamır qoxusu gəlirdi. Qar yağmasa da, hava soyuq idi.  Ağacların arasından ara-sıra həmişə yaşıl olan zərgin, donuz tikanı kolları gözə dəyir, meşənin qızılı-qonur payız rəngləri arasında yaşıl bahar rəngləri nədənsə onu gövrəldirdi. 
Hava qaralanda dayandı, elə çox yol gəlməsə də, yorulmuşdu, axtarıb koğuşlu  nəhəng bir fıstıq ağacı tapdı. Ağacın yaxınlığında ocaq qaladı, meşəyə od düşməsin deyə   ətrafdakı  xəzəlləri təmizlədi və  yaxına quru budaqlar, xırda kötüklər  daşıdı.  Dərədən qəhvədanı suyla doldurub, ocağın üstündən asdı.   Kötüyün üstündə otumuşdu, mədəsində yenidən küt ağrılar başlamışdı, ürəyi bulanırdı, donuq baxışlarını ocaqdan, alovun haça dillərindən çəkə bilmirdi.  Su qaynayandan sonra çantasını açdı. Çantada bir qutu duz, bir qutu çay, bir kilo xırda doğranmış qənd, üç kilo suxarı, ovçu bıçağı,   fincan, beş-altı ədəd sabun, üzqırxan, balaca güzgü,  bir şalvar, boğazlıqlı iki  qalın yun köynək, dəyişək üçün  xeyli alt paltar  var idi. Çirkli, his-paslı   paltarlarda, saçlı-saqqallı  ölmək istəmirdi. Cibində isə on min dollar  var idi, heç vaxt ehtiyatı əldən vermirdi. Bəlkə ölüm ayağında biri gələcək, deyəcəkdi, ver pulunu, səni basdırım, yoxsa qurd-quşa yem olacaqsan. Hər halda məni nisyə basdır, pulunu o dünyadan göndərərəm, deyə bilməzdi. Fincana quru çay atıb, üzərinə qaynar su aldı, çayın dəm almasını gözləmədən kiçik qurtumlarla içirdi. Çayın   xüsusi  ətri, dadı var idi, bu qoxu illərin o tayından gəlirdi. Qəhərləndi. Acmamışdı, amma gücdən düşməmək üçün suxarı yemək istədi, yeyə bilmədi, qoxusu ürəyini bulandırırdı. Yaxınlıqdakı əzgil, qaragilə kollarının üzərindəki qurumuş meyvələrdən iki-üçünü dərib güclə yeyə bildi.
Koğuşa bir-iki qucaq quru xəzəl töküb içərisinə girdi. Burda uzanmaq olmasa da, qıçlarını uzadıb rahat otura bilirdi. Qoyun dərisindən olan kürkünün düymələrini axıra qədər düymələdi, tüfəngin lüləsini koğuşdan girəcəyinə doğru tuşladı. Son günlər yuxusuzluqdan əzab çəkirdi, amma nə qədər qəribə olsa da, fıstıq ağacının koğuşunda gözlərini yuman kimi, yuxuya getdi. 
Səhər gec ayıldı,  günəş qarşıdakı təpələrin üzərindən soyuq-soyuq boylanırdı. Çay dəmlədi, isti çayda iki-üç suxarı isladıb yeyəndən sonra, ocağı söndürərək yoluna davam elədi. Yuxarı, dağlara doğru gedirdi.   Yüksəklikdə ölmək istəyirdi, elə yerdə ki, ordan hər yer görünsün, orda dünyanın bütün yollarının, çöllərinin səsini, tozunu, qoxusunu gətirən küləklər əssin.
Günortadan xeyli keçmiş meşədən çıxdı, zirvəyə qədər olan yamacda tək-bir ağaclar gözə dəyirdi.  Zirvəyə qalxanda heyrətləndi. Aşağıda, yamaclarla əhatə olunmuş çökəkdə göl var idi, gölün sağ sahilində iri bir ot tayası qoyulmuşdu. Bu onu sevindirdi, tayanın içində gecələyə bilərdi. Əsl axtardığı yer elə buraydı. Yubanmadan gölün sahilinə düşdü.
