21.11.2010

Azərbaycanxana

Hüsamə bin Sərxan
“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi

 Deyirəm, ay Hacı, bizim bu Azərbaycanxana nehrə kimi qaynasa da hələ nə yağı yağ üstə çıxır, nə ayranı ayranlıq olur. Çox qarmaqarışıq, gurultulu səslənsə də, taleyüklü dövrdür. Nədən danışırsan, nə haqda düşünürsən, hətta nə haqda qeybət eləyirsən (kişilər eləyən "qeybət", arvadlar eləyən "qiybət" kimi yazılsa oxucu da işini bilər, ya oxuyar, ya da oxumaz)- axırı bazar-qiymət məsələsinə və seçkilərə bağlanır. Əslində ikisi də yaxın mövzular olmasına baxmayaraq, biri ilə iqtisadiyyat, o biri ilə siyasət məşğul olur. Amma təcrübə göstərir ki, hər ikisində də büdrəmə baş verəndə kürd zopası işə düşür. Döyülən kim, aşırılan kim, içəri basılan kim... Bizimki də belə gətirib.
 Mən daha bazar-qiymət mövzusunda yazmıram. Çünki gördüm ki, mənim məntiqimlə bazarın məntiqi və qiyməti heç vaxt üst-üstə düşmür. Mən deyirdim mal çox olanda qiymət aşağı düşür, görürəm yox, malın çox olması iştahın azalması demək deyil; kürd çürüdüb atar, ucuz satmaz. Deyirdim neft bahalaşdıqca əhalinin gəlirləri artar, ərzağın qiyməti düşər- olmadı. Hələ əksinə oldu- neftin qiyməti düşəndə də ərzağın qiyməti qalxır, qalxanda da. “Əsrin müqaviləsi” ilə başımızı yaman piylədilər. Ona görə də bu sahə mənlik deyil. Siyasətdən isə ümumiyyətlə yazmıram, adam bilmədiyini yazmamalı, danışmamalıdır. Ona görə də bu yazını janrsız yazı kimi, ya da ən yaxşısı ciddi zarafat kimi oxusanız yaxşıdır.
 Sözsüz ki, seçkilərdə hər kəs öz namizədini dəqiq bilir və səsini ona da verir. Amma hər halda, namizədlərin kim olduğunu bilmək, kimin qabında nə olduğunu, kimin hansı vədlərlə ortaya atıldığını bilmək, kimin hansı niyyətlə başını başlara qoşduğunu öyrənmək də maraqlıdır. Ovaxt məmləkətin 11 vətəndaşı namizədlik iddiasında idi və onlardan 6-sının namizədliyi təsdiqləndi. Siyasətçi olmadığım üçün düşünürdüm ki, ölkə prezidentliyinə iddialı olanlar mütləq öz siyasi fəaliyyəti, gördüyü ictimai, elmi, yaradıcılıq... işləri ilə ölkədə yaxşı tanınmış adamlar olmalıdır. İndi bildim ki, yoooox, Konstitusiyamız imkan verən istənilən adam iddiaçı ola bilərmiş.
 Moment gəlib çatanda dəhşətə gəldim, abi. Təsdiq olunanlardan içərisində biri vardı, qadın, S. Q. adlı. Kim olduğunu hansı dost-tanışdan soruşdumsa, tanıyıram deyən olmadı. İnternetdə bir "Google" axtarış sistemi var, Azərbaycan bölümündə hətta mənim də adım, şəklim var, amma onun adını tapa bilmədim. Məlum oldu ki, jurnalistlər onu iki gün axtarıb, özünü kliniki xəstəxanalardan birinin sanitar işçisi kimi təqdim etmiş bu xanım haqda məlumat ala bilməyiblər. Hətta baytar idarələrində də bu adda sanitar işləmir. Səhiyyə Nazirliyindən də deyiblər ki, onların tabeliyində olan səhiyyə ocaqlarında bu adda işçi ümumiyyətlə yooooxdur! Camaat qaldı məəttəl ki, bu namizədə səs vermək istəyənlər olsa, onu haradan və necə tapa bilərlər ki, tanısınlar, sabah kimin qarşısında hesabat verməli olduqlarını bilsinlər dəəə... O boyda Əli Kərimliyə pasport vermirdilər, hardansa bir qız uşağını tapıb salmışdılar ortaya, işindən-gücündən də eləyirlər...
 Ümumiyyətlə, mənim dediklərimə fikir verməyin. Başınızın salamat olmasını istəyirsinizsə, həlləm-qəlləm işlərə qoşulmayın, sözləri eşitməzliyə vurun. Əgər qəzeti əlinizdə tutsalar, köhnə inqilabçılar kimi, onu yeməyə cəhd göstərməyin, zəhərlidir, sizdə o sağlamlıq haradandır ki, bu boyda zəhərə dözəsiniz? Bu cəmiyyətdən qidalananlar zəhərə dözümsüz olur. Özünüzü kürd hökumətimizin ixtiyarına buraxın. And içiblər, hər şey şəffaf olacaq...

Комментариев нет:

Отправить комментарий