22.11.2010

Aldadıb ər tutmaq igidlikdən deyil, Elçin Əlibəyli!

Hafiz Mirzə
mirzahafiz@mail.ru
 
Günümüzün reallıqları bəzən adamı müxtəlif gözlənilməzliklərlə qarşılaşdırır. Məsələn, mən ATV kanalında AYB üzvü olan yazıçı və şairlərin ələ salınmasının özünü ələ salan tənqidi yazı üzərində işləyərkən birdən ATV-dən zəng olundu və məni bu sahədə püxtələşmiş “El içində” verlişinə dəvət etdilər. Sanki İsrailin MOSSAD-ı kompüterimə birbaşa girib nə ilə məşğul olduğumu öyrənmişdi deyə bu gözlənilməzlikdən təəccübləndim. Bu verlişin canlı olmaması onun müəllifinə montaj işlərində hər şeyi özünün müdrikliyinə kökləməyə imkan verir, qonaqları, daha çox da AYB üzvü olan yazarları isə zəif və haqsız bəndə salırdı. Bir neçə ay əvvəl aparıcı Elçin Əlibəylini və bütövlükdə verlişi “Hər kəs öz işi ilə məşğul olsun” adlı yazıda geniş tənqid etmişdim. AYO üzvlərinin qəzetlərdə çoxdan çeynə-tüpür edib nimdaş hala salmış olduğu cılız müzakirələri indi də Elçinin efirə çıxartması həm bu tərəfin kasadlığını, həm də hər ikisinin eyni mərkəzdən idarə olunmasını göstərirdi. Bu isə heç təsadüfi və indiki dövrdə heç səmimi ola bilməzdi. AYB-də Azərbaycanın ictimai və bədii düşüncə tərzinin formalaşmasında mühüm xidmətlər göstərən ziyalılarımız, ağsaqqal və müdrik yazarlarımız birləşmişlər. Formalaşdırılmasında məhz onların da mühüm xidmətləri olan milli-mənəvi dəyərlərimiz əslində xristian-qərb və yəhudi-mason emissarlarının Azərbaycanın mənəvi sferasına sərbəst ekspansiyasının qarşısını alır, ciddi müqavimət göstərir və xalqımızın milli simasının aşınmaması üçün bu emissarlara və onların azərbaycanlı tulalarına ciddi müqavimət göstərir. İndi özünü postmodernist hesab edən bəzi yazarlar da əslində Anarın, Elçinin, Fikrət Qocanın və digər onlarca böyük istedad sahiblərinin əsərlərini oxuyaraq, onlardan qidalanmışlar. Burada qeyri-adi heç nə yoxdur, gedib erməni müəlliflərdən qidalanmayacaqdılar ki! 

İndi onları bəyənməmələri də təbiidir; həyat inkişaf edir. Amma onları mütəmadi təhqir etmələri, qanını içməyə hazır olduqlarını bildirmələri, ilk fürsətdəcə aşağılamağa çalışmaları, Zori Balayanı onlardan daha üstün tutmaları heç ləyaqətli məsələ deyil. Buna sevinənlər və AYB adlı “problemi” azərbaycanlıların öz əli ilə neytrallaşdırmaq istəyən beynəlxalq güclər var. Bu barədə sonra... bu ayrıca və geniş bir söhbətin mövzusudur. 

“El içində” verlişinə çoxdan idi ki, heç baxmırdım da. Verliş daim süni qalmaqallar yaratdığı üçün öz reytinqini tamam itirmişdi. Amma verlişdə qoyulacaq “İstedad və qibtə” mövzusu bir sıra yazılarımın qayəsinə kifayət qədər müvafiq olduğuna görə bu barədə əfkari-ümumiyyəyə daha geniş auditoriyadan nələrsə demək olardı. Qonaqlar arasında gözəl şair, virtual dostum Qəşəm Nəcəfzadəni görməyim məni məmnun etdi. Digər qonaqlardan biri “Ekspres” qəzetinin yazarı İlham Tumas idi. Bir sıra ziddiyətli fikirlərinə görə bu hikkəli oğlanı vaxtı ilə “Qatıqsevərlərin “qatıqlaması” adlı yazımda tənqid eləmişdim. Qonaqlar sırasında qalmaqallı müğənni Rəqsanənin olacağı Qəşəm bəyin heç xoşuna gəlmədi. Aparıcı Kamilə Babayeva barəsində hələ heç bir yazım olmasa da, “Yağ kimi” verlişinin aparıcısı Zaur Baxşəliyevə də vaxtı ilə bir neçə yazımda ciddi iradlarım olmuşdu. Bir yazar olaraq ölkənin ictimai-siyasi-mədəni həyatında baş verən bütün proseslərə diqqət göstərməyim və yazılarda münasibət bildirməyim təbiidir. Öz ölkəmin ictimai şüurunun formalaşmasında müəyyən xidmət göstərməkdən daha yaxşı nə ola bilər ki? Studiyaya “NKVD” kitelində daxil olan Elçin Əlibəyli bir qədər həyəcanlı görünürdü. Elçin “Jalə” şirələrini növbəti dəfə həvəslə reklam edib, mövzuya keçdi. 