Ilk işi tayanın içərisini oyub, yatmaq üçün yer düzəltmək oldu, amma bu onun fikirləşdiyindən  çətin imiş. Ot   bir-birindən qopmur, bıçaqdan istifadə eləməli olurdu.  Qaş qaralanda güclə özünün otura biləcəyi bir oyuğun otunu təmizləyə bildi. Yorulmuşdu,  odun gətirmək üçün meşəyə gedib qayıtmağa   heyi-hərəkəti yox idi. Ona soyuqdan çox, isti çay içə bilməməsi əzab verirdi. Göl çökəkdə olduğundan buranı külək tutmurdu, amma şaxta adamı dara çəkirdi, axşam düşdükcə də şaxta güclənirdi. Bir təhər oyuğa girib  oturdu, həvəssiz halda bir suxarını güclə çeynəyib udaraq, tayadan çıxartdığı otu oyuğun qabağına çəkdi. Gözlədiyinin əksinə olaraq tayanın içi ağacın koğuşundan daha isti idi.  Tayadan çobanyastığı, qoyunqıran, qaraqınıq, qurdotu, yarpız qoxusu gəlirdi. Nəhəng Moskva bu qoxuların o tayında düşüb qalmışdı,   Nadyanın qızılı hörüyünü, qırmızı zolaqlı yaşıl gödəkçəsini axırıncı dəfə görürdü. O qaynar, fərəhli həyatın belə acınacaqlı halda başa çatacağını kim bilə bilərdi. Boğazını tutan qəhər onu boğurdu,   başını quru, ətirli ota söykəyib doyunca ağladı. Hardasa qərbdə canavarlar ulaşırdı, vəhşi çölün, təbiətin bu vəhşi harayında bədənə üşütmə salan bir vahimə vardı.  Qorxunc ulartı   hər yerə yayılır, hər yerə baş vurur, soxulurdu, sanki canavarlar buralarda yalnız özlərinin hakim olduqlarını hamıya hiss elətdirmək istəyirdilər.
Günəş doğmamış yuxudan oyandı.  Meşəyə gedib odun gətirdi, çox gətirə bilsin deyə uzun şaxları seçmişdi,  şaxları donmuş torpağın, otların üzəriylə sürümək asan olurdu.
Ocaq qalayıb çay qaynatdı,   çayı  fincanda dəmləmədi, tayadakı quru çiçəklərdən yığıb qəhvədana tökdü. Bu çay daha ləzzətliydi, amma bir qədər acıydı, deyəsən qurdotusu  artıq olmuşdu. Yamacdan əməköcü, gicitikan yığdı, gicitkan əllərini dalamasın deyə əməköcüyə qatır, ovub duza batıraraq yeyirdi. Son aylar ərzində ilk dəfəydi acır, belə iştahla yeirdi. Birdən şəffaf sulu göldə bir balığın sudan havaya atıldığını gördü, bir anlığa balığın gümüşü pulları günəşin solğun şəfəqlərinin altında bərq vurdu. Diqqətlə fikir verdi və göldə belləri qaralan balıqları gördü. Eni-uzunu əlli-altmış metr olan bu göldə balıqlar qaynaşırdı. Tilov götürmədiyi üçün çox heyfisləndi.
Ruhdan düşmədi, meşəyə getdi, bıçaqla elastiki qaragilə çubuğunu kəsib ucunu itilədi və bir qədər də odun yığıb   qayıtdı. Göldə balıq çox idi,  ucu iti çubuqla ilk balığı vurub sahilə çıxarması uzun çəkmədi. Azından iki kilo olan çəki balığı idi, sevincinin sonu yox idi. Balığı yardı, içini təmizləyib yudu, duzladı və çubuğa keçirib közün üzərinə qoydu. Bişən balığın qoxusu ətrafa yayıldıqca da, hədsiz acdığını hiss eləyir, səbirsizliklə balığın nə vaxt bişəcəyini gözləyirdi.
Balıq bişəndən sonra acgözlüklə yeməyə girişdi, dağ gölündəki balığın dadlı olacağını təxmin eləmişdi, amma bu qədər ləzzətli olacağını sadəcə təsəvvür eləməzdi. Bir də ayılıb balığın yalnız sümüklərinin qaldığını görəndə, gözlərinə inanmadı, son vaxtlar iştahdan düşmüşdü, güclə bir-iki qaşıq şorba içirdi, indisə  bu boyda balığı bir oturuma  yeməsi onu heyrətləndirmişdi.
 (320x214, 1666Kb)Bu gün daha iki dəfə meşəyə gedib odun gətirdi və oyuğu tayanın içərisinə doğru genişləndirməklə məşğul oldu. Artıq oyuqda rahat uzana bilsə də, tayanın içərisinin daha isti olacağını bildiyindən, bacardığı qədər içəriyə doğru qazırdı. Axşama daha bir balıq tutub bişirdi, şamını yeyib, tüfəngi də götürərək oyuğa girdi. Çöldə hava nə qədər şaxtalı olsa da, içəridə isti idi, isti kürkünə bürünüb uzanmışdı və soyuğu əsla hiss eləmirdi. Yenə də ətirli otların qoxusu özünü kəskin hiss elətdirirdi. Mədəsində ara-sıra ötəri ağrılar olsa da, bu gün doyunca yeməsinə baxmayaraq, bircə dəfə olsun belə ürəyi bulanmamışdı. Oiların arasından soyuq səmada ağır-ağır süzən ay görünürdü. Soyuq Moskvada isti idi, burda, isti torpaqda isə hər şey soyuq idi, dağ-daş da, ay, günəş, səma da.
