27.01.2013

“BAYIL” HƏBSXANASI – 5-Cİ (“ÖLÜM”) KORPUS(U)”


Rəhim Qazıyevin məktubundan şok təfərrüatlar

İsa Qəmbərov tələm-tələsik 8 nəfərin ölüm hökmünün icrasına sənəd imzaladı

Bu məktubumla sizə, 5-ci korpusda axırıncı dəfə yerinə yetirilən ölümlərin icrası və orada saxlanılan dustaqların başlarına gətirilən dəhşətli müsibətlər haqqında qısa məlumat vermək istəyirəm...


Ölənlərin qızıl dişləri biabırcasına sökülüb götürülürdü və meyid çox pis halda təhvil verilirdi


Türmənin rəisi  Əlikram Hümbətovu təhqir etdi və bunun müqabilində əks cavab aldıqda, hirslənib öz “qoçularına” əmr etdi ki, Hümbətovu nəfəsi kəsilənəcən kötəkləsinlər


Qəzəbələnən rəis “qoçularına” dedi ki, onun dərmanı dubinkadı, vurun, sağalacaq


Lakin bir gün onun niyyəti baş tutdu, imkan tapıb, özünü asdı


Rasim starşinaya dedi ki, gülləni Salmanın arxasından- biədəb yerindən vurdursun


Qardaşlar qətlə yetirildikdən sonra, onları ayaqlarından sürüyə-sürüyə apardılar


Akif suyu içdikdən 10 dəqiqə sonra dünyasını dəyişdi


Təsəvvür edin, anası oğlunun öldüyünü bildiyi halda birdən-birə “ölü” oğlu ilə görüş alır


Anası balasına sarmaşıq kimi sarlılb buraxmırmış


Əllərini “karmuşka”ya uzatmamışdan Ələddinə dedi ki, axı sən söz vermişdin!


Kameralarda saxlanılan dustaqlar Romaya başa saldılar ki, güllələnmənin təsdiqi gəlibsə, müqavimət göstərməyin və etirazın faydası yoxdur


