29.01.2013

ƏLİKRAM

Xəlil Rza Ulutürk

Qalx ayağa, cəsur gəlir!
...Zindanları söküb tökən qüdrət, qeyrət, qürur gəlir!

Adı dustaq, özü igid.
Düşmənləri canlı meyit.

Qara bığlar şəvə kibi... alnı qaya, üzü də ağ.
Qılınc qaşlar altındakı odlu gözlər bir cüt çıraq.

Qalx ayağa, bir ər gəlir, ərən gəlir.
Həyatını öz xalqına çörək kibi, tüfəng kibi verən gəlir!

Qalx ayağa, sıx əlini.
Gözlərinlə öpüb oxşa addımlayan heykəlini!


Daş zindana sığınsa da, görəmməzsən qəhərini.
Yumruğunda həbs eləmiş dərdlərini, qəmlərini.

Kölə deyil, məhkum deyil, sükut edən tufandı o.
Ağız açsa görəcəksən, od püskürən vulkandı o!

"Qalx ayağa hakim gəlir!" demərəm mən.
Hakimlərin sırasında ağciyər də, əfəl də var.
Ruhu qotur keçəl də var.

Rəzillərin ən rəzili yaltaq da var,
Taxt əhlinə baş endirən qanı kölə, maymaq da var.

Qalx ayağa, vətənimin oğlu gəlir!
Pəncərəni açıb lay-lay, günəş ona doğru gəlir!

Azərbaycan alqışlayır əziz oğlu Əlikramı.
Azadlıqdır, səadətdir arzu-kamı.

Seyr et nəhəng izdihamı,
Bacarsaydı ürəyini gətirərdi,
gül gətirmiş ona hamı.

Ləngərlənir böyük salon, dustaqdadır bütün gözlər,
Qarşısında al qərənfil, tər nərgizlər.

Nərgizləri baxışıyla o, əzizlər
Vətəninin timsalıdır bu nərgizlər:

Ətirli, saf, bakir, təzə.
Bu saflığı qorumaqçün qoy yenidən alovlansın
mübarizə!

Müttəhimlər kürsüsündə qoy əyləşsin onlar özü.
Qul ağası, qul sürüsü.

Nərgizlərin yaz ətrini məhv edənlər.
İnsanlığı öz canında, vicdanında dəfn edənlər.

Bağı gülsüz, gözü nursuz, yurdu mərdsiz qoyanlar var,
Doğmasını ögey bilib, düşməninə uyanlar var.

Əlikrama yaddı onlar,
Canavara təslim olan bu qoyunlar.
Çəyirtgədən şərəfsizdir o məlunlar.

Neçin gəlib oturmurlar müttəhimlər kürsüsündə
O gözü dar, ürəyi dar...
Boşqab dibi yalayanlar!

Bu gün yer, göy çıraqbandır.
Qururumuz, sevincimiz aşıb-daşan bir ummandır.

Bu gün Xəzər qayalara çırpılmada ləpə-ləpə,
Əlikramın qədəmində qızıl qumu öpə-öpə.

Lənkəranlı sahilləri quca-quca,
Qanad çalıb uça-uça.

Yüz qəndilli Sürəyya da bugün bizə doğru gəlir.
Yoldaş hakim, qalx ayağa, Vətənimin oğlu gəlir!

Комментариев нет:

Отправить комментарий