Vuqar Ağazadə
Azərbaycan Dövlət İqtisad Universiteti
Daima yenilənən və son dərəcə dinamik bir şəkil almış çağdaş Türkiyə türkcəsi qlobal dünya ekspansiyası qarşısında son dərəcə iddialı görünməkdədir. Görünür bu iddialılığın nəticəsidir ki, artıq Türkiyə türkcəsi ortaq ədəbi dil olmaq statusu qazanmaqla türk toplumları arasında avtomatik olaraq anlaşma vasitəsinə çevrilməkdədir.
Azərbaycan Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin «Qardaş Türkiyənin imdadı» məqaləsindən bir cümləni sitat gətirmək yerinə düşərdi: «Azərbaycan əfkari-ümumiyyəsində pək təbii olaraq bir iman doğuyordu. Bu müşkül vəziyyətdən milləti qurtaracaq bir çarə vardı- Türkiyə».
1918-ci ildə Bakıda bolşevik-daşnak Sentrokaspi höküməti fəaliyyət göstərirdi. Qarabağ erməniləri Bakı bolşevikləri ilə birləşərək xalqımızı atəş və qılıncdan keçirmişdilər. Bakı küçələrində meyid meyid üstə qalaqlanmışdı, sağ qalan müsəlman əhali baş götürüb qaçmışdı. Ermənilər artıq Bakını öz paytaxtları elan etməyə hazırlaşırdılar. A.Şaumyan bir məqaləsində «Muxtariyyat deyil, xarabazar alacaqsınız!» yazırdı. Azərbaycan get-gedə istila edilirdi və Gəncə şəhəri mühasirəyə alınmışdı. Bu zaman yenə də Azərbaycanın xilaskarı rolunda qardaş Türkiyə çıxış etdi. Qəhrəman Nuru Paşa İran üzərindən Qarabağa keçərək azğın düşməni geri oturtdu və böyük təhlükə sovuşdu.
(Onu da qeyd edək ki, azəri türkləri də Nuru Paşanın fəaliyyətini, zəhmətini unutmadı. Sonralar ingilislər Nuru Paşanı həbs edib Batuma apararaq zindana atdı və ona ölüm hökmü kəsdilər. Lakin Xalq Cünhuriyyətinin ən ağır, ən çətin dövrünə, günlərinə təsadüf etməsinə baxmayaraq, bizim Azərbaycan, Cümhuriyyət igidləri bir dəstə şəklində Batuma gedərək ingilis qəsbkarları ilə vuruşa girdi, Nuru Paşanı həbsdən qurtararaq, geriyə qaytardılar).
Bu misalı təsadüfən çəkmədim. İndi də qlobal dünya təcavüzü qarşısında lokal Azərbaycan mədəniyyəti son dərəcədə dayanıqsız görünməkdədir. Türkiyə türklərinin yaratdıqları böyük təcrübə bizim üçün misilsiz qaynaq sayıla bilər. Azərbaycan dilinin və mədəniyyətinin gələcək istiqamətləri Türkiyə ilə qarşılıqlı bütünləşmək üzərində qurulmalı, əlifbamız, kommunikasiya sistemlərimiz dəyişdirilərək eyniləşdirilməlidir. Ortaq türkcə bir xəyal məhsulu olmaqdan çıxıb özünün praktik həllini tapmalıdır.
Bu mənada Azərbaycan və Türkiyə təcrübəsi də digər türkdilli respublikalar üçün tutarlı fakt ola bilər. İki qardaş xalq sovet quruluşu dağıldıqdan sonra sürətlə bir-birinə yaxınlaşaraq əksər sahələr üzrə geniş əlaqələr qurmağa və həmin əlaqələrin inkişaf etdirilməsinə nail olmuşlar. Bu gün söhbət digər türkdilli respublikaların da həmin inteqrasiya prosesində yaxından iştirakından gedir. Son zamanlar ziyalılar tərəfindən türkdilli respublikalar üçün ortaq dil anlayışının ərsəyə gətirilməsi də məhz bu prosesin sürətləndirilməsinə xidmət edən məqam kimi diqqətə çatdırılır.
