Alı İsgəndərli Sumqayıt Dövlət Universiteti Professional Oxucu Liqası
Sərkərdələrinin qəhrəmanlıqları tarixin səhifələrində həkk olunmuşdur və insan bunları oxuduqca görür ki, bu torpağın necə oğulları varmış
Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində vətənin azadlığı uğrunda yadelli işğalçılara qarşı mərdliklə mübarizə aparmış qəhrəmanları ilə fəxr edə bilər. Çox təəssüf ki, hələ də bu qəhrəmanlar haqqında xalqın məlumatı kifayət qədər deyil. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın qədim dövrlərdən bu günə qədər işğalçılarına qarşı qəhrəmanlıqlar göstərmiş çoxlu sayda igid oğulları haqqında əhaliyə geniş məlumat verilməsinə ciddi ehtiyac var. Bu işlərin həyata keçirilməsi xalqın öz tarixi ilə fəxr etməsinə, vətənpərvərlik duyğularının güclənməsinə müsbət təsir göstərə bilər. Bu cür unudulmuş qəhrəmanları üzə çıxarmağı, onların həyat və fəaliyyəti haqqında xalqa ətraflı məlumat verməyi tarixçilər özləri üçün şərəfli bir vəzifə hesab etməlidirlər. Belə qəhrəmanlardan biri də dövrünün görkəmli sərkərdəsi, qabaqcıl ziyalı Abbas Mirzədir.
Müştərək tarixin obyektiv öyrənilməmiş səhifələrindən biri də Nadir şahın ölümündən sonra mərkəzləşmiş dövlətin xanlıqlara parçalanması, Qacarların mərkəzləşmiş dövləti yenidən bərpa etmək cəhdləri və bu məqsədlə bir sıra ərazilərə, o cümlədən Qarabağa və Gürcüstana yürüşləri və s. məsələlərdir. Azərbaycan tarixşünaslığında bu məsələyə aid bir sıra kitablar nəşr olunsa da, problemin obyektiv tədqiqi aktual olaraq qalır.
Abbas Mirzəyə qarşı düşmən münasibəti və onun işğalçı adlandırılması əsl tarixi saxtakarlıqdır. Çar Rusiyası və Sovet hakimiyyəti illərində olduğu kimi, Ağa Məhəmməd Qacara və onun qardaşı nəvəsi vəliəhd Abbas Mirzəyə qarşı düşmən münasibətin bu gün eynilə təkrarlanması, onların müasir dövrdə də işğalçı adlandırılması tarixi saxtakarlıqdan başqa bir şey deyildir. Tarixi ədaləti bərpa etmək üçün bir çox suallara obyektiv cavablar verilməsinə ehtiyac var: Qacarlar kimdir? Nəyə görə Ağa Məhəmməd Şah Qacar digər xanlıqlar üzərinə deyil məhz Qarabağ xanlığının və Gürcüstanın üzərinə hücuma keçmişdir? Doğrudanmı Qacarlar Azərbaycana düşmən və yadelli idilər? Gəncə xanı Cavad xanı xalqın qəhrəman oğlu hesab etmək, lakin onun müttəfiqi və qan qohumları olan Ağa Məhəmməd Qacarı, Abbas Mirzəni işğalçı adlandırmaq nə dərəcədə düzdür? Çox təəssüf ki, uzun müddət bu suallar tarixçiləri maraqlandırmamış və ya bu məsələlərlə maraqlanmaq onlara qadağan edilmişdir. Bu suallara obyektiv cavablar vermək üçün faktlara müraciət edək.
Nadir şahın ölümündən sonra mərkəzi hakimiyyət uğrunda gərgin mübarizə başladı. Hakimiyyət 10 dəfə əldən-ələ keçdi, paytaxt 6 dəfə dəyişdirildi. Nəhayət İran taxt-tacı uğrunda gedən mübarizə Qacarların qələbəsi ilə nəticələndi. Bu işdə Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Qacarın böyük əməyi olmuşdur. O, 1792-ci ildə Lütfəli xanı məğlub edərək Şirazı tutduqdan sonra İranın hakiminə çevrildi.
1795-ci ildə Ağa Məhəmməd xan Qacar özünü şah elan etdi. O, İsfahan, Yəzd, Kirman və Şirazı tutduqdan sonra əsas məqsədi Cənubi Qafqazı mərkəzi hakimiyyətə tabe etməklə parçalanmış dövləti bərpa etmək idi. Yalnız onun hakimiyyətə gəlməsi ilə İranın Cənubi Qafqazın siyasi həyatında rolu möhkəmləndi. Bəs müştərək tarixdə böyük rol oynamış, 1795-1925-ci illərdə İran taxt-tacına sahib olmuş Qacarlar kim idi?