Vidadi, icra günü bir anın içində sarılıq xəstəliyinə tutuldu

Səidə xanım, bu məktubumla sizə, 5-ci korpusda axırıncı dəfə yerinə yetirilən ölümlərin icrası və orada saxlanılan dustaqların başlarına gətirilən dəhşətli müsibətlər haqqında qısa məlumat vermək istəyirəm. 1992-ci il yanvarın 4-də, axşam saat 5 radələrində 130-cu kamerada saxlanılan 68 yaşlı Camal kişi güllələndi. Ayaz Mütəllibov istefa verdikdən sonra, hakimiyyətə ağızdolusu humanizmdən və demokratiyadan danışıb, millətimizin inamını qazanmış Xalq Cəbhəsi gəldi. Yeni prezident seçkilərinə qədər prezident səlahiyyətlərini MM-in keçmiş sədri İsa Qəmbərov yerinə yetirirdi. Ağır müharibə şəraitində yaşadığımız bir dövrdə, bütün sosial sahələr üzrə problemlərin aşıb-daşdığı bir vaxtda, İsa Qəmbərov tələm-tələsik 8 nəfərin ölüm hökmünün icrasına sənəd imzaladı. 1993-cü ilin fevralın 13-ü şənbə günü səhər saat 9 radələrində iki nəfər – 118-ci kamerada saxlanılan İslam və 131-ci kamerada saxlanılan Nazim güllələndi. 
Onu da qeyd edim ki, İslam həm anadangəlmə lal, həm də ruhi xəstə idi.
“… Ağır müharibə şəraitində yaşadığımız bir dövrdə, bütün sosial sahələr üzrə problemlərin aşıb-daşdığı bir vaxtda, İsa Qəmbərov tələm-tələsik 8 nəfərin ölüm hökmünün icrasına sənəd imzaladı. …”
Həmin günün səhəri, fevralın 14-də, bazar günü saat 9-10 arası 132-ci kamerada saxlanılan 3 nəfər Elşad, Roma və Andrey güllələndi. Növbəti hökmlərin icrası həmin il fevralın 20-də, şənbə günü səhər saat 9-dan çox dəhşətli hadisələrdən, vəhşiliklərdən sonra, gündüz saat 2-də başa çatdı. 121-ci kamerada saxlanılan iki doğma qardaş – Bəylər və Qardaşxan kameradan çıxmayıb uca səslə bildirdilər ki, onların işlərinə düzgün baxılmayıb, yazdıqları çoxsaylı şikayətlərə düzgün cavab verilməyib. Buna baxmayaraq, türmənin rəisi Vaqif Əhmədov və nəzarətçi prokuror onlara bəyan etdilər ki, artıq gecdi, hökm təsdiqlənib və bu gün icra olunmalıdır! Elə bu andan da ağlasığmaz dəhşətlər başlandı. Türmənin işçiləri kameranın qapısını açmağa cürət eləmədilər. Bu səbəbdən də, əvvəlcə kameranın lampasını vurub sındırdılar, sonra qapıda yerləşən “karmuşka” adlanan pəncərəni açıb, içəri göz yaşardıcı qaz balonu atdılar. Qaz yayılaraq bütün korpusu bürüdü. Buna baxmayaraq, qardaşlar kameradan çıxmağa etiraz etdilər və bir yerdə öləcəklərinə and içdilər. Kameranın qapıdakı pəncərəsindən güllə atmağa başladılar. Mən 40-a qədər atılan gülləni saya bildim. Lakin icraçılar iki nəfər olduğundan, içəriyə yağış kimi yağdırılan güllələri saymaq mümkün olmurdu. Görünür, qardaşlar kameranın küncünə möhkəm sıxılaraq gizlənmişdilər, güllə onlara dəymirdi. Korpus əməlli-başlı poliqona çevrilmişdi. Icraçılar risk eləyib, əllərini içəri sala bilmirdilər. Bu dəhşətli güllə-boran səhnəsi gündüz saat 2-yə qədər davam etdi. Nəhayət qardaşlardan birinə güllə dəydi və o, möhkəm inildəyərək yerə sərildi. Ikinci qardaş bunu görüb qışqırdı: “Can qardaş, səni al qana batırdılar, mən də səninlə ölürəm” – deyib zarıyan qardaşını qucaqladı və bu an saysız-hesabsız güllə yağdıraraq hər iki qardaşı əbədi susdurdular. Meyidləri o vəziyyətdə kamerada saxlayıb, 125-ci kameradan Salman adlı dustağı çıxarıb güllələdilər. Bu icra Azərbaycanda ölüm hökmünün son icrası oldu. Dünyalarını dəyişmiş qardaşları kameradan xərəkdə deyil, türmə işçilərinə əziyyət verdiklərinə görə, ayaqlarından tutub, sürüyə-sürüyə korpusun zirvəsinə apardılar. Dəhliz büsbütün qan içində idi. Işçilər nə qədər çalışsalar da, qanı təmiz yuya bilmədilər.
Bir məsələni də nəzərinizə çatdırıram ki, həmin vaxt 5-ci korpusun 126-cı kamerasında mərhum Salatın Əsgərovanı qətlə yetirən 4 nəıfər erməni saxlanılırdı. Millət vəkilləri, başda İsa Qəmbərov olmaqla, radio və televiziya vasitəsilə emosiyalı çıxışlarında xalqımıza bəyan etdilər ki, Salatın Əsgərovanın qanı yerdə qalmayacaq onu qətlə yetirənlər ən ağır cəza ilə cəzalandırılacaqlar! Lakin bunun əksi olaraq həmin ermənilər İsa Qəmbərovun bais olduğu – yuxarıda qeyd etdiyim qanlı hadisənin şahidi oldular. Bu qanlı səhnə İsa Qəmbərovun humanistlikdən, vətənpərvərlikdən çox-çox uzaq olduğunu göstərdi və qəddarlığının simvolu kimi, o günün vəhşətlərinə dəhşət içərisində şahidlik edən məhbusların yadında qaldı! Ondan soruşanda ki, hakimiyyətə gəldiyiniz az bir müddətdə, tələm-tələsik belə bir sənədi təsdiqləməyə sizi nə vadar etdi? Cavab vermişdi ki, mən bu mirası Elçibəyə saxlamaq istəmədim! Bu cavabın heç bir məntiqi yoxdur! Belə çıxır ki, İsa Qəmbərov respublikanın bütün ağır sosial problemlərini həll etmiş, işğal olunmuş torpaqları azad etmiş və ən axırda qalan bu mirası da Elçibəyə təhvil vermək istəməmişdi. Mən əminəm ki, bu işin arxasında başqa səbəb vardır. Zaman gələcək, İsa Qəmbərovun gizlində olan çirkin niyyəti ifşa olunacaq!
Səidə xanım, indi isə sizə hazırkı iqtidarın dövründə 5-ci korpusda baş vermiş, dünyada heç bir analoqu olmayan müsibətlərdən xəbər vermək istəyirəm. 1994-cü il sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə, 5-ci korpusun 131-ci kamerasından yeraltı lağımla 10 nəfər dustaq qaçdı. Həmin gündən korpus əvvəlcə “konslagerə”, az bir müddərdən sonra isə “morqa” çevrildi. Əvvəla onu deyim ki, kamerada yeraltı lağımın açılması əvvəlcədən təşkil olunmuş təxribat idi və aşağıda deyilənlər də bunna bariz sübutdur;
1. Hər həftənin I günü kameraların hamısında texniki baxış keçirilirdi. Birdən-birə bu baxışlar dayandırıldı və 11 ay ərzində bir dəfə də olsun kameralar yoxlanılmadı.
2. Kameralarda söhbət edən dustaqların pıçıltı səsini də eşidən nəzarətçilər beton döşəmənin güclü zərbələrlə dağıdılmasını nədənsə eşitməmişdilər?!
