Murad Köhnəqala
Azad Yazarlar Ocağı
Şəhərin mərkəzinə, “Tarqovı” tərəfdə toz-təmir işlərinə baxmağa gedirdim. Küçəni keçərkən yekə bir xarici maşın üstümə elə gəldi, az qala məni vursun, kənara tullanıb qəzadan güclə yayındım. Baxdım ki, maşının uzunluğu beş metr olar. Şüşələri gülləkeçirməz, dəmiri tankadavamlıdı. Ancaq markasından başım çıxmadı. Sükan ardında bir axmaq adam oturub saqqız çeynəyə-çeynəyə mənə baxırdı. Dedim, a kişi, zibilini o tərəfdən sür dəə, başına yol qəhətdi?
Maşını bir az yana verib başını aynadan çölə çıxartdı: “Zibil sənin ayağındakı ayaqqabılarındı!” Məni od götürdü, demək o, mənim piyada olmağıma gülürdü. Dedim, arzum budu, sənin də maşınının təkərı yeyilib mənim ayaqqabımın gününə düşsün.
Gördüm, söz onu möhkəm tutdu. Dedi, mənim də arzum budu ki, sənin villalarından biri yol çəkilişi proyektinə düşsün və sökülsün, sən də heç nə eləyə bilməyəsən.
Baxdım ki, ədə, bu mənə əməllicə qarğış eləyir, dedim:”Allah eləsin evinin üstü damsın, qırlamağa pulun olmasın.”
Bu da qabağından yeyən adam deyilmiş haa, qayıtdı ki, allah eləsin Londonda oxuyan oğlun qumarda yarım milyon pul uduzsun və zəng eləyib kirimişcə anasına desin. Sən də eşidib dəli olasan ki, a kopayoğlu, səni oxumağa göndərmişəm, yoxsa qumara?
Gördüm, geri durmaq kişilikdən deyil. Dedim:”Arzu eləyirəm işıqpulu-qazpulun yığılıb 300 manatı keçsin, verə bilməyəsən, pulyığan gələndə qaçıb gizlənəsən. Qışda işığınızı da, qazınızı da kəsələr.”
Gördüm, bunu od götürdü: “Görüm sənin, standartlara uyğun gəlmir bəhanəsi ilə, şadlıq sarayının birini əlindən alsınlar, sonra da özləri işlətsinlər, di get!!!”
Ayağımın birini irəli, birini geri qoyub dedim:”Görüm, hər gün səhər tezdən duranda görəsən ki, qapınızın ağzındakı zibillik aşıb-daşır, yığıb aparan yoxdu, içindəki siçovulları görüb əsəbləşəsən, necədi, ha-ha-ha!!!”
Bədbəxt gördü ki, onu əməlli-başlı üstələmişəm, başını biraz qaşıyıb fikirləşdi və sevinmiş belə dedi:”Arzu eləyirəm səni səhər-səhər nazirlikdən çağırsınlar və desinlər ki, indən belə verdiyindən iki dəfə çox verməlisən, iqtisadi krizisdi. Sənin də şəkərin qalxa, halın pisləşə, həyat yoldaşın evə güclü həkim çağıra. Yesss!!!”
Açığını deyim ki, onun bu dəfəki qarğışı mənim yeddi qatımdan keçdi. Hirsimdən cavabını dərhal qaytardım:”Allah eləsin, sən də öz yaxın dostunla varlı bir kişinin qapısında işləyəsən, onun evini başdan-ayağa təmir eləyəsən, axırda zəhməthaqqını verməyə. Ondan alacağın pula ümidli olub qonşu mağazadan çoxlu borc eləyəsən. Mağazaya olan borcu qaytara bilmədiyinə görə mağazaçının arvadı sənin arvadınla hər gün pul üstə dalaşa. Aldın payını?! Di get!!!”
Gördüm ki, onu xeyli üstələmişəm, özgə nə deyə bilər ee, bu mənə? Yox, deyəsən bu da yenilmək istəmirdi. Qəfildən güllə kimi açıldı: ”Allah eləsin sevdiyin katibənin ad günündə ona brilyant qaşlı üzük, sırğa, boyunbağı, bir də 60 minlik maşın bağışlayasan. Bir həftədən sonra kimsə qapalı nömrə ilə zəng eləyib bu məsələni həyat yoldaşına deyə.Ondan sonra evinizdə hər gün böyük skandal ola və həyat yoldaşın səndən boşanmaq istəyə.”
Baxdım ki, yox ee, belə xırda şeylərnən bunun öhtəsindən gələ bilməyəcəm, keçdim içkiyə. Dedim, əmoğlu, allah eləsin, bayaq dediyim o varlı adamın qapısına əməkhaqqı istəməyə gedəndə səni və səninlə işləyən o dostunu hər dəfə qapıdan qova. Deyə ki, sizə verdiyim yemək əməkhaqqınızı artıqlamasıyla ödəyir. Siz də kor-peşman geri qayıdasınız. Yolda dostun öz barmağındakı üzüyü dəyər-dəyməzinə sata və sənə deyə ki, vurmaq istəyirəm. Ucuz bir kafeyə girəsiniz, baş verən kədərə görə qayğanaqlı sosiska ilə çoxlu ucuz araq içəsiniz. Gecə evə çatan kimi qusmaq tuta səni, arvad-uşaqın yanında bir vanna qusasan. Arvadın da vəziyyətdən istifadə eləyib uşaqları sənin üstünə üsyana qaldıra. Sabah da sizə gələn qayınınla dalaşasan.”
Gördüm, əmoğlu udqunur, danışmağa söz tapmır, məğlub olmaq da istəmir. Axırda birini də tapıb dedi: ”Görüm, villada gecəyarı bir qızla kef elədiyin yerdə sevimli pişiyin mətbəxtdə tullanıb, viski butulkasını salıb sındırsın. Sən də məcburən maşını sürüb şəhərin o başına viski dalınca gedəsən. Gələndə görəsən ki, canan evdəki 24 min dolları da götürüb aradan çıxıb. Hə, necədi? Beləcə yanıb töküləsən!!!”
Baxdım ki, əmoğlu məndən əl çəkmir. Dedim, ayə, sür, çıx get, yazıxsan, iynə-dərman-aptek söhbətinə keçərəm, biabır olarsan. O qədər deyiləsi dərdim var, səni burdan ağladıb buraxaram…
Ancaq sağ olsun, sözümü yerə salmadı, sürüb “vızırıt!” getdi…
Комментариев нет:
Отправить комментарий