Qacarlar sülaləsinin şəcərə cədvəli aşağıdakı kimi olmuşdur: Fətəli xan (1721-1750), Məhəmməd Həsən xan (1750-1770), Hüseynqulu xan (1779) – Mazandaranda tayfa başçıları, Ağa Məhəmməd (1779-1791), Fətəli şah (1791-1834), Məhəmməd şah (1834-1848), Nəsrəddin şah (1848-1896), Müzəffərəddin şah (1896- 1907), Məhəmməd Əli şah (1907-1909), Əhməd şah (1909-1925). 1925-ci ildə Qacarların hakimiyyəti Rza şah Pəhləvilər tərəfindən devrilmişdir.
Tarixi mənbələrdə qeyd olunur ki, Şah İsmayıl atasının vəfalı dostlarından sayılan Hüseyn bəy lələ, Xadim bəy Xəlifətül-Xüləfa, Rüstəm bəy Qaramanlu, Dədə bəy Talış, İlyas bəy Uyğuroğlu, Qara Piri bəy Qacar adlı 7 nəfərin köməyilə böyük müvəffəqiyyətlər qazanmışdır. Buradan belə nəticə çıxarmaq olar ki, Qacarlar Səfəvi dövlətinin yaranmasında fəal iştirak etmiş ən etibarlı tayfalardan biri olmuşdur.
Qacarların soy kökü haqqında Rəşid bəy İsmayılovun «Azərbaycan tarixi» kitabında belə yazılmışdı: «Təqribən yeddi yüz sənə bundan əqdəm İran səltənəti moğolların əlində olan vaxt, qəsb etdikləri taxt və hakimiyyəti saxlamaq qəsdilə Türküstandan iki yüz min ailə Ağ hun tayfasına mənsub olan «Qayi» türklərini İrana köçürmüşdür. «Qayi» türklərinin «Qacar», «Əfşar», «Ustad Callı», «Padar» və «Çobanı» qəbilələri İranın müqəddəratında pek böyük nüfuza malik olaraq, mühüm rollar oynamışlar... Cəlayir türklərinin nəslinə mənsub Qacar türklərini Əmir Teymur Qarabağ, Gəncə və İrəvan vilayətinə köçürdüb, burada yurdlaşmağa bunlara müsaidə etmişdi. Sonra Qacarlar Azərbaycanın sair nöqtələrinə dəxi dağılıb, «Qacar» və «Qacarlı» adlı köylər abad etmişlər».
Qacarların İran və Azərbaycanın tarixində oynadığı rol haqqında müəllif daha sonra yazır: «Ağa Məhəmməd xan hal-hazırda İranda səltənət edən Qacar silsiləsinin ilk tacidarı və müəssisi idi. Dağıstan ləzgiləri Gəncə, Erivan və Qarabağ əhalisini indiyədək «Qacar» deyə adlandırırlar. Qacarlar ən əvvəl Gəncənin yaxınlığında olan Şimku yurdunda sakin olublar. Burada Qacarların «Mehdibəyli» adlanan yurdlarının xarabası və əkdikləri çinar ağacları indiyədək qalmışdır.
Şah Abbas Qarabağdan bir kaç bin Qacar türklərindən köçürdüb, Mazandaranda və Astarabadda sakin etdi. Ağa Məhəmməd xan Astarabadda sakin olan Qacarlara mənsubdur».
Bütün bunlar sübut edir ki, Qacarlar tayfası və onların nümayəndəsi olan şahlar Azərbaycan üçün yadelli və işğalçı olmamışdır. Onların əsas məqsədləri parçalanmış mərkəzləşmiş dövləti bərpa etməkdən ibarət idi. Bunun üçün onlar Cənubi Qafqaz ərazisini öz əsarəti altına salmaq istəyən Rusiyaya qarşı və mərkəzi hakimiyyətə tabe olmaq istəməyən, bunun üçün də özünə kənardan müttəfiq axtaran xanlara qarşı mübarizə aparmışlar.