Günləri adi qaydada keçirdi. Gündüzlər meşəyə gedib odun gətirir, meşədən qurumuş itburnu, əzgil, çöl göyəmi yığırdı. Bəzən  ov da eləmək istədi, ancaq   qaban izinə düşə bilmədi, bir-iki dəfə alabaxta, çöltoyuğu gördü, amma gülləsi boşa çıxdı. Yalnız bir dəfə qaratoyuq vura bildi, o da dərədəki pöhrəliyə düşdü və nə qədər axtarsa da, tapa bilmədi. Bununla da ov eləməyə son qoydu, patrona qənaət eləməyi qərara aldı. Əsasən yamacdan əməköcü, kicitkan yığıb ovur, duzla  yeyirdi. Nahara, şama göldən tutub közün üstündə bişirdiyi balıqlarla keçinirdi. Çayı isə bir qayda olaraq tayadakı ətirli otlarla dəmləyirdi. Qurdotudan az istifadə eləyir,  ən çox yarpızdan, qarıqınıqdan və adını bilmədiyi digər ətirli otlardan istifadə eləyirdi.    Sobakinin dedikləri düz çıxmırdı, getdikcə mədəsindəki ağrılar şiddətlənmək əvəzinə azalır, iştahası artırdı.
 Beşinci gün günortadan sonra birdən güclü şaxta düşdü, ocağın yanında belə üşüyürdü, məcbur qalıb tayaya girdi. Bir az keçəndən sonra qar yağmağa başladı, dərhal da hava yumşaldı, mülayimləşdi. Qar sakit, aramla yağırdı, elə bil  ələklə ələyirdilər, hər yerdən   burula-burula gəlir, havada fırlanır, ağappaq kəpənək kimi ləngər vuraraq yerə qonurdu. Oyuğun ağzından yağan qara baxır, qəlbində  tərkidünyalıq hissi baş qaldırırdı. 
Qar iki-üç saat yağıb ara versə də,   işi  xeyli çətinləşmişdi, əməköcü, gicitkan tapmaq üçün qarı eşməli olurdu. Meşədə odun tapmaq, qarda sürüyüb gətirmək, qarın islatdığı odunları yandırıb ocaq qalamaq da xeyli çətinləşmişdi. Şaxtalar güclənmişdi,   günəş qüruba əyiləndə şaxta lap dözülməz olurdu. Tayanın içərisində isə  əvvəlki tək isti idi. Ot islanmasın deyə içəri keçəndə ayaqqabılarını çıxarırdı. Torpağın donu açılmırdı, buzlu cığırlarla meşəyə gedib gəlmək  çətin idi, sürüşür, yıxılırdı.   
On gündən sonra sabun, dəyişmək üçün paltar və digər lazım olan şeyləri  götürüb meşəyə  getdi. Ov eləyərkən pöhrəlik içində itmiş dərənin sahilində  bulaq olduğunu görmüşdü. Şaxtaya baxmayaraq bulağın suyu ilıq idi,  su şaxtada buxarlanır, buxar dumanı ağacların başına kimi qalxırdı. Ocaq qaladı, su qızdırıb üzünü qırxdı. Soyunub paltarlarını yaxınlıqdakı vələs ağacının budağından asdı, bulağın ətəyindəki şüş daşın üzərində dayanıb,   qəhvədanla su götürərək yuyunmağa başladı. Su ilıq olsa da, şaxta əhdini kəsirdi, titrəyir, qızınmaq üçün atılıb düşür, bacardığı qədər cəld yuyunurdu. Saçını yuyanda lap əldən-dildən düşdü. Yuyunub qurulandı, ocağın yanında iki stəkan yarpız çayı içəndən sonra özünə gəldi, qızındıqca  bədəninə xoş bir rahatlıq yayılırdı. Son vaxtlar ərzində ilk dəfə özünü belə dinc, rahat, yüngül hiss edirdi, daha ağrılar, kədərli, əzici ovqat ona həyatdan əl götürməyi, bədbinliyi təlqin eləmirdi. 
Bu gecə ot tayasının içindəki yatağına uzananda nədənsə qəlbi fərəhlə döyünürdü, başını ətirli ot topasının üzərinə qoycaq   yuxuya getdi. Bir də qəribə səslər onu yuxudan elədi,  tayanın ətrafında  it mırıltısını xatırladan səslər eşidilirdi.  Canavarlar olduğunu başa düşdü.   Ac canavarlar ondan asanlıqla əl çəkməyəcəkdilər. Tüfəngin qundağını möhkəmcə sıxıb, oyuğun girəcəyini nişan aldı. Bir azdan canavarlardan birinin oyuğun qabağındakı otu eşdiyini hiss elədi.  Insan  qoxusunu hiss eləyən, güclü iybilmə qabiliyyəti olan canavar tüfəng, barıt qoxusunu da hiss eləməmiş olmazdı, amma canavar ac olanda onu qorxudan qoxulara əhəmiyyət vermir. Əlində tüfəng olsa da qorxdu, ölümdən qorxmurdu, o qədər qorxmuşdu, daha qorxa bilmirdi, ölüm qorxusu onun üçün adiləşmişdi, onu qorxudan canavarların dişlərində öləcəyi idi.  Çöldən süzülən ay işığında canavarın tutqun qaraltısını görən kimi   atəş açdı. Canavar geri sıçradı, çöldə boğuq mırıltılar, bir-biri ilə didişən canavarların qorxunc səsləri eşidilirdi, yaralı canavarı yemək üstündə çırpışırdılar və getdikcə bu səslər uzaqlaşırdı.  Canavarlar bir də qayıda bilərdilər, tüfəngi doldurdu, barıtın alovundan tayaya od düşüb-düşmədiyinə fikir verib, təzədən yerinə uzandı, amma daha səhərə kimi gözünə yuxu getmədi.