3. Və ən nəhayət, hadisədən sonra kamerada tapılan çəkic, zibil, lom, mantirovka, dəmirkəsən mişar və başqa əmək alətləri təəccüb doğurmaya bilməz. Alətlərin kameraya kim tərəfindən verilməsi gizli qaldı. Ümumiyyətlə belə müəmmalar çoxdur. Amma mənim fikrimcə qeyd etdiyim bu sirrlər açılarsa, təxribatın kimlər tərəfindən hazırlandığı üzə çıxar!
Qaçış gününün səhəri kameralarda olan bütün şeylər bayıra atıldı, soyuğun qarşısını almaq üçün pəncərələrə vurulan salafanlar çıxarıldı, isti paltarlar soyunduruldu və yüngül alt paltarı ilə “spesovka”da saxlanıldılar. Gündə bir dəfə yarım çömçə yemək və normadan iki dəfə az çorək verməyə başladılar. Siqareti, çayı, qəndi yaddan çıxartmağı məsləhət gördülər. Hər gün kameraları növbə ilə açır, dustaqların əlləri yuxarı vəziyyətdə, üzlərini divara döndərib, “pres” əməliyyatını yerinə yetirərək, onları ağır zərbələrlə yerə sərirdilər. Korpusda inilti, qışqırıq səsindən adam dəhşətə gəlirdi. Sonra yerə yıxılanları sürüyüb kameraya salırdılar. Hər kamerada 2 nəfərlik yerdə 6-7 dustaq saxlanılırdı, içəridə isə, cəmisi 2 döşək və 2 adyal var idi. Qaçaq düşmüş dustaqları tutub biabırçı vəziyyətdə korpusa gətirdilər. Türmənin işçiləri onların kürəklərinə minib, dubinka ilə döyəcləyə-döyəcləyə korpusun girəcəyinə qədər qaçmağa məcbur edirdilər və qışqıraraq, öz aralarında ”mənim atım, sənin atından bərk qaçır” deyirdilər. Onlardan birini isə “boks” adlanan kameraya salıb, 3 gün saxladılar və anadangəlmə soyundurub bədəninin tüklərini kağızla ütüb, zorla rezin “butulka”ya oturtmuşdular. Qaçanlardan Heydər adlı birisinə açıq şəkildə deyirdilər ki, “bizə tapşırıblar, səni öldürək, yaxşısı budur ki, özün özünü öldürəsən”. Intihar etmək üçün ona hətta lezva da verildi. Çox çəkmədi ki, həmin dustaq boynundaki şah damarını kəsdi və qanaxmadan öldü.
Qısa müddət ərzində qaçaq düşmüş dustaqlardan 4 nəfəri vəhşicəsinə öldürüldü. 1994-cü il dekabrın əvvəllərindən başlayaraq, 5-ci korpus artıq MORQA çevrilməyə başladı. Belə ki, xəstəliklərə düçar olmuş dustaqları, ölüm kabusu bürüdü. Ilk ölüm hadisəsi dekabrın 1-də oldu. 128-ci kamerada saxlanılan 70 yaşlı Kamal kişi dünyasını dəyişdi. Elə gün olurdu ki, korpusdan 2 meyid çıxırdı. “Press” əməliyyatı isə səngimirdi. Sərxoş vəziyyətdə quduzlaşmış əməliyyat işçiləri açıq-aydın deyirdilər ki, heç olmasa 50 nəfəriniz öləndən sonra bəlkə günahlarınızdan keçərik. Günahımız isə o idi ki, qaçış üçün qazma gedəndə, guya bütün korpus bunu eşidib, bilib, lakin lazımi yerə çatdırmayıblar. Hansı ki, bu işi elə özləri təşkil etmişdilər. Hippokrat andı içmiş həkimlər öz aralarında söyüş qoymuşdular ki, korpusa girməsinlər. Həkim üçün müraciət edən dustağı o qədər döyürdülər ki, çox çəkmirdi ki, dünyasını dəyişirdi. Korpusda döyülməyənlər yalnız 126-cı kamerada saxlanılan ermənilər idi. Hər gün səhər onları koridora çıxarıb, tərifləyirdilər və bütün korpusa bəyan edirdilər ki, aranızda yeganə kişi varsa, o da bu ermənilərdi! Bəli, həmin ermənilər ki, Salatın Əsgərovanı qətlə yetirmişdilər.
Nə qədər acı olsa da, bu həqiqətdir! Yerli dustaqlarımızın acından, soyuqdan, düçar olduqları xəstəliklərdən zarıdıqları bir vaxtda, erməni dustaqlarının heç nəyə ehtiyacı yox idi, onların təpədən-dırnağa kimi isti paltarları, hətta içi yun olan yarım sopajkiləri də var idi. Yerli dustaqlara sutka ərzində bir dəfə, ermənilərə isə üç dəfə yemək verilirdi. Bundan əlavə, hər gün səhər-səhər tibb bacısı podnosda onlar üçün yağ, süd və şəkər tozu gətirirdi. Deyirdilər, guya “Qırmızı Xaç” təşkilatı erməniləri nəzarətə götürüb. Ağrıdıcı, dəhşətli hal o idi ki, Salatını qətlə yetirənlər özümüzün-özümüzə qənim kəsildiyimizin şahidi oldular. Yəqin ki, hər azəri dustağının ölüm xəbərini onlar qəlblərində böyük sevinc və fərəhlə qarşılayırdılar. Bu ərəfədə korpusda sifarişli ölümlər başlandı. Bunu həyata keçirən isə korpusun keçmiş starşinası Şahin Məmmədov idi. Ona hətta “balaca Çikatilo” ləqəbini vermişdilər! Aradan götürüləsi dustaqları 133-cü kameraya salırdılar. Həmin kamerada saxlanılan dustaqların hamısı qarın və ağır vərəm xəstəliyindən əziyyət çəkirdilər. Kamera əməlli-başlı MORQ idi. 6 nəfərlik yerdə 14 nəfər saxlanılırdı.
Demək olar ki, hər həftə kameradan 1-2 meyit çıxırdı. Oradan eşidilən qışqırtı, inilti səslərini yazmaqla təsvir etmək qeyri-mümkündür. Ayrı-ayrı kameralarda da sifarişli ölümlər həyata keçirilirdi. Starşina Şahin Məmmədov özünə tərəf “verbovka” etdiyi dustaqlardan məharətlə istifadə edirdi. Belə ki, aradan götürüləsi dustağı “verbovka” etdiyi dustağa tapşırır və əvəzində ona əfv olunacağına söz verirdi. Iş yerinə yetirildikdən sonra isə, “mükafat” olaraq həmin adama çay, qənd, siqaret, hətta spirt də verirdi. Bütün bu dözülməz hallar dustaqlar arasında intihara da səbəb olurdu. 124-cü kamerada birisi özünü maykası ilə asdı. 128-ci kamerada Mahir adlı şəxs dəfələrlə intihar etmək istərkən, içəridəki dustaqlar buna imkan verməmişdilər. Lakin bir gün onun niyyəti baş tutdu, imkan tapıb, özünü asdı. Ölümlərin qabağını bir az almaq üçün 1995-ci il yanvarın 17-də adambaşı bir adyal paylamağa başladılar. Həmin gün ilk dəfə olaraq türməyə yeni təyin olunmuş rəisin – Fərmail Abbasovun üzünü görə bildik. Dustaqların vəziyyəti ilə tanış olan yeni rəisə heç kim şikayət etmirdi, çünki bunun acı nəticələrini artıq hamı görmüşdü. Paylanan adyallar ağır xəstələrə kömək etmədi. Onlara təcili həkim lazım idi, həkimlərin isə korpusa girişi qadağan idi. Təzə rəisin gəlişi də bu qəddarlıqların qarşısını ala bilmədi. O, ayda iki dəfə korpusa gəlib, dustaqları koridora çıxartdırıb,onların şəxsiyyətləri ilə tanış olur, özünə xoş təsir bağışlayan dustağa aşağısı bir zopa vurdururdu, qalanlarına isə ağlına gələn say qədər kötək təyin edirdi. Elə dustaq var didi ki, aldığı zopa zərbəsindən sonra bir daha ayağa qalxa bilmirdi. Misal üçün, 120-ci kamerada saxlanılan dustaqlardan biri o qədər halsız vəziyyətdə idi ki, koridora çıxa bilmədi. Rəis Fərmail Abbasov onun çıxmasını tələb etsə də, dustaq yataqdan qalxa bilmədi. Bundan qəzəbələnən rəis “qoçularına” bağıraraq, dedi ki, onun dərmanı dubinkadı, bir-ikisini vurun, sağalacaq. Halsız dustağı sürüyüb, dəhlizə çıxartdılar, və ona dəyən bir-iki ağır zərbədən sonra canını tapşırdı. Bu minvalla 1995-ci ilin martın axırında ölənlərin
