27.11.2010

Şair ki, ayda- ildə bir dəfə qoyun kimi qığladı, heç nə

Müsahibimiz “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadədir

- Ədəbiyyatla bağlı ilk uğurunuzun tarixi nə vaxta gedir?

- Bir az bunu demək çətindi. Nə bilim nə vaxt uğur qazanmışam? Onu blirəm ki, hər şeir yazanda məğlub oluram, bütün şeirlərimə məğlub olmuşam.
 
-Sizə ədəbiyyatda ən çox kim kömək eləyib?

-Atam, onun danışığı, hərəkəti mənə örnək olub. O Azərbaycan dilinin açılmamış qatlarını çox gözəl bilirdi. Anam da. Sonra da oğlum kömək eləyib: Kəramət Böyükçöl.

- 22 kitabınız var. Sizcə yaxşı şair kitablarını keyfiyyəti, yoxsa kəmiyyəti ilə öyünməlidir?

- Elə ikisi ilə də. Şair ki, ayda- ildə bir dəfə qoyun kimi qığladı, heç nə. Bəzən deyirlər ki, bir-iki kitabı çıxan yaxşı şairdi, çox kitabı çıxan yox. Səfeh fikirdi. Bu kimlər üçünsə bir vasitə ola bilər.

- Ən uğurlu hesab etdiyiniz kitabınız ?

-Bütün kitablarım uğursuzdu. Mən uğursuzluğu, ümidsizliyi sevirəm. Şair özünə yüz faiz ümidli olanda şeir ölür. Əsl sevgi də, şeir də ümidsizliyin, şübhənin varlığındadır.
 
- Qəşəm Nəcəfzadə doğurdandamı təhlükəli şairdir?

- Bunu tənqidçi Rüstəm Kamal deyib şeirlərimin müzakirəsində. Yəni Qəşəm özünə qarşı təhlükəlidir. Tarana gedir. Ürəyi necə istəyir, elə də yazır. Belə deyək, ağına-bozuna baxmadan. Yadında saxla, bu, həm də yaxşı bir şeydi. Hamı elə bilir mən son şeirlerimi yazıram, birdən ayrı xətt doğulur, ayrı nəfəs açılır, hamı yenə elə bilir ki, hə bu, daha sondu. Yenə ayrı bir xətt, ayri bir nəfəs. Mənim şeirim düz yol deyil, qarışıq, müxtəlif gedişli yoldu. Mən ən etibarsız adamam, su kimi dəyişkənəm, əbədiliyə nifrət edirəm. Etibarı, dostluğu subut etməkdən zəhləm gedir, zəhləm gedir yox e, lap canım çıxır. Kefim istəyən kimi yaşayıram. Lazım gəlir unuduram, lazım gəlir sevirəm.

- AYO-AYB qarşıdurması. Ədəbiyyatımızın aktual problemi. AYB idarə heyətinin üzvü olaraq, bu barədə siz nə düşünürsünüz?

- Bu qarşıdurma sözünü həmişə deyirlər, mənim gülməyim gəlir. Sanki, elə bil iki ölkə üz-üzə dayanıb, qoşunlar döyüş hazırlığına gətirilib. Burada heç bir qarşıdurma yoxdur. AYO-çular AYB-dən iş istəyirlər. İş də yoxdur. Onların çoxu gündüz AYB-ni tənqid etsələr də sonra dolayısı yolla üzr istəyirlər. Qəribədir ki, kim AYB-ni tənqid edirsə, AYO-çu hesab olunur. Belə deyil, bir az diqqətli olmaq gərəkdi. AYO –dan başqa AYB-ni tənqid edən qüvvələr var. Bu qüvvələr daha təhlükəlidir. onlar lazımı yerdən tapşırıq alırlar. AYO-nun işi gücü ondan ibarət olub ki, Rəsul Rza niyə Leninə poema yazıb. Və yaxud birinin ayağına daş deyəndə hesab eləyiblər ki, o daşı yola Anar qoyub. Mübarizə əsasən belə şeylərdən ibarət olub. AYO-da istedadlı adamlar var, Rasim yaxşı şair ola bilərdi, amma içindəki kin-kudurət qoymadi. İndi o şeir yazmır, qığlayır, plastindən müxtəlif füqurlar düzəldir. Bəziləri isə dilin bütün frazeoloji birləşmələrinə şeir yazdı və qurtardı. Amma Rafiq Tağının içində AYO təşkilatçılığı yoxdur. Yaradıcılıq təşkilatı var. Ona görə də o böyük yazıcıdır. Belə hesab edirəm ki, AYO-çuların çoxu onu sevmir, o xırda AYO-çu, və xırda AYB-çi kimi qalmadı, böyük qaldı. Onun ədəbi yaradıcılığını hər yerdə sevir və qiymətləndirirlər. İstəyir AYB-də olsun, istərsə də başqa tərəfdə. 
 
