29.01.2013

Zeynep Aliye - "Labirint məktub"

Aytən Təhmasibin tərcümələri

Virginia Woolf  üçün

Hekayəm  bu cür başlamalıdır: “İkimizə bir göy üzü  seçək. Daha  doğrusu, bir ulduz. Adsız, yolunu ikimizdən başqa heç kimin bilmədiyi olsun. Bir ulduz, solğun bir günü  qıpqırmızı, bənövşəyi rəngə boyasın. Hay-küylü, çılğıncasına sarılsın qollarıyla...
Yox, çox axmaq bir giriş oldu. Axmaqdı, çünki ardı belə gələcək:
-Səni  sevirəm.
-Mən də  səni  sevirəm.
-Səni həqiqətən... çox...
-Mən səni... daha... da...
  Elə hey  təkrarlanaraq, artıq altıncı dəfə bağırtıya, yalvarışa, uçuq bir gecəqondunun fəryadına çevriləndə...

-Səni sevirəm. (Aman Allah, ilk dəfə qarşılaşanda ürəyimi döyündürən, röyalarımı  gerçəkləşdirən insan bu idimi görəsən?)
-Səni  sevirəm. Bir  gün  varlığımı bu cür  səmimi  şəkildə bir insana bağışlayacağımı ağlımdan belə keçirməzdim. (Fikirli, narahat, günahkar, peşman... Yorğun, ölü  bir  sevincdən yapışmağa çalışan...)
-Səni çox ... (Sənə nifrət  edirəm, amma  bir  gün  gələcək... İlk dəfə  nə  vaxt  fərqinə  vardım,  xatırlamıram.)
Tavanından balıqçı torları  sallanan evdə, şüşəsi  işləməli  qaz lampasının  işığında qədəhlərimizi toqquşduranda yox oldu? Mənasızlaşdı hər  şey? (Qışqıra bilməyən,  hardasa bezgin, hətta  acıqlı ...)
- Günəşim, çayım, nəğməm,  sevgim idin. (Sənə ilk yalan danışdığım gün idi. Hətta, gündəliyimə qeyd etmişdim:  - Yoxsa,  bu  sadəcə  bir   xəyaldı?)
- ... (Bir  həmlədə narahatlığımı  artıran tərk edilmək  yox, tərk  etmək və  aldatmaq  duyğusu  idi. Pişiklərdən və  güllərdən  uzaq  gəzirdim çünki. Çünki  durduğum  yerdə  üzüklərimi  itirirdim. Hər  şey  tənhalığı  yada  salırdı çünki. Ətrafımdakı  bütün  insanlar  sevgisiz görünürdü, bütün  parlaqlıqlarını  itiribmiş kimi. Bu səbəbdən... Bu səbəbdən...)
Yox, alınmır lənətə gəlmiş... Lənətə  gəlsin, bir  amöb kimi  həmişə yalnız  öz-özümə  bölündüyümə  görə, buna  görə, siz də görürsünüz ki, məhz  buna  görə yarımçıq  qalacaq hekayəm... Doğulmayacaq... Dərin  dənizlərə  ata  bilməyəcək  özünü... Qurbangahınıza əvvəllər  olduğu kimi  yeni bir qurban gətirə  bilməyəcəyəm. Xeyr, bütün əvvəlkilərdə  olduğu  kimi  deyil, hörmətli  B ... Sizi tanıdıqdan sonra  yazmaq istədiyim bütün hekayələrimin başına  gələn   qaçılmaz sonluqdan söhbət  getdiyini  başa düşürsünüz. İçim  qurudu, tükəndim. Qorxulara  bürünmüş və  qanadları  qırılmış  bir  yazaram  artıq. Bir bədbəxt , bir ...
Siracuza   kralı  Deniusa yaltaqlananlardan  biri,  yeni  icad  etdiyi  işgəncə  alətini  təqdim  edir. Bu, içi  boş  tunc  bir  öküz imiş. İşgəncəylə öldürüləcək məhkum içinə  salındıqdan sonra  tunc öküz qızğın alovun üstünə  qoyulmalı və yüksək istiliyin təsirilə uzun  müddət   fəryadlar  qopararaq, can  çəkdikdən sonra ölməliymiş... Yaltaq sözünü, - məhkumun  çıxardığı  səs  öküz böyürtüsündən  fərqlənməyəcək, - deyə  tamamlayır. Kral  Denius  bu  maraqlı açıqlamanı  gülümsəyərək  dinləyir  və  o  dəqiqə, ilk sınağın həyata  keçirilməsi  üçün  yaltaq  icadçının  tunc öküzün içinə  salınmasını  buyurur.