Bu xalqlara hansısa yabançı, xarici dil və yaxud «Esperanto» kimi süni düzəldilmiş dil təklif olunmur, söhbət əcdadlarımızın min illərlə danışdığı, sonrakı nəsillərə ərməğan verdiyi dilin hamı üçün anlaşılan bir formasının ümumi şəkildə qəbul olunmasından gedir. Təxminən min il bundan qabaq yazıya alınmış «Kitabi-Dədə Qorqud» dastanı ilə bugünkü türk ləhcələri arasında çox az fərq var. Bir çox türk ellərinin oxucuları «Kitabi-Dədə Qorqud»u oxuyur və asanlıqla başa düşürlər. Bu gün özbək, qazax, qırğız, türkmən, tatar, başqırd, Azərbaycan və s. adlarla adlandırdığımız dillərin hamısı bir kökdən, bir mənbədən gəlir. Vaxtilə hamımızın əcdadları bu dildə danışmaqla bir-birini başa düşüb, fikirlərini çatdırıblar. Biz niyə eyni köklü xalq olduğumuz halda bir-birimizi başa düşməməliyik, niyə bizim aramızda dil sərhədi olmalıdır?
Məsələn, müstəqillik dönəminə qədər Azərbaycan dilində «subyektiv» sözünün təmiz türkcəsini çox az adam bilirdi. İndi isə hamı «özəl» deyir. Təmiz türk sözüdür, dilin bütün qanunlarını özündə əks etdirir. Yaxud sovet dövründə «multiplikasiya» deyilən bir söz var idi, hətta dilin işlək fonduna daxil edilmişdi. Mətbuatda da, televiziyada da belə yazılırdı. Lakin sonradan Türkiyə türkcəsi vasitəsilə dilimizə qayıdan «cizgi» sözü onu birdəfəlik tarixin arxivinə atdı. «Cizgi» dilə də asanlıqla yatır, tələffüzü də asandır. O cümlədən, «birbaşa translyasiya» ifadəsi. İndi «canlı yayım» deyirik. Hər ikisi türk mənşəli sözdür.
Bu gün Türkiyə türkcəsi türkdilli respublikalarda geniş işlədilməyə başlamışdır. Bütün türk serialları xalq tərəfindən başa düşülür, çevrilmədən efirə buraxılır, Türkiyədən hazırlanan verilişlər «redaktə» olunmur. Elektron KİV-lərdə də vəziyyət eyni cürdür. Belə gedərsə, yaxın zamanlarda ortaq dilin öz-özünə meydana çıxması ehtimalı böyükdür. Bəzi azlıqlara xidmət edən millət vəkilləri türk seriallarının tərcüməsini tələb edirdilər. Qanından türk qanı axan bu xalqın heç bir övladı burada qorxulu heç bir şey görməz. Nəyi pisdir ki? Əksinə dilimiz zənginləşir. Həmin seriallar vasitəsilə bu gün onlarla, yüzlərlə söz dilimizə qayıdır. Dil daim inkişaf edən, zənginləşən ünsiyyət vasitəsi olmalıdır.
Anadolu türkcəsi ilə Azərbaycan dili arasında fərq çox azdır. Bir müddətdən sonra bu fərqlər də aradan qalxa bilər. Erməni və kürd təhlükəsinin başımızın üstünü aldığı belə bir durumda birləşməmiz labüddür.
Dünya kiçilir, sərhədlər rəmzi mahiyyət daşımağa başlayır, ölkələr və xalqlar qovuşur. Heç kəs bu proseslərdən kənarda, təcrid olunmuş vəziyyətdə yaşaya bilmir. Bu gün dünyada nə qədər birliklər var: Avropa Birliyi, Ərəb Ölkələri Liqası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və s. və i. Bütün bu birliklər ümumi inteqrasiya və bundan da öncə qloballaşmanın qanunauyğunluğundan doğur. Belə bir zamanda niyə türk respublikaları bir-birindən təcrid olunmuş halda, siyasi, iqtisadi inteqrasityaya cəhd göstərmədən yaşamalıdır? Əgər bu gün türk respublikaları arasında ortaq dil problemi həll olunarsa, sabah iqtisadi əməkdaşlıq sahəsində maneələr də aradan qalxar. Sonra isə hansısa siyasi birlik formalaşar. Artıq elə bu gün Türk Respublikaları Parlament Assambleyasının formalaşması barədə söhbətlər eşidilməkdədir.
Комментариев нет:
Отправить комментарий