Meşəyə gedib bir topa qaragilə kolu qırdı, indi yatanda kolu möhkəmcə dartıb oyuğun ağzını bağlayırdı. Canavar, ya da hansısa başqa bir yırtıcı kolu oyuqdan çıxara bilməzdi.
***
Günləri sayır, hər gün keçdikcə özünü yaxşı hiss eləsə, kökəlib ətə-qana gəlsə də, ölüm xofu onu tərk eləmirdi. Ona elə gəlirdi, ölüm qəfil gələcək, ağrı-filan hiss eləməyəcək, yatacaq, bir də ayılmayacaq. 
Ikinci dəfə qar ilk qardan bir həftə sonra yağdı və  üç gün ara vermədi. Bu üç gün onunçün hədsiz çətin oldu. Meşəyə getməmək üçün oduna qənaət eləyir, yalnız balıq bişirmək, çay qanatmaq üçün ocaq qalayır, gününün çoxunu ot tayasının içində keçirirdi.
Otuz beşinci gün meşədə  qəfildən bir qızla rastlaşdı. Özünü itirdi, bura gələni ilk dəfəydi insan görürdü. Qız da onu görmüşdü və heç də ondan az heyrətlənməmişdi, amma zərrəcə çəkinmədən ona yaxınlaşdı. Qızın baxışlarında yad adamla qarşılaşdığına görə zərrəcə qorxu hissi yox idi, yalnız maraq var idi. Hər cəhətdən cəsarətli, qorxmaz qız olduğu hiss olunurdu.
Məlum oldu ki, təpənin o üzündəki dağ kəndindəndir, nənəsi onu qonşu qızlarla birlikdə meşəyə iplik boyamaq üçün alça qabığı yığmağa göndərib, qızlar aşağı, dərəyə tərəf düşüblər, o isə   bura gəlib. Gənc, qəşəng qızdı, ala gözləri həddən artıq  iriydi, sifəti dağ adamlarına məxsus olan qarabuğdayı rəngdəydi, hərəkətlərində, sifətində onun çoxdan görmədiyi və bəlkə də elə buna görə ona doğma olan bir təbiilik var idi. Bununla belə heyrəti hələ də keçməmişdi, sözün düzü, qıza deyirdi, mən bura gələni insan görməmişəm, hələ sənin   insan, ya da cin olduğunu bilmirəm.
Söz ağzında qaldı, qız başından ağacla necə vurdusa, huşunu itirib kötüyün üstündən qarın içinə yıxıldı. Ayılanda qızın   üzünə qar suyu  çilədiyini gördü. Key-key   baxır, bir şey başa düşə bilmirdi.
- Dəlisən, ağlın yoxdu? Az qala öldürmüşdün! – hirslə dedi.
- Sənin ağlın yoxdu ki, mənə cin dedin!
- Cin olduğunu demədim, sadəcə mənə elə gəldi…
- Elə gəldiyi üçün   bir ağac vurdum, cin  olduğumu desəydin, üçünü vuracaqdım, - qız ürəkdən gülür, güldükcə də dolu, yumru çiyinləri titrəyirdi.
Üstü mamırlı soyuq kötüyün üstündə yanaşı oturmuşdular.   Qız onu sorğu-suala tutmuşdu, kimsən, nəçisən, burda nə gəzirsən, harda qalırsan? Qızın sualları tükənmirdi, onun   ot tayasının içində gecələdiyini eşidəndə, heyrətə düşdü. Biz evdə soba yandırırıq, amma yenə də gecələr soyuq olur, sənsə odsuz-ocaqsız, yorğan-döşəksiz tayanın içində yatırsan, hələ bir isti də olduğunu deyirsən.
- Isti olur,  - təsdiq elədi, - istəsən sən də yata bilərsən?
- Mən? – qızın heyrətdən ağzı açıla qaldı.
 (504x434, 200Kb)- Hə də.
- Nə cür yəni?
- Nə cürsüz! Gedirik ora, giririk tayanın içinə və yatırıq, - birbaşa mətləbə keçdi.
- Yəni ikimiz? – qız inamsız halda səsləndi.
- Ikimiz, ora genişdir…
  Qızın ağacı götürdüyünü gördü, amma qorunmağa çatdırmadı, ağac başından necə dəydisə huşunu itirib təzədən yıxıldı. Qız bu dəfə də üzünə su çiləyib onu ayıltdı.  Ayılandan sonra qıza möhkəm hirslənmişdi, sən doğrudan da dəlisən, səndə ağıl deyilən şeydən əsər-əlamət yoxdur! Kəlmə başı lənətə gəlmiş ağacını ilişdirirsən. Getmirsən, getmə, səni zorla aparıram, qolundan tutub deyirəm ki, hökmən mənimlə getməlisən, tayada yatmalıyıq? Elə-belə, söz gəlişi deyirəm də.
