26.01.2013

Gözlər çarəsizdi

Vüsal Mirzə

Əzizim baxışım dəyişib kəskin,
Küsmə gözlərimdən, gəl saxlama kin,
Gözlər çarəsizdi, gözlər neyləsin?
Gözlər həmin gözdü, baxışlar özgə.

Baxışlar alovmu, baxışlar közmü?
Yandırır çölümü, yandırır özmü.
Tanıya bilmirəm güzgüdə üzmü,
Üzüm tanış gəlir, qırışlar özgə.

Yaman qaralıbdı o mavi göylər,
Mənə əzab verir mənəvi göylər.
Niyə özgələşib səmavi göylər?
Buludlar özgədi, yağışlar özgə.


Vururam dizimə deyirəm yeri.
Həvəssizcəsinə gedir ötəri,
Bir addım qabağa,üç addım geri,
Neyləyim addımlar,qarışlar özgə.

Qıyğacı baxışlar bağrımı dəlir.
Ürək də kövrəlir, göz də kövrəlir.
Mənim özümə də qəribə gəlir,
Özgələr tanışdı,tanışlar özgə.

Bağışla əzizim,qalmayıb mətin.
Məncə bağışlamaq heç deyil çətin.
Bəlkə də özgəsi oldu qismətin,
Bəlkə də
baxşını
eşqini
ömrünü
bağışlar özgə.
Bəlkə də...

Комментариев нет:

Отправить комментарий