22.11.2010

Elçibəy və Azərbaycan tarixşünaslığı

Dilqəm Əhməd
d.ehmed@list.ru

Azərbaycan dünyanın qədimdən-qədim insan məskənlərindən və ilkin mədəniyyət mərkəzlərindən biri, varlı təbiətli, əzəli və əbədi bir Türk yurdudur (Ə.Elçibəy).

 Bu gün Azərbaycanda Ə.Elçibəy şəxsiyyəti müxtəlif yanaşmalar çərçivəsində tədqiq olunsa da, onun ictimai-siyasi fəaliyyəti, xüsusilə prezidentlik dönəmindəki və ondan sonrakı elmi fəaliyyəti yetərincə araşdırılsa da, fikrimizcə onun hələ Sovet dönəmindən etibarən Azərbaycan tarixşünaslığına gətirdiyi yeniliklər təəssüflər olsun ki, lazımi şəkildə tədqiq olunmayıb.
 Elçibəy Sovet tarixşünaslığı çərçivəsində təhsil almasına, bu sahə üzrə pedaqoji fəaliyyət göstərməsinə baxmayaraq onun düşüncə sistemi bütün bu təhrifləri vaxtında dərk edərək sonralar Azərbaycan tarixşünaslığında yeni bir mərhələnin əsasını qoymuşdur. Təsadüfi deyil ki, istər ayrı-ayrı çıxışlarında, istərsə də, elmi monoqrafiyalarında Azərbaycan türkünün qədimliyindən, onun əzəli yurdunun tarixindən bu və ya digər şəkildə ciddi mənbələrə əsaslanan məlumatlar verirdi.
 Elçibəy illər öncə qarşısına qoyduğu bir sualın cavabını uzun tədqiqatlar sonucunda əldə etmişdi: “Türkün gerçək tarixi haradan başlayır? Araşdırmalarımın sonunda gördüm ki, nəinki türkün, bütövlükdə dünyanın tarixi Turandan başlayır. Şumer miladdan 3 min il əvvəl mövcud olub, üstünə indiki eranı da gələndə edir 5 min il, yəni Şumerin 5 min il tarixi var. Azərbaycanınsa tarixi Şumerinkindən qabaqdır. 6 min-7 min il qabaq Azərbaycan mədəniyyəti olub - böyük Kür-Araz mədəniyyəti! Bu mədəniyyət sonralar Şumerə keçib, ona təsir edib, orada yayılıb”.
 Elçibəyə görə Azərbaycan tarixşünaslığında müəyyən bir sistem, çərçivə yoxdur, tədqiqatçılar tarixi araşdırarkən hansı metodlardan istifadə edəcəklərini bilmirlər. Çünki indiyədək Azərbaycan tarixşünaslığı marksist-leninçi metodologiya ilə (xalqları ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm və sosializm ictimai-iqtisadi formasiyalar əsasında araşdırılması) tədqiq olunduğundan bütünlükdə gerçəkliyi əks etdirmir. Buna görə də Azərbaycan tarixçiləri (güneyli-quzeyli) bir yerə yığışıb Azərbaycan tarix və mədəniyyətinin araşdırılmasının metodologiyasını hazırlamalıdır. Çünki bir sıra xalqların, xüsusilə türklərin tarixini bu metodologiya çərçivəsində tədqiq etmək mümkün deyil. Marksist-leninçi metodologiyaya əsasən, hər hansı bir dövlətin mövcudluğu yuxarıda sadaladığımız mərhələlərdən hansına təsadüf edərsə, birmənalı şəkildə həmin dövlət dövrün səciyyəsinə uyğun şəkildə tədqiq edilir. Yəni hər hansı bir dövlət miladi III-V əsrlərdən öncədirsə deməli quldar, bu əsrlərdən sonradırsa, feodal mahiyyət daşıyır. Buna görə də Elçibəy ilk öncə tarixi-məntiqi metoddan istifadə etməyi gərəkli hesab edirdi. Bu