- Son vaxtlar Anarı daha çox tənqid edirlər.

- Bəli növbəti kampaniya başlayıb. Qarşıdan deputat seçkiləri gəlir. Bəziləri öz xislətini, həm də verilən tapşırığı yerinə yetirirlər. Bilirsən, Anar böyük yazıçıdır. Heç kəs Anarı kefi istəyən kimi görə bilməz. Məsələn, biri durub deyir ki, mən Anarı belə yox, belə görmək istəyirəm. Axı sən kimsən? Yazıçı əsəri ilə iş görür, mübarizə aparır, döyüşür, bəzi isə qolunu çırmalayıb düşür küçəyə. Nəzərə almaq lazımdır ki, Anar birincilərdəndi, əsəri, təfəkkürü ilə mübarizə aparanlardan. Qəbul etməlisən ki, Anar bu xüsusiyyətə malik yazıçıdır.. Yoxsa qışqır deynən ki, mən Anarı belə görmək istəyirəm, o niyə belə deyil, özü də bunu kimlər deyir, dünənki uşaqlar, Anarın nəvəsi yaşda olanlar. Anarın millət, xalq üçün gördüklərini unutmaq lazım deyil. Anar canlı tarixdi. Anarın “Dədə Qorqud”una qədər bu dastan unudulub sıradan çıxmışdı. Anar onu diriltdi, “Molla Nəsrəddin”i, Cəlil Məmmədqulizadəni, Ü. Hacıbəylini yenidən həyata, cəmiyyətə qaytardı. H. Cavidə yeni həyat verdi. “Qobustan” jurnalını yadiniza salın. Anar rus irticasına qarşı bu jurnalla mübarizə aparıb. Onun yeniliyi ilə yeni ədəbiyyat və incəsənət formalaşıb. Anar neçə-neçə insanları həbsxanadan çıxarılmasına zamin durub, kömək eləyib. ”Min beş yüz ilin oğuz şeiri” möhtəşəm antologiyasını tərtib eləyib. AYB kimi böyük bir yaradıcılıq təşkilatını ləğv etmək istəyənlərə qarşı mübarizə aparıb. Yadınıza salın, Əkrəm Əylisli “Yazıçı” nəşriyyatına diroktor olan kimi oranı bağlatdırdı, açarı da qoydu cibinə getdi AYB-ni bağlatdırmağa, bacara bilmədi. Indi fikir verin, Anar yaşadır, qurur, o biri bağlatdırır, uçurur. Götürsək, Anar 20-ci yüzillikdə bir ordunun, bir epoxanın işini görüb. Bunu niyə demirlər?

- Qadın yazarlardan kimləri oxuyusunuz?

- Niyə məhz qadınlar?

- Qadın olduğum üçün soruşuram

- Mahirə Abdulla, Firuzə Məmmədli, Nisəbəyim, Narıngül, Məlahət Yusifqızı, Sevinc Pərvanə, Sevinc Çılğın, Kəmalə Nəsrin, Reyhan Kənan, Şəfəq Sahibli, Nuranə Nur, Fərqanə, Mənsurə, Feyziyyə, Cavidan, Rəbiqə Nazimqızı və gənc yazarlardan bir neçə nəfərin şeirlərini həmişə oxuyuram. Mahira Abdulla böyük şairdir. Onun yaradıcılığı hələ öyrənilməyib. Yəni o, olduğu qədər oxucu kütləsinə tanış deyil.