- Söz gəlişi dediyin üçün bir ağac vurdum, elə eləmiş olsaydın, beş ağac vuracaqdım!
- Sən bu ağacdan bərk-bərk yapış, özündən aralı qoyma. Haçana kimi vuracaqsan, gecmi, tezmi…
- Hər halda səninlə yox! – qız onun niyətini başa düşdü.
- Bəs kiminlə?
- Sənə nə dəxli var?
- Haqlısan, - razılaşdı, - mənə dəxli yoxdu. Deyəsən ağac başıma dəyəndən sonra beynim silkələnib. Mən elə belə, söz gəlişi…
- Sən həmişə elə belə, söz gəlişi danışırsan, heç ciddi danışdığın olmur? – qız onun sözünü kəsdi.
Özünə inana bilmirdi, adi bir kənd qızıyla danışmaq onun üçün çətin idi, qız onu öz sözüylə tutur, o da cavab verə bilməyib gözlərini döyürdü. Qız deyirdi ki, keçən yayda bura birisi  gəlmişdi, ot-çiçək yığırdı. Kəndimizdən bir qızı aldadıb yoldan çıxartmışdı. O gedəndən sonra qardaşları bildilər, qızı doğrayıb öldürdülər. Polis onları tutdu, ata-analarının da dərddən bağırları çatladı.
- Qızı niyə, oğlanı doğrayırdılar da.
- Oğlan getmişdi, yerini-yurdunu bilən olmadı.
- Indi deyirsən…
- Hə, qardaşlarım da səni tapa bilməyib, məni doğrayacaqlar.
Bilirsən nə var, mən özümdə-sözümdə deyiləm, qıza geyirdi, yığışdırdıq bu taya söhbətini.   Heç bir halda  bütöv bir ailənin yer üzündən silinməsinə razı ola bilmərəm.
Qızdan öyrəndi ki, gölün ətrafındakı yamacların otunu dağın ətəyindəki kəndin adamları çalırlar, otu daşıyıb gölün sahilində, külək tutmayan yerdə taya qoyurlar və martda, mal-heyvanın yemi qurtaranda gəlir, atlarla daşıyaraq aparırlar.
Qız onunla vidalaşıb ayağa qalxdı və bir göz qırpımında  ağacların arasında yox oldu.
Odun yığıb geri qayıtdı. Qızı yaddan çıxara bilmirdi. Yaşasaydı, harda  olursa-olsun axtarıb bu qızı tapardı. Ocaq qalayıb, ocağın yanındakı kötüyün üstündə oturmuşdu, qızla görüşünü xatırladıqca ona elə gəlirdi ki, bunu yuxuda görüb. Amma başındaki iki şiş, ara-sıra özünü hiss elətdirən ağrı qızı yuxuda yox, reallıqda gördüyünü deyirdi.
***
Şərtləşdikləri vaxtda qızla görüşdüyü yerdə gəzib dolaşır, səbirsizliklə qızın gəlməsini gözləyirdi. Qız gec də olsa gəldi, onun üçün iki sapsarı buğda çörəyi və bir az da pendir gətirmişdi. Çox da gətirə bilərdim, deyirdi, amma qorxdum şübhələnələr. Qıza təşəkkür eləyərək pendirlə çörək yeməyə başladı, çoxdandı çörək yemirdi, nəydisə, ona elə gəlirdi həyatında yediyi ən ləzzətli çörəyi yeyir.  Bu gün qız onunla daha səmimi  söhbət eləyirdi. Məlum oldu ki, bu yay orta məktəbi bitirib, oxumağa getmək istəyirmiş, amma qardaşları qoymayıblar. Çünki onu sevmədiyi bir oğlana ərə vermək istəyirlər.
Birdən qız ona tərəf əyilib dəcəl bir təbəssümlə gülümsəyərək soruşdu:
- Əyər səninlə ora getsəm… - sözünü yarımçıq qoyub onun nə deyəcəyini gözlədi.
- Hara?
- Tayaya… Burdan gedəndə  məni də özünlə apararsanmı?
- Yox, - başını yırğaladı.
- Niyə? – qız özünü itirmişdi, görünür onun belə cavab verəcəyini gözləmirdi.
- Gedəcəyim yerə səni aparmaq istəmərəm. Sən özün də ora getmək istəməzsən.
Bir şey başa düşməyən qız onu sorğu-suala tutmuşdu, o da hər şeyi olduğu kimi danışırdı. Qız ona inanmırdı, aldadıblar, qızğınlıqla deyirdi, yalan deyiblər. Sən xəstə adama oxşamırsan, ömrü cəmisi on-on beş gündən sonra başa dəyən adama isə heç oxşamırsan. Mən hər üç, beş gündən bir bura gələcəyəm, bu gündən də başlayırıq günləri birlikdə saymağa. Sənin deməyindən belə çıxır dekabrın iyirmisində iki ay tamam olur, həmən gün də sən öləcəksən. Baxarıq, ölməyəcəksən. Öləcəyəm, o da inamsızlıqla gülümsəyirdi, yoxsa Sobakinin boyuna ip tutulmalıdır, rus elmi, çörəyi ona haram olmalıdır. Eh, sən bilsən onun qəbuluna düşmək üçün əntər qızı üçün nələr eləmişəm?   Uzun, arıq, sifətində zərrəcə yapşıqlıq olmayan iti burun qızı xatırladı. Bir həftə onunla olmuşdu, hər xatırlayanda əti çimçəşirdi.