metoda əsasən Əbulfəz Elçibəy ilk insan məskənlərini formalaşma tarixinə görə aşağıdakı mərhələlərə ayırır: Amudərya və Sırdərya çaylarının hövzəsi, Aral gölünün ətrafı və Turan ovalığı Xəzərin qərb sahilləri, Kür-Araz ovalıqları, Qızılüzən çayı boyu və Urmiya gölü ətrafı Dəclə-Fərat hövzəsi, Zaqros dağlarının qərb ətəklərindən Ərəbistan səhrasının şimal-şərqinədək olan ərazi Bu bölgüyə əsasən Elçibəy tarixin başlanğıcı kimi ilk olaraq Turanı, ikinci yerdə Azərbaycanı, üçüncü olaraq isə Şumeri götürür. Bunun ardınca Misir dördüncü, Çin beşinci, Hind-Qanq ərazisi altıncı sırada gəlir.
 Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətini miladdan öncə VI-II minillikləri əhatə etdiyini qeyd edən Elçibəy bu mədəniyyətin formalaşdığı ərazi kimi mərkəzi Azərbaycan olmaqla şərqdə Orta Asiyanın güney-batısından tutmuş qərbdə Doğu Anadolu, şimalda Güney Qafqazdan tutmuş cənub-qərbdə Dəclə çayı, güneydə Bəsrə körfəzinədək olan əraziləri götürür. Şumerlərin (Kəngərlərin) ilkin dövlət qurumunun Azərbaycanda - Kür-Araz ovalığı və Urmu gölünün ətrafında yarandığını, sonralar onların Urmunun yaxınlığındakı Patağ (Zaqros) dağlarının keçidlərindən aşaraq İkiçayarasına (Mesopotamiyaya) yerləşməsini, orada yeni mərkəzlərini yaratmasını qeyd edən Elçibəy bütün bunların həqiqət olduğunu dünya elminin bildiyi halda, şumerlərin (kəngərlərin) əcdadının Orta Asiyaya, Hindistana calamağın sadəcə olaraq antitürkçülüyün, irqçiliyin formalaşdırdığı amillərlə əlaqələndirir. 
 Kür-Araz mədəniyyətinin m.ö X-VI minilliklərdə formalaşmış Turan mədəniyyətinin varisi, İkiçayarasında formalaşmış Şumer mədəniyyətinin isə sələfi qismində çıxış etdiyini bildirən Elçibəy Şumer və Azərbaycan tarixinin iç-içə olduğunu nəzərə alaraq gələcək tarixşünaslıqda Kür-Araz və Şumer mədəniyyətinin birləşdirilərək Azər-Kəngər (şumerlər özlərini kəngər adlandırırdılar) mədəniyyəti adı altında öyrənilməsini məqsəduyğun hesab edirdi. Əbülfəz Elçibəyi “Tarix Turandan başlayır” və Azər-Kəngər mədəniyyətinin bilavasitə Azərbaycan tarixi ilə əlaqəli olmasına vadar edən əsas amillər isə bunlardır:
Ø Bir sıra görkəmli mütəxəssislər tərəfindən Şumerdən öncə Ön Asiyada mövcud olan mədəniyyətə dair uğurlu tədqiqatların aparılması.
Ø Azərbaycanın quzeyində yerləşən Azıx, Kültəpə, Qaraköpəktəpə, Baba-Dərviştəpə, Qobustan, Gəmiqaya abidələri ilə guneydə yerləşən Yanıqtəpə, Sarabtəpə, Firuztəpə, Gəncədərə və Dolmatəpə arasında olan bənzərliklər və eyniliklər.
Ø Şumerlərə aid olan arxeoloji qazıntıların, sənətkarlıq nümunələrinin bilavasitə İkiçayarasından şimalda və şərqdə yaşayan xalqlarla əlaqəli olması.
Ø Tur Xeyerdalın geniş tədqiqat sonucunda Xəzərdəki qamış qayıqların tarixini ən az miladdan öncə VI minliliyə aid etməsi.