Bu lətifəni ilk dəfə  eşidəndə,  bilmirəm qəzəbdən,  yoxsa  qorxudan, kənziyimdə  qəribə  dadsızlıq hiss etdim. Bu, kiçik hekayənin  mənim üçün  vacib  olduğunu göstərirdi. Qaranlıqda, üzərək bir uçurumdan keçməyə çalışırdım. Mənə aydın olmayan  şey, hansı kəlmədə, işarədə, səsdə və ya səssizlikdəydi? Bəs yerim?... Denius- Yaltaq-Cangüdən-Tunc  Öküz - Alov  beşbucağında mən  hansıydım? Və siz... siz... siz  dəyərli  B.?
 Televizor  açıqdı. Axşam düşəndən bəri başlayan mübahisə hələ davam edir. Mövzu: Ölüm  cəzaları.
- Ölüm  cəzası cəza deyil, qisasdır, - deyir  vəkil. Humanist, uniformalı bir başqa   qonaq  xəncərini  qaldırıb   torpağa sancır:
- Vəkillər niyə ölüm hokum verir? Cəlladların vizit kartları var, görəsən?
Beldən yuxarısı lüt, kürəyi, sinəsi, çiyinləri qapqara tüklərlə örtülü, müşk çəkilmiş, baldırları, sanki bir-birini yedikcə qalınlaşan ayaqları yiyəsini başqa səmtə aparacaqmış kimi  aralı qoyulmuş biri yaxınlaşır. Qulağında sırğası, burnunda halqası, başında  yarıbağlı yaylığı... Bircə gözündə qara lenti çatışmır. Üzündə maskası  var. Maskası olmalıdır, əslində. Niyə həmişə nazik, qupquru, rəngi solmuş bir ağac kimi xəyal edirlər  cəlladları?
Üstəlik çiçəyi, yarpağı tökülmüş ağaclardan ötrü bu qədər  kədərləndikləri  halda?! Yaxşı, bəs mən nəyəm bu  oyunda? Nəsə olmaq məcburiyyətindəyəm. Sadəcə  bir  oyun, bəli. Yazmağa  çalışdığım hekayə də oyunun bir hissəsidir. Fraqmentlərinizdən  biri  deyil, amma “Pərdə  Arası” bir an ola bilər. Bəli, ola  bilər. İndi  nə etmək lazımdır? Hər  şey yolundaymış kimi yarım ay şəklində düzülmüş tamaşaçıların, saray əhlinin ortasında qollarım sinəmə bağlı, ürəyimdə iblisin ürəyi, ya da naməlum bir tarixdə, naməlum biri tərəfindən divara asılmış tablodakı, ağ nazik, uzun barmaqlarını birdən-birə çıxan qış  günəşinə uzatmış bir qadının çatlaq dodaqlarındakı duzlu qabarlardımı? Haydı, gəlin  xətaları  tapaq  elə  isə, - ətrafımızda gedən bütün oyunlardakı xətaları. Oyunçularda, işıqda, səsdə, dekorda, kostyumda... Nə varlığı, nə də yoxluğu heç nəyi  dəyişdirməyən, amma vacib xətaları... Və  rollarımız haqda danışaq. Rejissorun üstünə  hücum edək. Öncə bataqlığı qurutmaq  lazımdır.
-Ölüm cəzaları qisasa qisasdır, - Siyasətçilərdən bir deyir. Sonra  Deniusdan  danışırlar. Liderlik bacarığından, uğurlarından, qəddarlığından, haqlı olduğundan…  Xətaları tapmaq üçün lazım olan bütün nöqtələrdən necə də uzaq qaçırlar. Özü də, bilərəkdən. Məsələn: həftənin hansı günü olduğunu soruşmur. Siz niyə soruşmursunuz bəs?  “Bu gün mənim yazıçılığımda bir qərar anıdı”, desəm, sizcə nə ifadə  edər,  Hörmətli B.?! “Bu  günün” sualı yanlış yerə sürükləyən və cavablandırılmasının qarşısına müvəqqəti bir əngəl olduğunumu deyirsiniz? Ya da yaz mövsümü olmamalıydı, eləmi?