sayı 45-ə çatdı. Nəzarətçilər hər ölüm xəbərini telefon vasitəsilə rəhbərliyə muştuluq kimi çatdırır və bununla fəxr edirdilər ki, özünün növbəsində bir nəfər öldü. Ölənlərin ağızlarındakı qızıl dişlər biabırcasına sökülüb götürülürdü və meyid çox pis vəziyyətdə evlərinə təhvil verilirdi. 1995-ci il fevralın 1-də 130-cu kamerada dünyasını dəyişmiş Rufullayev Firudin Qardaşxan oğlunun ağzındakı qızıl dişlər elə qəddarlıqla sökülmüşdü ki, meyid çox pis vəziyyətə düşmüşdü. Ölənin valideynləri nə qədər maraqlandılarsa, türmənin rtəhbərliyindən heç nə öyrənə bilmədilər. Bu vəhşiliyi törədənlərin adları da sirr olaraq qaldı. Bu hadisələrdən sonra həkimlərin korpusa girişinə icazə verildi, görüşlər açıldı, vəziyyət azacıq da olsa, yüngülləşdi. Kimin yiyəsi gəlirdisə, həkimlər onu müalicə edirdi, yiyəsiz dustaqlara isə min cür bəhanə gətirərək, yaxın durmurdular. Salatın Əsgərovanı qətlə yetirən ermənilər təmtəraqla, Milli Qəhrəman kimi öz vətənlərinə qaytarıldıqdan sonra, korpusa siyasi xarakterli dustaqların gətirilməsi başlandı. Əvvəlcə Əlikram Hümbətov gətirildi və 126-cı kameraya salındı. Çox keçmədi ki, türmənin rəisi Fərmail Abbasov dustaqları koridora düzdürərkən, Əlikram Hümbətovu təhqir etdi və bunun müqabilində əks cavab aldıqda, hirslənib öz “qoçularına” əmr etdi ki, Hümbətovu nəfəsi kəsilənəcən kötəkləsinlər.
Həmin dəhşətli hadisəni yazı ilə təsvir etmək çox çətindi. Bir onu deyə bilərəm ki, Əlikram Hümbətov huşunu itirənə qədər döyüldü, günü-gündən vəziyyəti elə pisləşdi ki, hətta şaiyə yayıldı ki, dünyasını dəyişib. Onun yaxınları türmənin qabağında göz yaşları içində rəhbərlikdən Əlikram bəyin meyidini tələb edirdilər. Starşina Şahin Məmmədov böyük çətinliklə də olsa, onları inandırmışdı ki, o, sağdı. Bu hadisədən sonra Əlikram bəyə tibbi yardım göstərilməyə başlandı. 1998-ci ilin mart ayında ölənlərin sayı 80 nəfərə çatdı. Elə həmin ayın axırlarında 5-ci korpusdan Qobustan həbsxanasına dustaqların köçürülməsi başlandı. 5-ci korpusda siyasi dustaqlar və 15 nəfərə yaxın müxtəlif cinayət törədənlər saxlanıldı. Dustaqların bir-birindən ayrı, uzaq düşmələrinə baxmayaraq, aralarındakı əlaqə kəsilmir, lazımi xəbərlər dəqiqliyi ilə çatdırılırdı. 5-ci korpusdan Qobustana köçürülən dustaqlar arasında ölüm halları davam edir, və dəqiq məlumata görə, 1998-ci ilin axırında ümumi ölənlərin sayı 100 nəfəri keçmişdi. Daha bir məlumata görə isə Qarabağ müharibəsində ad qazanmış Quliyev Tarix Qeybulla oğlu 1999-cu ilin oktyabr ayında Qobustan həbsxanasında dünyasını dəyişmişdi. Belə davam edərsə, ömürlük cəza çəkənlərdən bir nəfər də qalmayacaq!
Mən hələ Qobustanın qanlı yanvar hadisəsini hesaba almıram. O hadisədə də ölənlərin arasında ömürlük cəza çəkənlər olub. Ümumiyyətlə bu statistikanı yadınızda saxlayın! – 1994-CÜ İLİN DEKABRIN 1-DƏN 1998-Cİ İLİN AXIRLARINDA ÖMÜRLÜK CƏZA ÇƏKƏN DUSTAQLARIN ARASINDA ÖLÜM HALLARI 100 NƏFƏRİ KEÇMİŞDİ. Bunu zaman sübut edəcək!
Səidə xanəm, elə bilməyin ki, mən nəyisə artırıb yazmışam, əksinə gözümlə gördüyüm dəhşətli hadisələri, vəhşilikləri tam təfsilatı ilə sizə çatdıra bilməmişəm. Hesab edin ki, mən yazdıqlarım dənizdən bir damladır!
Hökumət işçilərinin törətdikləri vəhşiliklər dünyada manyak kimi tanınan Çikatilonun etdiyi vəhşilikləri arxada qoymuşdur. Cəza yerlərindəki dustaqların heç biri nəinki bu qədər cinayət törətməyiblər, hətta yarıdan çoxu günahsız yerə – kimlərinsə hədəfinə tuş gəlib, nahaqdan çürüyüblər. Cinayət törədənlərin, vəhşiliklər edənlərin əməllərinə isə humanizm donu geyindirilir və “dahi rəhbərin” adına yazılır, bu da məddahlar tərəfindən alqışlanılır.
Dustaqların şəraiti ilə maraqlanmaq üçün Avropa Şurasından 5-ci korpusa nümayəndə gəlmişdi. Amma nə xeyri, korpusun dəhlizini ziyarət edib, getdilər. Bu gəliş əlbəttə ki, formal xarakter daşıyırdı. Çünki, onların Azərbaycanda maraqları var və bu marağı hər şeydən üstün tuturlar.
Sizi maraqlandıran daha bir məqama aydınlıq gətirirəm. Belə ki, ermənilərin sözlərinə istinadən yazırsınız ki, icra zamanı dustağın birinə 7 (yeddi) güllə vurulub. Həqiqətən də belə hal olub. Sonra da bunu belə izah edirsiniz ki, çoxsaylı güllələrin vurulması, ya qərəzli məqsəd daşıyıb, yəni dustağı əzab-əziyyətlə öldürmək, ya da gülələnən dustağın güclü müqaviməti buna səbəb olub. Bəri başdan sizin ikinci versiyanızı çıxıram. Nəzərə alın ki, icraçılar professional olurlar və elə vaxt olub ki, (həmin dustağa hörmətləri olubsa) bir güllə ilə məsələni bitiriblər. Amma birinci versiyanız düzdür. Buna aid şahidi olduğum hadisələrdən birini danışım. 