Amma mövzu dəyişdirilmişdi: “Tənqid və tənqidə dözümlük”. Əslində heç də pis mövzu deyildi. Amma bunu qabaqcadan bilməyimiz və hazırlaşmağımız daha yaxşı olardı. Biz axı böyük bir auditoriyanın qarşısına çıxırdıq. Bu amil qəfil söhbətə qoşulan qonaqların hazırlıqlı aparıcıdan daha zəif görünməsinə xidmət etmirdimi? Lakin hər bir publisist istənilən mövzuya hər zaman hazır olmalıdır deyə çəkinməyə heç ehtiyac bilmədim. Elçin Əlibəylinin qəflətən tamam fərqli bir mövzu qoymaqla bizi çaşdırması az imiş kimi o birdən tamaşaçılardan üzr istədi və əlindəki kağızlardan tanış bir cümlə oxudu: “A başınıza dönüm, hansısa səhnə (.....) hamamında mənim diqqətimin nə işi var axı?!” Və bəy əfəndi üzünü mənə tutub, “Bu sizin cümlənizdirmi?” deyə soruşdu. 350-dən çox iri həcmli publisistik yazısı ölkənin 34 adda qəzet və jurnalında dərc olunmuş bir yazar üçün on minlərlə cümlə arasından öz cümləsini tanımaq çox da asan sayılmamalıdır. Amma tanıdım və mənə məxsus olmasını etiraf da etdim. Lakin bunun hansı yazıdan seçmə olmasını heç xatırlaya bilmədim. Görünür yeni yazım deyildi. Mən qəflətən və böyük auditoriya qarşısında eşitdiyim bu sualdan bir qədər çaşdım da. Guya ki, o bunu mənim saytımdan götürülmüşdü. Bu cümlə kontekstdən çıxardıldığı üçün ayrılıqda söyüş kimi səslənə bilərdi, amma bütünlüklə o yazı oxunardısa, kimsə bu iddiada olmazdı. Mən də elə bu cür bildirdim və yazının bütünlüklə oxunmasını tələb etdim. Elçin isə öz cılız məntiqində israrla qaldı və həmin cümlədəki ifadəni müzakirəyə çıxartdı. Bu isə yəqin ki məni tələyə sala bilməsi anlamında idi. Deməli, E.Əlibəyli onu tənqid etməyimin hayıfını burada, öyrədilmiş adamların iştirakı və başqalarının əli ilə, Rəqsanənin və Zaurun arxasında gizlənərək, onları dili ilə çıxmaq istəyirdi. Amma onun ölçüləri Rəqsanənin arxasından aydın görünürdü. O əgər bu məqalənin müzakirəsini mərdi-mərdanə bildirsəydi də mən verlişdə iştirak etməkdən çəkinməyəcəkdim, sadəcə, hamı nədən söhbət getdiyini bilsin deyə həmin məqaləmin nüsxələrini çıxardıb verlişdən əvvəl toplaşanlara paylayacaqdım. O məqamda məqalənin adını belə unutmuşdum. Sonradan arxivimdə axtararaq bunun 3 il 8 ay əvvəl “Olaylar” qəzetində dərc olunmuş “Müğənnilərin tərbiyəsizliyi daha ağır fəsadlar törədir” adlı yazı olduğunu müəyyən elədim. İndi hamıya http://www.hafizmirza.azeriblog.com/2010/10/14/atv linkini təqdim etdiyim bu məqalənin Elçin əfəndi elə təkcə adını bildirərdisə kifayət edəcəkdi ki, tamaşaçılar mənim haqlı mövqeyimi müdafiə etsinlər. Ona isə bu lazım olmadığına görə də məqaləni oxumadan, yalnız bir cümləni kontekstdən çıxardaraq təqdim edirdi və deməli, tam qərəzli idi. Bu zaman təbii ki, gənclər və “ekspertlər” onun mövqeyini müdafiə edəcəkdilər. Sol tərəfimdə məskunlaşmış İlham Tumas ( doğurduğu bir asosiasiyaya görə onun soyadını həmişə çox ehtiyatla yazıram) özünün çox möhtəşəm yazar olmasını biruzə