Çünki, bahar intihar, ölümlər üçün münasib fəsil deyil. (Bəs sizin üçün necə gün, necə  bir mövsüm  idi - o an yaşadığınız, tərk etdiyiniz, qoynundan  çıxıb, qoynuna atıldığınız?) Cibinizdə xırda-xırda daşlar... Bəs eynəkləriniz? Saçınızın  düyününü  açmışdınızmı? Bütün insanların, nəzəriyyələrin söyülməsinin yanlış olduğunu da düşünə bilərsiniz.
Bəlkə də ərğəvanlaraydı üsyanınız. Necə bütün yaşıllığı udub, belə bənövşəyi, çəhrayı  qala  bilirlər? Bu  qədər cinayətdən sonra xoşbəxt,  sevincli  və  məsum? Səhv  olduğunu düşündüyünüz başqa nələr var hekayələrimdə? II Pərdəarasında? Yersizliyinə  görə - yanılmışlıqdan  çox  yenilmişlik anlamında- yanlış  hesab  edirsiz sözümü? Həyat  hər  şeyimi  oğurlayır,  deyib,  sonra  keçmişimə  baxıb məni  bu  günlərə   gətirən  hər  kəsə qəzəbmi  qusum? Bəs  ,sizi  “  Xanım  əfəndi “ deyə  çağırdığım zaman?  Bilirsiz , “Xanıməfəndi”  həşərat  yeyən  bir  bitkidir və “ mən   sadəcə  olaraq  bəsit bir  həşəratam” deməkdir... Yaxşı, yaxşı bu  yüz  faiz   xətadı... Çünki  xoşbəxtliklə  azadlıq  əsla  birlikdə  olmaz  deyirlər.Sizə , sən  deyəmi  xitab  etməliyəm? Etməliyəmmi? Bəlkə də  ən  böyük  xəta  elə  budur.“O zaman “ bütün  çatışmazlıqlar bitərdi “ amma “ sevgi  bitəcək“ deyə tamamlanmalıydı misra.
Bir də hərflərimin zaman-zaman Kosinskinin quşlarına bənzədiyimi düşünməyim... Sanki  uçacaqlar, uçub  gedəcəklər... Bu da  sizə görə, sizin baxışınızla yanılmaqdı. Çünki onlar sizin ata nənənizin quşları olacaq  mütləq. Ya da  sevimli  Leanardonuzla   uçurduğunuz  quşlarla bir əlaqəsi yoxdu...Bəlkə gölə atdığınız daş parçalarıdı ... Bəs  hörmətli oxucu, bəs siz? Sizin içinizdəki şəbehçi, qəddar, soyuqqanlı, axmaq, inancsız,  yoxsul  hərflərə  oxşamırmı  mənim hərflərim? Sonsuzluqda yaxalayacağım,  ümidimi heç itirmədiyim azadlıq quşlarınızdımı yoxsa? Yox,  xeyr, inana  bilmərəm...
Yaxşı, yaxşı. Mənim kimi  nöqtələrdən iyrənən, nidalara  iç çəkən, üç nöqtələrdə hər  dəfə dayanan, üç nöqtəli sual və  nidalarda  itmiş  biri və sizə  tapınmaqla , sizin   qanınızı sormaq  hissini  bir-birinə  qarışdıran  birinin xəyallarının sizə maraqlı olmadığı çox  bəllidir. ” Bir yazarın həyatı, o  yazarın işidir “ deyirsiz  və  əlavə edirsiniz: “Bəs indi  necəsiz? ( İncidən, qanadan , şahdamarımı gəmirən bir ölgünlüklə). ”Ah  bəli, bəli  yaxşıyam...” ( Nə deməkdirsə , yaxşılıq?) Amma  bildiyim yeganə şey, bəlkə  də  istənilən şərtlərdə  sizin nərdivanınızı dayanmadan çıxdığım, çıxacağım. Mənim  Olimpim, mənim  Romam, Kəbəm,  Sarayımsınız siz... və.s , və.s,  və.s.barmaqlarınızla havanı yüngülcə  küləkləndirərək, - başınızı   dik  tutub : “Yazar tanrıdır, çünki yaradır...