Ø Dünyada tapılan yeddi ən əski insan sümüyündən birinin (Azıxantrop insanın çənə sümüyü) Azərbaycanda tapılması.
 Dünyada ən az öyrənilmiş tarixin Azərbaycan tarixi olduğunu qeyd edən Elçibəy Azərbaycan tarixşünaslığının həll etməli olduğu əsas problemlərin aşağıdakılar olduğunu qeyd edir: Şumer və Akkad abidələrini öyrənmək, onlara aid dünyadakı materialları əldə etmək, minlərlə gil lövhələrin foto surətini, ya da mikrofilmlərini toplamaq. Hələlik bizə bəlli ən qədim abidələrimizdən “Avesta”, “Oğuznamə”, “Kitabi Dədə-Qorqud”u dərindən tədqiq etmək ü Azərbaycanda mixi, alban, hun, ərəb əlifbalarında olan əsərləri, abidələri axtarmaq. Orta əsrlərdə məlum səbəblərdən ərəb və fars dillərində yazmağa məcbur olan minlərlə şair, alim, həkim, hüquqşünas, astronom, ictimai xadimlərin əsərlərini tədqiq etmək. Ən əsası bu sahə üzrə məşğul ola biləcək tədqiqatçıların yetişdirmək. Çünki Elçibəyə görə Azərbaycanın öz tarixi qaynaqları yetərincə işıqlandırılmayıb, mövcud olan mənbələrin bir çoxu müxtəlif şəkildə yox edilib, əldə olunan tarix qaynaqları da düşmən əli ilə yazıldığından mühüm problemlər ortaya çıxmışdır.
 Bütün bunları hələ Sovet dönəmindən dərk edən Elçibəy sonralar ürək ağrısı ilə yazırdı: “Dünyada böyük, tarixi millətlər arasında türklərin tarixi qədər dolaşdırılmış, türk düşmənləri tərəfindən saxtalaşdırılmış, türklərin özləri tərəfindən ən az araşdırılmış ikinci bir millətin tarixini təsəvvür etmək belə mümkün deyildir. Tarix millətləri içərisində türklər qədər öz tarixinə sayğısız yanaşan ikinci bir millət yoxdur. Tarixi şəhid qanı ilə yaradan bu millət unutmuşdur ki, qiyamət günündə gerçək alimin mürəkkəbi şəhid qanından fəzilətli tutulacaq”.
 Bu gün Əbülfəz Elçibəy yaradıcılığına nəzər yetirdiyimizdə onun Azərbaycan tarixşünaslığındakı aşağıdakı xidmətləri qeyd etmək mümkündür:
 Əbülfəz Elçibəy Azərbaycan tarixini ənənəvi Altay nəzəriyyəsi çərçivəsində deyil, bilavasitə qədim İkiçayarası ərazilərinin tarixi ilə əlaqəli şəkildə araşdırılmasının gərəkliliyini isbat etmiş oldu. Zərdüştiliyin, maniliyin, məzdəkiliyin bilavasitə Azərbaycan türkləri ilə əlaqəli olduğunu, Avestanın türk dini-mifoloji dünyagörüşünün məhsulu olduğunu sübut etdi. Azərbaycan tarixşünaslığının dolaşdırılmasında və çıxılmaz vəziyyətə salınmasında əsas rol oynayan qüvvələrin Rus imperiya siyasəti və fars şovinizmi olduğunu isbatladı. Dünyanın ən qədim məskənlərindən birinin Azərbaycan olduğunu müxtəlif dəlillərlə sübut etdi.
 Bütün bunları nəzərə alaraq bu gün Azərbaycan gəncliyi Elçibəyin tarixşünaslığımızda böyük zəhmətlər bahasına açdığı cığırı uğurlu bir yola çevirməyi qarşılarına ən başlıca məqsəd kimi qoymalıdırlar. Çünki Elçibəyin bir zamanlar qeyd etdiyi uzaqlarda olan yolumuzun başlanğıcında məhz tariximizin tədqiqi dayanır.

Комментариев нет:

Отправить комментарий