- Demək iyirmi iki günün qalır? – qız soruşdu.
- Hə.
- Birdən ölmədin?
- Öləcəyəm. Həyatda, reallıqda əfsanələr olmur…
- Olur! – qız inamla dedi.
Gör sənə nə deyirəm, əyər ölməsəm, səni mütləq axtarıb tapacağam, qıza deyirdi, harda olsan belə. Əyər mənimlə getmək istəsən, səni buralardan aparcağam, kimsə də bizə mane ola bilməz. Hansı dövrdür, hansı zəmanədir ki, səni zorla, istəmədiyin oğlana ərə verələr. Qız isə bir söz demir, əlindəki ağacla kötüyün dibinə tökülmüş qızılı xəzəlləri qarışdırır, ona inamsızlıqla baxırdı.
Qız onunla vidalaşıb ayağa qalxdı, bir az uzaqlaşmışdı ki, arxadan qızı səslədi:
- Adın nə oldu?
- Əfsanə! – qız gülərək dedi və keçən dəfə  olduğu kimi bir göz qırpımında ağacların arasında yox oldu.
«Yanılırmışam, həyatda əfsanələr olurmuş», - kədərlə düşündü. 
     ***
Qız ara-sıra meşəyə gəlir, onun üçün çörək, pendir gətirirdi. Ondan çox qız vaxtın keçməsini səbirsizliklə gözləyir, günləri sayırdı. Ot tayasına getməkdən imtina eləsə də, onunla   öpüşməkdən  imtina eləmirdi, qızın öpüşlərində hədsiz qızğınlıq, bədəninə od salan bir od, alov var idi. Bu qıza  elə bağlanmışdı ki, nə qədər qəribə olsa da, indi yalnız bu qıza görə ölmək ona hədsiz ağır gəlirdi. Ölüm isə özünü hiss elətdirmirdi, əksinə, künlər keçdikcə bədənindəki bütün ağrı-acıları çəkilir, özünü əvvəlkindən də sağlam, güclü hiss edirdi.
Bir dəfə qız ondan soruşdu:
- Sənin indi ən böyük arzun nədi? Yaşamaq, eləmi?
- Yox, - başını yırğaladı.
alt- Bəs nədi?
- Meyitimin qurd-quşa yem olmaması. Haçan yadıma düşdümü, bədənimdə qarışqa gəzir. Səndən bir xahişim var, gəlib məni meşədə görmədinmi, bil ki, ölmüşəm. Onda gölün sahilinə gələr, qəbir qazıb, məni basdırarsan.
Sənə dedilər ölməyəcəksən, qız hirslə deyir, gözlərindən qığılcım saçılırdı, hirsindən yanaqları allanmış, gözləri alışıb yanan qıza baxdıqca düşünürdü ki, belə qızın qardaşları  şübhəsiz heç uf   eləmədən  adamı doğrarlar. Qız onun inamsızlıqla gözlərini döydüyünü görəndə isə lap cinləndi, yaxşı, narahat olma, qazaram, basdıraram. Yox, donmuş torpağı qazmaq mənim işim deyil, kəndə gedər, beş-altı   adam gətirərəm, onlar da səni üsulu qayda ilə basdırarlar. Bir halda ölməkdən ötrü ürəyin gedirsə, niyə də basdırmayaq?  
Ürəyim gedib eləmir, o da kədərlə düşünür, amma  bunu qıza deyə bilmirdi, bir halda mütləq öləcəyəmsə, niyə də yaşamağı arzulamalıyam? Arzuladım nə olasıdı? Niyə mümkün olmayan şeyi arzulamalıyam?
Yemək sarıdan korluq çəkmirdi, qız çörək gətirirdi, balığa, əməköçüyə və qurumuş giləmeyvlərə də alışmışdı. Bircə çimmək  çətin olurdu, hər dəfə bulağın ətəyində yuyunanda ona elə gəlirdi, daha bu dəfə salamat qurtarmayacaq, soyuqdan donub öləcək. Amma ocağın yanında oturub qızınandan və bir-iki fincan içti çay içəndən sonra, elə yüngülləşib rahatlanırdı ki, sanki dünyanı ona verirdilər.
Dekabrın iyirmisində qız yenə də meşəyə gəldi, sevinci sonsuz idi, gördünmü, deyirdi, ölmədin, yaşayırsan. O da çaşıb qalmışdı, bir şey başa düşə bilmirdi. Doğrudanmı bu qorxunc, amansız xəstəlikdən can qurtarmışdı? Axı Sobakin ona aydınca dedi ki, bu mərhələdə dünyada heç kim xərçəngdən can qurtara bilməyib, sən də bilməyəcəksən. Elə isə o niyə ölmədi,  sağaldı? Onu nə sağaltdı, havamı, sumu, içdiy ətirli otların çayımı, yediyi göl balıqlarımı?
