15.11.2010

Əhmədinejadın Azərbaycanla bağlı çıxışı

Bu günlərdə Təbrizdə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad böyük izdiham qarşısında çıxış edərək, Azərbaycanı İranın düşünən beyini və döyünən ürəyi, azərbaycanlıları iftixar, iman və qeyrət rəmzi adlandırıb. O deyib: “Mənim ürək quşum Azərbaycan havasıyla qanad açır!”.
“Yeni Şərq”in məlumatına görə, mitinq iştirakçılarına Azərbaycan türkcəsilə də səslənən prezident Təbriz və təbrizlilərin, bütövlükdə Azərbaycanın İran tarixində oynadığı müstəsna rolunu vurğulayıb və bunları əlavə edib: İranın tarixi qarşısında Azərbaycanın yeri xüsusi əhəmiyyət kəsb edir. Daim düşmənlər bu məmləkətə təcavüz etmək, onu zəiflətmək niyyətinə düşdükdə qəhrəman Azərbaycan xalqı ayağa qalxıb və düşmənlərin bu qara niyyətini puça çıxarıb. Bu gün də Azərbaycan milləti hegemon qüvvələr, dünyaya ağalıq etmək istəyən xəbis dairələr qarşısında əzmkarlıqla dayanıb, onların İran İslam Respublikasına qarşı yürütdükləri çirkin siyasəti öz əzmkarlığı və rəşadətilə puça çıxarmaqdadır. İran tarixinin hər səhifəsində olduğu kimi, günümüzdə də Azərbaycan xalqı öz qeyrətinə sarılıb, İranın inkişafı, çiçəklənməsi və dünyada söz sahibi olması istiqamətində səfərbərdir.
Prezident Əhmədinejad azərbaycanlıların pak imana sahib şücaətli, dərrakəli, mehriban və haqsevər bir millət olduğunu vurğulayıb və Azərbaycan xalqıyla fəxr etdiyini deyib. O, əlavə edib: İran hər zaman Azərbaycanın fədakarlığına borcludur. Hər zaman fitnə ərsəyə gəldikdə, Azərbaycan xalqı qətiyyətlə bu fitnənin qarşısını alıb. Buna görədir ki, İran xalqı qəlbinin dərinliyindən fəryad edib deyir: “Yaşasın Azərbaycan!”.
İran prezidenti Azərbaycan dilinin və mədəniyyətinin önəminə toxunaraq, bunları söyləyib: “Azərbaycan dili və mədəniyyəti ümumi İran mədəniyyətinin ən böyük sərmayələrindəndir. Onun İran mədəniyyətinin inkişafı tarixində böyük rolu var. Azərbaycan dili və mədəniyyəti İranda inkişaf etdiriləcək. Bu gözəl dil və ədəbiyyat universitetlərdə tədris olunacaq. Hökumət bu sahədə yeni layihələr həyata keçirəcəkdir”.
Prezident Əhmədinejad həmçinin qeyd edib ki, İran İslam İnqilabının beşiyi də elə Azərbaycandır. O əlavə edib: “Bu inqilabın ön sıralarında məhz qeyrətli Azərbaycan övladları dayanıb və elə bugün də bu böyük millət inqilaba sədaqətlə dayaqdır”.
Prezidentin çıxışı təbrizlilərin “Azərbaycan oyaqdır, inqilaba dayaqdır!”, “Azərbaycan canbaz, inqilabdan ayrılmaz!” şüarları ilə alqışlanıb.

“Yeni Şərq”                                                
 arannews.ir/az

Комментариев нет:

Отправить комментарий