123-cü kamerada saxlanılan Məmmədov Rasim cinayət aləminin dili ilə desək, korpusun “obşakı” idi. O, korpusa elan etdi ki, 119-cu kamerada saxlanılan Fərmanov Salman ”fufloşnik”dir. Cinayət aləmində adətən söz verib yerinə yetirməyən, yaxud, qumarda uruzub, pulu vaxtında çatdırmayan dustağa “fufloşnik” deyirlər. Bu cür dustaqlar ümumi söhbətlərdə iştirak edə bilməzlər, onların yeri həmişə göstərilir, bir sözlə, şəxsiyyətsiz bir adam hesab olunurlar. Bu cür təhqirə dözməyən Fərmanov Salman gecə vaxtı öz venalarını doğrayıb, qanaxmadan huşunu itirmişdi. Aşağı mərtəbədə yatan (119-cu kamerada çarpayı ikimərtəbəlidi) üstünə damcılayan qandan oyanıb, tez bunu xəbər verir. Həkimlərin müdaxiləsindən 3 gün sonra Salmanın huşu özünə qayıtdı. Bu hadisədən sonra onu 125-ci kameraya saldılar. Güllələnmənin icrası günü, yəni 1993-cü il fevralın 20-də (pespublikada son icra) Salmanı kameradan çıxararkən, koridorda o, Rasimi çağırıb, uca səslə biədəb söyüşlərlə təhqir etdi. Bundan hiddətlənən Rasim, korpusun starşinası Ələddini çağıraraq, dedi ki, gülləni Salmanın arxasından – biədəb yerindən (ifadəmə görə üzr istəyirəm) vurdursun və buna görə ona çoxlu pul vəd etdi. Belə də oldu. Podvaldan çoxlu güllə səsləri eşidildi. Icra başa çatdıqdan sonra, starşina Ələddin 123-cü kameranın karmuşkasını açaraq, Rasimə dedi ki, sənin sifarişini yerinə yetirdilər –axırıncı gülləni Salmanın arxasından vurdular. Rasim özündən razı halda Ələddinə 2 min rubl (1993-cü ildə rublun dəyəri kifayət qədər yüksək idi) verərək, uca səslə dedi ki, halal olsun sizə, gedin yeyin-için, kef edin. Bunu o vaxt korpusda olan dustaqların hamısı eşitdi.
Artıq onlar professional icraçıdan manyaka çevriliblər. Bu inkar edilməz faktdır, inanın.
Belə misallardan çox çəkmək olar. Adətən, dustağın xasiyyəti, davranışı xoşlarına gəlməyəndə, onları əzabla öldürüb, xüsusi zövq alırlar. Başqa epizod üzrə də, yəni, iki doğma qardaşın kamerada vəhşicəsinə güllələnmələrinə aid ermənilərin verdikləri ifadə tam həqiqətdir. Birinci məktubumda bu hadisəni bütün təfsilatı ilə yazmadım, bunu tam olduğu kimi təsvir etmək mümkün deyil. Qardaşlara qarşı başlanan gülləboran səhər 9-dan günorta 2-də başa çatdı. Bu interval ərzində qardaşlarla icraçılar arasında o qədər dioloqlar, söyüşlər, tələblər oldu ki, onların hamısını qələmə almaq mümkün deyil. Həqiqətdə də qardaşlar tələb edirdilər ki, ermənilər korpusdan çıxarılsınlar, ya da ki, əvvəl onlar güllələnsin, sonra qardaşlar. Belə qışqırıqlara heç vaxt məhəl qoyulmur, icraçılar çox böyük həvəslə öz işlərini görürlər. Birinci məktubda bu hadisəyə aid bir məqamı da yazmamışdım. Güllələrin yağış kimi yağdırıldığı vaxt, qardaşlar necəsə icraçıları görürdülər və onların adlarını uca səslə hallandırıb, lənətləyidilər. Manyaklaşmış icraçılardan söhbət açılmışkən, qərara gəldim ki, Sizə bu iki nəfər icraçı-manyakların adlarını açıqlayım. Həmin icraçılardan birinin adı Əliyev Mirzəli, o birininki isə Məsimov Məhərdir. Qardaşlar qətlə yetirildikdən sonra, məhz bu iki cəllad-manyakın təkidi ilə meyidləri xərəkdə və ya adyalda deyil, ayaqlarından sürüyə-sürüyə apardılar. Korpusun starşinası Ələddin də bu iki cəlladın sözlərini təkrar edərək, ucadan bağırırdı: “müqavimət göstərən hər dustağı bax belə, it kimi sürüyüb aparmaq lazımdı”. Eşitdiyimə görə hər iki cəllad-manyak hal-hazırda Bayıl türməsində işləyir. Görəsən onların buna mənəvi haqları çatırmı? Insan gərək büsbütün həyasını itirsin ki, cəlladlıq, ağlasığmaz qəddarlıqlar elədiyi korpusda, starşina işləsin. Görəsən bunlardan türmənin rəisinin xəbəri varmı?
İndi isə ermənilərin Akif Məmmədov barəsində verdikləri ifadələrinə bir balaca düzəliş etmək istəyirəm. Onların dediklərinə görə, qardaşların güllələnməsindən bir qədər əvvəl Akif Məmmədovu “sançast”a aparıblar. Amma o, Akif Məmmədov deyil, 127-ci kamerada saxlanılan Fuad adlı şəxs idi. Üç gündən sonra çox ağır vəziyyətdə dünyasını dəyişdiyi xəbəri gəldi.
Akif çox ağır xəstə idi. Həmin gün növbədə Əlifev Namiq adlı nəzarətçi idi. Akif güclə onu çağırdı və bir stəkan sərin su istədi. Nəzarətçi onun halına acıyıb, xahişini yerinə yetirdi. Akif suyu içdikdən 10 dəqiqə sonra dünyasını dəyişdi. Həmin nəzarətçi deyəsən indi də Bayıl türməsində işləyir. Ondan soruşsanız, hər şeyi olduğu kimi deyər. Akif Məmmədov icra gününə qədər sağ qalsaydı, xəstəliyindən asılı olmayaraq, güllələnməli idi. Əgər anadangəlmə ruhi xəstə, lal adamı güllələyirdilərsə, deməli heç bir istisna yoxdur. Demokratik, sivil ölkələrdə əvvəlcə xəstəni tam sağaldırlar, sonra isə ölüm hökmü icra olunur. Bizim dövlət isə belə humanizmdən çox-çox uzaqdır. Lazım gələrsə, yəni icranın vaxtı gələrsə, xəstəni lap çarpayıda da güllələyirlər. Ümumiyyətlə 5-ci korpusda olduğum müddət ərzində “sançast”a iki nəfər dustaq aparılıb. Onlardan biri qeyd etdiyim kimi, Fuad adlı şəxs, o biri isə 130-cu kameradan Əhəd adlı şəxs olub. Əhədi müalicə etmək üçün türmənin mərkəzi xəstəxanasına aparmışdılar. Onu xəstəxananın “karantin” adlanan (və yaxud xəstəxananın karsı da adlandırmaq olar) kamerada bir gecə saxlayıb, o qədər döymüşdülər ki, yalvarmışdı ki, müalicə olunmaq istəmirəm, məni geri qaytarın.
Səhəri günü Əhədi çox pis vəziyyətdə 5-ci korpusa gətirdilər, kameraya girərkən, rahat nəfəs alıb demişdi: “xəstəxanada müalicə olunmaqdansa, kamerada ölmək yaxşıdı”. O, 1993-cü il fevralın 9-da dünyasını dəyişdi. Ondan iki saat əvvəl isə, 122-ci kamerada İqor adlı şəxs dünyasını dəyişmişdi. O, vəsiyyət yazıb, dustaqlara ötürmüşdü ki, evlərinə çatdırsınlar. Ona qarşı olan haqsızlıqlara dözməyərək, aclıq elan etdi və bu aksiyanı axıradək davam etdirib, dünyasını dəyişdi. Həmin gün korpusdan iki meyit çıxdı.
Bu yaxınlarda türmənin mərkəzi xəstəxanasında müalicə almış dustaq yoldaşım yenidən saxlandığı İƏD-nə qayıdıb. O deyir ki, Bayıl türməsinin 5-ci korpusundan Əlikram Hümbətovu xəstəxanaya gətirmişdilər. Təxminən iki ay sonra onun müalicəsi qəflətən yarımçıq kəsilmiş və təcili olaraq, 5-ci korpusa qaytarılmışdır. Dustaqlar arasında söhbət gedir ki, Ə.Hümbətova vurulan axırıncı iynə zəhərli olub, bu iynədən sonra Əlikram bəy özünü çox pis hiss edib. Elə indicə 5-ci korpusdan dəqiq məlumat aldıq ki, Əlikram bəyin ürəyi bərk ağrıyır, təzyiqi isə çox yüksəkdir.