Əvvəlcə özünü, sonra dünyanı . ”Gövdənizi dayadığınız nərdivanı ayyaqabınızın şiş  burnuyla itələyirsiz sonra... Mən nərdivandan   möhkəm-möhkəm yapışmış, pillələr  gövdəmi itələyir, qışqır-bağırla  nərdivanla  birlikdə geriyə gedərkən, göy  gurultusu, şimşəklər altında iliyiməcən islanmış, bir dalğanın özünü qumsalın qoynuna atdığını  duya bilirdim. Siz, orada, mayakın  başına  vuran  dalğadan qurtulmuş bir köpüyə   çevrilirsiz, həmişə,  hər  yerdə olduğu  kimi  bir  işıq topası şəklində yamyaşıl   budaqlarınızla  birlikdə, səssiz, kinayəli baxışlarınızla  ürəyimi inanılmaz acıdaraq,  qəhqəhələrinizlə, ən dəli, ən çılğın həmişə  qibtə  etdiyim baxışlarınızla ...
Mübahisə  hələ  də  davam edir: ”Edam  cəzasına  qarşısan, deyilsən?” sualının  doğru  olmadığını  iddia  edir  biri. Sual, ”qatillərin ölüm cəzasının  tərəfindəsən, deyilsən?”   biçimində  verilməliymiş.
”Qatil  bəs, kimdi  qatil?”  Öncə  bunun  müzakirə  edilməsi  lazım  deyilmi? Bir  yandan  da  heç  bir  müzakirənin nəticə vermədiyini düşünərək... Amma öldürülən mən və  qatil  də  sizsinizsə , Əziz  EB.,  müzakirə  ediləsi  bir  sual  qalmır. Bilmək  istəyirəm ki,  gerçəkdənmi, sizinlə  aramızdakı  məsafə, yalnız  dayandığımız yerlər arasındakı  məsafə qədər,  yoxsa   bir  yel  əsintisi  qədərdi? Baxışlarınızda  “çox, çox uzaq“   ,  sonra  isə   “və ya olduqca yaxın, bilmək  olmaz”  kəlmələri əks olunur.
Hər bir dalğanı  tutub, əlinizdə  bir insana çevirərək sahilə tullayırsınız. Qulluqçular,  ağalar, homoseksuallar,  əxlaq  dərsi  keçənlər, ziyalılar, cinsəlliyi  təhqir  edən  qadınlar, doymaq  bilməyən kişilər, - hər  birini  ətli, çəhrayı balıqlar kimi qumsala tullayırdınız.Yaxşıca sığallayaraq, sanki onlardan yeni, daha  seçmə şəxsiyyətlər  yaratmağı qarşınıza məqsəd qoymuş, ya da kamilləşmiş biri kimi qutsayaraq.
Villamızın  aynəbəndində, yellənən kreslonuzda oturduğunuz kimi  rahat. Bura  qumsal  yox,  bomboş  bir  otaqıydı bəlkə? Özümü  bir  anlıq  nərdinvanlarda ya da qumsalda   hiss  etdim. Şəffaf   balıqlar, minbir anlama  gələn ,  ancaq   yalnız  mənim nəzərdə  tutduğum mənanı  bildirməyən sözləriydi, bəlkə? Bəs  siz,  siz  bir   molyusk  çanağından  başqa  bir  şey  deyildiniz, - minilliklər  öncənin şərqilərini  dəniz  pəriləriylə  birlikdə  zümzümə  edən, çanağın  içində  səssiz,  qımıltısız, şübhəli? Germanerin   qabıqları  kimi, bəlkə  də  sədəf  suyunda  əriyərək, tam orda,  orada  çanağın  beynində,  qanında, damarlarında  dövr  edən  də  məniydim elə. Min illər sonra  melodiyaları  dinlədikcə, özünü yaratdığı  hekayələrinin içinə kilidləyən. Xəta zaman  tunelində   itməyimdənmi  qaynaqlanır,  keçmişlə  gələcəyi qarışdırmağımdanmı?