Səfəvilər dövründə Qarabağ, Gəncə və Astarabadın Qacarlar tayfasından olan əmirlər tərəfindən idarə olunması, 1579-cu ildə Şirvanı Osmanlıların yeni hücumlarından qorumaq üçün Peykər xan Ziyadoğlu Qacarın bura bəylərbəyi təyin edilməsi və s. faktlar göstərir ki, Ağa Məhəmməd Şah Qacarın Cənubi Qafqaza hücumunu sovet tarixşünaslığında qeyd olunduğu kimi «yadelli qoşunların işğalçı yürüşü» kimi qiymətləndirmək kökündən səhvdir. Çünki hər şeydən əvvəl Qacarlar yadelli deyil, bu torpağın, bu vətənin övladları idilər. Bundan başqa, bu hücumlarda əsas məqsəd hansısa yad, xarici torpaqları işğal etmək yox, əvvəllər mərkəzləşmiş dövlətin hakimiyyəti altında olmuş, lakin sonradan xanlıqlara parçalanmış əraziləri yenidən mərkəzləşmiş hakimiyyətə tabe etməkdən ibarət idi.
I və II Rus-İran müharibələrində İran qoşunlarının komandanı Abbas Mirzə haqqında sovet tarixşünaslığında olan düşmən, saxta fikirlər şüurlarda hələ də qalsa da, son illər nəşr olunmuş bəzi kitablar bu çatışmazlıqları müəyyən qədər aradan qaldırılmasına kömək edir.
Ağa Məhəmməd Şah Qacarın qardaşı oğlu Fətəli şahın oğlu vəliəhd Abbas Mirzə 1789-cu il avqustun 28-də dünyaya gəlmişdir. Fikrimizcə, 15 yaşından İran ordusuna rəhbərlik edərək 12 ildən artıq işğalçı çar qoşunlarına qarşı mərdliklə döyüşmüş, cəsur sərkədə Abbas Mirzəni bir şəxsiyyət kimi 13 yaşından qızılbaşlara rəhbərlik edərək Səfəvi dövlətinin əsasını qoymuş I Şah İsmayılla müqayisə etmək olar. Hər bir azərbaycanlı I Şah İsmayılla fəxr etdiyi kimi, vətəni yadelli işğalçılardan azad etmək uğrunda qəhrəmanlıqla vuruşmuş Abbas Mirzə kimi şəxsiyyətlərlə də fəxr etməli, bu şəxsiyyətləri xatırlayarkən qürur hissi duymalıdır.
Nasir Nəcminin «Abbas Mirzə», yaxud «Qacar sülaləsinin qəhrəman, vətənpərvər oğlu və onun başçılıq etdiyi İran-Rusiya müharibələri», (Tehran, 1910) kitabı 1993-cü ildə Azərbaycan dilinə tərcümə olunmuşdur. Kitabın əvvəlində deyilir: «Qafqazda çarın göstərişlərini yerinə yetirərək Azərbaycan xanlıqlarını bir-birinin ardınca istila və Rusiyaya ilhaq edən generalların- Sisianovun (milliyyətcə gürcüdür), Qudoviçin, Yermolovun, Mədətovun (ermənidir), Paskeviçin apardığı işğalçı və soyğunçu müharibələr kitabda geniş əksini tapır. Kitabın əsas məziyyəti ondadır ki, Abbas Mirzə istər birinci (1804-1813), istərsə ikinci (1826-1828) Rus-İran müharibələrində öz doğma torpaqlarını amansız düşməndən cəsarətlə müdafiə etməsini, yeni tipli nizami ordu yarada bilmək bacarığını inandırıcı dəlillərlə göstərir... Əsər heç şübhəsiz, XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi, hərbi hadisələri daha düzgün anlamaqda oxucularımıza kömək göstərəcəkdir.»
Kitabda Abbas Mirzənin qəhrəmanlığı haqqında müəllif yazır: «İran əsgərləri ölkəyə tarixi şan-şöhrət qazandıran görünməmiş qəhrəmanlıq, cəsarət göstərmiş, bu müddət ərzində, Qacar sülaləsinin qoxmaz, igid oğlu Abbas Mirzənin başçılığı altında bütün çətinliklərə dözərək, çarın gündən-günə artan qoşunlarına qarşı müqavimət göstərmiş, hətta bu müharibələrdəki bəzi döyüşlərdə heyrətləndirici nailiyyətlər əldə etmiş və düşmən qüvvələrinə güclü zərbələr endirmişlər. Abbas Mirzə vətənin istiqlaliyyətini və bütövlüyünü hədələmək məqsədilə aparılan döyüşlərdə tərifəlayiq qəhrəmanlıqlar göstərmişdir».
