29.01.2013

“Krısa”

Babək Göyüş

Başını qaldırıb Dənizkənarı Bulvarda saat qülləsinə baxdı. Əqrəblərin düzülüşündən hiss elədi ki, vaxta az qalıb, indicə, “Krısa” Arif işdən çıxıb dostu ilə onun yanından keçəcək. Və o da ötən günlərdə olduğu kimi qaranlıqda onları bulvar boyu izləyəcək, söhbətlərinə qulaq asacaq, sonda da maşının baqaj hissəsinə minmək üçün fürsət axtaracaq. Əvvəlki günlərdə o, bu istəyinə çata bilməmişdi. Bu gün isə ümidlidir ki, 5 gündür  az qala qarabaqara izlədiyi, həyatında ən mühüm məqamlarını belə bildiyi “Krısa”nın maşınının baqajında onların həyət evinə gedəcək və nəhayət, “Mirvari” kafesinin ətsiz sümüklərindən canı qurtaracaq, o da digər siçovullar kimi gözəl siçovul həyatını yaşayacaq.
Onun həyatı elə anadangəlmə bu bulvarla bağlı idi. Az qala buranın hər ağacını, hər daşını, hər otunu  rənginə, boyuna görə hafizəsinə həkk eləmişdi, hər kafesinin, hər çayxanasının iyini ciyərlərinə çəkmişdi.
Çünki yeməyə bir şey tapmayanda elə bu iylə də mədəsini aldadardı. Bulvarda gəzişən insanları da o, sifət quruluşlarına, geyimlərinə, yerişlərinə görə ayırd edə bilirdi. İnsanları bir-birindən ayırmaq ona ac qarnını doyuzdurmaq üçün lazım idi. Bunun üçün ona işlənmiş bir neçə metod kömək edirdi. Bu metodlardan ən başlıcası, insanların etdikləri söhbətlərinə görə hansı təbəqəyə aid olduqlarını o dəqiqə anlamaq idi. Misal üçün, hirsli-hirsli danışanları, tez-tez onun-bunun qarasınca söyənləri o, orta və aşağı təbəqənin adamları hesab edirdi. Aram-aram, tələsmədən, gülərüz sifətlə, puldan, yeyib-içməkdən, gözəl qızlardan danışanlar isə onun metoduna görə varlı və vəzifəli adamlar sayılırdı. Düzdür, belələri, ona sərf eləmirdi, çünki belə adamların arxasınca qaçıb söhbətlərinə qulas asmaq sadəcə vaxt itirməyə bərabər idi, çünki sonda belə adamların maşınlarının baqajına minmək ona müyəssər olmurdu. Ona görə ki, bu adamlar bulvara öz sürücüləri ilə gəlirdi və onlara baqajı açıb ora nəyisə qoymaq imkanı verilmirdi. Həm də belə adamların baqajları ara günlərində açılmırdı. Artıq o, müəyyən etmişdi ki, baqajlar daha çox uşaq arabaları qoyulmaq üçün açılır. Bunun üçün isə ən münasib vaxt bulvarda insanların çoxalması və ailəliklə gəlmələri idi.
O,  bir dəfə bulvarın adamla dolu olduğu vaxtların birində iki uşaq arabası ilə gəzən ər-arvadı izləməli oldu. Ta Park Bulvardan Əl Oyunları İdman Sarayınadək onların arxasınca getdi, söhbətlərinə qulaq asdı. Ən çox danışan kişiydi, arvad isə hər beş dəqiqədən bir “Allah onun evini yıxsın, qoymadı vəzifədə oturasan, indi bizim də hər şeyimiz olardı, yoxsa “07”-də  “Milyonerlər”  küçəsində biabır olmazdıq” sözlərini deyirdi. Təbii ki, bir siçovul kimi onun “07”-nin və Milyonerlər küçəsinin nə olduğundan xəbəri yox idi. Onun üçün əsas amil uşaq arabalarının varlığı hesab olunurdu və deməli, baqaj açılanda o da yavaşca sivişib ora minəcək və gedib həyət evində doyunca qarnını doyuzduracaqdı.
Bu yolu ona anası öyrətmişdi, ancaq tale elə gətirmişdi ki, anası əyani olaraq bu yolun necə keçilməsini onunla birgə həyata keçirə bilməmişdi. Çünki anası bu dünyadan vaxtsız getmişdi.  “Mirvari” kafesinin yanındakı zibilxanadan yemək gətirməyə gedən anası bir daha diri olaraq geri qayıtmamışdı. Başına dəyən butulkalar onun həyatına son qoymuşdu. Ölüsünü zibildaşıyanlar torbaya qoyub aparmışdılar. Onda yadına gəlmir, anasını neçə gün, neçə saat və neçə dəqiqə o zibil qabının yanında gözləmişdi...