“Edamlar, həmişə  gecələr,  alaqaranlıqda, kimsənin  bilmədiyi  bir  yerdə  və  gizlicə  yerinə  yetirilər. Kulonaoxşar  bir sosial  alim,  susmuş  insanların səsiylə danışdığını  sanaraq söyləyir bunları. Ardınca  bir  şair atılır meydana (ya  da cadugər): “Bəs   dar  ağacının  əzabı?  Bunu  necə  dəstəkləyə  bilərik?”  Soruşa bilmirəm,  bəs  gecələrin   suç  ortaqlığını? Özləri  günahkar  deyillərsə, niyə son qoymurlar  varlıqlarına,  niyə  son  sabahı  elan  etmirlər, deyə  bilmirəm?! Yaxşı,  mən  nə  edə  bilərəm bəs, nə  etmək  lazımdı? Bəs əl-qolumu kim bağladı? Kimlər? Yoxsa, işıqdımı onlar, sözdümü,  ilhamdımı sizdə əks olunan? Necə çarəsizəm..
Yeni  bir səhifə çevrilir. Televizoru qonaqları ilə baş-başa buraxıram. Aha, bu da qapı  səsi...  Sizin qapınızdı bu. Açıldı, ya da bağlandı.Hardasa oralardasınız. Nəfəsiniz pərdənin qırçınlarından, xalçanın altından keçib əsintisi ilə titrədərək, bulaqdan “dup, dup,  dup” damcılayan suda kristal damlalar şəklində duyulur. İndi səslərin tezliyi  fərqlidi.  Tündməcaz, sitəmli, titrək,  əsəbi... Amma  itələnə-itələnə  divarlara, ağaclara, mağaralarda hələ də gizlənmiş qurbangahlara gələn-gedən sirli, qanlı, hədə-qorxu yüklü...
Televiziyadakı aparıcı deyir ki, alnı inanılmaz dərəcədə geniş, üzü donuq, buz kimi baxan gözləri, gərgin cizgiləriylə əsl intellektualdı. Üzü bir antik  büst  kimi  çatlarla  dolsa  da, yaraşar  ona. Nə  deyir, bilmirəm. Bilmirəm... Mən  sizi  düşünürdüm çünki  HÖRMƏTLİ  B. Çünki, yaxın  görünməsinə  baxmayaraq, o da sizdən  çox uzaqda idi! Çünki, yükləyəcəyiniz  bütün günahları  qəbul  etməyə hazır  idim. Bütün doğru-yanlışıyla... Sarayınıza aparan deməyəcəm, sarayınıza yaxın yolda olmaq da bəsimiydi.
Sonra dəhşət  hüznlü skripka səsləriylə qaraçılar düşdü yadıma. Və skripkanın mənə yaşatdığı hüznü, onlara yaşatmadığını düşündüm. Bircə, onlar heç nə itirmədilər. Çünki  heç nə qazanmaq fikrində deyildilər. Veriləcək bir şeyləri yox idi  və həmişə elə qaldılar, - sevincli, qayğısız, coşğulu, ümidsiz, sualsız, ölkəsiz. Sizsə, əsil köhnəçi və onun yeganə köhnə əşyasıydınız. Ardınızca  gəlmək məcburiyyətindəydim: Fena fillaha (Allahda  yox  olmaq)   Nirvanaya, Kəbəyə.. Xətalarımdan  qurtulmaq, amma sizdən  uzaq  olmamaq...  Ah, lütfən, lütfən, bu  yazıq kərkədanı məbədinizin önündən  uzaqlaşdırmayın.