-Tənqidə münasibətiniz? 

- Hansı tənqid? Mən tənqid görmürəm. Nə Vaqif Yusiflinin “Yaz gəlişi” təsvirindən, nə də Tehranın elədiyi təzə icadlarından xoşum gəlir. Maraqlı şair və tənqidçi Balayar Sadiqin son vaxtlar gözəl ədəbi təhlillərini oxumuşam.

-”Xocalı mövsümü Fevral” şeiriniz həqiqətən böyük reaksiya döğurmuşdu. Orada bir uşaq obrazı var idi…

-Xocalı faciəsi ilə bağl silsilə şeirlərim var, onlardan biri də “Xocalı mövsümü fevral” şeiridir. Adından göründüyü kimi bu Xocalı faciəsinə son 10 ildə tam fərqli baxış idi. Ümümiyyətlə, mən həmişə həyatın, hadisələrin görünməyən tərəflərini yazıram, bu şeirdə də belədi. Mənə elə gəlir ki, həmişə fevral ayı üşüyür. Fevral ayı daha lentlərdə qalıb, Xocalı faciəsinin faciəsi burasındadı ki, bu lentlər də adiləşib. Hər il Xocalı faciəsinin ad günündə ( məhz ad günündə) meyidlərin təpə döşündə mənzərəsi televiziya ilə göstəriləndə bir uşaq meyidi və ondan 1 addım kənara düşmüş potu (rezin ayaqqabı) ekranda çox geniş planda göstərilir və bu da həmişə məni həyacanlandırıb. Potu kənd uşaqları ücün həyatdı, suya, palcığa girmək ücün cöx əla imkandı. İndi o potu mənim ücün kənddi. Mən bilirəm o uşaq o potunu necə sevirdi. Qaldı ki, o uşaq obrazına və ümümi mənzərəyə, mənə elə gılir ki, uşaqlar həmişə böyükləri yamsılayırlar. Və o dəhşətli axşam, 26 fevral gecəsi uşaqlar xilas olmaq üçün böyükləri yamsılayıblar; böyüklər artıq güllələnib və uşaqlar elə bilirlər ki, boyüklər ölməyiblər, sadəcə mütəkkəyə dirsəklənən kimi təpələrə söykəniblər, ona görə də uşaqlar ata-analarına baxıb onlar da təpəyə dirsəkləniblər. Bir növ onları yamsılayıblar. Halbuki bu “Uşaq oyunu” ölümün ən dəhşətli mənzərəsidir. Söhbət əvvəldan- axıra Xocalı faciəsi ilə bağlı 26 fevral günü televiziya ilə gostərilən lentdən gedir və şeir aşağıdakı sonluqla bitir:

Fırlat qardaş
Onsuzda işin bu lenti fırlatmaqdı
Allah gələn iləcən sənə ömür versin
Çünki sən bilirsən bu lentin yerini…


- Sizcə müasir şeirimizdə nə çatmır?
 
-Müasir şeirimizdə hisslər çatmır, incəsənət çatmıt, fəlsəfə çatmır. Qurama şeylər çoxdur. İnsanın təbii hisləri azalıb. Unutmaq lazım deyil ki, poeziya hisslərin məhsuludur.

- Həyatda ən çox sevdiyin nədir? 
 
-Ən çox sevdiyim iş… Oğlanlarımla dənizdə çinmək, qəzet üstündə pendir-çörək yemek, pomidor olsa əladı, bir də uzun bir yolda maşın sürmək, məsələn 500 km, Tiflisə qədər.

Müsahibəni apardı: Fidan                                                             “Alma”

Комментариев нет:

Отправить комментарий