Siçovul ər-arvadın Tarix muzeyinə tərəf getdiklərini görəndə çox sevindi. Və ürəyindən o şirin həyatın şirin anlarını keçirtdi. Bəxtindən ər-arvadın dedikləri “07” yolun bulvara tərəf hissəsində parkovka edilmişdi, çünki onun üçün ən qorxulu şey maşın yolunu keçmək idi. Düzdür, bu yolu o tərəf bu tərəfə çox keçmişdi, ancaq bu keçmək vaxtları səhərə yaxın olmuşdu, çünki bilirdi ki, bu vaxtlar yolda demək olar ki, çox az maşın gözə dəyir.
Ər əlindəki pultla maşının qapısını, sonra baqajı açdı. Arvad arxa qapıda əyləşəndən sonra ər uşaqları bir-bir arabadan götürüb arvadın qucağına qoydu. Siçovul bu pauzadan istifadə edərək  açıq baqaja sıçrayıb küncdə özünə yer elədi. Ər sonra maşının arxasına keçib arabaları qatladı və yanbayan baqaja yerləşdirdi.
Gedilən yol heç də ona uzaq gəlmədi. Maşının mühərrikinin sönməsindən hiss elədi ki, çatıblar. Əvvəl maşının qabaq qapısı açıldı, sonra baqajın düyməsi basıldı. Ər arxa qapını açıb uşağın birini qucağına aldı, digər uşağı isə arvad öz qucağında içəri apardı. Bütün bunları o, öz gözlərilə gördü, çünki arxa qapı açılan ərəfədə o, imkan tapıb yerə tullanmışdı və qaçıb hasarın dibində gizlənmişdi. Ər geri qayıdanadək yerindən tərpənmədi, çünki bilirdi ki, o, qayıdıb uşaq arabalarını da götürəcək. Və gözlədiyi kimi də oldu. Hamı içəri yığılan kimi, siçovul rahat nəfəs aldı, dikəlib ətrafı seyr elədi, ancaq o, darvazanın giriş qapısının üstündən asılmış bir işıq lampasına görə həyətdə nəyin harda olmasını aydınca görə bilmədi. Qaranlığa öyrəşən siçovul bu dəfə yarıqaranlıqdan diksindi və ildırım sürətilə hasarın üstünə çıxdı. Bir anlq yerində dondu, hiss elədi ki, kimsə gözlərini zilləyib ona baxır. Bədəninə üşütmə düşdü, bura gəldiyinə görə özünü qınadı. Ancaq bu hal onda uzun sürmədi. Yadına düşdü ki, o, həyətin ən hündür yerindədir və onu görsələr belə, burda tuta bilməzlər. Və bir neçə dəfə hasarın üstüylə  fırlandı, həyətin səmtini öyrəndi. Heç də ərazisi böyük olmayan həyətdə iki mərtəbəli, fasad rəngi görünməz hala düşən kiçik bir ev var idi. Birdən bura nəyə gəldiyi yadına saldı. Dərindən nəfəs alıb ətrafdakı iyi ciyərlərinə çəkdi və o dəqiqə həyətdə qoyulmuş zibil qabının yerini öyrəndi. Elə gəldiyi ildırım sürətiylə də həyətə düşdü və ağzı açıq olan zibil qabının yanında dayandı. Arzusuna çatdığına görə bir dəfə hündürdən səs çıxartdı. Elə həmin an birinci mərtəbənin işığı yandı, ər pəncərəni açıb həyətə boylandı. Siçovul gözə dəyməmək üçün zibil qabının arxasında gizləndi. Pəncərə örtülüb işıq sönəndən sonra o, daha aclığa tab gətirə bilmədi, sıçrayıb qabın içinə girdi. Əvvəl zibil iyiylə mədəsini doldurdu, sonra ağzı nəyə çatdısa, yeməyə başladı. Və elə burdaca yuxuya getdi...
Onu yuxudan qapının zəngi oyatdı. Tez silkələnib yerə düşdü və otların arasında gizləndi. Darvazanı arvad açdı və kiminləsə qısa söhbətdən sonra içəridən ərini səslədi: “Çıx bayıra, “Krısa” səni çağırır”. Siçovul bu sözdən lap qorxuya düşdü, onun adının da “krısa” olduğunu yaxşıca bilirdi. Çünki anası sağ olanda bir dəfə onları Hökumət evinin qarşısındakı fəvvarənin yanında insanlar görüb “krısa” deyə qışqırmışdılar. Əvvəl o, buna reaksiya verməmiş, ancaq sonra anasının arxasınca Dəniz vağzalına tərəf qaçmışdı. Və bu çağırış dəfələrlə təkrar olunduğundan o, öz adının nə olduğunu əzbər bilirdi. İndisə isə arvadın “krısa” deməsi onun canına vəlvələ saldı, düşündü ki, yəqin onu görüblər. Tez