Qız sevinsə də,  qayğılı idi. Qardaşlarım nə isə isə hiss ediblər, deyirdi, kimsə onlara mənim gölün sahlindəki tayada yaşayan birisi ilə meşədə görüşdüyümü deyib. Məndən soruşdular, yalan olduğunu dedim, amma qorxuram məni bir daha meşəyə buraxmayalar.
- Buraxmazlar, mən gələrəm! – qətiyyətlə dedi.
- Bizim kəndə?
- Hə.
- Səni öldürərlər! – qız təşvişə düşmüşdü.
- Mən artıq alışmışam, ölümdən qorxmuram!
Qız onu   odlu öpüşlərə qərq eləmişdi və o da ölümün  pəncəsindən qurtardığını və   həyatın nə qədər şirin olduğunu yenidən başa düşdüyü  bir vaxtda  bu qızdan ötrü özünü çəkinmədən, düşünmədən ölümə ata biləcəyini hiss eləyirdi.
     ***
Günlər ağır keçirdi, qız daha meşəyə gəlmədiyinə görə ölməyib sağ qaldığı üçün ürəyincə sevinə bilmirdi. Hər gün meşəyə gedir, qaş qaralana qədər meşədə dolaşıb qayıdırdı, amma qızdan bir soraq yox idi. Beləcə on gün də keçdi. Daha ölməyəcəyinə onda tam əminlik yarandı. Qəlbində nigarançılıq, şübhələr baş qaldırırdı, bəlkə də qardaşları indiyə qızı istəmədiyi o oğlana vermişdilər?
Gecə yarısı sanki onu silkələyib yuxudan oyatdılar, nəsə narahatdı.   Oyuğun ağzına qoyduğu qaragilə kolunu ayağı ilə itələyib çıxartdı və sürüşüb tayadan çıxdı. Tüfəngi  götürərək gölün sahilindəki yamacla üzü yuxarı qalxmağa başladı. Aylı-ulduzlu gecəydi, dağın sərt şaxtası adamı dara çəkir, donmuş torpaq, buz qırıqları ayağının altında  xırçıldayırdı. Birdən meşənin o tayındakı təpədən gələn qaraltıları görüb, zirvədəki iri daşların arxasında gizləndi.  Gündüz kimsə buralara gəlmirdi, indisə gecə yarısı bura adamların –  qaraltılar yaxınlaşdıqca da onların adam olduğuna   şübhəsi qalmırdı -  gəlməsi onu şübhəyə salmışdı. Yaxınlaşdıqca da sayırdı, beş nəfərdilər. Elə həyəcanlanmışdı, şaxtanı belə hiss eləmirdi. Hamısı silahlıydı. Birbaşa tayaya yaxınlaşdılar, tayanın ətrafına fırlanıb, onun qazdığı oyuğun qabağında dayandılar. Onlardan biri əlindəki torbadan iri bir şüşə çıxarıb, şüşənin içindəkini dörd bir tərəfdən tayaya çiləməyə başladı. Yəqin qızın qardaşları idi, onu diri-diri yandırmaq istəyirdilər. Niyə, nədən ötrü?  Əsməcəyə düşmüşdü, birdən oyanmırdı, onda  necə olardı? 
Tayaya od vurdular, bir az kənara çəkilib yanan tayaya baxmağa başladılar. Quru ot ani sürətlə od aldı, bir göz qırpımında alovun dilləri göyə yüksəldi, alovun işığı bütün ətrafı gündüz kimi işığa qərq eləmişdi. Taya yanıb kül olmayınca silahlı adamlar çıxıb getmədilər, yalnız burdan kimsənin sağ çıxa bilməyəcəyinə əmin olandan sonra getdilər. Onlar uzaqlaşıb gözdən itsələr də,   gölün sahilinə düşmədi, daha burda qala bilməz, şaxtada donardı. 
Meşəyə getdi,     spiçkası var idi, ocaq qaladı, dan yeri sökülənə kimi ocağın yanında gözləyib, tüfəngini dərəyə atdı və dağın ətəyindəki kəndə düşdü. Ordan   şəxsi bir maşınla rayon mərkəzinə getdi. Ilk işi oteldə yer almaq oldu, yalnız indi uzaq görənlik eləyib on min dollar götürməyin necə kara gəldiyini hiss eləyirdi. Düzdür, bəd ayaqda üzüyünü, saatını  sata bilərdi, amma ucqar əyalət mərkəzində kim  belə bahalı əşyaları alardı?
Hamamlandı, otelin bağındakı balaca bərbər köşkündə saçlarını qırxdırdı, özünə əyin-baş, cib telefonu aldı, paltarlarını dəyişib, qonşu şəhərə getdi. Burdakı dioqnastika mərkəzində onu diqqətlə müayinə elədilər və dedilər ki, onda nəinki xərçəng, heç bir xəstəlik-filan yoxdur.