Jan Juniorun 2004-cü ildə Azərbaycan dilində nəşr olunmuş «Unudulmuş qəhrəmanlar» kitabı XIX əsrin əvvəllərində İran və Cənubi Qafqazda baş vermiş hadisələrin obyektiv öyrənilməsində mühüm əhəmiyyətə malikdir. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri Əhəd Qəzayi kitaba yazdığı ön sözdə Abbas Mirzə haqqında demişdir: «Böyük ruh gücünə malik olan bir qoşun toplamış və bu qoşuna rəhbərlik edən qədim Təbrizin becərdiyi və Azərbaycanın qeyrətli oğlu Abbas Mirzə idi. Abbas Mirzə İranın vəliəhdi olmaqla yanaşı, həm də döyüşə rəhbərlik edirdi… İstər Abbas Mirzə, istərsə onun başqa sərkərdələrinin qəhrəmanlıqları tarixin səhifələrində həkk olunmuşdur və insan bunları oxuduqca qızılbaşları, Şah İsmayılı xatirələrdə canlandırır və görür ki, bu torpağın necə oğulları varmış».
Abbas Mirzə ağıllı, cəsarətli sərkərdə olmaqla yanaşı, həm də dövrünün qabaqcıl ziyalılarından idi. O, fransız dilini gözəl bildiyindən dünyanın müxtəlif ərazilərində, o cümlədən Avropada baş verən hadisələr haqqında dərin biliyə malik idi. Onun elmi, mədəni, iqtisadi və hərbi sahələrdə apardığı islahatlar İranın inkişafına yaxından kömək etmişdir. İrana ilk mətbəəni gətirən də o olmuşdu. Abbas Mirzə Avropa dillərindən fars dilinə kitab tərcümə edən birinci şəxsdir. O ilk dəfə olaraq Jan-Jak Russonun Fransa inqilabında mühüm rolu olmuş «Kontra-sosial» əsərini fransız dilindən tərcümə etmişdir. Fətəli şahın mətbəədə yalnız dini kitablar çap edilməsi ilə bağlı göstərişi olmasına baxmayaraq, onun səyi ilə bir neçə tarixi kitab da çap olunmuşdur. Abbas Mirzə həmçinin fransız mənbələri əsasında Rusiyanın tarix və coğrafiyasını da dərindən öyrənmişdi. O, I Pyotrun dövründən XIX əsrin əvvəllərinə kimi Rusiyanın daxili və xarici siyasətini bütün incəliklərinə qədər öyrənmiş və təhlillər aparmışdı ki, bu da sonrakı çətin proseslərdən baş çıxarmaqda ona yaxından köməklik etmişdi.
Abbas Mirzənin Fransanın İrandakı səfiri Joberə dedikləri fikirlər onun dövrünün qabaqcıl ziyalısı olmasını bir daha sübut edir. O demişdi: «Böyük Pyotr Rusiyada hakimiyyət taxtından düşüb sənət öyrənmək üçün Avropaya getdi. Mən də əgər bacarsaydım səltənət taxtından düşər və Avropaya gedərdim ki, orada yeni elmləri və sənətkarlığı öyrənəm, İrana qayıdam və öyrəndiklərimi burada tətbiq edəm. Lakin atam mənə elə bir vəzifə tapşırıb ki, onu tərk edə bilmərəm və öhdəmə qoyulan iş başa çatanacan gərək burada qalam. Lakin mən öz əvəzimə elm və sənət öyrənmək üçün başqalarını Avropaya göndərəcəyəm».
Jober Abbas Mirzə haqqında Parisdə çıxan «Klub» qəzetində bir neçə məqalə dərc etdirərək onu oxuculara dövrünün qabaqcıl şəxsiyyəti kimi təqdim etmişdir.
Xalqımızın qəhrəman oğlu Abbas Mirzə 1833-cü ildə 44 yaşında vəfat etmişdir. Çox təəssüf ki, onun haqqında digər xalqların tarixçiləri kitablar yazmalarına, onu dünyaya tanıtmalarına baxmayaraq öz vətənində onun haqqında çox az yazılmışdır. Fikrimizcə, tarixçilər bu çatışmazlığı aradan qaldırmalı, dövründən asılı olmayaraq unudulmuş qəhrəmanları xalqa yaxından tanıtmalıdırlar.
Комментариев нет:
Отправить комментарий