Asif Həsənli
"Region Səs" qəzetinin baş redaktoru
Haqqınızı tələb edən olun!
Möcüzə nazirliyi insanlardan möcüzənin möcudluğunu gizlətmək üçün yaradılıb.
Harri Poterin kitabından
Bir çox halda redaksiyamıza məmləkətimizin müxtəlif əyalətlərində yaşayan insanlar zəng edib bildirirlər ki, bəs onları bələdiyyə sədrləri, su idarələrinin rəisləri və icra strukturlarında işləyən müxtəlif vəzifə sahibləri adi bir arayışa görə get-gələ salır, həftələrlə, aylarla onları süründürürlər. Doğrusu, bu cür məlumatlarda qeyri-adi elə bir şey yoxdur. Sel demişkən, hara gedirsən, əlini uzadırsan qolundan yapışırlar. Əgər desəydilər ki, filan idarəyə getdim, işim o dəqiqə düzəldi, bax onda təəccüblü nəsə olardı. Çünki bizim məmləkətimizdə elə bir ab-hava yaranıb ki, hər hansı məmurun yanına gedəndə və adi arayış alanda sənə olmazın əzab verilməsi adi haldır.
Bu cür haqsızlıqlarla istənilən rayonda, kənddə və qəsəbədə üzləşmək mümkündür. Çünki hər hansı məmur yanına gələn adamın işini düzəltmək haqqında yox, ondan nəsə qopartmaq barədə düşünür. Düşünür ki, görəsən bu adam mənim dediyim pulu verəcək, ya yox? Günümüz-güzəranımız belə qurulub ki, bir yerə işin düşəndə səni təkcə incitməklə əldən salmırlar. Adamı məmur qapılarına elə günə qoyurlar ki, yarandığına da peşman olursan.
Belə çıxır ki, bizim millət heç 19-20-ci əsrdə olduğu kimi, indi də dəyişməyib. Dəyişməyən təkcə isti kabinetlərdə oturub kef eləyən müdirlər deyil. Dəyişməyən həm də öz haqqını tələb edə bilməyən və bəzən çox şeyə tənbəllik edən insanlarımızdır. Çünki o insanlar 19-cu əsrdə də, 20-ci əsrdə də bürokrat müdirlər tərəfindən incidiliblər. Ona görə yox ki, vəzifə sahiblərinin əlində külli-ixtiyar var, həm də biz azərbaycanlılar bir çox hallarda hər şeylə barışıb, mübarizə aparmaqdan və haqqımızı tələb etməkdən utanırıq, daha doğrusu usanırıq. Amma başqa millətlər, rus, gürcü, alman və ya ingilis, bu sahədə bizdən daha fərasətlidir. Məsələn, heç vaxt Almaniyada müdir vətəndaşa deyə bilməz ki, sənə bu gün arayışı vermirəm, get on gündən sonra gəl. Həmin alman haqqını tələb edəcək və öz istəiyinə çatacaq. Bizi isə bir balaca incidən və süründürən kimi o dəqiqə fikirləşirik ki, gedib pul tapıb gətirək, işimiz düzəlsin. Yoxsa bu müdir müəllim belə getsə, başımızda turp əkəcək, bizə olmazın əziyyətini verəcək. Acizliyimizi görən bürokrat vəzifə sahibləri bizi daha da süründürür, lazım gələndə pulumuzu əlimizdən alır və haqqımızı tapdalayır. Biz isə sakitcə hər şeyə dözürük.
Görəsən bizi niyə incidirlər? Üzüyumşaq olduğumuza görə, yoxsa hüquqlarımızı bilmədiyimizə görə? Bizə elə gəlir ki, elə hər ikisinə görə. Nə vaxta qədər ki, haqqımızı və hüququmuzu tələb eləyə bilməyəcəyik, o vaxta qədər də isti kabinetdə və rahat kresloda oturan bir çox vəzifə sahibləri başımıza olmazın müsibətlər gətirəcəklər. Bu müdirlərin bir çoxu heç tərcümeyi-halını yaza bilmədikləri halda, qapının o tərəfində adi fəhlədən tutmuş müəllimədək gözlətməkdən sanki zövq alırlar. Bizcə, bu süründürməçi məmurlardan dövlətin və millətin canı xilas olmalıdır. Çünki onların bu cür iyrənc işi əksər halda xalqı da dövlətdən narazı salır.
Şəkildə: "Region Səs" qəzetinin redaksiya heyəti
Комментариев нет:
Отправить комментарий