darvazanın üstünə çıxıb dam örtüyünün altında gizləndi. Ancaq maraq xatirinə gözucu küçəyə baxdı. Çöldə iri gövdəli, qarabuğdayı, lopa bığlı bir kişi dayanmışdı. Fikirləşdi ki, yəqin “Krısa” budur. Ev yiyəsinin bayıra çıxmağı uzun sürmədi. O, “Krısa” Ariflə hal-əhval tutub onu içəri dəvət elədi. “Krısa” Arif isə ona “Qonşu, sonuncu dəfə deyirəm, tərslik eləmə, evi sat mənə, bilirəm, əlin də aşağıdır, neçəyə desən alacam” dedi. Ev yiyəsi isə “Yox, qonşu, mən burdan heç yana gedəsi deyiləm!” cavabını verdi. Bundan sonra orda nə baş verdiyini siçovul bilmədi, çünki içəridən bayıra çıxan səs onu gizlənməyə məcbur elədi. “Bu “krısa” da bizi yaşamağa qoymur...”
Beş gün gecə-gündüz siçovul bu həyətdə xoşbəxt günlərini yaşadı, gündüzlər yatib, gecələr qarnını doyuzdurdu. Hətta, bir neçə dəfə adaşı - “Krısa”nın  4 mərtəbəli evinə baxıb o həyətə adlamaq istədi, ancaq hansısa qüvvə onu bu addımı atmaqdan vaz keçdirdi. Əslinə qalanda o, belə asan yolla Bakının bütün həyətlərini gəzib qarnını doyuzdura bilərdi, ancaq ona insanların arcasınca gizlənib söhbətlərinə qulaq asmaq, baqajlarında gizlənib həyətlərinə gəlmək prosesi daha maraqlıdır...
Altıncı gün o, gəldiyi üsulla geri bulvara qayıtdı. Üç-dörd gün boş-boşuna veyilləndi, balıq tutanların söhbətlərinə qulaq asdı, insan ayağı bulvardan çəkiləndən sonra isə üzünü dalğa yuyan daşın üstünə söykəyib Bayraq meydanına baxa-baxa şirin yuxuya getdi...
“Krısa” Arifi bulvarda iri gövdəsindən, lopa bığından tanıdı. 5 gün onun qarasınca gəzməyə başladı, ancaq maşınının baqajına minə bilmədi. 6-cı gün axşama yaxın bulvarda insanların çoxluğundan hiss elədi ki, o, bu gün yəqin uşaq arabası ilə gələcək. Ancaq “Krısa” Arif gözlədiyi vaxtdan xeyli sonra uşaq arabası və bir qızla gəldi. Siçovul onları görən kimi sevindiyindən göyə tullandı və müvazinətini saxlaya bilməyib, yerə yıxıldı. Və tez də özünü toparlayıb “ovu”nun arxasınca getdi. Daha onların nə danışdığına qulaq asmadı, beynində baqaja sıçramağın yollarını aradı, çünki bilirdi ki, onların söhbəti elə də maraqlı olmayacaq, əsas bu gün baqaja minməkdir. “Azneft”  meydanındakı bayrağın yanına çatanda anasından ötrü burnunun ucu göynədi. Anası ilə birgə o, burda müsiqili fəvvarənin açılışı zamanı doyunca oynamışdılar...
“Krısa” Arifin xidməti maşını elə “Azneft” meydanının döngəsində dayanmışdı. Sürücü maşında olduğundan öncə baqajı, sonra isə arxa qapını açdı. Siçovul o dəqiqə baqaja sıçrayıb özünü güncə sıxdı. Sonra onun yanına uşaq arabası qoyuldu və beləcə yola düşdülər. “Krısa” Arifin həyət evinə gedən yolun qısalığı siçovula bələd idi. O üzdən də özünü bayıra çıxmaq üçün hazırladı. Bu dəfə də baqajdan sıçramaq ona asan başa gəldi. Ancaq həyətin başdan-başa işıqlı olmağı onun gizlənməyinə imkan vermədi. O elə maşının altında gizlənmək üçün fürsət axtardı. Onu ilk görən sürücü oldu və var gücüylə “Krısa” deyə qışqırdı. Bu səsi “Krısa” Arif maşının içərisində eşitdi və tez qapını açıb yerə düşdü. Və onun düşməyi ilə siçovulun ona tərəf gəlməyi eyni ana düşdü. “Krısa” Arif siçovulu görüb bərk səslə “vay” dedi və arxasıüstə yerə sərildi...
Siçovul bu hay-küydən qorxub özünü divara çırpdı və ayılandan sonra qalxıb bir həftə əvvəl hər günc-bucağını yaxşıca tanıdığı  qonşunun həyətinə düşdü və qorxusundan hasarın başına çıxıb 40 gün “Krısa” Arifin matəminə gələn insanların gözünə görünmədi...

Комментариев нет:

Отправить комментарий