Lütfən, sizə nifrət  etdiyim kimi, sizi sevməyimə də izn verin BL. Necə  olur belə   tapınmaq, nifrətlə sevgi  birlikdə? Unutdunuzmu  ,  bunu  sizdən  öyrənmişdim? Hər  şey  o  cümlənizi  oxuduğum  an  başlamış və  digərləri  orada  bircə  nöqtəylə  nöqtələnmişdi.Sonrası  isə ola  bilməzdi...Siz  məni  girov  götürməmişdiniz,  mən  özüm  bütün  varlığımdan  imtina   edərək ,  qeyd-şərtsiz  sizin  köləniz  olmuşdum. Mənə  ehtiyacınız   yox  idi,  heç  olmamışdı.  Uzaq  bir  rəsmdəydiniz  həmişə. Rəsimdəki  sonsuz   səssizliyin   qorxularını  gəzdirdiyi qayalıqların başındakı  sarayda... Siz!... Siz!..
Divarlardakı kölgələrlə  oyun oynamağı  sınaqdan   keçirdim. Qumsal bomboş idi. Nərdivanlarıızın  aşağısını mavi  bir  günəş  yandırıb- yaxırdı. Birdən  hava  qaralmağa  başladı. Bilirdim ki,  məni  eşidirsiniz.Hava  boğulurdu , sanki  günəş  kəməndə salıb  boğurdu havanı. Onu sahildən  götürüb aparmağa,  qurtarmağa  çalışdım. Özümü   qurtarmaq cəhdiydi  bu, baş tutmadı. Geriyə sayırdınız ləzzət duyaraq. Sonra bütün gücümlə  müqavimət göstərməyimi  buyurdunuz. Halbuki,  köləniz olduğumu  bilirdiniz. Leopold von Sacher Masoch  kimi, köləliyə  imzamı çoxdan  atmışdım. Qıy-qışqırıqla  nərdivanqarışıq   geriyə aşarkən, göy  gurultusu, şimşəklər  arasında  çim-su,  bir  dalğanın özünü  sahilə   vurduğunu  hiss  edirdim.Siz,  orada, mayakın  boynuna   dırmaşan kiçik bir dalğadan qopmuş bir köpük...
“Artıq uç,  sevimli  quş!”, - deyərək açdınız əllərinizi. Qanadlarını havada çırparaq, uçub getdi sözcüklərim. Hava daha da  soyudu. Təkrarladınız: “Mənim üçün bütün  gücünlə mübarizə et . Uzat əllərini əllərimə”.
Mübahisə edənlərin səsləri bir-birinə qarışır artıq. Hamısı bir ağızdan danışırlar. Yavaş-yavaş sümükləşib, mexanikləşirlər əsərlər. Üzləri, quraşdırılmış bir robota bənzəyir. Gözlərini  qırpmırlar, məsələn. Dodaqları elastikliyini itirir, - bir balığın ağzını ritmik şəkildə açıb  - yumması kimi. Hər biri akvariumun şüşəsinə söykənmiş açılıb-yumulan, açılıb-yumulan  ağızlar... Üz  cizgiləri yerli-dibli  itir, ama bütün  məna, mənasızlıq  olaraq toplanır  baxışlarında.  Bütün  varlığımı  gözləriylə  dəlib  keçirlər.
-Edam  cəzasına , həə!
-Qatillərə  edam!
-Fərqli  görənə  edam!
-Fərqli  olana  edam!
-Edam  cəzasına   ,həə!
 Səhər, dənizdən əsən ağ, ilıq yellər  kimi,  günəş  kimi, dəniz  kimi... Kitab-dəftərlərimi, kağızlarımı, sənədlərimi, qeydlərimi götürüb suya  atıram.  Aydınlaşsın, aydınlaşım; belə  ola  bilmirəm  artıq. Mənə  elə  gəlir  ki,  mənsiz söylədiklərimin  heç  birinin  qoxusu, rəngi  yoxdu .
-Səni  sevirəm.... çox... lap ... lap...
-Sevirəm,  sevəcəm,  sevəcəkdim,  sevirdim, sevmişdim,  sevə  bilərdim...Sevə  bilərdimmi?
Sevməliydim? Sevirdim? Sevmişdim?
Bir  ölüm  marşının  notları  arasında  itib-batır   bütün  danışılanlar. ( Bu marş məni  fon olaraqmı seçdi? Amma  niyə? Heç  vaxt  onun tərəfdarı  olmamışam , onu  müdafiə  etməmişəm axı.)
-Edam  cəzasına...
