13.11.2010

Dayaz dövlətdə dərin siyasət

Baxıcı
Hüsamə bin Sərxan

 Alver! Əndazəyə gəlmək qədər hikmət var bu kəlamda. Dünya iqtisad elminin əsasları birmənalı olaraq bu kəlamın üzərində qurulub. Memati “al gülüm ver gülüm” deməklə bu kəlamı daha da şirinləşdirib. “Rəhmətlik” Hüseyn Arabul hər dəfə bu kəlamı eşidəndə tükləri biz-biz olurmuş, dünyanın bütün gözəllikləri və özəllikləri onunçün mahiyyət və fəlsəfəsini itirirmiş. Söz yox, kişinin axırına çıxan da elə bu “fəlsəfə” oldu. Hüseyn abi “al” payını artıqlaması ilə ödəsə də, “ver”in əvəzinə heç nə ala bilmədi. Görünür, Şərqin sayılıb seçilən energetiklərindən olan bu cənab supermütəxəssis olsa da, nəinki ağıllı insan, “xotyabı” yaxşı iqtisadçı da deyilmiş.
 Əgər gəlirini-çıxarını hesablayan alababat iqtisadçı olsaydı, dünyanın 1 nömrəli “atanşik”i Kojeninə “kollayan” iqtisadçı və maliyyəçilərin, məhz bu məmləkətdə yaşayıb fəaliyyət göstərdiyini nəzərə alardı. İndi hər ikisinin yeri məlum. Kojenin “Astra” siqareti almağa qəpik-quruş tapa bilmir, Hüseyn abi “Dərin dövlət və onun enerji siyasəti” adlı fundamental bir elmi əsər üzərində çalışır. Həm də bir zamanlar arayıb-bulduğu “Bakıelektrikşəbəkə”nin həsrəti ilə alışıb-yanmağı bir yana, bir sualın cavabını heç cür arayıb-araşdırıb tapa bilmir: “Əcəba, görəsən necə oldu ki, dayaz bildiyim bir dövlətdə məni boğa bildilər?” Düşünürəm bu suala cavab vermək borcumdur. Hüseyn abinin şəxsiyyətinə zərrə qədər simpatiyam olmasa da, bığını çox sevirdim axı. Onun bığının bircə qılına xatir çox sevdiyim “Xural”dan və xuralçılardan imtina edib Əvəz abimin saatının içində oturmağa da hazırdım. Hərçənd ki indi o saatın içinə girməkdən ötrü növbəyə yazılanlar var. Malasəf, proseslər elə qəribə tərzdə və istiqamətdə cərəyan etdi ki, nəinki Arabula, heç onun bığına da ehtiyac qalmadı. “Arıq eşşəyin yaylağı” hesab etdiyi “Bakelektrikyaylaq”dan belində nəmnə boyda Həmədan eşşəyi yola salınan Hüseyn kişinin çox parlaq və gurultulu həyat salnaməsinə eşşək boyda nöqtə qoyuldu. Lakin gec də olsa dərk etdi ki, əsas dövlətin dərin və dayaz olması deyil, əsas canlıları boğmağın modern üsul və vasitələrinə sahib olmaqdır. Məsələn belə: Aran zonasını selin-suyun ağzına verib nəfəsini kəsirlər, əksinə Aran zonasının cənub qapısı hesab edilən Biləsuvar rayonu içməyə su tapa bilmir. Yaxud Cəlilabad rayonunun əkin sahələri, üzüm bağları susuzluqdan “Molla Nəsrəddin”in “zadnı mostu” kimi xoruldayır, amma məcrasını Araz cayından götürən 130 km-lik “Mexkanal”a bir litr su buraxılmır. Bu “kanal” axırıncı dəfə doyun qarına suyu, Ter-Petrosyan ermənilərin prezidenti olanda görüb (o erməni bu yezidilərdən abırlı imiş!). Beləcə hər bir canlını özünəməxsus və özünəlayiq forma və üsullarla boğurlar. Halbuki işıqdan, qazdan, havasızlıqdan, pulsuzluqdan boğulanlar da kifayət qədərdir. Belə yerdə adamın başı əməlli-başlı fırlanır. Bilmir necə reaksiya versin ki ürəyi soyusun. Yadıma modern bir qarğış düşür: “Görüm sizi mason-yəhudilərin qəzəbinə gələsiniz!” Necə ki Türkiyə gəlib. Baxmayaraq ki əzmlə mübarizə aparır, arada axına qarşı əl-qol da atır. 

Комментариев нет:

Отправить комментарий