Ədalət Eşqin
KİPRİYİN
Kipriyin kölgədir yanaqlarında,
Baxsam gizlədəcək təbəssümünü.
Fikrim dolaşığa düşsə saçında,
Açacaq ilişən qəfil düyünü.
Kipriyin dənizin xəfif ləpəsi,
Məni ağuşunda uyudacaqdır.
Qəlbimdən siləcək qüssə, qəmimi,
Ağrımı, acımı o udacaqdır.
Kipriyin bir dolan payız buludu,
İsladar dünyamı boşalan zaman.
Əsməsin küləklər, olmasın sızaq,
Dolmasın ömrümə nə çiskin, duman.
Kipriyin səf duran xan çinarları,
Əsən küləklərdən qıvrılmış geri.
Yəqin ki, heç zaman tapmayacam mən,
Bu kiprikdə olan hikməti, sirri.
… Kipriyin kölgədir yanaqlarında,
Baxsam gizlədəcək təbəssümünü.
Fikrim dolaşığa düşsə saçında,
Açacaq ilişən qəfil düyünü.
SON GECƏMİZ
Bu gecə son gecəmiz,
Nə sən danış, nə də mən.
Dalıb xəyallara biz,
Gəl acıyaq ürəkdən.
Əzizim, bir baxışaq,
Gözlər doysun gözlərdən.
Demə ki, gəl danışaq,
Nə fayda bu sözlərdən.
Çox ağırdır bu səfər,
Gedişin son gedişdir.
Dəqiqə ilə bənzər,
Burda çəkdikcə fikir.
...Bu gecə son gecəmiz
Nə sən danış, nə də mən.
Dalıb xəyallara biz,
Gəl acıyaq ürəkdən.
DARIXIRAM
Əllərinə əlim çatmır,
Ay gecələr niyə batmır?
Ürək yatmır, ürək yatmır,
Darıxıram sənin üçün.
Gözlərini arayacam,
Günlərimi hey sayacam.
Çox gözətçi dayanacam,
Darıxıram sənin üçün.
Sözlərindən çələng hörəm,
Yerişini bir də görəm,
Yollarına çiçək sərəm,
Darıxıram sənin üçün.
Saçlarının ətri aləm,
Həmən o günlərə dönəm,
Sənin üçün bir gün öləm,
Darıxıram sənin üçün.
Gülüşünə həsrət qaldım,
Haralara mən baş aldım.
Bu ömrümə qubar saldım,
Darıxıram sənin üçün.
Bu yolların yolçusuyam,
Sağalarmı mənim yaram?
Ağlayaraq aram-aram,
Darıxıram sənin üçün.
Ürəyimin axar qanı,
Ayrılığın sonu hanı?
Tərk edərək bu dünyanı,
Darıxıram sənin üçün.
Nə gözəldir hər gəlişi,
Məhəbbətin bu atəşi,
Ürəyimin ay, günəşi,
Darıxıram sənin üçün.
Yadına sal məni düşün,
Gül üzünü görüm bir gün.
Ömrüm qəmə batıb bütün,
Darıxıram sənin üçün.
Geri dönsən bir baharda,
De, axtarım səni harda?
Ömür adlı bu yollarda,
Darıxıram sənin üçün.
Комментариев нет:
Отправить комментарий