Birinci məktubumda qeyd eləmişdim ki, Qobustan həbsxanasında ömürlük cəza çəkənlərin arasında ölüm halları davam edir. Bu qara siyahıya Qarabağ müharibəsində könüllü döyüşçü kimi tanınan, az qala Milli Qəhrəmana çevrilmiş Quliyev Tarix Qeybulla oğlu da düşmüşdür. O, 1999-cu ilin əvvəllərində Qobustan həbsxanasında dünyasını dəyişmişdir. Bu ölümün heç də təsadüf olmadığı barədə heç nə yazmamaışdım. Çünki bu mövzu ayrılıqda çox böyük- hələ də düyünü açılmayan hadisələri əhatə edir. Səbrim çatsa, bu yaxınlarda dəqiq bildiklərimi Sizə açıqlayacağam. Hələlik isə onu deyə bilərəm ki, Tarix Quliyev həbs olunaraq, prezidentin nəzarəti altında olan xüsusi izalyatora salınmışdı. Həmin izolyator yerin altında – podvalda yerləşir. Bu podvaldan bütün siyasi dustaqların demək olar ki, hamısı keçib. 
Çünki orada dili açmaq üçün və dustağı sındırmaq üçün bütün vasitələrdən istifadə olunur. Tarix Quliyev prezidentin yaxın dostu Əjdər Xanbabayevi qətlə yetirmişdi. Cinayət aləmində hörmət qazanmış 
Tarix Quliyev hökumət tərəfindən sındırılır və onların məkrli niyyətlərini yerinə yetirmək üçün razılığını verir. Belə tipli dustaqlar çox təhlükəli olurlar. Onlar hər hansı bir təxribatın hazırlanmasını çox asanlıqla təşkil edirlər. Qobustan həbsxanasında “qanlı yanvar” təxribatının hazırlanmasında Tarix Quliyevin hökumətə çox böyük köməyi olub. Hökumət nümayəndələri isə təxribatın uğurla sona çatmasından sonra, həmişə çalışırlar ki, real şahid aradan götürülsün. Düzdür, Tarix Quliyevin çənəsinin altından kontrol gülləsi vurulmamışdı, çünki o, həmin qaynar nöqtədə olmayıb. Sadəcə olaraq, kamerasında oturub, hökumətin ona vəd etdiyi “işıqlı” azadlığı gözləyirdi. Hökumət isə öz məkrli niyyətini yerinə yetirdi – əsas şahidlərdən sayılan Tarix Quliyevi asanlıqla aradan götürdülər və sonra da diaqnoz qoydular ki, ürəyi xəstə idi. Ölməmişdən qabaq isə demək olar ki, huşsuz vəziyyətdə hökumət “humanizm” qayğısını göstərərək, ona həyat yoldaşı ilə uzunmüddətli görüş verdi. Bu onun son görüşü oldu! 
Mən 5-ci korpusun sirrini açamaqla və sizə dəqiq, heç bir artırma, əlavə olunmadan faktlar verməklə özümü reklam eləmək istəmirəm. Bu mənim təbiətimə yaddır, yeganə məqsədim haqqı xalqıma çatdırmaqdır, bunları gələcək nəsil mütləq bilməlidir. Əgər biz pisə lənət deyiriksə, gəlin imkan yaradaq ki, gələcək nəsil də bu haqsızlıqları bilsin, onlar da bu haqsızlıqları yaradan şəxsləri lənətləsinlər və yaxşını ibrət götürsünlər. Ona görə də mən çalışıram ki, 5-ci korpusda olduğum müddətdə, gördüklərimi, bildiklərimi son dərəcə düzgün və obyektiv yazım. Buna sizin heç bir şübhəniz olmasın. Sizdən ən böyük xahişim odur ki, məktublarımı tam şəkildə mətbuatda dərc etdirin. Bu dəhşətləri mənim xalqım bilməlidir!
Suallarınıza dəqiq cavab verirəm: KQB-nin keçmiş sədri Nəriman İmranov 123-cü kamerada saxlanılıb , keçmiş Müdafiə Naziri Rəhim Qazıyev 1998-ci ilin martın 12-nə qədər 128 N-li kamerada olub, sonra isə 132N-li kameraya köçürülüb. Əlikram Hümbətov 126 N-li kamerada olub, ağır, ölümcül xəstə olduğuna görə 6-cı korpusa (maloletka) köçürülüb, sonra yenidən əvvəlki yerinə 126 N-li kameraya qaytarılıb. 
Gəncə hadisələri ilə bağlı ölümə məhkum edilmiş keçmiş komandir Eldar Əliyev 1998-ci il martın 12-də 121N-li kameraya köçürüldü. Keçmiş Kənd Təsərrüfatı Naziri Müzamil Abdullayev 131 N-li kamerada, OMON komandiri Elçin Əmiraslanov 119N-li kamerada, köməkçiləri (hərbi yoldaşları) – Səfa adlı şəxs 125N-li kamerada, Arif adlı şəxs isə 122 N-li kamerada olub. O ərəfədə Surət Hüseynov hələ 5-ci korpusa gətirilməmişdi.
Sonra yazırsınız ki, Sizə göndərdiyim məktubuma əlavə informasiya topladıqdan sonra güllələnməyə məhkum olunmuş şəxslərin güllələnməsi barədə (respublukada son icra) iki qəzetdə çap etdirmisiniz. Əsas sizi maraqlandıran odur ki, keçmiş güllələnməyə məhkum olmuşların özləri güllələnənlər barəsində nə deyirlər?
Əvvəla onu deyim ki, təəssüflər olsun ki, həmin qəzetlər mənə çatmayıb, sualınız isə çox qəribədi. Bəlkə sizi “mastı” maraqlandırır. Çünki hər bir dustağın özünün “mastı” var, bunu yəqin ki, bilirsiniz. Onlar barəsində deyilənləri və əlavə olaraq, icra günü güllələnənlərlə korpusda olan dustaqlar arasında gedən dioloqlardan bir neçəsini yazıram.
İcranın birinci günü 118 N-li kameradan İslam adlı (ləqəbi Qarik) şəxs çıxarıldı. Onu kameradan Ələddindən başqa heç kəs sakit çıxara bilməzdi. Çünki, İslam yeganə olaraq, korpusun o vaxtkı starşinası Ələddinə inanırdı. Ələddin ona cox yaxşılıqlar edirdi, anadangəlmə lal və ruhi xəstə olduğuna görə yazığı gəlirdi. İslam isə pulu “paduşka”sına soxurdu, heç kəsə vermirdi. Özü Masallıdan idi. Valideynləri elə bilirdilər ki, onu çoxdan güllələyiblər. Başda starşina Ələddin olmaqla, korpusun ümumi xahişi ilə keçmiş türmə rəisi Vaqif Əhmədov teleqram vasitəsilə İslamın valideynlərini onunla görüşə gətizdirdi. Təsəvvür edin, anası oğlunun öldüyünü bildiyi halda, birdən-birə “ölü” oğlu ilə görüş alır. Həmin səhnəni görən Ələddin, dözməyib görüş otağından bayıra çıxır. Anası balasına sarmaşıq kimi sarlılb buraxmırmış. Görüşdən qayıdan İslam, axşama qədər sevincdən səsini kəsmirdi, kamerada dəmir stola nağara kimi vuraraq, səslər çıxarırdı. Bu onun son görüşü və son sevinci oldu! “Mastı” “obijennik” idi. Nəyə görə bu “mastı” ona vermişdilər, bilmirəm. Törətdiyi cinayət işinə görə ona 15 il iş vermişdilər. Sonra Ali Məhkəmə işə yenidən baxmış və insafsızlıq edib, güllələnmə hökmünü vermişdilər.