verməkdən ötrü həmin ifadənin daha gözəl bir sözlə əvəz edilə biləcəyini izhar elədi. Lap rusların “Uğur centlimenləri” yumoristik filmində olduğu kimi, məsələn, o ifadənin yeri gələndə “rediska” demək. Bu adam arada daha qabağa gedib mənə əsrin ən sarsaq sualın verməkdən də qalmadı: “Siz axırıncı dəfə hansı kitabı oxumusunuz?” Belə cılız formalarla bunlar böyük görsənmək istəyirlər. O öz hayıfını çıxmağa və tanınmağa çalışırdı. Tələbələrin əlinə də fərqlənmək üçün yaxşı fürsət düşmüşdü. Buna görə də əsil həqiqəti açıb dedim və qəflətən belə bir müzakirə aparmaqda Elçinin əslində məndən intiqam almaq istədiyini bildirdim. Bunu bildirdikdən sonra bir çoxları Elçinin əlində oyuncaq olmaqdan çəkindi. Məni müdafiə edənlər isə montaj arxasında qaldılar. Elçin bu vəziyyətlə qane olana oxşamırdı, o Rəqsanəni işə salmalı və şou yapmalı idi. Nəhayət buna nail oldu. İndi də təəssüf edirəm ki, Rəqsanənin mənə qarşı dediyi təhqiramiz ifadəyə daha betəri ilə cavab verəsi olmuşam. Bu zaman Rəqsanənin internetdəki görüntülərini və bir ay əvvəl Lənkəran toyunda törətdiklərini xatırlatmaqdan da qalmadım. Rəqsanə isə cavabında məni heç tanımadığını bildirdi. Ömründə bircə kitab oxumayan, bircə dəfə qəzet üzü açmayan adamın bir yazarı tanımamasında qəribə heç nə yox idi. Onun barəsində bildirdiyim kəskin ifadələr də montaj olundu. Bir müsəlman olaraq Qurani-Kərimdən deyil, Bibliyadan sitat gətirən Elçin öz dırnaqlarını bir-birinə sürtürmüş kimi çox məmnun görünürdü. O mənə qarşı növbəti hücumunu aparıcı Zaur Baxşəliyevin əli ilə gerçəkləşdirməyi düşünürmüş. Son vaxtlar əsas missiyası müğənniciklərin mətbəxində vurnuxmaq olan bu cavan oğlana adamın hayıfı gəlir. Elçinin həmin məqalədə Zaurun təhqir olduğunu zənn etdiyi cümləni təqdim edirəm: “Yeri düşmüşkən, şortu müğənnilərlə bir gecəlik əyləncəyə xatir onlara maşın, mənzil bağışlayan bəzi işBAZlarımız nədən o aparıcı Zaura bir cakuzi alıb bağışlamırlar ki, gedənin canı rahat olsun.” 
Bu cümlədə Zaura qarşı təhqir yox, bir az tənqid, bir az da yumor olduğunu bildirdim. Deyəsən Zaur bunu anladı və özünü Rəqsanə ilə müqayisədə mədəni aparmağa çalışdı. Amma nəhayət o da “qatıqlamalı” idi və qatıqladı da. Guya ki, onun kimi məşhurları tənqid etməkdə məqsədim öz barəmdə piar düzəltmək imiş və guya ki, əyalətdə oturub məşhur olmamağım məni qısqandırırmış. Biləcəridən o yana gedə bilməyən, mətbəx səviyyəli bu adamlarda istedad adına bir şey də görmürdüm. Bunlar hər şeyi öz arşınları ilə ölçürdülər. Guya ki, hələ onu səviyyəli tənqid edən heç bir yazı ilə qarşılaşmayıb və mənim tənqidim isə onu qıcıqlandırır, acığa salır, aqresivləşdirir. Mən gözəl bir qadın rəsminə hər kəsin öz tərbiyəsi çərçivəsindən yanaşdığını, kiminin onu incəsənət əsəri, kiminin də erotika hesab elədiyini bildirdim. Elçin “öz fitini” tanıdı, bu sözlərin birbaşa ona aid olduğunu başa düşdü, amma cavab tapmayıb, məndən studiyanı