Xəstəxanadan çıxıb, Sobakinə zəng elədi, amma onun telefonları susurdu, məcbur qalıb qızına zəng eləməli oldu, qızı da bir müddət danışa bilmir, dili söz tutmurdu, atası ona məsələnin nə yerdə olduğunu deyibmiş. Ola bilməz,   deyirdi, sən hardan zəng eləyirsən? O dünyadan, o da ciddi deyirdi,  burda da cib telefonları dəbdədir. Atana de ki, mənim zəngimə cavab versin. O zəng eləməyə macal tapmadı, qızı telefon nömrəsini veribmiş, Sobakin özü ona zəng elədi. Qoca qızından daha çox özünü itirmişdi, ola bilməz, deyirdi, bu möcüzədir, əyər belədirsə, sən doğrudan da sağ-salamatsansa, təcili uç gəl, Moskvaya, mən səni bir də müayinə eləyim. Mümkün deyil,   etiraz elədi, sənin qəbuluna düşmək üçün heç bilirsən nə qədər xərc çəkməli olursan? Poofessor inad eləyirdi, sən gəl, nə qədər xərc çəkibsənsə, mən beş-on qatını verərəm. Qorxmuş halda telefonu söndürdü və bir də qocanın zənglərinə cavab vermədi. Beş-on qatını   verərsən, amma bir soruş, gör istəyən varmı, əntər qızınla beş-on həftə birlikdə olmaq? Yox, bağışlayacaqsan, bəsimdir.
***    
Pəncərəsi  qarla örtülmüş dağlara baxan otaqda üzbəüz oturmuşdular. Başda    ifadəsiz baxışlarını pəncərədən çölə dikmiş, qalın bığları, cod qaşları olan, sifətindən sərtlik, rəhimsizlik yağan ata oturmuşdu. Beş qardaş  ondan sağa, günbatana doğru əyləşmişdilər. Ata dinib danışmırdı, onunla   böyük qardaş söhbət eləyirdi. Bizlərdə oğlanın özü üçün elçiliyə getməsi adət deyil. Səni, əslini-nəslini tanımırıq, yerini-yurdunu bilmirik. Kimsən, nəçisən?
- Tayada yandırdığınız   adamam, - dedi.
 Qardaşlar  diksindilər, lap axırda oturmuş, baxışlarından   saflıq, sadəlik oxunan kiçik qardaşın isə gözləri  heyrət içində geniş açılmışdı. Ata ilk dəfə olaraq baxışlarını pəncərədən çəkib, oğlanlarını məzəmmətlə süzdü. Yəni gördüyünüz iş budurmu?
- Bəs necə oldu, sağ qaldın?
- Məni xərçəng öldürə bilmədi, siz də öldürə bilmədiz. Insanın əcəli tamam olmayıbsa, bir kimsə onun ömrünə son qoya bilməz! Mən gözümün önünə hər şeyi alıb bura gəlmişəm. Sizin işiniz-gücünüz ancaq öldürməkdisə, əlinizdən başqa bir iş gəlmirsə, öldürün.
- Biz    neyləyəcəyimizi özümüz bilirik,  – böyük qardaş istehzayla dedi. – Indicə alnının ortasından bir güllə vurarıq,   ölsən, demək, əcəlin tamammış. Yox, əyər doğrudan da əcəlin tamam olmayıbsa, sağ qalarsansa, onda söhbətimizi davam elətdirərik. 
- Bəsdir! – gözləmədiyi halda kiçik qardaş qızğınlıqla etiraz elədi. -  Vəhşiliyə, nadanlığa, cahilliyə son qoyun! Haçana kimi öldürəcəksiniz? Haçana kimi zorla, güclə iş görəcəksiniz? Hər kəsin sevmək, seçmək hüququ var!
- Ona qulaq asmayın, - bu dəfə də böyük qardaşın yanında oturan ortancıl qardaş dilləndi. - Gərək onu bura çağırmırdıq. O bizim nəslin üz qarasıdı. Onsuz da toyuq başı kəsə bilməməyi ilə bizi bütün kənddə rüsvay eləyib.
Birdən ata əlini qaldırdı, dərhal da ortalığa sükut çökdü.
- Xərc çəkib, oxuduruqsa,   ona  da qulaq asmalıyıq, - ata dedi. – Qoy seçsinlər. Soruşun, razıdırsa, verin getsin.
***
Aerportdan ailədə ən çox sevdiyi kiçik bacısına zəng elədi, başına gələnləri danışdı, sən mənim üçün narahat olma, deyirdi, mənə  heç nə lazım deyil. Mən o var-dövləti qazanmağa toyxanalarda dondurma, siqaret, bazarlarda tum satmaqla başlamışam, yenə də qazanacağam. Qız onun evləndiyini eşidəndə, sevindi, haralıdı,  kimdi, adı nədi, soruşurdu.
- Adı Əfsanədi, - dedi.
- Olmaya o da sənin   danışdıqların kimi əfsanədi?
- Yox, o əsl əfsanədi, - dedi.
Bacısıyla vidalaşıb, qıza doğru dönəndə astadan əlavə elədi.
- Mənim həyatım kimi.

aslanquliyev@mail.ru
 (615x450, 439Kb) 

Комментариев нет:

Отправить комментарий