İkinci gülləyə gedən şəxsin adı Nazim idi. Onu güllələməmişdən bir gün qabaq Ələddin ona dedi ki, sabah qohumların səninlə görüşə gələcəklər, hazırlaş. Həmin gün Nazim üzünü qırxdı, Ələddindən təzə “spetsovka” aldı və səhəri səbirsizliklə gözləməyə başladı. İslam güllələndikdən sonra Ələddin 131 N-li kameranın “karmuşka”sını açdı və Nazimə dedi ki, sizinkilər gəliblər, görüş otağında səni gözləyirlər. Bu sözləri eşitməmək mümkün deyildi, çünki bütün korpus bilirdi ki, Nazim görüşə getməlidi, ona görə də hamının qulağı səsdə idi. O vaxt görüşə gedənin sevincini bütün dustaqlar bölüşürdü. Gecədən görüşə hazırlıqlı olan Nazim, kameradan lap tələsik çıxdı. Bəzi dustaqların görüşlə əlaqədar Nazimə verdikləri xeyir-dua cavabsız qaldı. Görünür, Nazim koridordakı vəziyyəti gördükdən sonra dili batmışdı. Biz dustaqlar isə vəziyyətdən tez agah olduq. Bildik ki, bu görüş deyil, Nazimin həyatının son dəqiqələridir. Onun barəsində də dustaqlar çox fikirlər söyləyirdilər və axırda bəlli oldu ki, o da “obijennik”dir. Ona verilən bu “mast”ın da səbəblərini dəqiq bilmirəm, çünki ümumi kurs qoyulmamışdı.
Ertəsi gün, yəni 14 fevral 1993-cü il səhər saat 9 radələrində növbəti icra başlandı. Bəri başdan deyim ki, həmin gün, ölməyi bacarmaq – ölümdən qorxmamaq bacarığı nümayiş etdirildi. 132 N-li kameradan 3 nəfər güllələndi. Onlardan birinci gülləyə gedən Roma adlı şəxs idi. Ələddin “karmuşka”nı açıb, Romanı səslədi, qanuna görə güllələnməyə gedən şəxsin əlləri qandallanmalı idi. Roma əvvəlcə “karmuşka”ya yaxın gəlmədi, bərk həyəcanlı idi və bu təxminən 10 dəqiqə çəkdi. Ələddin təkidlə tələb edirdi ki, Roma “karmuşka”ya yaxınlaşıb, əllərini uzatsın. Elə bu vaxt korpusda səs-küy başlandı. Kameralarda saxlanılan dustaqlar Romaya başa saldılar ki, güllələnmənin təsdiqi gəlibsə, müqavimət göstərməyin və etirazın faydası yoxdur. Hamımız bu yolun yolçusuyuq və yaxşı olar ki, ölümə mərdcəsinə getsin, güllə hər birimizin qismətinə düşə bilər.
Bu fikri – məsləhəti demək olar ki, korpusda dustaqların hamısı bəyəndi və hərə bir yandan Romaya ürək-dirək verməyə başladı. Türmənin rəhbərliyi dustaqlar arasına gedən du dioloqa çox sakit yanaşdılar, demək olar ki, heç bir sərt reaksiya vermədilər, əksinə, özləri şərait yaratdılar ki, dustaqlar ürəklərini boşaltsınlar. Yuxarıda qeyd etdiyim kimi, əsl qəhrəmanlıq nümayişi başlandı! Romaya elə bil ki, əlavə qüvvə verildi. O, mövcud şəraitlə razılaşdı- “karmuşka”ya yaxınlaşıb, arxadan əllərini uzatdı. Qapı açıldı və o, əlləri qandallı koridora çıxdı. 132 N-li kameranın qapısından zirzəminin qapısına qədər məsafə təxminən 20 metrdi. Roma hər kameranın qapısına yaxınlaşaraq, dustaqlarla vidalaşdı. Dustaqlar isə öz növbəsində onun bu hərəkətini alqışladılar. Korpusun zirzəmisinə çatdıqda isə, bütün dustaqlara arzu etdi ki, Allah qapınızı azadlığa açsın! Bu onun son sözləri oldu. Zirzəmidən küt güllə səsləri eşidildi. Ələddin yenə də 132 N-li kameraya yaxınlaşıb “karmuşka”nı açdı. Bu dəfə “güllə qisməti” Elşad adlı şəxsə düşdü. Artıq o, psixoloji cəhətdən hazır idi. Əllərini “karmuşka”ya uzatmamışdan Ələddinə dedi ki, axı sən söz vermişdin!
Bu sözlərin mənasını sonradan öyrəndik. Ələddin korpusda əqidə cəhətdən zəif olan dustaqları çox asanlıqla “verbovat” edirdi, əvəzində isə onlara söz verirdi ki, onları əfv etdirəcək. “Verbovat”olunmuşların vəzifələri barəsində bir-iki kəlmə demək yerinə düşər. Çox vaxt istintaqın gedişində müstəntiq cinayət işini tez bağlamaq üçün müqəssirin tutduğu işlə kifayətlənir, yəni onun əvvəllər də cinayət törədib-törətməməsi barəsində maraqlanmır. Həmin proses məhkəmədə də davam etdirilir və hökm ittihamnaməyə əsasən verilir. Belə tipli dustaqlar və ümumiyyətlə 5-ci korpusa gətirilən təzə dustaqların yanına “verbovka” olunmuş dustaqlardan salırdılar. Bu dustaqlar açılmayan cinayət işlərini asanlıqla açırdılar və Ələddinin vasitəsilə rəhbərliyə çatdırırdılar. Belə hallar çox olub- hökm çıxarıldıqdan sonra müstəntiq gəlib yeni cinayət işi açırdı. “Verbovka” olunmuşların başqa vəzifələri də var idi. Özünüz bilirsiniz ki, gülləyə məhkum olunmuş dustağın artıq itirməyə heç nəyi yoxdur- ümiddən başqa! Elə dustaqlar var idi ki, yeganə ümidini də itirirdi və belə dustaqlardan nə desən gözləmək olardı. Onlar nəzarətçilərə qarşı qəsd də hazırlaya, özləri də intihar edə bilərlər. Müxtəsər, qanuna zidd olan hər hərəkət baş verə bilərdi. Belə hallara yol verməmək üçün, kamerada olan bütün söhbətlər Ələddinə çatdırılırdı. Belə tipli dustaqlara “stukaç” və ya “setka” deylirdi.
Təxminən 25 yaşlarında olan Elşad adlı bir cavan oğlan da var idi, onun “podelniki” başqa kamerada (123-də) saxlanılırdı və o da çox cavan idi, təxminən 22 yaşı olardı. Onlar bir-birləri ilə danışmırdılar, çünki törətdikləri cinayət işinə görə bir-birini günahlandırırdılar. Həmin gün, yəni Elşadın güllələnməsi günü onlar barışdılar. Elşadın əfv olunması sözlərinə görə Ələddin ona çox sərt cavab verdi: mən kiməm ki, səni əfv elətdirim? Bu sözlərdən sonra Elşad sakitcə əllərini “karmuşka”ya uzatdı və qandallandıqdan sonra koridora çıxarıldı. Ən həyəcanlı və dəhşətli dəqiqələr başlandı. Bu dəqiqələr mənim yaddaşımdan heç vaxt silinməz. Təsəvvür edin, cavan, həyatda hələ heç nə görməyən, gülərüz bir oğlan hər kamera ilə mehribancasına görüşür, onlara azadlıq arzulayır. Və diriykən hər kameradan eyni sözləri eşidir: “Allah sənə rəhmət eləsin” – sözlərini.
Öz “podelnik”i olan kameraya yaxınlaşıb onu salamlayır və ona da azadlıq diləyir. Onun adı Vidadi idi və o da Elşada Allahdan rəhmət diləyir və deyir ki, bir azdan məni də podvala aparacaqlar. Elşad ona səbirli olmağı tövsiyyə etdi və bu onun axırıncı sözləri oldu.
Yenə də küt atəş səsləri gəldi. Vidadi fürsətdən istifadə edib, korpusla vidalaşdı. Çünki o vaxt belə idi: əgər icraya qədər “podelnik”lərdən biri və ya bir neçəsi (onların sayından asılıdır) əfv edilmirsə, icra günü onlardan biri güllələnirsə, hökmən qalanları da güllələnməli idilər. Vidadi bunu yaxşı bilirdi. Amma həmin gün tale ona başqa oyun oynadı. Ələddin çox çətinliklə onu inandırdı ki, icranın ona dəxli yoxdur, sonralar Vidadinin vəkili ona xəbər çatdırdı ki, 