tərk etməyi tələb elədi. Mən onun özünü ələ almasını və tərk etməyəcəyimi bildirdim. Eyni zamanda əlimi aparıb içərisinə “Jalə” şirəsi süzülmüş fujeri götürdüm. Mühafizə xidməti məni studiyadan zorla çıxartmaq üçün yaxınlaşacağı halda bu qabdakı şirəni Elçinin üzünə səpəcək, sonra isə qarşımdakı stolu aşırıb sındıracaqdım. Bu adam xalqa şou göstərmək istəyirdisə, onun sifətindən damla-damla toplanan “Jalə”nin damla-damla axmasından daha səs-küylü şou görüntüsü ola bilməzdi. Təəssüf ki, mühafizə gəlmədi. Bir qədər əvvəl isə onu vaxtı ilə ciddi adam hesab etdiyimə görə indi öz fikirlərimdə redaktə apamalı olduğumu bildirmiş, cavabında o da məni ciddi adam hesab etmədiyini demişdi. Əgər mən həqiqətən də qeyri-ciddi adam idimsə, o özünü bir ciddi adam sayaraq nədən məni öz “ciddi” verlişinə dəvət etmişdi? Bir tələbə abırsız müğənniləri ittiham edərək onların sırasından heç vaxt Zeynəb Xanlarova və Flora Kərimova çıxmayacağını bildirdi. Elçin isə “Elə yaxşı ki, Zeynəb Xanlarova, Flora Kərimova bir daha çıxmayacaq!” cavabını verdi. Montaj olunmuş bu hissə də əslində çox şeyi ifadə edir. Deyəsən əxlaqsız müğənnilərin müdafiəçisi kimi çıxış etməsinin dozasının çox olmasının özü də fərqində oldu və verlişin sonunda məni dəstəkləməyə başladı. Buna deyərlər süqut! Verlişin ertəsi günü mənim saytıma 240, hafizmirza.azeriblog.com bloquma isə rekord sayda 2877 nəfərə yaxın oxucu daxil olmuş, 205 e-mail almışdım. Bütün məktublarda tamaşaçı-oxucular məni dəstəkləyirdi. İnanmayanlar bloga daxil olub baxa bilər. Verlişin böyük hissəsi mənə qarşı hücumla davam etdikdən sonra nəhayət digər bir AYB üzvü Qəşəm Nəcəfzadə yada düşdü. Qəşəmin şeirlərini Elçin qəsdən və təhrif olunmuş halda oxuyaraq ona qarşı toplaşanlarda gülüş formalaşdırmağa çalışdı. Amma Qəşəm alıb o şeirləri özü oxuduqdan sonra toplaşanlar onu alqışladılar. Belə toplantı barəsində əlavə şərhə ehtiyac qalmır. Bir qədər əvvəl Rəqsanəgilin əslində zülm həyat keçirtdiklərini (?!) deyərək elələri üçün sızlayan İlham Tumas məşhur şairə özünün kəskin paxıllığını izhar etməyə çalışdı. Qərəzin həddi olmazmış! 

Səkkiz dildə internet saytı yayımlanan, əsərləri dünyanın 25 dilinə tərcümə olunmuş və kitablarının sayı-hesabı bilinməyən bir şairi İlham Tumas kimi ortabab bir yazar heç oxumadan tənqid edirdi və kitabını oxuyandan sonra darmadağın edəcəyi ilə hədələyirdi! Sonra da düşünürük ki, dünya görəsən niyə dağılır. Çəkilişdən sonra məni əhatəyə alan tələbələr həmrəylik ifadə edirdilər. Böyük bir TV-nin tənqidə dözümsüzlüyü və bir müəllifə bu cür cəbhə açması yalnız ikrah doğurur. Əlibəyli Elçinin məni aldadaraq dəvət etməsi isə lap “Dədə Qorqud” filmini xatırladırdı. Ona görə də sonluq ona xitabən olacaq: “Aldadıb ər tutmaq igidlikdən deyil! Bunu Rəqsanədənmi öyrəndin, Elçin Əlibəyli?!” 

Əlbəttə, əgər “tuta” bildiklərini zənn edirlərsə.

Комментариев нет:

Отправить комментарий