Barmaqlarım  məndən aslı  olmayaraq  klavyatura  üzərində   hərəkət  edir. Bəs  mən  hardayam,  hörmətli  B? Bədənim,  ruhum,  düşüncələrim  sizinlə  birlikdədilərsə, mən  hardayam?
-Mən.. ölüm  cəzası...
-BƏS   SİZ  HARDASINIZ?
“Yaltaqlarından  biri  Siracuza   kralı  Deniusa  yeni   icad  etdiyi  bir  iş-gəncə  aləti  təqdim edir. Bu  ,  içi  boş , tunc  bir  öküzdü. İş-gəncəylə  öldürüləcək  adam içinə  qoyulduqdan sonra  tunc  öküz  qızğın  atəşin   üzərinə  qoyulacaq  və  yüksək  istiliyin təsiriylə  içindəki  qurban  boğuq  iniltilərlə uzun  müddət  can  çəkdikdən   sonra  öləcək.Qurbanın  çıxardığı  səslər  öküz  böyürtüsündən  fərqsiz  olacaq..” , - deyə yaltaq  sözünü tamamladığı zaman, son dəfə Deniusə baxıram bircə  anlıq; dalğaların  qumsala  yığışmalarından bir az öncə,sizin ruhunuzda  əriyəcəyimin coşqusunu bütün  şiddətiylə hiss edərək, özümü tunc öküzün qabırğalarının arasına atmazdan  bir  azca   qabaq. Ekrandakı   mübahisə  bütün  canlılığıyla   davam edir. Akvariumdakı  balıqlar  ağızlarını  açıb-yumurlar. Durmadan  çalışır  barmaqlarım.Eyni  anda  beynimdə  onlarla  sual  yüzlərini  doğuraraq , sorğularkən, sorğulanarkən (künc-bucaq) artıq dayana, əngəllənə  bilmir, gözlərimlə bütün  üzlərdən  maskasını yırtıram. İnanmayacaqsız, amma   gözlədiyimdən  fərqli  bir  şey  görmürəm.  Deniusun  üzündə  sizin üzünüz... Sizin  üzünüz   və  uzun  boylu, sinəsi, çiyinləri, kürəyi  tüklərlə örtülü, müşk  qoxular  vurulmuş, baldırları  sanki  bir- birini  yedikcə  qalınlaşmış,  ayaqları sahibini  fərqli   yönlərə  aparacaqmış  kimi  aralı  və  yad kimi  dayanan bədən...
Sizin bədəniniz...
Yazı makinasındakı kağızın səthində birdən  bir dar ağacı  görünür. “Bu  hardan  çıxdı”   deyə  təəccüblənərkən  daha  bir  dənəsi, daha  biri...  Ardınca  gilyotin, elektrikli  stul,  zəhər  yeridilməyə hazır  şprislər,  qılınclar. Durmadan yeniləri  gəlir  və  hər  yeni  gələn   əvvəlkini  kağızdan   qırağa  tullayır.Dəhşət  içində  geri  çəkilirəm. Çünki  bu  dəfə bir  edam dəstəsidi! Hərflərin arasından  partlamağa  hazır   silahlarıyla  qaçaraq çıxırlar.Onları qılınclarını çəkmiş,  təkbir  səsləriylə başqaları müşaiyət  edir...
İnsanlar   qışqırışır, bəziləri   gilyotinin hər  enişində  papaqlarını  göyə  tullayır, bəziləri  rəqs  edir,  bəziləri  səcdəyə  qapanır. Ardınca,  qorxunc  bir  səssizlik. İki  qolum yanıma   düşür. Yorğunam... Nəfəsimin,  ürəyimin  ritmlərini   eşidirəm. Artıq  gerçək  bir  dünyadayam.  Öz  səsi,  öz  kölgəsi  olan. Öz   duyğularıyla   acı  çəkən  bir  insanam. Buraxın məni,  hörmətli  B. Buraxın! Heç  bir   cəhdin   anlamı,  faydası  yox,  çünki...Artıq,  labirintinizə iz salmaqdan fərqli  yönədi səfərim. Anlayıram ki.... Anlayıram ki, sizi belə sevməməliydim.

Çeviri: Aytən Təhmasib

Комментариев нет:

Отправить комментарий