“Analar Cəmiyyəti” Prezidentə müraciət hazırlayıblar ki, o, əfv edilsin. Lakin bu xəbərin heç bir köməyi olmadı, böyük sarsıntı və həyəcan keçirmiş Vidadi, icra günü bir anın içində sarılıq xəstəliyinə tutuldu. Həkimlər ona sarılığa qarşı iynə vurdular və müalicə bir neçə gün davam etdi. Təxminən bir həftə sonra isə ayaqları tutuldu. Bir müddət keçdikdən sonra Vidadinin doğmaları görüşə gəldilər. Lakin onun halı bu görüşə imkan vermədi. Ələddin bir neçə dəfə çalışdı ki, Vidadi ayağa dura bilsin, amma xeyri olmadı. Təsəvvür edin ki, anası görüş otağında yalvarırdı ki, oğlu ilə görüş versinlər. Vidadi isə zarıyır ki, onu görüşə aparsınlar. Ələddindən xahiş etdik ki, heç olmasa, ölən ayaqda anası ilə vidalaşsın deyə, onu xərəkdə görüşə aparsınlar. Ələddin isə qəti şəkildə bildirdi ki, bu mümkün olan şey deyil, rəhbərlik icazə vermir. Elə bu anlarda da Vidadi dünyasını dəyişdi. Nə anası balasını görə bildi, nə 
də Vidadi vəsiyyətini edə bildi. Bu hadisənin özü də çox dəhşətli hadisə kimi yaddaşlarda qaldı. İcra günü üçüncü gülləyə gedən şəxs isə Andrey idi. Ona korpusda “adamyeyən” deyirdilər. Çox pis, dəhşətli cinayətlər törətmişdi. Onun həyat yoldaşına 15 il iş verilmişdi. Ələddin 132-ci kameranın “karmuşka”sını açanda Andrey artıq tam hazır vəziyyətdə dayanmışdı. Əllərinə qandal vurulduqdan sonra sakitcə koridora çıxdı və əvvəlcə bütün korpusu salamladı. Çox qalın səsi var idi. Sonra Ələddinə üzünü tutub xahiş etdi ki, bir siqaret versin. Ələddin onun bu xahişini yerinə yetirdi, siqareti yandırıb, Andreyin damağına qoydu. O da öz növbəsində Ələddinə təşəkkür etdi və bütün kameralarla vidalaşaraq, podvala tərəf getdi. Axırda hamıya azadlıq arzulayaraq, podvala girdi. Bir neçə güllə səsi eşidildi və bununla da həmin günü icra başa çatdı. 5-ci korpusda belə bir adət var idi: icra başa çatdıqdan sonra ölənlərin ruhuna fatihə verilir və sonra da ehsan paylanırdı. Ehsan, bir paçka siqaret, bir paçka 50 qr-lıq çay, bir az qənd və bir az da “taxta peçenye”dən ibarət idi. Bu saydıqlarım “N”qədər korpusun “obşak”ında “NZ”kimi əlvurulmaz şəkildə saxlanılırdı. İmkanı olan dustaqlar bu “katyol”a yardım edirdilər.
Axırıncı icra barəsində əvvəlki məktubumda geniş şərh vermişəm. İki qardaşın güllələnməsi və Salman adlı şəxsin hökmünün icrasının yerinə yetirilməsi respublikamızda son icra oldu. 1993-cü il fevral ayının 20-si tariximizin yeni səhifəsinə həkk olundu.
1993-1998-ci illərdə 5-ci korpusda dustaqların hansı səbəbdən vəhşicəsinə öldürüldüyünü bilmək istəyirsiniz. Bunun səbəbləri çoxdur. Amma mənim fikrimcə dustaqların az bir müddət ərzində kütləvi öldürülməsinin üç əsas səbəbi var idi. Başlıca səbəb türmə rəisinin şok vəziyyətə düşməsi idi. Bu məsələyə obyektiv yanaşsaq, görərik ki, rəhbərliyin dustaqlara qarşı bu cür sərt mövqe tutmalarının tutarlı əsasları var idi. Əvvəla onu deyim ki, “pobeq”ə qədər 5-ci korpusa xüsusi diqqət yetirilirdi. Demək olar ki, dustaqların bütün xahişləri, tələbləri yerinə yetirilirdi. Kameralardakı şərait çox yaxşı idi. içəridə radio, elektrik plitə (imkanlı dustaqlar kameranın divarlarına oboy vurmuşdular, hətta maqnitafon da gətirtmişdilər) – ümumiyyətlə şərait gözəl idi. İmkansız dustaqlara əl tutulurdu, istər rəhbərlik tərəfindən, istərsə də imkanlı dustaqlar tərəfindən.
Kameranın “karmuşka”ları heç vaxt bağlanmıdı, nəzarətçilər hər kameraya içmək üçün su daşıyırdılar – (kameradakı krantdan heş kəs istifadə etmirdi, o sudan ancaq tualetin “severin” yuyulmasında istifadə olunurdu) – hal-hazırda isə o krantdan içmək üçün də istifadə edilir (o vaxt bu sudan içmək bir növ “padlo” idi. Dustaqların hamısında pul var idi – rəhbərlik buna qadağa qoymamışdı, görüşlər vaxtı-vaxtında verilirdi, indikindən fərqli olaraq, görüşlərə xüsusi “tas” qoyulmamışdı. Ona görə də kasıb da görüşə gedə bilirdi, imkanlı da. “Peradaça”ya məhdudiyyət yox idi, kim nə qədər bacarırdısa, “peredaça” alırdı. Bir sözlə, 5-ci korpusun tarixində həmin vaxtlar rəhbərlik tərəfindən dustaqlar üçün yaradılan şərait heç vaxt belə yüksək dərəcəyə çatmamışdı. Nəzərə alın ki, o vaxt Avropa Şurasının üzvü deyildik, müstəqilliyimizin qazandıqdan sonra hüquqi dövlət quruculuğunun astanasında idik. Amma indi dövlətçiliyimiz bütün sahələr üzrə beynəlxalq standartlara uyğunlaşmaq istəyir. Buna baxmayaraq, 5-ci korpusun o vaxtkı şəraitinin heç 50%-i də hal-hazırda yoxdur. Bütün bu yaxşılıqların əvəzində dustaqların bu cür ağılsız hərəkəti türmənin rəhbərliyini hiddətləndirməyə bilməzdi.
Belə bir hadisədən sonra rəhbərliyin işdən azad edilməsi artıq labüd idi. Dustaqlardan intiqam almaq üçün bu ərəfədən maksimum istifadə edərək, rəhbərlik 5-ci korpusda kütləvi qırğının əsasını qoydu. Elə vaxt olurdu ki, gün ərzində iki dəfə “press” əməliyyatı keçirilirdi.
İkinci səbəb isə vaxtilə dustaqların “nadzor”lara qarşı “bezpridel”liyi idi. Korpusda elə “bezpridel” dustaqlar var idi ki, ümumi qayda-qanuna tabe olmurdular, hətta korpusun “abşak”ına da qulaq asmırdılar. Bu tipli dustaqlar heç nədən nəzarətçiləri söyürdülər, onların bəzilərinə əl qaldırırdılar, kamerada əllərinə keçən hər hansı bir əşyanı “karmuşka”dan onların üzərinə atırdılar. Kütləvi qırğın zamanı “press” əməliyyatını keçirənlər də əsasən, məhz həmin incik nəzarətçilər idi. Onlar dustaqları döyərkən, “bezpridel”llərini yadına salır və zərbələri elə qüvvətlə endirirdilər ki, huşlarını itirənlər də olurdu. Həmin nəzarətçilərin çoxu sonradan işdən azad edilirdilər.
Üçüncü başlıca səbəblərdən biri də, mənim fikrimcə, həm siyasi motivlər, həm də qərəzlilik idi.

psnota.com

Комментариев нет:

Отправить комментарий