Şair Məhəmməd Astanbəyliyə
Yazı-yazı payız hönkürür,
Yazı, yazı… gülüm ağlayır.
Yazıq-yazıq kağız hönkürür,
Yazıq-yazıq qələm ağlayır.
Suda qaralan Günə ləliyir,
Gündə saralan çənə ləliyir.
Məni ağladan sənə ləliyir,
Ağlayır, - aləm ağlayır.
Var ikən yox, bu nə var ki?!
Yarı yar oldum, bu nə yar ki!
Nigaranam nə Nigar ki?!-
Hal bilməz, halım ağlayır.
Dünya məni çoxdan soyub,
Dünya məndən çoxdan doyub…
Ölümə bir şey qalmayıb,
Gecikib ölüm ağlayır...
OLACAQLAR OLACAQLAR
Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.
Almazlar almaz kamını,
Fələk söndürər şamını…
Haqdan dolan eşq camını
Alacaqlar alacaqlar!
Daş olacaq daş olacaq!
Quş olacaq quş olacaq!
Boşalacaq boşalacaq,
Dolacaqlar dolacaqlar.
Bitəcəklər bitəcəklər,
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər,
Qalacaqlar qalacaqlar!
Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!
***
Ala dağım uçdu,
Qara dağım sağ ol!
Alıma qara düşdü,
Göyüm, ağım sağ ol!
Yaza payız sarılar,
Tər pörələr saralar…
Gül yolunar,
şax qırılar,
Bağçam, bağım sağ ol!
Son an - son gün,
Bir çəmənlik, son gül…
Son dən bir sünbül -
Zəmilik toxum sağ ol!
Dünya mülküm, məzarım,
Gah toyum, gah hüzürüm,
Rəhmət sənə, ölü yarım,
Diri yarım - sağım, sağ ol!
Şaiq Vəli, haqdandır…
Yeddi rəng ağdandır.
Hər şey heçdən - yoxdandır,
Var ol, heçim - yoxum, sağ ol!
BİR ULU EŞQ İLƏ
Mən bu cahan mülkünə,
Təxti-Süleyman mülkünə,
Can içində can mülkünə
Ağlaya-gülə gəldim.
Mən «mən» olmaq istəmirdim,
Açıb-solmaq istəmirdim,
Bir də gəlmək istəmirdim -
Bir ulu eşq ilə gəldim.
Bu dərdli aləmə gəldim,
Sanma qalıma gəldim,
Mən sənə salama gəldim,
Düşüb haldan hala gəldim.
O gözəli bilirdim,
Qəm məzəli bilirdim,
Mən əzəli bilirdim,
Mən sonu bilə gildim.
Sorma məndən handaydım,
Hər yerdə, hər yandaydım,
Əzəlin əzəli - sondaydım,
Sonun sonu əzələ gəldim.
***
Gözlər, gözlər - nərgizlər…
Sərxoşluq nərgizlikdir.
Eşq yaxar, könül sızlar,
Yol gözləmək gözlükdür.
Gün batır, qəmli qürub…
Aramızda dağlar durub…
Dünya qürbət, mən qərib -
Qəriblik əzizlikdir.
Dünya bizlə əyrişdi,
Cuna yaylıqlır yaşdı…
Fələk əli daşlı
Nişan alıb, bizlikdir.
Ürək quzu tək mələdi,
Sındı - piyalədir…
Barış, bu taledir -
Nə bizlik, nə sizlikdir!
Комментариев нет:
Отправить комментарий